"P" hərfi ilə başlayan tarix terminləri

"P" hərfi ilə başlayan tarix terminləri

pakt (lat. «pactum» — «saziş») — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.

paqoda (port. «paqoda», sanskr. «bhaqavat» — «müqəddəs»; hərfi mənası -«dəfinələr qülləsi») — buddizm dini əşyalarını saxlamaq üçün tikilir və memorial funksiya daşıyır, «müqoddəs yer» mənasını ifadə edir.

paleolit (yun. «qədim daş») — daş dövrünün birinci mərhələsidir. Paleolit 2 milyon il əvvəl — «bacarıqlı insan „ın meydana gəlməsi ilə başlanmış və e.ə. X minilliyədək davam etmişdir. Paleolit dövründə əvvəllər sürü şəklində yaşamış ən qədim insanlar yığıcılıq və ovçuluqla məşğul olmuş, sonralar isə od əldə etmişlər. Tədricən insanların həyatında dəyişikliklər baş vermişdir. 200 min il bundan əvvələ yaxın neandertal adamı (insanı), 40 min il əvvələ yaxın isə “ağıllı insan» meydana gəlmişdir. İnsanlar nəsli icmalarda yaşamağa başlamışlar. Bu zaman icmada aparıcı rol qadınlara məxsus olduğundan bu dövr matriarxat dövrü adlandırılmışdır. Paleolit mezolitlə əvəz olunmuşdur.

pambıq — becərilməsinə ilk dəfə Hindistanda başlanılmışdır. Hindlilər pambıqdan möhkəm, eyni zamanda elə nazik parça toxuyurdular ki, ondan tikilmiş don balaca üzükdən keçirilə bilirdi.

pan — orta əsrlər Polşasında və Çexiyada iri feodala verilən ad. Xırda feodallar — rıtsarlar panların vassalı idilər.

panislamizm — bütün müsəlman aləminin birliyi və onun vahid dövlətdə birləşməsi haqqında ideya. Panislamizm XIX əsrin sonlarında formalaşmışdır.

Pannoniya — müasir Macarıstan, keçmiş Yuqoslaviya və Avstriyanın ərazilərinin qərb hissəsindəki qədim vilayət.

panteizm — allahı bütün dünya ilə ehtiva edən dini və fəlsəfi təlim.

Panteon — 1) eramızın II əsrinin əvvəllərində Qədim Romada inşa edilmiş “bütün allahların məbədi”. Panteonda istənilən allaha dua etmək olardı, Roma imperiyası əhalisinin isə allahlarının sayı həddən ziyadə çox idi. Dövrümüzədək qalmış Panteon Qədim Roma günbəz tikilisi nümunəsidir; 2) görkəmli şəxslərin sərdabəsi.

pantürkizm — türk xalqlarının vəhdəti və onların Türkiyənin hakimiyyəti altında vahid dövlətdə birləşdirilməsinin zəruriliyi haqqında ideya.

papirus — qamış tipli bataqlıq bitkisi; qədimlərdə Nilin sahilləri boyunca və deltasında bitərmiş. Ondan yazı üçün xüsusi material düzəldərmişlər və onu da papirus adlandırarmışlar. Bitkinin özəyini bərabər zolaqlara bölər, sonra isə onları lap yanaşı qoyarmışlar; üstündən də köndələninə bu qayda ilə düzərmişlər. Həmin düzümü sıxar və qurudarmışlar. Alınan vərəqin kənarlarını (düz kəsərmişlər. Ehtiyac olduqda bir neçə vərəqi bir-birinə yapışdırar və alınan uzun vərəqi sarıyarmışlar. Nəticədə əldə olunan uzun vərəq üzərində qamışdan düzəldilmiş xüsusi fırça ilə mürəkkəblə yazarmışlar. Papirusu e.ə. III minillikdən eramızın ilk əsrlərinədək (Qədim Misirdə, sonralar isə həm də Aralıq dənizi hövzəsindəki dövlətlərdə) ---- yazı materialı kimi istifadə edirdilər.

paradoks — 1) gözlənilməz, qeyri-adi düşüncə, ənənəvi mövcud olan fikirlə kəskin ziddiyyət təşkil edən; 2) mövcud təsəvvürlərə sığışmayan qeyri-adi hadisə.

paraflama — müqavilənin (sazişin) və ya onun ayrı-ayrı maddələrinin mətninin danışıqlar aparan tərəflərin səlahiyyətli nümadələri tərəfindən razılıq əlaməti kimi ilkin imzalanması. Müqavilə (saziş) dövlətin xadimləri tərəfindən imzalanandan və dövlətin qanunverici orqanı tərəfindən imzalanandan və dövlətin qanunverici orqanı tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minir.

Parfiya — e.ə. III əsrin ortalarında müasir iranın şimal-şərq və Türkmənistanın ərazilərində köçəri Parfiya tayfasının başçısı Arşak tərəfindən yaradılmış dövlət. Arşak Parfiya çarları sülaləsinin — Arşakilərin də banisi idi. Parfiya tezliklə ərazilərini genişləndirməyə başladı. Parfiya çarları I Mitridat və II Mitridat e.ə. II əsrdə Midiya və Mesopotamiyanı Parfiyaya birləşdirdilər. Parfiya dünya dövlətinə çevrildi. Selevkilər Arşakilərin təzyiqlərinə müqavimət göstərməyə çalışsalar da, istədiklərinə nail ola bilmədilər. E.ə. I əsrdə Atropatenada da partiyalıların mövqeyi gücləndi. Bizim eraya keçid ərəfəsində Parfiya iri, zəngin və faktik olaraq Şərqdə Romanın yeganə rəqibinə çevrildi. Fasilələrlə aparılan Roma — Parfiya müharibələri üç yüz ilədək davam etmişdir. müharibələr hərdən bir tərəfin qələbəsi ilə qurtarırdı. E.ə. 53-cü ildə Karra (Yuxarı Metopotamiya) döyüşündə parfiyalılar romalılara dağıdıcı zərbə endirdilər. Bundan sonra parfiyalılar Suriyanı tutdular. E.ə. 36-cı ildə romalıların Antoninin başçılığı ilə Atropatena və Parfiyaya böyük yürüşü tam uğursuzluqla nəticələndi. Parfiya çarı IV Fraat bu qələbədən Roma ilə uzunmüddətli dinc münasibətlər yaratmaq üçün istifadə etdi. Eramızın əvvəllərində daxili vəziyyət tədricən pisləşməyə başladı — satraplıqlardakı əyanlar, eləcə də Parfiyadan asılı olan dövlətlərin hökmdarları Parfiya "şahənşah"ından müstəqillik əldə etməyə çalışırdılar. Parfiya dövlətinin laxlayan inzibati strukturu ölkənin zəiflənməsinə gətirib çıxarırdı. Eramızın II əsrində hakimiyyətin mərkəzləşdirilməsi üzrə yabanmış islahatlar keçirildi. Eramızın 115-ci ilində imperator Trayanın dövründə romalılar Ermənistan və Mesopotamiyanı partiyalılardan qoparıb Roma provinsiyalarına çevirə bildilər. Trayanın qoşunları Selevkiyaya və Partiyanın paytaxtı Ktesifona daxil oldular və Arşakilərin «qızıl taxt»ını ələ keçirdilər. Yalnız Trayanın ölümü partiyalıları xilas etdi. Eramızın 164-cü ilində romalılar Selevkiyanı yandırdılar və Parfiya şahlarının Ktesifondakı sarayını dağıtdılar. 198 — 199-cu illərdə romalılar yenidən partiyalılara sarsıdıcı zərbə endirib 100 min əsir və Ktesifondakı şah xəzinəsini ələ keçirdilər. 218-ci ildə sonuncu Parfiya sahı V Artabanın romalılar üzərindəki qələbəsi Mesopotamiyanı Arşakilərə qaytardı. Lakin Roma ilə uzun müddət davam edən rəqabət sonda Partiyanı fəlakət həddinə çatdırdı və Parfiya dövlətinin məhvinə səbəb oldu. Belə bir şəraitdə vassal şahlardan biri — Partiyanın Pars əyalətinin şahı, Sasan nəslindən olan Papakın oğlu Ərdəşirin üsyanı Arşakilər sülaləsinin süqutuna və Parfiya dövlətinin iflasına səbəb oldu. Hakimiyyətə partiyalıların əvəzinə farsların Sasanilər sülaləsi gəldi.

Parfiyada zərdüştilik yayılsa da, parfiyalılar digər dinlərə qarşı dözümlülük nümayiş etdirirdilər. Parfiya ellin mədəniyyətinə malik idi. Parfiya memarlığı yüksək inkişaf səviyyəsinə çatmışdı; burada ellin üslubu ilə Qədim Şərq ənənəsi -xüsusi konstruksiyalı tağvarı günbəz, həyətə açılan günbəzli və ya sütunlu tikililər -eyvanlar qovuşurdu. Nağılçı müğənnilərin — qoşanların sənətinin çiçəklənməsi, eləcə də Sasanilər dövründə qələmə alınmış və Firdovsinin poetik deyimində dövrümüzə çatmış Mərkəzi Asiya eposunun olduğu şəkildə yaranması da Parfiya dövrünə aiddir.

Paris Kommunası (1871) — inqilab və 1871-ci il martın 18-dən mayın 28-dək mövcud olmuş ilk sosialist hökuməti. Bonapartçı rejimin Fransa — Prussiya müharibəsində məğlubiyyətə uğraması və başda Tyer olmaqla «milli xəyanət» hökumətinin sazişçi siyasət yeritməsi inqilabın başlanması üçün bəhanə olmuşdur. Paris Kommunası hökumətinin üzvləri fəhlə və xırda burjua inqilabçıları idilər. Hökumət Milli Qvardiya yaratdı; kilsəni dövlətdən ayırdı; geniş əhali kütləsinin maddi vəziyyətinin yaxşılaşdırılması, eləcə də əməyin mühafizəsi üzrə bir sıra tədbirlər gördü. Fransa bankını milliləşdirməkdən çəkinmək, Parisdəki əksinqilabi qüvvələrin məhv edilməsində qətiyyətsizlik göstərmək və Tyer hökumətinə inqilabı boğmaq üçün Versalda maneəsiz qoşun toplamağa imkan vermək, passiv müdafiə taktikası, alman qoşunlarının bitərəfliyinə inam, kəndlilərlə əlaqələrin və ittifaqın mühümlüyünü dəyərləndirməmək Paris Kommunasının süqutunu sürətləndirdi. Mayın 21-də versallılar Parisə daxil oldular, mayın 28-dək kommunarlar barrikadalarda vuruşdular. Kommunanın boğulmasından sonra inqilabi çıxışların iştirakçılarına qarşı amansız terror başlandı.

paritet — 1) bərabərlik, bərabər nisbət, eyni vəziyyət; 2) müxtəlif ölkələrin valyutaları arasında qızıl hesabı ilə nisbət.

parlament (fr. «parler» — «danışmaq») — nümayəndəli seçkili (bəzən qismən) qanunverici orqan.

parlamentli monarxiya — dövlətin başında monarxın durduğu, eyni zamanda, parlament çoxluğunun lideri olan hökumət başçısını — baş naziri təyin etdiyi dövlət hakimiyyəti forması. Baş nazir parlament qarşısında məsul olan Nazirlər Kabinetini təşkil edir.

parslar — zərdüştilər; X əsrin birinci yarısında müsəlmanlar tərəfindən dini təqiblərə məruz qaldıqlarından Xorasandan (İran) Qucarat vilayətinə (Hindistan) köçmüşlər. Hindistanda həmin zərdüştiləri pars adlandırmışlar. Köçmələrindən bir qədər sonra parslar «Atəş-Bəhram» adlı müqəddəs odu alovlandırmışlar. Pars kahinləri zərdüştilik adət və ayinlərini saxlamışlar. Avestanın əlyazması yalnız pars kahinlərində qalmış və Düperron tərəfindən fransız dilinə tərcümə edilmişdir.

Partav (əvvəlcə — Perozapat) — V əsrdən Qafqaz Albaniyasının paytaxtı. Bu vaxta qədər paytaxt Qəbələ idi, şimaldan köçərilərin tez-tez yürüşləri nəticəsində paytaxt köçürülmüşdür. Ərəbcə Bərdə kimi deyilirdi.

partiya (lat. «partio» — «bölürəm», «parçalayıram») — 1) ideya, məqsəd və maraq ümumiliyi ilə birləşmiş insanlar qrupu: 2 eyni vaxtda bir ünvana göndərilmiş mallar, 3) müəyyən nəticəyədək davam etdirilən oyun (məsələn: bir partiya şahmat oyunu).

pasifizm — xarakter və məqsədlərindən asılı olmayaraq nümayəndələri hər cür müharibə əleyhinə çıxış edən hərəkat.

pastor — protestant kilsəsinin keşişi.

paşa — Osmanlı imperiyasında yüksək mülki və hərbi mənsəb sahiblərinin titulu.

patriarx (yun. «böyük ata») — qədimdə böyük ailənin başçısı. Orta əsrlərdə — pravoslav kilsəsinin Bizans imperatoruna tabe olan başçısı.

patriarxat — təsərrüfatda, ailədə və cəmiyyətdə əsas rolun kişiyə məxsus olduğu nəsli icma qaydası. Ata icması ana icmasını — matriarxatı tunc dövrünün əvvəllərində, yəni e.ə. IV minilliyin sonlarından əvəz etməyə başlamışdır.

patriklər — Qafqaz Albaniyasında feodallar silki.

patrisilər (lat. «pater» — «ata») — 1) Qədim Romada ilk vaxtlar Roma xalqını təşkil edən icmanın köklü əhalisinin adı. Patrisilər Romanın ən qədim sakinlərinin övladlarıdır. Hesab edilirdi ki, onların ataları şəhərin əsasını qoyanlardır; 2) aristokrat nəslinin nümayəndələri.

peçeneqlər — hərbi demokratiya mərhələsində olan köçəri türk tayfa ittifaqı. İlk vaxtlar Mərkəzi Asiyada köçərilik edən və 8 tayfadan ibarət olan peçeneq tayfa ittifaqında ağsaqqallar şurası, onlar tərəfindən seçilən hərbi başçılar və xalq yığıncaqları var idi. VIII əsrdə Volqaarxası çölləri sarmatlardan qoparan peçeneqlər özündə peçeneqlərlə yanaşı sarmatları və uqro-finləri də birləşdirən yeni tayfa ittifaqı yaratdılar. IX əsrdə Qara dənizin şimal sahilləri çöllərində məskunlaşan peçeneqlər buradan Kiyev Rusu, Macarıstan, Bolqarıstan, Bizans imperiyası və Xəzər xaqanlığı üzərinə yürüşlər edirdilər. X əsrin əvvəllərində Xəzər xaqanlığının bütün şimal və qərb torpaqlarını darmadağın edən peçeneqlər onun iri ticarət şəhərlərini taladılar. 972-ci ildə başda Kurya xan olmaqla Dneprin astanalarında Rusunun qoşunlarını darmadağın edən peçeneqlər Kiyev knyazı Svyatoslavı öldürdülər. Kurya xanın əmri ilə knyazın kəlləsindən qızıl haşiyəli kasa düzəldildi. Peçeneqlər 1036-cı ildə Kiyev knyazı Yaroslav Mudrı tərəfindən Kiyevin yaxınlığında darmadağın edildilər. Bu məğlubiyyətdən sonra peçeneqlərin bir qismi Kiyev knyazına tabe oldu, bir hissəsi Macarıstana köçdü; qalan 13 peçeneq tayfası isə başda Tirax xaqan olmaqla Dnepr və Dunay arasında köç etməkdə idi. Lakin az sonra peçeneqlər yeni köçəri türk tayfa ittifaqı -torklar (quzlar) tərəfindən məğlub edildilər. Peçeneqlərin bir hissəsi Bizans imperiyasına qaçdı, digər hissəsi isə yeni türk ittifaqına qarışdı.

Pedaqoq (yun. «tərbiyəçi») — 1) Qədim Romada oğlan uşağını məktəbə aparan, onun davranışına və təhsilinin nəticələrinə nəzarət edən qul; 2) indiki dövrdə — uşaqların və gənclərin təhsil və tərbiyəsi üzrə praktiki iş aparan insan; 3) təhsil və təlimin nəzəri problemlərini işləyib hazırlayan alim.

Peloponnes — Balkanların cənubunda yarımada. E.ə. II minillikdə burada Mikena mədəniyyəti yayılmışdır. Peloponnesin cənub-şərqində — Lakonika vilayətində e.ə. II minilliyin sonlarında Sparta polisi salınmışdır.

perqament — ustalıqla aşılanmış buzov və ya quzu dərisi; e.ə. II əsrdən yazı materialı kimi istifadə olunurdu. Perqamentin istehsal mərkəzi Kiçik Asiyanın Perqam şəhəri olduğundan əldə edilən məhsul da belə adlandırılmışdır. Perqament möhkəm, lakin çox bahadır. Bir böyük kitab üçün bütöv bir sürü buzovun dərisi sərf olunurdu. Perqamentdən papirus kimi, yəni lülə kimi bükülmüş halda istifadə olunduğundan onun üstünlüyü kifayət qədər dəyərləndirilməmişdir. Yalnız perqamenti ayrı-ayrı vərəqlərə kəsməyə və əlverişli kitab formasında tikməyə başladıqdan sonra papirusun taleyi birdəfəlik həll edildi və o öz yerini perqamentə verdi.

Perikl (e.ə. 490 — 429) — görkəmli Afina siyasi xadimi. E.ə. 443-cü ildən 429-cu ilə kimi, yəni 15 il ərzində (ölümünə qədər) Afina strateqi seçilmişdir. Perikl istedadlı natiq idi və həmişə xalqın diqqətini öz xeyrinə yönəldə bilirdi. Onun xahişi ilə dostu Fidinin rəhbərliyi altında Afina Akropolu inşa edilmişdir. Periklin əmri ilə «Uzun divarlar» tikilmişdir. Peloponnes müharibəsinin ilk mərhələsində o, Afinaya rəhbərlik edirdi. Afinada yayılmış taun epidemiyası zamanı xəstələnib ölmüşdür.

Perozapat — alban çarı II Vaçe tərəfindən əsası qoyulmuş və Sasani şahənşahı Perozun şərəfinə adlandırılmış şəhər. Sonralar — Partav adlanmışdır, ərəblər isə ona Bərdə demişlər.

Peterburq müqaviləsi (1723) — Rusiya imperiyası ilə Səfəvilər dövləti arasında 1723-cü il sentyabrın 12-də Peterburqda II Təhmasib şahın ruslar tərəfindən aldadılmış elçisi İsmayıl bəyin imzaladığı müqavilə. Peterburq müqaviləsinin şərtlərinə görə, Səfəvilər dövlətinin Dərbənddən Gilana qədər olan Xəzərsahili vilayətləri Rusiyanın sərəncamına keçirdi. Rusiya isə öz növbəsində əfqanlara qarşı müharibədə şaha yardım etməyi öhdəsinə götürürdü. Şah isə rüsxətsiz imzalanmış bu müqaviləni təsdiq etməmişdir.

petisiya — hakimiyyət nümayəndələrinə ünvanlanmış kollektiv xahiş və ya çağırış.

peyğəmbərlər (far. «xəbər gətirən», ər. «nəbi») — iudaizm, xristianlıq və islamda Allah iradəsini insanlara anladan və gələcəkdən xəbər verən din təbliğatçısı, vaiz, mömin şəxs. Qurani-kərimdə və digər müqəddəs kitablarda aşağıdakı peyğəmbərlərin də adları çəkilir: Adəm (Adam), Nuh (Noy), İbrahim (Avraam), İshaq (İsaak), Yusif (İosif), Yaqub (İakov), İlyas (İliya), Əyyub (İov), Yunus (İon), Musa (Moisey), Harun (Aaron), İsa Məsih (İisus Xristos), Yəhya (İoann), Zəkəriyyə (Zaxariya), Davud (David), Süleyman (Solomon) və b. Allahın sonuncu peyğəmbəri olan Məhəmmədə «peyğəmbərlərin möhürü» — «xatəmül ənbiya» deyirlər.

Pəhləvi — İranda şah sülaləsi (1925 — 79). Banisi Rza şah Pəhləvidir. Onun varisi Məhəmməd Rza şah Pəhləvi 1979-cu ildə «islam inqilabı» nəticəsində devrilmişdir.

Pənahabad —  1757-ci ildə Şuşa şəhərinə onu bərpa edən və möhkəmləndirən Pənahəli xanın adıyla bağlı verilən yeni ad. Sonralar şəhər yenə də Şuşa adlandı.

pənahabadi — Pənahəli xanın adı ilə Qarabağ xanlığında kəsilmiş pul.

Pənahəli xan (qarabağlı) — Qarabağ xanlığının banisi və ilk xanı (1748 -63). Nadir xan Muğanda şah elan olunan zaman Qarabağ tayfaları onun namizədliyinə qarşı çıxmışdılar. Nadir şah həmin tayfaları Xorasana - Əfqanıstanla sərhədə sürgün etmişdi. Pənahəli bəy də qardaşı ilə onların arasında idi. Nadir şah onun qardaşını edam etdirdikdən sonra Pənahəli bəy ona yaxın olan bir qrup adamla Qarabağa yola düşmüşdü. Pənahəli bəy 1748-ci ildə özünü Qarabağ xanlığının xanı elan etmişdi. Pənahəli xanın adına pul — pənahabadi — kəsilmişdir. Pənahəli xan Bayat (1748), Şahbulaq (1751) və Şuşa (1757) qalalanın tikdirmişdi. 1748-ci ildə şəkili Hacı Çələbi xan bir ay müddətində Bayat qalasını uğursuz mühasirədə saxlamışdı. Pənahəli xan Qarabağın beş məlikliyini özünə tabe etdirə bilmişdi. İranda şahın dəyişilməsindən istifadə edən Pənahəli xan Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili tutmuşdu. Qarabağın Çiləbörd və Talış məlikləri Pənahəli xana qarşı çıxış etmiş, amma Ağdərə savaşında məğlub olmuşlar. 1757-ci ildə «Xatın arxı» yaxınlığında baş vermiş savaşda Pənahəli xan Qarabağa hücum etmiş Məhəmməd Həsən xan Qacara qalib gəlmişdi. 1759-cu ildə urmiyalı Fətəli xan Əfşar Pənahəli xanı özündən asılı vəziyyətə saldı, amma özü Kərim xan Zəndə məğlub oldu və Kərim xan Pənahəli xanı öz müttəfiqinə çevirdi. Bir qədər sonra Kərim xan Zənd Pənahəli xanı da "Şiraz qonaqlığı«na çağırdı və faktik olaraq onu Qarabağ xanlığının idarəçiliyindən uzaqlaşdırdı.

n ədədi — çevrə uzunluğunun diametrə nisbəti. n ədədi sonsuz kəsirlə ifadə olunur və 3,141592...-yə bərabərdir. Erkən orta əsrlərdə Hindistan riyaziyyatçıları n ədədini yüksək dəqiqliklə hesablaya bilmişdilər.

piktoqrafik yazı (yun. „şəkli yazı“) — məlumatın məzmununun ardıcılrəsmlər vasitəsilə, adətən yadda qalması üçün təsvir edilməsi. Neolit dövründən məlum olan piktoqrafya hər hansı bir dilin qeydi vasitəsi deyil, elə buna görə də əsl mənada yazı sayılmır.

pioner (fr. „yenini tədqiq edən“, „ilk yol açan“, „əsasını qoyan“, „bani“) — ABŞ-da məskunlaşmamış yerlərə ilk gələnləri belə adlandırarmışlar.

piramida (ehram) — Qədim Misirdə firon və əyanların piramidaşəkilli, həndəsi formalı monumental sərdabəsi. İlk Misir piramidası — firon Coserin sərdabəsi — memar İmhotep tərəfindən e.ə. XXVII əsrin lap əvvəllərində inşa edilmişdir. Coserin piramidası on pilləli Misir piramidasından birincisi idi. Coserin piramidası altıpilləli idi, hündürlüyü 61 m-ə çatırdı. Sonralar Misir piramidalarının tikili idi, yalnız 1880-ci ildə Köln baş kilsəsi (onun üstündə iki yeni qüllənin tikilməsi nəticəsində) və 1889-cu ildə Parisdə inşa edilmiş Eyfel qülləsi ondan hündür olmuşlar. Dövrümüzə cəmi 39 piramida salamat çatmışdır. Misir piramidaları qədimdə „dünyanın yeddi möcüzəsi“ndən biri hesab edilirdi.

Ən böyük piramida e.ə. təxminən 2600-cü ildə inşa olunmuşdur. Bu, firon Xeopsun (qədim misir. — Xufu) Memfis yaxınlığındakı piramidasıdır. Qədimdə onun hündürlüyü 146,7 m, yuxarı hissəsini itirdikdən sonra isə 137,3 m olmuşdur. Herodotun məlumatına görə, bu piramidanın tikintisində eyni vaxtda 100 minədək kəndli və qul işləyirmiş, onun tikintisi 30 ilədək davam etmişdir. Piramidanın inşası üçün hər biri bir kubmetrdən artıq olan 2.250.000 sal daşdan istifadə olunmuşdur. Yüz ildən bir qədər əvvələdək Xeops piramidası dünyada ən hündür

Pirr — Balkan yarımadasında kiçik Epir dövlətinin hökmdarı. E.ə. III əsrin əvvəllərində Roma Cənubi İtaliyadakı yunan koloniyaları ilə müharibəyə başlayanda çar Pirr yunanlara köməyə gəldi. Pirrin qoşunları 22 min nəfər piyada, 3 min süvari və 20 döyüş filindən ibarət idi. Onun qoşunları bir neçə qələbə çaldılar, lakin elə itkilər verdilər ki, bununla bağlı Pirr demişdir: „Daha bir belə qələbə olsa, mən qoşunsuz qalacam!“. Həlledici döyüşdə romalılar Pirrin qoşunlarını darmadağın etmişdilər. Dövrümüzdə işlədilən „Pirr qələbəsi“ ifadəsi »məğlubiyyətə bərabər qələbə" kimi anlaşılır.

Pisarro Fransisko (1475 — 1541) — ispan konkistadoru. Pisarro ispan hərbçisinin qeyri-qanuni oğlu idi və hələ yeniyetmə ikən hərbi xidmətə qəbul olunmuşdu. 1502-ci ildə Karib dənizindəki Espanyola adasına gələrək ispan qubernatorunun hərbi dəstəsində qulluq etmişdir. 1513-cü ildə Panamaya -Balboaya təşkil edilmiş ekspedisiyada iştirak etmiş və orada yaşamaq üçün qalmışdır. Hindilərin zəngin dövləti haqqında şayiələrə uyan Pisarro 1524 — 25, sonralar isə 1526 — 28-ci illərdə Cənubi Amerikanın Sakit okean sahilləri boyunca iki ekspedisiya təşkil etmişdir. Pisarro ikinci ekspedisiyanın axırlarında Panamanın ispan qubernatorunun yanına yardım üçün adam göndərsə də, o bu axtarışları daha dəstəkləməkdən boyun qaçırmış və Pisarroya geriyə qayıtmağı əmr etmişdi. Amma Pisarro özünün 12 nəfər tərəfdaşı ilə irəlilərə gedərək inklərin imperiyasını tapmışdı. Buna baxmayaraq Panamanın qubernatoru baha başa gələn ekspedisiyanı maliyyələşdirməkdən imtina eləmişdi. Belə olduqda isə Pisarro İspaniyaya qayıdaraq imperator V Karlı işğalçı yürüşə pul verməyə inandıra bilmişdi. Puldan əlavə, gerb, general-kapitan rütbəsi və Panamadan cənuba altı yüz mil boyunca bütün torpaqların qubernatoru vəzifəsini alan Pisarro 1531-ci ildə iki yüz nəfərlik döyüşçü və altmış beş atla gəmilərdə üzərək Peruya gəlmişdi. Onun əsgərləri əsasən xəncər və nizə ilə silahlanmışdılar, yalnız üç nəfərdə primitiv tüfəng — arkebuz və daha iyirmi nəfərdə isə arbalet var idi. Pisarro öz dəstəsi ilə And dağlarını keçərək Ali İnkam — Ataqualpanı danışıqlara dəvət etmişdi. Ali İnka yüngül silahlanmış üç min nəfərlik mühafizəçilərinin müşayiəti ilə danışıqlara gəlmişdi. Danışıqlar əvəzinə, inklərin qoşunlarına qarşı süvari yürüşə keçən Pisarronun dəstəsi onlara arkebuzlardan atəş açmağa başlamışdı. İnklərin qoşunlarını qıran ispanlar Ataqualpanı əsir götürmüşlər. Pisarro əsirlərdən ödənc və çoxlu miqdarda qızıl-gümüş almış, amma Ataqualpanı buraxmamışdı; onu öldürmüş və özündən asılı bir başçını inklərin dövlət başçısı təyin etmişdi. Pisarro 1513-cü ildə heç bir müqavimətlə üzləşmədən inklərin paytaxtı Kuskoya daxil olmuşdur. Çox varlanan Pisarro sahilə qayıdaraq liman şəhəri Limanın (Peru) əsasını qoymuşdur. Burada həlak olan Pisarronu hindilər deyil, qənimətin bölüşdürülməsindən narazı qalan öz adamları öldürmüşlər.

pitekantrop (yun. «meymun-insan») — paleolit dövründə 500 min il əvvələdək yaşamış ən qədim insan. Pitekantropun qalıqları Afrika, Asiya və Avropada aşkar edilmişdir. Pitekantroplar neandertal adamının (insanının) əcdadı olmuşlar.

Plateya — Orta Yunanıstanda — Beotiyada qədim yunan polisi. E.ə. 479-cu ildə birləşmiş yunan qoşunları Əhəməni hökmdarı Kserksin gedərkən rəhbər təyin etdiyi Mardoninin başçılıq etdiyi İran qoşunları ilə xeyli müddət gərgin müharibə etmişlər. İran ordusunu məğlub edən yunanlar onu öz ölkələrindən qovmuşlar. Bununla belə, Plateya savaşından sonra Yunan — İran müharibələri hələ 30 il də davam etmişdir. Peloponnes müharibəsi dövründə Plateya spartalılar tərəfindən dağıdılmışdır (e.ə. 429 — 427).

plebeylər — 1) Qədim Romada başqa yerlərdən Roma şəhərinə köçənlərin övladları. Plebeylər orduda xidmətə çağırılsalar da, Roma icmasına daxil olmadıqlarından tutulmuş torpaqlara hüquqları yox idi, eləcə də siyasi hüquqlara malik deyildilər. E.ə. V əsrin əvvəllərində plebeylər hər il xalq tribunları seçmək hüququ qazandılar. Uzunmüddətli (200 ildən artıq) mübarizədən sonra plebeylər patrisilərlə eyni dərəcədə bərabər siyasi hüquqlar əldə etdilər, Romanın tamhüquqlu vətəndaşlarına çevrildilər; 2) məcazi mənada — sadə xalq.

plebissit — ümumxalq səsverməsinin formalarından biri (həmçinin bax: referendum). Beynəlxalq münasibətlərdə plebissit — əhalinin ümumxalq səsverməsi yolu ilə mübahisəli ərazinin hamısının və ya bir hissəsinin dövlət mənsubiyyətinin müəyyənləşdirilməsi üçün öz iradəsini bildirməsi.

Plini — eramızın I əsrində yaşamış Qədim Roma müəllifi. 37 kitabdan ibarət «Təbiət tarixi» əsərini yazmış və həmin kitablarda Şərq, yunan və Roma astronomlarının, təbiblərin, aqronomların və d. alimlərin əsərləri təsvir edilmişdir. Vezuvi vulkanının püskürməsini öyrənmək istəyən Plini vulkana həddən çox yaxınlaşdığından həlak olmuşdur.

Plutarx (45 -127) — qədim yunan yazıçısı. Plutarxın «Paralel tərcümeyi-hallar» əsas əsərində qədim dövrün 45 ən görkəmli şəxsiyyətinin tərcümeyi-halından bəhs edilir.

plutokratiya (yun. «sərvət hakimiyyəti») — hakimiyyətin cəmiyyətin dövlətliləri, varlıları əlində olan dövlət quruculuğu.

Polibi (e.ə. 200 — 120) — qədim yunan tarixçisi. Yunanıstan, Makedoniya, Roma, Kiçik Asiya və s. ölkələrin e.ə. 220-ci ildən 146-ci ilə qədərki tarixini əhatə edən "Ümumi tarix" əsərinin müəllifi.

polis (yun. "şəhər") — Qədim Yunanıstanda şəhər və onun ətraf torpaqlarından ibarət olan dövlət. Başqa sözlə, polisi şəhər-dövlət adlandırırlar.

politeizm — çoxallahlılıq, bir çox allahlara inanmaq.

politika — dövlət daxilində siniflər, millətlər və digər ictimai qruplar arasındakı münasibətlərlə bağlı, eləcə də dövlətlərarası münasibətlərlə bağlı fəaliyyət.

poloveslər — qıpçaqların slavyan və Avropa mənbələrində adı.

Pompei, Pompea — Qədim Romada antik şəhər; eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmuşdur. 1748-ci ildən burada arxeoloji qazıntılara başlanılmışdır. Pompei İtaliyanın qədim şəhərləri haqqında zəngin bilik mənbəyidir.

Pompey Qney, ləqəbi «Böyük» (e.ə. 106 — 48) — Roma sərkərdəsi. Pompey ispan tayfalarının romalılara qarşı baş vermiş üsyanını yatırdı. E.ə. 71-ci ildə isə o, Spartak üsyanının yatırılmasında iştirak etmişdir. Pompeyin legionerləri 6 min əsir qulu Kapuyadan Romayadək yol boyu çarmıxa çəkmişlər. Pompey quldurların donanmasını dağıtmış, onların qalalarını uçurmuş və xeyli müddətə Aralıq dənizində piratlığa son qoymuşdur. Pompey Suriyanı istila etmişdir. E.ə. 66-cı ildən Pompey Pont çarı VI Mitridata qarşı döyüşən Roma qoşunlarına sərkərdəlik etmişdir. Pompey Ermənistanı tutmuş, sonra isə Qafqaz Albaniyasına soxulmuşdur. Pompey e.ə. 66-cı ilin dekabrında Kür çayı sahilində çar Oroysun başçılıq etdiyi alban qoşunlarını məğlubiyyətə uğratmışdır. Sonra Pompey İberiyaya yürüşə başlamışdı. Lakin albanlar romalılara arxadan zərbə endirdiklərinə görə Pompey e.ə. 65-ci ildə yenidən Qafqaz Albaniyasına qarşı yürüş etmişdir. Albaniya çarının qardaşı Kozisin sərkərdəlik etdiyi ikinci savaşda Pompeyin legionerləri albanları yenidən məğlub etmişlər. Pompey Qafqaz Albaniyasının içərilərinə doğru getmiş, Xəzər dənizinə çatmaq ümidində olmuşdur, lakin albanların müqaviməti ona bu planını həyata keçirməyə imkan verməmişdir. Pompey hərbi qənimətlərdən Roma xəzinəsinə külli miqdarda pul aparmışdır. Pompey öz vəsaiti ilə senat üçün bina tikdirmiş, içərisində isə öz heykəlini qoymağı əmr etmişdi ki, senatorlar belə əlverişli və gözəl bina üçün kimə minnətdar olduqlarını unutmasınlar. Pompey üç dəfə triumfla fərqlənmişdir. Romada vətəndaş müharibələri zamanı Pompey senatın tapşırığı ilə Sezara qarşı vuruşmuşdur. E.ə. 48-ci ildə o, əvvəlcə Dinaxiya (Epir) yaxınlığında Sezara qalib gəlmiş, sonra isə Farsal (Fessaliya) yaxınlığında onun ordusu tərəfindən darmadağın edilmişdi. Pompey Misirə qaçmış, az sonra bir qatil tərəfindən öldürülmüşdür.

Poseydon — yunan mifologiyasında allah — dəniz hökmdarı, Zevsin qardaşı. Romalıların Neptun allahı Poseydona uyğundur.

Potsdam konfransı — İkinci Dünya müharibəsi dövründə üç müttəfiq dövlətin (Böyük Britaniya, SSRİ, ABŞ) başçılarının — U.Çörçill (27 iyuldan -K.Ettli), İ.Stalin və H.Trumenin 1945-ci il iyulun 17-dən avqustun 2-dək Potsdamda (Berlin yaxınlığında) olmuş konfransları. Potsdam konfransı müharibədən sonrakı dünya quruculuğu məsələlərini həll etməli və prinsiplərini işləyib hazırlamalı idi. Sazişə əsasən, Almaniya tam tərk-silah olunmalı, hərbi qüvvələri buraxılmalı, hərbi və nasist fəaliyyət və təbliğatı qadağan edilməli, ölkənin hərbi-sənaye potensialı ləğv olunmalı idi. Almaniyadan reparasiya alınması haqqında qərar qəbul edildi. Almaniyanın dördtərəfli işğalı sistemi razılaşdırıldı. Polşanın yeni qərb sərhədləri Oder-Nöyse çayları xətti boyunca müəyyənləşdirildi. Köniqsberq (1946-cı ildən — Kalininqrad) və onun ətraf rayonu SSRİ-yə verildi. Konfransın qərarı ilə əsas faşist hərbi canilərini mühakimə etmək üçün sonralar işini Nürnberqdə keçirmiş Beynəlxalq Hərbi Tribunal yaradıldı.

pravoslav kilsəsi — 1054-cü ildə katolik kilsəsi ilə ayrılandan sonra şərqi xristian kilsəsinin adı. O vaxtdan şərqi xristian kilsəsi pravoslav (yun. «həqiqi, doğru din») kilsəsi adlanmağa başladı. Bölünmədən sonra kilsələrin hər ikisi müstəqil oldu.

«Prayd təmizləməsi» — 1648-ci ilin dekabrında İngiltərə burjua inqilabı zamanı kralın tərəfdarı olan 140 nəfər presviterianın «Uzunmüddətli parlament»dən qovulması. Parlament ordusunun independent komandanlığının əmri ilə polkovnik T.Praydın dəstəsi tərəfindən həyata keçirilmişdir. «Prayd təmizləməsi» kral I Karlın məhkəməsinə, onun edamına və İngiltərədə respublika elan olunmasına gətirib çıxarmışdır.

preliminar — ilkin.

preliminar sülh müqaviləsi — müharibə edən tərəflər arasında gələcək sülh müqaviləsinin əsas müddəalarını özündə əks etdirən ilkin razılaşma: müharibənin dayandırılması şərtləri, ərazi dəyişiklikləri, dövlət sərhədləri, hərbi əsirlərin dəyişdirilməsi, dəymiş zərərin ödənilməsi və s.

presedent — keçmişdə baş vermiş və indi analoji hal üçün nümunə və ya əsas ola biləcək hadisə, hərəkət, rəftar, vaqiə, qəziyyə.

pretorianlar — Roma imperatorunun şəxsi mühafizəçiləri olan və onun hakimiyyətinin dayaqları kimi Oktavian Avqust tərəfindən təşkil edilmiş seçmə qoşunlar.

preventiv — digər tərəfin təhlükəli fəaliyyətinin qabağını alan qoruyucu tədbir; məs.: preventiv nüvə zərbəsi.

prezident (lat. «praesidens» — «qabaqda, öndə oturan») — respublika idarəçiliyi formalı ölkələrdə dövlət başçısı.

prikazlar — 1) XVI əsr — XVIII əsrin əvvəllərində Rusiyada mərkəzi idarəetmə orqanları; 2) XVI — XVII əsrlərdə Rusiyada sarayı idarəetmə orqanları; 3) XVI — XVII əsrlərdə streles polklarının adı.

prins — Avropada kral ailəsinin və ya çarlıq etməyən digər nüfuzlu evin ailə üzvü.

Prinsip Qavrilo — 19 yaşlı serbiyalı tələbə, Bosniya və Herseqovinanın Avstriya-Macarıstan ağalığından azad olunması uğrunda mübarizə aparan «Mlada Bosna» terrorçu təşkilatının üzvü. 1914-cü il iyunun 28-də Avstriya taxt-tacının varisi ershersoq Frans Ferdinandı Sarayevo şəhərində atəşlə qətlə yetirmişdir. Bu qətl Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdur.

proklamasiya — vərəqə şəklində yazılmış çağırış, müraciət, bəyannamə.

proqram — 1) fəaliyyətin, işin məzmunu və planı; 2) siyasi partiyanın, təşkilatın, ayrıca xadimin fəaliyyətinin əsas müddəa və məqsədlərinin təsviri, ifadə edilməsi.

proqressiv gəlir vergisi — vergiyə cəlb edilən mülkiyyət və ya gəlirə proporsional olmayan, lakin onların miqdarından daha tez artan vergi növü.

prolonqasiya — hər hansı müqavilənin, sazişin, vekselin fəaliyyət müddətinin artırılması.

Prometey — qədim yunan mifologiyasında odu allahlardan oğurlayıb insanlara vermiş titan. Buna görə Zevsin əmri ilə o, Qafqaz dağlarında qayaya zəncirlənmiş və əbədi əzablara məhkum olunmuşdu: hər gün uçub gələn qartal onun qara ciyərini dimdikləyib yeyirdi. Qartalı öldürən Herakl Prometeyi azad etmişdir.

proteksionizm — ölkəyə idxal edilən mallara yüksək gömrük haqqı qoyulması, gətirilən müəyyən malların məhdudlaşdırılması və ya tam qadağan olunması və s. yolu ilə daxili bazarı xarici rəqabətdən qorumaq məqsədi ilə dövlətin yeritdiyi iqtisadi siyasət.

protektor — lat. hərfi mənada «hami», «himayədar», «müdafiəçi». protektorat — formal olaraq güclü dövlətin zəif dövlətə himayəlik etməsi; praktik olaraq zorla sırınır və çox hallarda şamil edildiyi dövlətin işgalı ilə nəticələnir. Protektorat bəzən asılı ölkənin tam işğalına və ya tabe olmasına gətirib çıxaran keçid formasıdır.

protestant kilsəsi — XVI əsrdə Reformasiyanın gedişində xristianlıqda katolik kilsəsindən ayrılmış əsas cərəyanlardan biri. Bir çox müstəqil kilsə və sektaları (lüteran, kalvinist, anqlikan kilsəsi, baptist, adventist sektaları və s.) birləşdirir. Protestantlıq ruhanilərin dünyəvi adamlara qarşı qoyulmaması, mürəkkəb kilsə iyerarxiyasından imtina edilməsi, sadələşdirilmiş ibadət, rahibliyin olmaması və s. ilə xarakterizə olunur. Protestantlığın bir sıra cərəyanları üçün dini elm ilə birləşdirmək cəhdləri də xarakterikdir. Cəmi 250 milyon nəfərədək protestant var və onlar əsasən ABŞ-da, Böyük Britaniyada, Skandinaviya və Baltikyanı ölkələrdə, Niderlandda, İsveçrədə, Avstraliyada, Kanadada yaşayırlar.

provinsiya — 1) Qədim Romanın İtaliyadan kənarda zəbt etdiyi ərazilər, vilayətlər, ölkələr; 2) bir sıra müasir dövlətlərdə inzibati-ərazi vahidi; 3) məcazi mənada — işğal olunmuş, ucqar və ya geridə qalmış vilayət.

provokasiya — təhrik, fitnə, fitnəkarlıq; ayrı-ayrı adamların, qrupların, təşkilatların və s.-nin ağır nəticələr verə biləcək fəaliyyətə təhrik edilməsi.

pul — əmtəələrin ümumi ekvivalenti rolunu oynayan xüsusi əmtəə, mal. Qədimdə pul rolunu vəhşi heyvanların dərisi, mal-qara, taxıl və s. oynayırdı, tədricən bu rol nəcib metallara — pul əmtəəsi tələblərinə daha çox münasib olan gümüşə və qızıla keçdi. Pulun funksiyaları: dəyərin ölçüsü, dövriyyə vasitəsi, sərvət, ödəniş vasitəsi, ümumdünya pulu. Hazırda, demək olar ki, hər yerdə dövriyyədə həqiqi pulları (qızıl, gümüş) əvəz edən kağız pullar yayılmışdır. Kağız pullar ilk dəfə Şərqdə — Çində buraxılmışdır. Azərbaycanda isə Hülakülər dövlətində Keyxatu xan tərəfindən XIII əsrin axırlarında "çao" adlanan kağız pullar hazırlanmışdır. Qərbdə isə ilk dəfə XVII əsrdə Şimali Amerikada kağız pul buraxılmışdır. Kağız pulun emissiyası inflyasiyaya səbəb olur.

Pun müharibələri — Aralıq dənizinin qərb hissəsində ağalıq üstündə Roma və Karfagen arasında baş vermiş müharibələr. Romalılar karfagenliləri pun adlandırdıqlarından Pun müharibələri adını almışdır. I Pun müharibəsi (e.ə. 264 -240) nəticəsində Karfagen Siciliya adasını itirmiş, amma İspaniyanın cənub hissəsini özünə tabe etmişdir. II Pun müharibəsi (c.ə. 218-201) zamanı Karfagen sorkərdəsi Hannibal Alp dağlarından keçərək Kanna yaxınlığında romalıları məğlub etdi, lakin sonra karfagenlilər Zama yaxınlığındakı döyüşdə məğlubiyyətə uğradılar. II Pun müharibəsindən sonra Karfagen özünün İspaniya və Afrikadakı bütün koloniyalarını itirdi. Karfagenin qüdrəti sarsıldı. E.ə. II əsrdə Karfagen iqtisadi çiçəklənmə dövrü keçirirdi, senator Katonun təklifi ilə Roma senatı Karfagenin dağıdılması haqqında qərar qəbul etdi. III Pun müharibəsinin (e.ə. 149 -146) sonunda Karfagen romalılar tərəfindən tutulub dağıdıldı, əhalisi isə qula çevrilib satıldı.

Puritanlıq — tərəfdarlarının təntənəli dini tədbir və adətlərə qarşı çıxış etdiyi dini cərəyan.

pusqu ovu — müxtəlif funksiyalar yerinə yetirən çoxlu miqdarda insanın köməkliyi ilə vəhşi heyvanları ovlamaq üsulu. Bu zaman adamların bir qismi səs-küy salır, əllərində od tutmaqla heyvanları ovçulara, uçuruma və ya tələ kimi düzəltdikləri çalaya tərəf qovur, digər qismi isə bilavasitə ovçuluqla məşğul olurdu.

Pyotr I, Böyük Pyotr (1672 — 1725) — çar Aleksey Mixayloviç Romanovun kiçik oğlu, 1682-ci ildən Rusiyanın çarı (1689-cu ildən müstəqil hökmdarlıq etmişdir), ilk Rusiya imperatoru (1721). I Pyotr Rusiyada bir sıra mühüm islahatlar keçirmişdir: manufaktura və zavodlar tikdirmiş, senatı və kollegiyaları yaratmış, rekrut mükəlləfiyyətini tətbiq etmiş, nizami ordu və donanma yaratmış, ölkəni quberniyalara bölmüş, Peterburq şəhərini saldırmış, qalalar və kanallar çəkdirmiş, tədris müəssisələri və Elmlər Akademiyası açdırmış və d. işlər görmüşdür. O, islahatların keçirilməsinə qarşı törədilən maneçiliklərin qarşısını qətiyyətlə almışdır. I Pyotrun islahatları əsasən xalq kütlələrinin istismarının güclənməsi ilə həyata keçirilirdi və bu da öz növbəsində hökumət qoşunları tərəfindən amansızcasına yatırılan üsyanlara (1705 1706-cı illərdə Həştərxanda və 1707-1709-cu illərdə Bulavinin başçılığı ilə) səbəb olurdu. I Pyotrun dövründə Rusiya Osmanlı imperiyası, İsveç (Şimal müharibəsi) və Səfəvilər dövlətinə qarşı işğalçı müharibələr aparmışdır. I Pyotr 1722 — 23-cü illərdə Xəzərsahili yürüş etmiş və nəticədə rus qoşunları general-mayor M.Matyuşkinin başçılığı ilə Azərbaycanın (o cümlədən Dərbənd, Bakı, Salyan şəhərlərini) və İranın Xəzərsahili ərazilərini tutmuşlar. Bu işğal 1723-cü il Peterburq və 1724-cü il İstanbul müqavilələri ilə təsbit olunmuşdur. I Pyotr 1724-cü ilin oktyabrında fərman vermişdir ki, ermənilər Rusiya tərəfindən işğal edilmiş istədikləri ərazilərdə yerləşdirilsin. Beləliklə, məhz I Pyotr Azərbaycanın Rusiya tərəfindən işğalının və buraya ermənilərin köçürülməsinin əsasını qoymuşdur.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top