"K" hərfi ilə başlayan tarix terminləri

"K" hərfi ilə başlayan tarix terminləri

kağız — çinlilər e.ə. I minilliyin sonlarında kağız düzəltməyi öyrənmişdilər. Köhnə kətan və yun əsgiləri, ağac qabığı və cavan bambuq zoğlarını doğrayıb narın toz halına salır və su tökülmüş qabda onu kağız kütləsinə çevrilənə qədər qaynadırdılar. Sonra yarıduru lifli məhlulu düzbucaqlı hovuza tökürdülər. Həmin kütlə içərisinə düzbucaqlı çərçivə salınır və ipək saplardan toxunmuş sıx tor onun üzərinə çəkilirdi. Kağız kütləsinin çərçivə üzərində bərabər səviyyədə yayılmasınadək onu silkələyirdilər. Su axıb gedir, kağız kütləsi isə tor üzərində qalırdı. Nəm vərəqi tordan çrxarıb yastılayır və qurudurdular.

kahin — insanların allahlar və ruhlar aləmi ilə ünsiyyətində vasitəçi kimi etiqad olunan din xadimi. Kahin müqəddəs adətlər və qurbanlar haqqında biliklərin daşıyıcısı, ayinlərin icraçısı idi.

kahinlik — bütün kahinləri birləşdirən xüsusi ictimai qrup. Qədim və orta əsr dövlətlərində kahinlik, bir qayda olaraq, əhalinin varlı və imtiyazlı qruplarından biri idi.

kalendar (lat. «kalendarium», hərfən -«borc dəftəri». Qədim Romada borclular ayın birinci günündə «kalenda» adlanan faiz verdiklərindən bu cür adlanmışdır) — təqvim; təbiətin dövrilik təzahürünə əsaslanan və hərəkət edən səma cisimlərində, o cümlədən Günəşdə və Ayda daha aydın nəzərə çarpan vaxtı hesablama sistemi. Vaxtın hesablanması sistemi hələ Qədim Şərq ölkələrində yaranmışdı. Əkinçiliyin inkişafı mövsüm üzrə vaxtın hesablanmasını zəruri edirdi. Bununla kahinlər məşğul olurdu. Kənd təsərrüfatı işlərinin başlanğıcını və çaylardakı daşqınları astronomik hadisələrlə uzlaşdırmaq mümkün oldu. Lakin ilin davamiyyətini müəyyənləşdirmək cəhdləri, əsasən də günəş ilinin 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə, qəməri ayın isə 29 gün 12 saat 44 dəqiqə 3 saniyəyə bərabər olması ucbatından maneələrlə rastlaşdı. İlin, ayın və günün davamiyyətinin bir ölçüyə gəlməməsi qədimlərdə bir çox xalqlarda təqvim sistemlərinin yaranmasına və onlar üzərində islahatlar keçirilməsinə səbəb olmuşdur. Üç növ təqvim mövcuddur: Ay (qəməri), Ay-Günəş və Günəş.

Ay təqvimi — təqvim aylarının davamiyyətini müəyyənləşdirmək yalnız Ayın fazalarının dəyişməsi ilə əlaqələndirilir. Hər ay təzə ayın (hilalın) çıxdığı vaxtdan başlanır və təxminən 29 və ya 30 günə bərabər olub, ildə 354 sutka təşkil edən 12 aya bərabərdir. Ay təqvimi digər təqvim sistemlərindən əvvəl meydana çıxmışdır. Müsəlman təqvimi VII əsrdə birdəfəlik formalaşmışdır. Dövrümüzədək bir sıra müsəlman dövlətlərində saxlanmaqdadır. O, təbiət hadisələrini təxminən 11 sutka qabaqladığından əlverişsizdir. Bu halı islah etmək arzusu Ay-Günəş təqviminin yaradılması ilə nəticələndi.

Ay-Günəş təqvimi həm Ayın fazalarının dəyişməsini, həm də Günəşin il ərzində dövriyyəsini 13-cü ayı əlavə etmək yolu nəzərə alır: 12 il 12 qəməri aydan, 7 il isə 13 günəş ayından ibarətdir. Babilistanda, Qədim Çində, İudeydə, Qədim Yunanıstanda, Qədim Romada istifadə olunmuşdur. Hazırda İsraildə saxlanılmışdır.

Günəş təqvimi Günəşin illik görünən dövriyyəsinə əsaslanır. 12 aylıq Günəş ili 365 sutkaya bərabərdir. Qədim Misirdə, Qədim Romada, Hindistanın və Mərkəzi Amerikanın bir sıra rayonlarında istifadə olunmuşdur. E.ə. I əsrdə Roma imperatoru Yuli Sezarın dövründə xeyli təkmilləşdirilmişdir. Müasir Günəş təqvimində qəbul edilmiş bir sıra ayların adları yulian təqvimindən götürülmüşdür. İndi ayın birinci günündən sonuncu gününədək vaxt hesablanması Qədim Romada e.ə. I əsrdə təşəkkül tapmışdı. Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda istifadə olunur.
Bütün təqvim sistemlərində illər hər hansı tarixi və ya əfsanəvi hadisədən -eradan — hesablanır.

Kalka — Qara dənizin şimal ətrafında, Donetsk şəhəri rayonunda çay. Cənubi Qafqazı talayan monqol qoşunları Dərbənd keçidindən keçərək qıpçaqların köç etdikləri çöllərə çıxdılar. Qıpçaq xanları yardım üçün rus knyazlarına müraciət etdilər. 1223-cü il mayın 31-də Kalka çayı yaxınlığında qıpçaq və rus qoşunlarının monqol-tatar qoşunları ilə ilk döyüşləri oldu. Monqollar süvari qoşunlarını əlverişli mövqeyə geri çəkməklə rus drujinalarını aldadaraq arxalarınca aparmış və müttəfiqlərin qoşunlarını tam darmadağın etmişlər.

Kalvin Jan (1509 — 64) — Reformasiya xadimi, kalvinizmin banisi. Mənşəcə fransızdır. Kalvinin əsas əsəri «Xristian dininin öyüdləri»dir. 1541-ci ildə Cenevrənin faktik diktatoru olan Kalvin bu şəhəri Reformasiya mərkəzlərindən birinə çevirmişdir. Başqa dinlərə qarşı ifrat dözümsüzlüyü ilə seçilirdi. Buna görə də Kalvini «Cenevrə papası» adlandırırdılar.

kalvinizm — protestantlıqda cərəyan. Əsası Kalvin tərəfindən Reformasiya dövründə qoyulmuşdur. Kalvinizm bir din kimi o dövr burjuaziyasının marağına uyğun gəlirdi. Cenevrədən Fransaya (hugenotlar), Niderlanda, Şotlandiyaya və İngiltərəyə (puritanlar) yayılmışdır. Niderland və İngiltərə burjua inqilabları kalvinizm bayrağı altında baş vermişdir. Kalvinistlər də katoliklər kimi öz düşmənlərini yandırır və təqib edirdilər. O vaxtlar Cenevrəni «protestant Romasr adlandırırdılar.

kamalçılar inqilabı -Atatürkün rəhbərliyi ilə 1918 — 23-cü illərdə türk xalqının Antanta müdaxiləçilərinə və sultanlıq istibdadına qarşı antiimperialist mübarizəsi gedişində baş vermiş Türkiyə milli-burjua inqilabı. Kamalçılar inqilabı nəticəsində sultanlıq (1922) və xilafət (1924) ləğv edilmiş, Türkiyə respublika elan olunmuşdu. Kamalçılar inqilabından sonra təslimçilik rejimi, Türkiyədə xarici konsessiyaçıların maliyyə nəzarəti və imtiyazları ləğv edilmişdi.

kampaniya — 1) hər hansı təxirəsalınmaz ictimai-siyasi vəzifənin (məs.: seçki kampaniyası) yerinə yetirilməsi üzrə tədbirlər sistemi; 2) müharibə gedişində ara məqsədə (strateji əməliyyatlar və digər hərbi fəaliyyət formaları da daxil olmaqla) nail olunan mərhələ; 3) istehsal işləri dövriyyəsi və ya kompleksi (məs.: əkin kampaniyası).

Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir. Roma piyadaları karfagenlilərin mərkəz hissəsinə hücum edərək onları sıxışdırdılar. Lakin Karfagen süvariləri cinahlarda Roma süvarilərini darmadağın etdikdən sonra karfagenlilərin seçmə piyadaları cinahlardan Roma piyadalarını mühasirəyə alıb, demək olar ki, tamamilə məhv etdilər. Vuruşmanın 12 saatı ərzində romalılardan 48 min nəfər öldürüldü, 10 min əsir alındı, karfagenlilərin itkisi isə 5700 nəfər oldu. Kanna yaxınlığındakı döyüş hərb sənətinin çox parlaq nümunəsidir.

kanon — insanın hər hansı fəaliyyət sahəsi üzrə, o cümlədən mədəniyyət, memarlıq, ədəbiyyat, din üzrə məcburi olan mühüm qayda və ya normalar toplusu.

kanopa — Qədim Misirdə mumiya hazırlanan zaman ölünün içərisindən çıxarılmış içalatını saxlamaq üçün qab.

Kanossa — Şimali İtaliyada qəsr. 1077-ci ilin yanvarında kilsədən qovulmuş və taxtdan salınmış „Müqəddəs Roma imperiyası“nın imperatoru IV Henrix bu qəsrdə Roma papası VII Qriqoridən onu əfv etməsi üçün məzlumcasına xahiş etmişdir. Məcazi mənada — »alçaldıcı güzəştlərə getmək məcburiyyətində qalmaq".

kansler — Avstriya, Almaniya və Böyük Britaniyada yüksək vəzifəli şəxslərdən biri.

kapital — ilkin başlanğıcda gəlir gətirən istənilən əmlak. Əmtəə istehsalının müəyyən mərhələsində meydana gəlir.

kapital ixracı — inhisarlar və dövlət vasitəsilə ya işgüzarlıq formasında (fabrik, zavod və s. inşası), ya da gəlir götürmək məqsədi ilə, eləcə də siyasi məqsədlərlə kapital ssudası şəklində çıxarılır.

kapitalizm — bəşər cəmiyyətinin inkişafında istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməyin istismarına əsaslanan mərhələ.

Kapitoli — 1) Tibr çayı yaxınlığında, Roma şəhərinin salındığı yeddi təpəlikdən biri. Qaçmış qullar üçün sığınacaq Kapitolidə yerləşirdi. Təpələrdən birinin üzərində qala, digərinkində isə Kapitoli məbədi inşa olunmuşdur. Romada respublika dövründə qalada Yunona, Konkordiya məbədləri, sikkəxana və dövlət arxivinin binası tikilibmiş. Qələbə çalmış Roma qoşunlarının zəfər yürüşü Kapitolidə başa çatar, Roma oyunlarının bayram şənlikləri başlayarmış. Roma Kapitolisi Roma imperiyasının digər şəhərlərində də bu cür Kapitolilərin inşası üçün nümunə olmuşdur. Orta əsrlərin əvvəllərində Kapitoli tikililəri dağıdılmışdır. XVI -XVII əsrlərdə Kapitoli Mikelancelonun layihəsi üzrə yenidən qurulmuşdur. Burada saray, yanında isə məşhur heykəllər toplusu olan Kapitoli muzeyinin binası inşa olunmuşdur; 2) Vaşinqtonda ABŞ konqresinin iclaslarını keçirdiyi bina. Kapitolinin inşasına 1793-cü ildə prezident Corc Vaşinqtonun dövründə başlanılmışdır. 1814-cü ildə İngiltərə — Amerika müharibəsi zamanı ingilislər tikilməkdə olan binanı yandırdılar. Binanın tikintisi XIX əsrin ikinci yarısında davam etdirilib başa çatdırılmışdır. Amerika ştatlarının mərkəzlərində qanunverici orqanların iclaslarının keçirildiyi binalar da «Kapitoli» adlanır.

kapitulyasiya — bax: təslim, təslim olma. karavella (ital. «yüngül yelkənli gəmi») — üç-dörd dor ağacı olan yelkənli, birgöyərtəli, hündürbortlu, ön hissəsində və arxa tərəfində əlavə quraşdırmaları olan, XIII -XVII əsrlərdə Aralıq dənizi hövzəsində geniş yayılmış dəniz gəmisi. Kolumb və Vasko da Qamanın ekspedisiyaları karavellalarla həyata keçirilmişdir.

kardinal (lat. "əsas", «başçı») — katolik kilsəsində Roma papasından sonra gələn və yepiskopdan bir pillə yüksək olan ruhani. Papa tərəfindən təyin edilir və onun müşaviri və köməkçisi hesab olunur.

Karfagen — e.ə. 825-ci ildə Tir şəhərindən çıxmış finikiyalıların Afrikanın Aralıq dənizi sahilində saldıqları koloniya. Əlverişli coğrafi şəraitinə görə Karfagen Aralıq dənizində iri ticarət limanına çevrildi. E.ə. VIII — VII əsrlərdə Karfagen də artıq Aralıq dənizi sahillərində öz koloniyalarını salırdı. Karfagendə hakimiyyət aristokratiyanın əlində idi. E.ə. V əsrin ortalarında Karfagen dövləti Şimali Afrikanı, Qərbi Siciliyanı, Tartessi (Cənubi İspaniya) və Sardiniya adasını əhatə edirdi. Karfagenin güclü donanması və muzdlu ordusu var idi. Siciliya Aralıq dənizində ağalıq üstündə Karfagenlə Roma arasında 1-ci Pun müharibəsinin əsas obyekti oldu. Məğlubiyyətə uğrayan Karfagen Siciliyadan imtina etməli və Romaya xeyli təzminat ödəməli olmuşdur. Sonra Karfagenlilər İspaniyanın böyük hissəsini istila etdilər və bu, 2-ci Pun müharibəsinin «aşlanmasına səbəb oldu. Bu başçılıq etdiyi karfagenlilər üçün uğurla başlanmasına baxmayaraq, onlar məğlubiyyətə uğradılar. Bu dəfə Karfagen Roma ilə hərbi donanmasını və döyüş fillərini ona vermək, eləcə də çox böyük təzminat ödəmək və Afrikadan kənarda bütün torpaqlarından əl çəkmək şərti ilə, habelə Romanın razılığı olmadan müharibə aparmaq hüququnu itirməklə sülh müqaviləsi imzalamağa məcbur oldu. Lakin hökmdar Masinissanın başçılığı ilə numidiyalıların Karfagenə hücumu zamanı bu şərt pozulmuşdu. Ona görə də Karfagenin iqtisadi qüdrətinin yüksəlişindən təşvişə düşən romalılar bundan 3-cü Pun müharibəsinə başlamaq üçün bir bəhanə kimi istifadə etdilər. Həmin müharibənin nəticəsində Karfagen tamamilə dağıdıldı, əhalisi qul edilib satıldı, yaratdıqları mədəniyyət isə, demək olar ki, izsiz-soraqsız məhv oldu. Lakin Roma imperatorları Sezar və Oktavian Karfageni yenidən inşa etdilər. Sonralar Karfagen xristianlığın mərkəzlərindən birinə çevrildi. 439-cu ildə vandalların kralı Heyzerix Karfageni tutub Vandal krallığının paytaxtı etdi. VI əsrin ortalarında Karfageni Bizans imperiyası vandalların əlindən aldı. 697-ci ildə Karfagen ərəblər tərəfindən dağıdıldı. XIX əsrin ortalarından bu günədək Karfagen ərazisində arxeoloji qazıntılar aparılır. İndi Karfagen Tunisin ərazisində yerləşir.

»Karib böhranı" (1962) — ABŞ-ın Kubaya qarşı təhlükəsi və bununla əlaqədar SSRİ-nin Kubada nüvə başlıqlı raket yerləşdirməsi üzündən yaranmış beynəlxalq böhran. SSRİ və ABS rəhbərlərinin birbaşa ünsiyyətləri sayəsində «Karib böhranı» və Üçüncü Dünya müharibəsi təhlükəsi aradan qaldırıldı. SSRİ Kubadan öz raketlərini çıxardı, ABŞ isə adanın dəniz blokadasını açdı və Kuba üzərinə hücum etməmək haqqında öhdəlik götürdü.

kartel — eyni istehsal sahəsindən olan bir neçə müəssisəni birləşdirən primitiv inhisar forması. Kartel üzvləri satış qiyməti, satış bazarının bölüşdürülməsi haqqında sazişlər bağlayırlar. Kartelə daxil olan kapitalistlər istehsal vasitələrinə olan mülkiyyətlərini saxlayır, kommersiya sərbəstliyindən istifadə edirlər.

Kartli — Şərqi Gürcüstanda tarixi vilayət. Antik və Bizans mənbələrində İberiya adlanırdı.

karvansara — Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində yol üstündə yerləşən gecələmə, dincəlmə və ticarət sarayı. Karvansaralar üçün yerli hakimiyyət məsuliyyət daşıyırdı və onlar yaxşı möhkəmləndirilirdilər. Ticarət karvanları burada durur, dincəlir, ehtiyatlarını tutur, gedəcəkləri yerlər və yollar haqqında məlumat toplayır və səyahətlərini davam etdirmək üçün hazırlıq görürdülər. Adətən karvansaralar şəhərdən kənarda, bəzən də şəhərlərdə yerləşirdi. Səhralarda karvansaralar vahələrdə olurdu.

kaspilər — hələ qədimdən kaspi tayfaları Azərbaycan ərazisində məskunlaşmışdılar. Kaspilər Xəzər dənizinin cənub-qərb sahillərindən Qafqaz dağlarınadək ərazilərdə yaşayırdılar. Kaspilərin məskunlaşdıqları ərazilər Kaspiana (sonralar — Paytakaran) adlanırdı. Strabonun bildirdiyinə görə, Xəzər dənizi və Qafqaz dağlarının adı kaspi tayfalarının adından götürülmüşdür. Azərbaycan tarixçilərinin fikrincə, Kazbek dağının və Qəzvin şəhərinin adları da kaspi tayfasının adından əmələ gəlmişdir. Antik müəlliflər xəbər verirlər ki, kaspilərin üzüm tənəkləri «bol məhsul verir». Onlar bildirirlər ki, «Kaspi torpağında çoxlu öküz və at sürüləri var və bunlar saysızdır… Kaspi keçiləri çox ağdır, buynuzları yoxdur, boyları bala-cadır və yastıburundurlar. Burada çoxlu dəvə var və onların ən iriləri ən böyük at boyda olur və qəşəng yunludurlar. Onların yunu çox zərifdir… Kahinlər, ən varlı və ən tanınmış kaspilər ondan tikilmiş don geyirlər». Xəzər dənizində "...itiburun (yəqin ki, nərə balığı) adlanan böyük balıqlar var. Kaspilər onları tutur, duzlayır və qurudurlar". Kaspilər balığın piyi və içalatından müxtəlif mazlar, eləcə də «fil sümüyü ustalarının gözəl əşyalar düzəldərkən istifadə elədikləri» yapışqan hazırlayırdılar. Kaspilər dəvələrə yük vurub Ekbatanaya «duzlu və qurudulmuş balıq» aparırdılar. Kaspilər Xəzər dənizi və qədimlərdə bol sulu olan Kür çayı ilə aparılan ticarətdə də iştirak edirdilər. Kaspianadan keçən quru — dəniz ticarət yolu Hindistan, Mərkəzi Asiya və Avropa ölkələri arasında ticarəti təmin edirdi. Əhəmənilər dövləti zamanı kaspilər onun iki dairəsində — XI və XV dairələrdə məskun idilər. Əhəməni hökmdarları kaspiləri hərbi qulluğa cəlb edirdilər. E.ə. 480-ci ildə kaspilər Əhəməni hökmdarı Kserksin Yunanıstana yürüşündə iştirak etmişlər. Herodot kaspilərin skiflərinkinə bənzər paltar və silahlarını təsvir edir: «Kaspilər yundan hazırlanmış xiton geyirdilər, qamışdan düzəldilmiş öz oxları və akinakları (qısa skif xəncərləri) var idi». Herodot xəbər verir ki, kaspilər at üstündə vuruşurdular. Kaspilər Əhəmənilərin muzdlu döyüşçüləri kimi uzaq Misirdə və Frakiyada (müasir Rumıniya ərazisi) qulluq edirdilər. Kaspilər həm də mahir dənizçi və gəmi inşaatçıları idilər. Kaspilər gəmi ustaları kimi Memfisdə (Misir) Əhəmənilərin cəbbəxanasında hərbi gəmilərin inşasında iştirak edirdilər. Kaspilərin dəfn adətləri də maraqlıdır və bu barədə Strabon bildirir ki, onlar "...yaşı 70-i keçmiş adamları ac saxlayaraq öldürür və onların meyitlərini səhralara atırlar; sonra kənardan baxıb müşahidə edirlər: əgər quşlar meyitləri xərəklərdən çəkib salırlarsa, ölənləri bəxtəvər hesab edirlər; əgər vəhşi heyvanlar və itlər dartıb salırlarsa, onda az bəxtəvər hesab edirlər; meyitlərə toxunulmadıqda isə onu bədbəxt hesab edirlər". Strabon məlumat verir ki, bu adət skif mənşəlidir, hərçənd Midiyanın maq tayfalarında və zərdüştilikdə də belə adətlər qeydə alınıb. Əhəmənilər dövləti Makedoniyalı İsgəndərin zərbələri altında dağılanda isə kaspilər əvvəlcə Atropatenanın tərkibinə daxil oldular, sonra onların məskunlaşdıqları Kaspiana vilayəti qısa müddət ərzində atropatenalılardan ermənilərə keçdi. E.ə. I əsrdə Kaspiana Qqfqaz Albaniyasının tərkibinə daxil oldu və ərəb işğalına qədər orada qaldı.

kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini «kaşşu» adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi «Kaşşen» adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. E.ə. II minilliyin ikinci rübündə kassitlər atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başlayır və bundan sonra Babilistana yürüşlərə başlayırlar. Bu dövrdə kassitlər kifayət qədər böyük qüvvə idilər və qoşunlarının əsasını cəng arabaları təşkil edirdi. Cəng arabaları və atlar əvvəllər də məlum idi, lakin kassitlər cəng arabalarını və atların öyrədilməsini xeyli təkmilləşdirdilər və ilk dəfə olaraq cəng arabalı döyüş taktikasını tətbiq etdilər. Təxminən e.ə. 1750-ci ildə kassitlər başçıları Qandeşin rəhbərliyi ilə Babilistana soxuldular və onun bir hissəsini tutub burada Karduniaş adlı dövlət yaratdılar. E.ə. 1595-ci ildə onlar Babili tutdular və kassitlərin hökmdar sülaləsini yaratdılar. Kassitlər Babilistanda torpaq payları aldılar və imtiyazlı hərbi silk yaratdılar. Onlar hətta kassit sülaləsinin Babilistandakı 500 illik hakimiyyətinin devrilməsindən sonra da öz mövqelərini qoruyub saxlaya bildilər. E.ə. 1204-cü ildə Babilistandan sıxışdırılan kassitlər geriyə — Cənubi Azərbaycan dağlarına qayıtdılar. Kassitlərdə sənətkarlıq, xüsusilə də tuncdan əşyalar və əmək alətləri düzəltmək yüksək səviyyəyə çatmışdı. Bəzi alimlərin fikrincə, tuncun mühüm tərkib hissələrindən biri olan qalayın — «kassiteros»un adı kassit tayfasının adından götürülmüşdür. Kassitlərin mədəniyyəti «Luristan tuncu » adlandırılan arxeoloji mədəniyyətdə öz əksini tapmışdır.

kasta — qədim və orta əsrlər Hindistanında hüquq və vəzifələri çox ciddi müəyyənləşdirilmiş qapalı insan qrupu. Kastaya mənsubiyyət irsi idi. Qədim Hindistanda dörd kasta var idi: brahmanlar, kşatrilər (döyüşçülər), vayşya (tacirlər, sənətkarlar, kəndlilər) və şudralar (nökərlər). Hindlilər hesab edirdilər ki, hər kasta Brahmanın əzasının bir hissəsindən yaradılıb. Brahmanlar və kşatrilər ali kasta sayılırdılar. Qədim Hindistanda çarlar kşatri kastasına mənsub idilər. Dörd kastadan əlavə, heç bir kastaya daxil olmayan azad adam qrupları da var idi. Bu qruplardan başlıcası toxunulmazlar və çandallar — brahman qadınla şudr kişinin övladları idi. Ümumiyyətlə, adam hesab edilməyən qullar da heç bir kastaya daxil deyildilər.

katakomba qəbirləri — quyuda ölü üçün ayrıca dəfn kamerası (katakomba) qazılmış kurqan qəbirləri. Katakomba qəbirləri Şimali Qara dəniz sahilləri və Cənubi Qafqazda (o cümlədən Azərbaycan ərazisində) tunc dövründə geniş yayılmışdı.

Katalaun çölü — Fransanın şimal-şərqində düzənlik, çöl. 451-ci il iyunun ikinci yarısında burada məşhur «xalqlar döyüşü» baş vermiş, nəticədə Aetiusun (Aetsinin) sərkərdəlik etdiyi Roma qoşunları və onların müvəqqəti müttəfiqləri -vestqotlar, burqundlar, franklar, alanlar və b. Attilanın başçılıq etdiyi hunların və onların tabeliyində olan tayfaların — ostqotların, gepidlərin və b.-nın qoşunları ilə vuruşmuşlar. Bu savaşda 130 mindən artıq adam həlak olmuşdu. Avropa tarixçiləri hesab edirlər ki, Attila və hunlar bu savaşda məğlubiyyətə uğrayıblar. Türk tarixçiləri isə savaşda Attilanın qələbə çaldığını bildirirlər. Güman etmək olar ki, həmin savaşda tərəflərdən heç biri digərinə həlledici zərbə endirə bilməyib. Lakin bu faktı da nəzərə almaq lazımdır ki, Katalaun çölündəki savaşdan az sonra hunlarla Roma arasında imzalanan müqavilədə Attila faktik olaraq onu qane edən şərtləri romalılara diktə etmişdir.

katolik kilsəsi (tərcüməsi — "ümumdünya kilsasi") — 1054-cü ildə parçalanmadan sonra mərkəzi Roma olan kilsə belə adlanmağa başladı. Parçalanmaya səbəb Bizans patriarxının Roma papasına tabe olmaqdan imtina etməsi olmuşdur. Xristian kilsəsi 1054-cü ildən iki qola — katolik və pravoslav qollarına parçalanmışdır.

katolikos — orta əsrlərdə erməni (363-cü ildən), gürcü (475-ci ildən) və alban (552-ci ildən) kilsələri başçılarının titulu. Alban kilsəsinin erməni kilsəsi tərkibinə daxil edilməsindən sonra Cənubi Qafqazda yalnız erməni və gürcü katolikosları qalmışlar. Malabar (Hindistan) monofizit kilsəsinin və xaricdəki erməni katolik kilsəsinin (iqamətgahı Beyrutdadır) başçıları da katolikos titulunu daşıyır.

Kaşlık — Sibir xanlığının İrtış çayı sahilində yerləşən paytaxtı. Kaşlıkın əhalisi ticarət, sənətkarlıq, balıqçılıq, əkinçilik və maldarlıqla məşğul olurdu. Kaşlıkın ətrafında xanın və qohumlarının bir neçə möhkəmləndirilmiş iqamətgahı var idi. 1582-ci ildə Kaşlık Yermakın dəstələri tərəfindən tutulub qarət edilmişdir. Bundan sonra şəhər boşalmışdır.

Kaştariti (mid. Xşasrita) — Midiyanın ilk hökmdarı. Herodot onu Fraort adlandırır. Kaştariti əvvəllər Assuriyanın tabeliyindəki Maday əyalətində yerləşən Kar-Kaşşi «məskəninin başçısı» idi. E.ə. 672-ci ilə yaxın o, assurlara qarşı üsyana başçılıq etdi. Kaştariti assurlara qarşı skiflər, mannalılar və kimmerlərlə ittifaq bağlaya bildi. Assurları Midiya əyalətlərindən qovduqdan sonra burada Midiya şahlığı yarandı. Midiyalılara başçılıq edən Kaştariti Assuriyanın sərhədlərinədək irəlilədi. Assuriya hökmdarı ona, eləcə də təklikdə digər müttəfiqlərə sülh danışıqlarına başlamağı təklif etdi. Lakin öz qələbəsinə inanan Kaştariti danışıqlara getməkdən imtina etdi. Amma Partatuanın başçılığı ilə skiflərin assurların tərəfinə keçməsi sonuncuları məğlubiyyətdən xilas etdi.

kauri — Hind okeanı və Sakit okeanın qərb hissəsində yaşayan xırda molyusk. Onun bərk, ala-bəzək və şəffaf çanağı hələ ta qədimlərdən Asiya, Afrika, Sakit okean adaları və Avropa xalqları tərəfindən bəzək əşyası kimi yüksək qiymətləndirilir və «balıqqulağı pulları» kimi də istifadə olunurdu.

Kavaler — 1) hərfən — «süvari»; 2) ordenlə təltif olunmuş şəxs.

«kavalerlər» — İngiltərədə vətəndaş müharibəsi illərində kralın tərəfində vuruşan süvari zadəganları «kavalerlər» adlandırırdılar. Buna görə də İngiltərə kralının ordusunu da «kavalerlər ordusu» adlandırırdılar.

kayzer — «Müqəddəs Roma imperiyası» (962 — 1805) və Almaniya imperiyası (1871 — 1918) imperatorlarının titulu.

kazak (türk. «gəzəki» sözündən olub, «dəliqanlı, qoçaq, sərbəst, azad adam» deməkdir) — 1) məhdud mənada — XIV — XVII əsrlərdə muzdlu işçi, geniş mənada -öz ictimai mühiti ilə əlaqələrini kəsmiş adam; 2) Rusiyada XV əsrin sonlarından Rusiya dövlətinin ucqarlarında yaşayan azad adamları «kazak» adlandırmağa başladılar.

kazaklar — XIV — XVII əsrlərdə gəzəki, azad, sərbəst adamlar. Onlar muzdla işləyir və sərhəd rayonlarında hərbi xidmət edirdilər. XV — XVI əsrlərdə Rusiya sərhədlərindən kənarda və Polşa-Litva dövlətində — Dnepr, Don, Volqa, Ural, Terek üzərində «azad» adlandırılan, başlıca olaraq qaçqın kəndlilərdən ibarət kazakların özünüidarədən icmaları meydana gəlir. Kazaklar tez-tez kəndli üsyanları və kəndli müharibələrində iştirak edirdilər. Rusiyanın çar hökuməti kazaklardan sərhədləri qorumaqda, müharibələrdə və s.-də istifadə etməyə çalışırdı və XVIII əsrdə kazakları imtiyazlı hərbi zümrəyə, mütləqiyyətin dayağına çevirdi. 1920-ci ildə bir zümrə kimi ləğv edildi.

Kazan xanlığı — Qızıl Ordanın süqutundan sonra Orta Volqaboyunda yaranmış müsəlman dövləti (1438 — 1552). Paytaxtı — Kazan. Əhalisi — Volqa bulqarları, mari, çuvaş, başqırd və udmurtların, eləcə də mordvalıların bir hissəsinin törəmələri olan Kazan tatarlarıdır. 1487 — 1521-ci illərdə Kazan xanlığı Moskva knyazlığından, 1524-cü ildən isə Osmanlı imperiyasından vassal asılılığında idi. Bundan sonra Kazan xanlarının rus torpaqlarına yürüşləri xüsusilə çoxaldı. 1545-ci ildə rus qoşunları əvvəlcə kazanlıların yürüşlərinin qarşısını almaq məqsədi ilə, sonra isə xanlığı tutmaq məqsədilə Kazan xanlığı üzərinə yürüşlər təşkil etməyə başladılar. Rus qoşunlarının 1547 — 48 və 1549 -50-ci illərdəki işğalçı yürüşləri nəticəsiz qalmışdı. Lakin 1552-ci ildə İvan Qroznının və knyaz Kurbskinin başçılığı ilə edilmiş yürüş həmin il oktyabrın 2-də Kazanın hücumla alınması ilə nəticələndi. Kazan tatarlarına kömək etmək üçün Krım xanı Dövlət Gərayın qoşunları rusların ərazilərinə soxulmağa çalışdılar, lakin onların qarşısı əvvəlcədən cənuba aparılmış qoşunlar tərəfindən alındı. Kazan xanlığı ləğv edildi və onun ərazisi Moskva knyazlığına birləşdirildi.

Kazım bəy Mirzə Məhəmmədəli Hacı Qasım oğlu (Aleksandr Qasımoviç Kazım bəy; 1802 — 70) — görkəmli Azərbaycan şərqşünası. Rəştdə ruhani ailəsində anadan olmuşdur. Atası Həştərxana sürgün edilmiş, növbəti ildə isə gənc Mirzə Məhəmmədəli buraya gəlmişdir. Həştərxanda təbliğat aparan şotlandiyalı missionerlərin təsiri altına düşən Mirzə Məhəmmədəli 1823-cü ildə Kazan universitetində müəllimliyə başlayır və az sonra professor seçilir, kafedra müdiri və fakültə dekanı vəzifələrində çalışır. Kazım bəy ingilis, fransız və alman dillərini sərbəst bilirdi. Kazım bəy 1845-ci ildə Peterburq universitetinə keçmiş və 1853-cü ildə Şərq dilləri fakültəsinin açılmasına nail olmuş, özü isə həmin fakültənin dekanı olmuşdur. Kazım bəyin qələmindən 100-dən artıq elmi əsər çıxmışdır. O, Şərq ölkələrinin tarixi, fəlsəfəsi və hüququ üzrə yazdığı əsərləri ilə daha çox tanınmışdı. Kazım bəy Qafqaz, Krım, İran və Mərkəzi Asiya tarixi, eləcə də islam, türk və İran dilləri tarixi üzrə əsərlər yazmışdır. Əsas əsərləri: «Türk-tatar dilinin ümumi qrammatikası», «Müridizm və Şamil», «Dərbəndnamə», «Firdovsinin əsərində fars mifologiyası», «Bab və babilər», «1844 — 52-ci illərdə İranda dini-siyasi qiyam», «Müxtəsər qanunvericilik». Kazım bəyin əsərlərinin çoxu ingilis, fransız, alman və başqa dillərə tərcümə olunmuşdur. Elm sahəsindəki xidmətlərinə görə Kazım bəy Peterburq universitetinin fəxri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin üzvü, Kopenhagen Kral Cəmiyyətinin üzvü və s. seçilmişdir.

keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya və İrlandiyada məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları «keltlər», romalılar -«qallar», sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə «qalatlar» adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur.

Kennedi Con Fitscerald (1917 — 63) — Demokratlar partiyasından ABŞ-ın 35-ci prezidenti (1961 — 63). İkinci Dünya müharibəsi illərində donanma zabiti (1941 — 45), 1947 — 61-ci illərdə — konqresmen. Prezident kimi sosial-iqtisadi islahatlar proqramı irəli sürmüşdür. Hərbi blokların və ABŞ-ın silahlı qüvvələrinin möhkəmləndirilməsinə çağırırdı. Bununla yanaşı, SSRİ ilə daha realist münasibətlər kursu yürütməyə meylli idi ki, bu da ABŞ-ın son dərəcə mürtəce qüvvələrinin ona qarşı hücumlara keçməsinə səbəb oldu. 1963-cü il noyabrın 22-də Kennedi Dallas şəhərində qətlə yetirildi.

kenotaf — boş qəbirdən ibarət olan dəfnetmə abidəsi. Qədimlərdə bir çox xalqlar tərəfindən, xüsusən də bu və ya digər səbəbdən mərhumun meyidini (külünü) dəfn etmək mümkün olmadıqda kenotaf qazılırdı. Bu adət qəbri olmayan ölülərin ruhunun sakitlik tapa bilməməsi ehtimalından yaranmışdı.

kentavrlar — yunan mifologiyasında vəhşi varlıqlar, yarıadam-yarıatlar, Dionisin dağlarda və meşə cəngəlliklərində yaşayan dostları. Kentavrlar coşqun, çılğın və dözümsüz xasiyyətləri ilə fərqlənirlər. Kentavrlar da ölürlər.

keramika (yun. «keramos» — «gil») — bişmiş gildən düzəldilmiş məmulat. Əvvəllər dulusçu və rəssamların Qədim Afinada yaşadığı məhəllənin adı.

Kerefto — Atropatenadakı Kerefto dağlarında (müasir İranın Qərbi Azərbaycan və Kürdüstan ostanları arasındakı ərazi) yerləşən qaya məbəd tikilisi. Məbədin indiki girişi qayanın ətəyindən 9 m yüksəklikdədir. Məbədin qayada yonulmuş otaqları bir-biri ilə əlaqəlidir və iki mərtəbədə yerləşir. Məbədin girişi tavanları lağvan suvanmış bir neçə otaqdan ibarət olan birinci mərtəbəyə aparır. Alt mərtəbə üst mərtəbəylə dəhliz vasitəsilə birləşib. Üst mərtəbə də dəhlizdən və bir neçə otaqdan ibarətdir, birincisinin üzərində yunan dilində belə yazı var: «Herakl burada məskundur, pis şey olmaz». Bu otaq da növbəti otaq kimi içəridən ağır cəftə ilə bağlanıb. Otağın yazılı pəncərələri salamat qalmışdır. Məbədin otaqlarının birində su quyusu vardır. Azərbaycan tarixçisi İqrar Əliyev Kerefto məbədinin tarixini e.ə. IV əsrin sonları — III əsrin əvvəllərinə, yəni Atropatena dövlətinin yaranması dövrünə aid edir.

Kerzon Corc Nataniel (1859 — 1925) — markiz, Hindistanın vitse-kralı (1899 — 1905), Böyük Britaniyanın xarici işlər naziri (1919 — 24), mühafizəkar. Sovet Rusiyasına qarşı müdaxilənin təşkilatçılarından bıri. Kerzonun planına əsasən, Dağlıq Qarabağ və Zəngəzur ADR-in tərkib hissəsi hesab edilirdi, Naxçıvan isə Ermənistana verilməli idi. Kerzon planının mahiyyəti ondan ibarət idi ki, Azərbaycanla Türkiyə arasında xristian erməni dövləti yaradılsın. 1920-ci ü yanvarın 11 -də Böyük Britaniyanın xarici işlər naziri lord Kerzonun təqdimatı ilə Paris sülh konfransının Ali Soveti ADR-in müstəqilliyini de-fakto tanımaq haqqında qərar qəbul etdi. Konfrans 1920-ci il Polşa — Rusiya müharibəsi zamanı Qırmızı Ordunun «Kerzon xətti» adlandırılan zolaqda hücumu dayandırmasını tələb edirdi. 1923-cü ildə sovet diplomatik nümayəndələrini İran və Əfqanıstandan geri çağırmaq, ingilis kəşfiyyatçılarına qarşı tətbiq olunmuş repressiya tədbirlərinə görə sovet hökuməti tərəfindən kompensasiya ödənilməsi və s. barədə İngiltərə hökuməti adından tərtib etdiyi ultimatumu SSRİ hökumətinə göndərmişdir. İkinci Dünya müharibəsi qurtardıqdan sonra «Kerzon xətti» sərhədlər haqqında 1945-ci il SSRİ — Polşa müqaviləsinin əsasını təşkil etmişdir.

«Kerzon xətti» — Antantanın Ali Şurası tərəfindən Polşanın şərq sərhədləri kimi təklif olunan şərti xəttin adı. Adını 1920-ci ilin iyulunda olmuş Polşa — Sovet müharibəsi zamanı Qırmızı Ordunun bu xətt üzrə hücumunun dayandırılmasını tələb edən Kerzonun adından götürmüşdür. «Kerzon xətti» Polşanın xeyrinə bəzi dəyişikliklər edilməklə sərhədlər haqqında 1945-ci il 16 avqust tarixli SSRİ — Polşa müqaviləsinin əsasını təşkil etmişdir.

keşikçi qalaları (Abşeron) — XIII — XIV əsriərdə Abşeron yarımadasında -Mərdəkanda (memar Əbdül Məcid ibn Məsud), Ramana və Nardaranda (memar Mahmud ibn Səd) inşa edilmiş keşikçi qala-qüllələri.

Kəbə (ər. "əl-Kəbə" — «kub») — islamın Məkkədə daşdan tikilmiş kubşəkilli baş ziyarətgahı. Məbədin hündürlüyü 15 m, uzunluğu — 12 m, eni isə 10 m-dir. Bina örtülü sütunlarla əhatələnmiş həyətin ortasında yerləşir. Binanın şərq küncünə Allahın Yerə — insanlara göndərdiyi əzəmət rəmzi və Kəbənin əsas sitayiş obyekti olan gümüş kəmər taxılmış «qara daş» yerləşdirilib (meteorit mənşəli olması ehtimal edilir). “Qara daş”ın, demək olar ki, qarşı tərəfində Zəmzəm quyusu var. İslam qəbul olunana qədər Kəbə bütpərəstlərin ziyarətgahı idi. Rəvayətə görə, əvvəllər Kəbədə allah Hübəlin — Məkkənin himayədarının bütü var imiş, onun ətrafında isə müxtəlif ərəb tayfaları tərəfindən sitayiş edilən 360 büt qoyulubmuş. İslam dini tərəfindən Kəbənin müqəddəsliyi qəbul olundu, Məhəmməd peyğəmbər isə onu qiblə elan etdi. Əvvəllər müsəlmanlar üzlərini Qüdsə (Yerusəlimə) tutub ibadət edərmişlər (namaz qılarmışlar), Kəbənin qiblə elan olunmasından sonra isə bütün müsəlmanlar ibadət zamanı üzlərini ona tərəf tuturlar. 630-cu ildə Məkkənin müsəlmanlar tərəfindən fəth edilməsindən sonra bütlər məhv edildi və Kəbə yalnız müsəlmanlar üçün həcc ziyarətgahına çevrildi. Kəbə bütün dünya müsəlmanlarının mühüm mərkəzi və birlik rəmzi kimi qalmaqdadır.

kəndxuda — Şərq ölkələrində kənd başçısı, rəhbəri.

Kəndli icmaları haqqında 1865-ci il fərmanı — çar Rusiyası hökumətinin fərmanı. Fərmana əsasən Azərbaycan bəyləri kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılırdı. Burada kəndxuda və mollaların başçılıq etdikləri kəndli idarələri yaradılırdı. Ayrı-ayrı kəndlər kəndxuda köməkçisi tərəfindən idarə olunurdu. Kəndlilərin toplantıları kənd məmurlarını seçmək, kəndli icmasından çıxarmaq, qəyyum təyin etmək, icma torpaqları haqqında sərəncam vermək, vergiləri bölüşdürmək ixtiyarına malik idi. Mühüm məsələlərin həlli üçün icma üzvlərinin ən azı 2/3-nin iştirakı vacib idi. Kəndli toplantılarının qərarları çar məmurları tərəfindən ləğv edilə bilərdi. Cüzi sərbəstliyə meyl etmək üstündə kəndli toplantıları kəndxuda seçmək hüququndan məhrum olunurdu və belə hallarda onlar hakimiyyət tərəfindən təyin edilirdilər.

«Kəndli əsasnamələri» (1847) — bəy və ağaların hüquqları haqqında 1846-cı il fərmanına əlavə olaraq 1847-ci il aprelin 20-si və dekabrın 28-də «Kəndli əsasnamələri» adlanan sənəd bəyan edildi; bunlardan birincisi bəy kəndlilərinə, ikincisi isə Qazax, Şəmşəddil və Borçalı ağalarının kəndlilərinə aid idi. «Kəndli əsasnamələri» nəinki təkcə çoxsaylı mükəlləfiyyətləri qanuniləşdirmiş, eyni zamanda, həm də kəndlinin feodaldan şəxsi asılılığını daha da dərinləşdirmişdir. "Əsasnamələr"ə görə, torpaq sahibləri kəndlilər üzərində polis və məhkəmə hüquqları qazanırdılar. Hərçənd kəndlilər bir təsərrüfatdan başqasına keçmək hüququ alırdılar, əslində isə bir sıra məhdudlaşdırmalar ucbatından onlar faktik olaraq bu hüquqdan istifadə edə bilmirdilər.

Kəngərli Bəhruz (1892 — 1922) — Azərbaycan rəssamı, 300-dən artıq rəsm və karikatura yaratmışdır. Əsas əsərləri "İlanlı dağ", «Yatmış uşaqlar», «Aylı gecə», «Yamxana kəndinə gedən yol», "Şəlalə", "Çinarlar" rəsmləridir.

Kərbəla — İraqda şəhər. Şiə müsəlmanların ziyarət etdikləri müqəddəs şəhər. Kərbəla Məhəmməd peyğəmbərin nəvəsi, xəlifə Əlinin oğlu Hüseynin 680-ci ildə xəlifə Yəzidin qoşunları ilə vuruşduğu yerdə yaranmışdır. Bu savaşda şəhid edilmiş Hüseynin sərdabəsi Kərbəlada yerləşir.

Kəsranilər — şirvanşahlar sülaləsi (1027 — 1382). Şirvanda Məzyədilər sülaləsini əvəz etmişdir. Kəsranilər sülaləsini Dərbəndilər sülaləsi əvəz etmişdir.

Kəşmir — tarixi Cammu və Kəşmir vilayəti Himalay və Tibetin yüksək dağlıqlarında yerləşmişdir. Kəşmirdə əhalisinin ümumi sayı 5 milyona yaxın olan 20-yə qədər xalq və tayfa məskunlaşmışdır. Kəşmir əhalisinin təxminən 3/4-ü müsəlmandır. 1846-cı ildə ingilislər Kəşmiri Cammu knyazlığının racasına satmışlar. 1947-ci ildə Hindistan və Pakistanın yaradılmasından sonra bu ölkələrin hər ikisi Kəşmiri öz ərazilərinə birləşdirməyə çalışırdı. 1947-ci ildə Pakistan qoşunları Kəşmirin qərb və şimal-qərb hissələrini tutdular, Hindistan isə Kəşmirin qalan hissəsini özünə birləşdirdi. Dövrümüzədək Kəşmir məsələsi Hindistan və Pakistan münasibətlərində gərginlik mənbəyi olaraq qalır.

Kəhriz — Azərbaycanın dağ və dağətəyi rayonlarında, İran və Mərkəzi Asiyanın digər ölkələrində yer altındakı suların toplanması və onların suvarma məqsədi ilə yerin üstünə çıxarılması üçün inşa edilən yeraltı kanallar sistemi. Kəhrizin yeraltı kanalları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilirdi.

Kiaksar (mid. Xuvaxştra) — Midiya hökmdarı (e.ə. 625 — 585), Midiya hökmdarı Kaştaritinin (Fraortanın) oğlu. Kiaksar hərbi islahat keçirmiş, qəbilə qoşunu əvəzinə qoşun növlərinə görə bölünmüş (nizəçilər, oxçular, süvarilər) daimi ordu yaratmışdır. E.ə. 624-cü ildə Kiaksar Midiyanı skiflərin asılılığından xilas etmişdi. Herodot məlumat verir ki, Kiaksar skiflərin başçılarını ziyafətə dəvət etmiş və qonaqlıq zamanı hamısını qırmışdır. Kiaksar Babilistan hökmdarı Nabopalassar ilə Assuriyaya qarşı saziş bağlamışdır. E.ə. 614-cü ildə Midiya qoşunları Nineviyanı mühasirəyə alsalar da, onu tuta bilməmişdilər, amma Aşşur şəhərini tutub darmadağın etmişdilər. Aşşurun tutulmasından sonra Nabopalassarın başçılıq etdiyi Babilistan qoşunları gəlib çıxmışdı. Midiyalılar və babilistanlılar Aşşurun xarabalıqları üzərində ittifaqlarını sülalə kəbini ilə möhkəmlətmişdilər -Kiaksar qızı Amitidanı Nabopalassarın oğlu Navuxodonosora ərə vermişdi. E.ə. 612-ci ildə Midiya qoşunları Kiaksarın başçılığı və Nabopalassar başda olmaqla Babilistan qoşunları ilə birlikdə hücumla Nineviya şəhərini tutub yandırmışlar. Müttəfiqlər Assuriyanın keçmiş ərazilərini aralarında bölüşdürmüşlər. Sonra Kiaksar Xəzər dənizindən şərqdə və cənub-şərqdə yerləşən Hirkaniya və Parfiyanı, habelə Pars, Elam, Manna, Urartu və Kappadokiyanı (Kiçik Asiyanın bir hissəsini) ələ keçirmişdi. Midiyalılar Skif çarlığını (Azərbaycan ərazisində) tutduqdan sonra Kiçik Asiyada yerləşən Lidiya dövləti ilə müharibəyə başladılar. Midiya — Lidiya müharibəsi (e.ə. 590 — 585) tərəflərin vaxtaşırı üstünlüyü ilə davam edirdi. E.ə. 585-ci il mayın 28-də Qalis çayı sahilindəki həlledici döyüşə hazırlıq ərəfəsində günəş tutulması baş verdi və bu, hər iki tərəfdən pis əlamət kimi qəbul edildi. Ona görə də Qalis (indiki Qızıl İrmaq) çayını Midiya ilə Lidiya arasında sərhəd kimi nəzərdə tutan sülh müqaviləsi bağlandı. Kiaksarın ölümündən sonra onun oğlu Astiaq Midiya hökmdarı oldu.

Kiçik Asiya — Qara dəniz, Mərmərə, Egey və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Avropa və Asiyanın qovşağında yerləşən Kiçik Asiya bütün tarix boyu onların arasında ticarət və mədəni əlaqələrin inkişafında mühüm rol oynamışdır.

Kilsə — 1) bu və ya digər dinin davamçılarını birləşdirən dini təşkilat; 2) xristian dini ayinlərinin icra olunduğu bina.

kimmerlər — tayfa; e.ə. VIII əsrdə Qara dənizin şimal sahillərində məskunlaşmışdılar. Oradan skiflər tərəfindən qovulan kimmerlər Cənubi Qafqazın qərb hissələrinə, sonra isə Kiçik Asiyaya müdaxilə etmiş və burada yerli əhali ilə qarışmışlar.

Kinq Martin Lüter (1929 — 68) — baptist pastoru, ABŞ-ın zənci əhalisinin vətəndaşlıq hüquqları uğrunda mübarizənin rəhbərlərindən biri. Kinq bu mübarizədə qeyri-zorakı və dinc üsullardan istifadə olunmasını təklif edirdi. Kinq ABŞ-ın Vyetnama təcavüzünə qarşı çıxış edirdi. 1964-cü ildə Nobel sülh mükafatını almışdı. 1968-ci ildə irqçilər tərəfindən qətlə yetirilmişdir.

kiril əlifbası — IX əsrdə Bizans rahibi Kiril (əsl adı Konstantin) tərəfindən yunan əlifbası əsasında bir neçə hərfin artırılması ilə yaradılmış ilk slavyan əlifbası. Kiril qardaşı Mefodi ilə birlikdə bir neçə kilsə kitabını yunan dilindən slavyan dilinə tərcümə etmişdi. Kiril əlifbası cənub, şərq və çox güman ki, həm də qərb slavyanları arasında yayılmışdır. 1708-ci ildə kiril əlifbası üzərində islahat aparılmışdır. Rus əlifbası kiril əlifbası əsasında yaradılmışdır. 1940-cı ildə Azərbaycan SSR-də Azərbaycan əlifbası latın qrafikasından kiril əlifbasına keçirildi. 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi latın qrafikası əsasında Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul etdi.

Kirmanşah müqaviləsi (1732) — Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında 1732-ci il yanvarın 16-da Kirmanşah şəhərində bağlanmış müqavilə. Kirmanşah müqaviləsinin şərtlərinə görə, Azərbaycanın İrəvan, Gəncə, Şamaxı və Şirvan vilayətləri Osmanlıların tabeliyinə keçirdi, onlar isə öz növbəsində Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə qaytarırdılar. Araz çayı Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında sərhəd olurdu.

Kitab çapı — yığma üsulu ilə kitabın çap olunması. İlk kitab çapı təcrübəsi ü Çində 1041 — 48-ci illərdə Bi Şen tərəfindən həyata keçirilmişdir. Avropada kitab çapına 1445-ci ildə Qutenberq tərəfindən başlanılmışdır. 1814-cü ildə çap maşınının yaradılması müasir poliqrafiyanın əsasını qoymuşdur.

«Kitabi-Dədə Qorqud» — türk oğuz xalqlarının ilk epos abidələrindən biri. Ozanlar tərəfindən VII — X əsrlərdə yayılmışdır. Eposun yazılısı və ədəbi şəkildə işlənməsi X — XI əsrlərə aiddir. «Kitabi-Dədə Qorqud» eposu dil baxımından tarixən oğuzlarla bağlı olan azərbaycanlıların, türkmənlərin və türklərin keçmişi ilə bağlıdır, «Kitabi-Dədə Qorqud» onların tarixi keçmişinin bədii təsviridir. «Kitabi-Dədə Qorqud» müqəddimədən və bu və ya digər bahadırın qəhrəmanlığından bəhs edən, müstəqil və bitkin süjetli 12 oğuznamədən (boydan) ibarətdir. Bu boyların tərtibçisi Dədə Qorqud sayılır. Oğuz eposunun bahadırları başda birinci bahadır Qazan bəy olmaqla oğuz xanlarının xam Bayandırın ətrafında birləşirlər. «Kitabi-Dədə Qorqud» boylarında təsvir olunan hadisələr və coğrafi adlardan aydın olur ki, yuxanda qeyd edilənlər Cənubi Qafqazda və Kiçik Asiyadakı oğuz tayfaları arasında baş vermişdir. «Kitabi-Dədə Qorqud» türk oğuz tayfalarının tarixi, onların məişəti və ictimai münasibətləri, xalq inancları və adətləri haqqında məlumatlara malikdir və elə buna görə də oğuz tayfalarının tarixi üzrə çox dəyərli salnamə və mənbədir.

Kiyev Rus dövləti — Şərqi Avropada şərqi slavyan tayfaları əsasında təşəkkül tapmış erkən feodal dövləti (IX əsr — XII əsrin əvvəlləri). Paytaxtı — Kiyev. Təxminən 862-ci ildə başda konunq (knyaz) Rürik olmaqla varyaqlar Novqorod şəhərinə dəvət olunmuşdular. Kiyev knyazları, sonra isə rus çarları mənşəcə Rürikdən törədiklərini bəyan edərək özlərini «Rürikoviçlər» (Rürikoğulları, Rürikin nəslindən olanlar) adlandırırdılar. Təqribən 878-ci ildə Novqoroddan çıxan varyaq knyazı Oleq Kiyevi tutdu və onu tarixdə Kiyev Rus dövləti adlandırılan varyaq dövlətinin paytaxtı etdi. 907 və 911-ci illərdə Oleq Bizans imperiyasına yürüşlər etdi. Tabeliyində olan slavyan tayfalarının xəracını artırdığına görə knyaz İqor 945-ci ildə drevlyan tayfası tərəfindən öldürüldü. Bundan sonra İqorun arvadı knyaginya Olqa xərac norması müəyyənləşdirdi. Knyaz Svyatoslav geniş işğalçılıq siyasəti yeritdi — Volqa Bulqariyasını məğlubiyyətə uğratdı, Xəzər xaqanlığını darmadağın etdi və bundan sonra Bizans imperiyasına qarşı müharibəyə başladı. 972-ci ildə Bizans səfərindən qayıdarkən Svyatoslavın qoşunları peçeneqlər tərəfindən qırıldı, Svyatoslav özü isə öldürüldü. Knyaz Vladimir (980 — 1015) varyaqların əksər hissəsini Bizansa göndərdi, Kiyev Rus dövlətinin cənub sərhədlərində qalalardan ibarət müdafiə sistemi yaratdı, 988-ci ildə xristianlığı qəbul etdi. Knyaz Vladimirin dövründə Kiyev Rus dövləti Avropanın ən iri dövlətlərindən birinə çevrildi. Knyaz Yaroslav Mudrının zamanında (1019 — 54) peçeneqlərə ağır zərbə endirildi (1036) və bundan sonra onların Kiyev Rus dövləti üzərinə yürüşlərinə son qoyuldu, kilsə və monastır inşasına başlanıldı, maariflənməyə daha çox fikir verildi. 1072-ci ildə «Russkaya pravda» adlı knyaz qanunu tərtib olundu. Qanuna görə, kəndlilərin qeyri-bərabər hüququ qanuniləşdirildi və kəndlilərin torpağa təhkim edilməsinə başlanıldı. İstismarın güclənməsi ilə bağlı Kiyevdə dəfələrlə şəhərlilərin üsyanı olmuşdur. Knyazların 1097-ci ildə keçirdikləri Lyübeç qurultayı feodal pərakəndəliyinin əsasını qoydu. Knyaz Vladimir Monomax (1113 — 25) şəhər əhalisinin vəziyyətini yüngülləşdirdi, rus knyazlarını qıpçaqlarla mübarizə aparmaq üçün birləşdirdi və onlara ağır zərbə endirə bildi. 1132-ci ildə Kiyev Rus dövləti qəti olaraq xeyli knyazlığa parçalandı.

klan — qəbilə, qan qohumlarının, güman edilən nəsil banisinin törəmələrinin iri qrupu.

klassisizm — XVII əsr — XIX əsrin əvvəlində Avropada ədəbiyyat və incəsənətdə İntibah ənənələrinin davamı kimi antik dövr irsinə müraciət edən üslub. Klassisizm XVII əsrdə Fransada təşəkkül tapmışdır. XVIII əsrdə klassisizm maarifçiliklə əlaqəli idi və vətəndaşlıq ideallarını və burjua inqilabçılığı meyllərini ifadə edirdi. Bu dövrdə onun ciddi normalar və müəyyən estetik qanunlara tabe olan əsas prinsipləri müəyyənləşir. Ədəbiyyatda klassisizm P.Kornel, J.Rasin, Volter, Molyer, N.Bualo, J.Lafonten, F.Laroşfuko və b.-nın (Fransa), İ.V.Göte və F.Şiller (Almaniya), M.V.Lomonosov və F.Q.Volkov və İ.A.Dmitriyevskinin (Rusiya) yaradıcılığında; arxitekturada — J.Arduen-Mansar, J.A.Qabriel, K.N.Ledu (Fransa), K.Ren (İngiltərə), K.İ.Rossi, M.F.Kazakov, A.N.Voronixin və b.-nın (Rusiya) yaradıcılığında; boyakarlıqda — N.Pussen, J.L.David, D.Enqrin (Fransa) yaradıcılığında; heykəltəraşlıqda — J.B.Piqal, E.M.Falkone (Fransa), İ.Q.Şadov (Almaniya), B.Torvaldsen (Danimarka), A.Kanov (İtaliya) və İ.P.Martosun (Rusiya) yaradıcılığında əks olunmuşdur. XIX əsrin ortalarında klassisizm ölgün akademizmə çevrildi.

Kleopatra VII (e.ə. 69 — 30) — Misirin Ptolemeylər sülaləsindən olan sonuncu hökmdar. Qardaşı və eyni zamanda onun əri Ptolemeylə birlikdə e.ə. 51-ci ildən Misirin müştərək hökmdarı. E.ə. 48-ci ildə hakimiyyətdən uzaqlaşdırılmış və Suriyaya göndərilmişdi. Roma imperatoru Yuli Sezarın köməkliyi ilə yenidən hakimiyyətə gətirilmişdi. E.ə. 47-ci ildə Sezarion adlı oğlu olmuş və növbəti ildə onunla birgə Sezarı Romaya müşayiət etmişdir. Sezarın öldürülməsindən sonra Misirə qayıtmışdır. E.ə. 41-ci ildə Antoni ilə tanış olmuş və ondan əkiz uşağı dünyaya gəlmişdir. E.ə. 37-ci ildə Antoni Misirin romalılar tərəfindən tutulmuş əyalətlərini gələcəkdə göstərəcəyi yardımı əvəzinə Kleopatraya qaytarmışdır. E.ə. 34-cü ildə Antoni və Kleopatra Makedoniyalı İsgəndərin imperiyasını oğlanları arasında böldüklərini elan etdilər. E.ə. 31-ci ildə Antoni və Kleopatranın birləşmiş donanması Aksi burnu yaxınlığında Oktavianın donanması tərəfindən məğlub edildi. E.ə. 30-cu ildə romalılar Misirə daxil olarkən Kleopatra özünü öldürdü.

klerikalizm — ictimai-siyasi və mədəni həyatda dinin və kilsənin birincilik rolunu bərqərar etməyə çalışan siyasi cərəyan.

klerikallar — 1) kilsə ağalığı və ya onun nüfuzunun artırılması tərəfdarları; 2) klerikal siyasi partiyanın üzvləri.

Klio — qədim yunan mifologiyasında doqquz muzadan biri — tarixin himayəçisi. Vəcdə gəlmiş, dərin düşüncəli cavan qadın simasında, lülə halında bükülmüş papirus və ya perqamentlə, əlində lövhə ilə təsvir olunurdu.

Klondayk — Kanadanın şimal-qərbində Klondayk çayı hövzəsində qızıl yatağı rayonu. 1897-ci ildə aşkar edilmişdir, XX əsrin əvvəllərində «qızıl hərisliyi»nə səbəb olmuşdur.

knyaz — ilk vaxtlar seçkili tayfa başçısı, tayfa ağsaqqalı, erkən orta əsrlərdə -slavyanlarda və bir sıra digər xalqlarda monarxiya dövlətinin başçısı, sonralar -titul.

knyazlıq — knyazın tabeliyində olan dövlət qurumu və ya ərazi adı. Müasir dövlətlərdən Lixtenşteyn, Monako və Andorrada knyazlıq üsulu mövcuddur.

koalisiya — dövlətlərin, siyasi partiyaların və ya ictimai təşkilatların ümumi siyasi, hərbi, iqtisadi məqsədlərə çatmaq üçün birliyi, ittifaqı, sazişi.

Kokand xanlığı — Mərkəzi Asiyada dövlət (1710 — 1876). Buxara xanlığından ayrılmışdır. XIX əsrin 60-cı illərindən Rusiyanın ekspansiya obyektinə çevrilmişdir. 1876-cı ildə Rusiya imperiyasının tərkibinə daxil edilmişdir.

koqorta — Qədim Romada 500 nəfərdən ibarət qoşun hissəsi. 10 koqorta bir legionu təşkil edirdi.

Kolxida — Qərbi Gürcüstandakı Eqrisi tarixi vilayətinin kolx tayfasının adından götürülmüş yunanca adı. Əfsanəvi yunan arqonavtları qızılyunlu qoç dərisini gətirmək üçün Kolxidaya getmişlər. Kolxida çarlığı e.ə. VI əsrdə meydana gəlmiş, bu dövrdən də gümüş pulun — «kolxidka»ların kəsilməsinə başlanılmışdır. Kolxida e.ə. VI əsrin sonlarından e.ə. IV əsrin axırlarınadək Əhəmənilər dövlətinin tərkibində olmuşdur. Bundan sonra Kolxida çarlığı bütün Gürcüstan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə cəhd göstərdi, amma özü e.ə. II əsrin sonlarında Pont çarlığı, e.ə. I əsrdə isə Roma tərəfindən zəbt olundu.

Kolizey (lat. «kolosseus» — "əzəmətli", "çox böyük") — eramızın 75-ci ilində Romada inşa edilmiş əzəmətli Flavi amfiteatrının orta əsrlərdəki adı. Kolizey ellipsvarı formaya malik olmuşdur. Tamaşaçılar üçün 4 mərtəbəli oturacaq yerləri inşa edilmişdi və burada 50 min nəfərədək seyrçi eyni vaxtda otura bilərdi. Kolizeyin səhnəsində qladiator döyüşləri keçirilirdi. Dəniz döyüşlərini göstərmək üçün səhnəyə su doldurmaq da mümkün idi. Orta əsrlərdə və İntibah dövründə Kolizeydən daş karxanası kimi istifadə etmişlər. Kolizeyin bayır divarının və daxili konstruksiyasının bir hissəsi dövrümüzədək qalmışdır.

kollaborasionistlər — 1) 1939 — 45-ci illərdə Hitler Almaniyası tərəfindən işğal olunmuş ölkələrdə faşistlərlə əməkdaşlıq edən adamlar; 2) düşmənlə əməkdaşlıq etmiş satqınlar, vətən xainləri.

kolleksiya (lat. «toplu») — elmi, tarixi, bədii və ya digər maraq kəsb edən yekcins əşyaların sistemli şəkildə toplanılması. Tarix elmi üçün sənədli materialların kolleksiyası daha əhəmiyyətlidir.

kollektivləşmə — bolşeviklərin SSRİ kənd təsərrüfatında apardıqları ikinci (sənayeləşmədən sonra) iri iqtisadi islahat. Bu islahatın mahiyyəti təsərrüfatda çoxukladlılığın ləğv edilməsi və xırda kəndli təsərrüfatlarının zorakılıqla ümumiləşdirilmiş kollektiv təsərrüfatlarda (kolxozlarda) birləşdirilməsindən ibarət idi.

koloniya — 1) qədimdə — adətən boş yerlərdə və ya əhalinin hər hansı bir şəhər və ya ölkədən kütləvi şəkildə başqa yerə köçməsi (köçürülməsi) nəticəsində salınmış məskən. Adətən koloniya metropoliyadan asılı olur, bəzənsə müstəqil şəhərə çevrilirdi; 2) orta əsrlərdə və yeni dövrdə Avropanın güclü, inkişaf etmiş dövlətləri tərəfindən tutulmuş və öz müstəqilliklərini itirmiş ölkələri və əraziləri belə adlandırırdılar.

koloniyaçılar — müxtəlif ölkələrdən çıxmış, məskunlaşmaq və təsərrüfatla məşğul olmaq məqsədi ilə digər ölkələrdə və ya dünyanın başqa yerlərində öz yaşayış yerlərini yaradan şəxslər; köçkünlər. Böyük coğrafi kəşflər dövründən koloniyaçıların fəaliyyəti yerli aborigen əhaliyə qarşı münasibətdə zorakılıqla müşayiət olunmuşdur.

kolonlar — Roma imperiyasında torpaq icarədarları. Artıq eramızın II əsrində Romada əmək məhsuldarlığının səmərəsizliyi ucbatından qul əməyi öz əhəmiyyətini itirmişdi. Sahibkarlar torpaqlarını xırda sahələrə bölüb kəndlilərə icarəyə verməyə başladılar. Bu cür icarədarları «kolon» adlandırırdılar. Kolonlar icarəyə götürülmüş torpaq üçün sahibkarlara əvvəlcə pul ödəyirdilər, sonralar isə məhsulların bir hissəsini verir və onun xeyrinə natural mükəlləfiyyətlər yerinə yetirirdilər. Məhsulun qalan hissəsi kolonlara qalırdı, ona görə də onlar işləməkdə maraqlı idilər. Eramızın II — III əsrlərinə kolonlar, demək olar ki, qulları tam əvəz etdilər və Romada əsas məhsuldar qüvvəyə çevrildilər. Eramızın III əsrində kolonlar artıq torpağa təhkim edilmişdilər və onu tərk etməyə hüquqları yox idi. Öz vəziyyətlərinə görə kolonlar təhkimli kəndlilərə yaxın idilər. Orta əsrlərdə kolonlar Qərbi Avropa ölkələrində mövcud olmuşdular.

Kolumb Xristofor (1451 — 1506) — dəniz səyyahı. Genuyada anadan olmuşdur. 1492-93-cü illərdə Hindistana gedən ən qısa qərb dəniz yolunu tapmaq məqsədi ilə ispan ekspedisiyasına rəhbərlik etmişdir. Üç karavellada — «Santa-Mariya», «Pinta» və «Ninya» — Atlantik okeanını keçərək 1492-ci il oktyabrın 12-də Karib dənizindəki San-Salvador adasına çatmışdır. Bu tarix Amerikanın kəşf olunmasının rəsmi tarixi oldu. Sonra Kolumb Karib dənizinin digər adalarını tədqiq etdi. Kolumb Amerikaya daha üç ekspedisiya təşkil etdi. Hesab olunur ki, həmin dövrdə Karib dənizinin bir çox adalarını, eləcə də Cənubi və Mərkəzi Amerika sahillərini tədqiq etmişdi. Kolumb ömrünün sonunadək əmin idi ki, o, qərbə üzərək Hindistana çatıb. Amerika ölkələrindən biri — Kolumbiya Kolumbun şərəfinə adlandırılıb.

kombedlər, yoxsul komitələri — Xalq Komissarları Sovetinin (XKS) 1918-ci il 11 iyun dekreti ilə yaradılmış kənd yoxsulları təşkilatı. Faktik olaraq dövlət hakimiyyətinin kənddəki orqanları. Mülkədar torpaqlarını və kənd təsərrüfatı alətlərini bölüşdürür, qolçomaqların taxılını əllərindən alır, Qırmızı Orduya əsgər yığırdılar. Sonralar onları kənd sovetləri əvəz etmişdir.

komediya (yun. "şən sakinlərin nəğmələri") — əyləncəli nəğmələr, Qədim Yunanıstanda gülməli, məzhəkəli səhnələrdən əmələ gəlmişdir. Komediyaların tanınmış müəllifı Aristofan olmuşdur.

kommunizm — Marks və Engelsin təliminə görə, istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan və kapitalizmi əvəz etməli olan cəmiyyət.

kompaniya — 1) ilk vaxtlar birgə ticarət aparmaq məqsədi ilə yaradılmış tacirlər birliyi. Şəriklər birgə mal alır və satırdılar, gəliri isə qoyulmuş paya uyğun bölürdülər; 2) sonralar — kapitalist birliklərinin, inhisarların adlan.

kompas — quruda və dənizdə cəhətləri müəyyənləşdirmək üçün cihaz. Qədim Çində hələ Sin Şixuandinin zamanında ixtira olunmuşdur. O vaxtlar kompas maqnitlənmiş dəmirdən hazırlanan uzun saplı qaşığa bənzəyirdi. Qaşığı üzəri bölgülərlə qeyd olunmuş hamar taxta altlıq üzərinə qoyurmuşlar, o isə yerində fırlanaraq cənub və şimal istiqamətlərini göstərirmiş. Qədimdə çinlilərdən başqa heç kəs kompası tanımırdı. Avropada kompas XV əsrdə müstəqil ixtira olunmuşdur.

kompradorlar — 1) iqtisadi cəhətdən geri qalmış ölkələrin burjuaziyasının əsasən müstəmləkəçilərlə sıx bağlı olan, iqtisadi və siyasi cəhətdən onlardan asılı olan hissəsi; 2) daxili bazarla xarici kapital arasında vasitəçilik edən yerli tacirlər və ya istehsalçılar.

kompromis — qarşılıqlı güzəşt yolu ilə müxtəlif fikirli tərəflər arasında razılaşma.

Kompyen — Fransada Uaza çayı kənarında şəhər; 1) Kompyen meşəsində 11 noyabr 1918-ci ildə bir tərəfdən məğlub Almaniya ilə, digər tərəfdənsə ABŞ, Böyük Britaniya, Fransa və Antantanın digər üzvləri arasında hərbi əməliyyatların dayandırılmasını və Almaniya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutan, Birinci Dünya müharibəsini tamamlayan barışıq imzalanmışdır; 2) İkinci Dünya müharibəsi gedişində — 1940-cı il iyunun 22-də Hitler Almaniyası ilə Fransanın A.F.Petenin təslimçi hökuməti arasında imzalanmış Kompyen sazişi. 1940-cı il Kompyen sazişi Fransa ərazisinin 2/3-nin hitlerçilər tərəfindən işğalını, fransız ordusunun tərk-silah edilməsini nəzərdə tuturdu. Fransanın işğal olunmamış ərazisində — Vişi kurort şəhərciyində Petenin oyuncaq hökumət rejimi quruldu. 1942-ci ilin noyabrında Fransanın Mərakeş bölgəsinə ingilis — amerikan qoşunlarının çıxarılmasından sonra Almaniya Fransanın bütün ərazisini işğal etdi.

kondominium — iki və ya bir neçə dövlətin bir əraziyə müştərək sahib olması, ali hakimiyyəti müştərək həyata keçirməsi.

konfederasiya — 1) hər hansı təşkilatların ittifaqı, birliyi; 2) dövlətlərin mövcud müstəqilliklərini saxlayan və yalnız özlərinin bir sıra fəaliyyətlərini, adətən xarici siyasət və hərbi fəaliyyətlərini əlaqələndirmək məqsədi ilə yaradılmış ittifaqı. Konfederasiya bir qayda olaraq federasiyanın yaradılmasına gətirib çıxarır.

konflikt — 1) əks maraqların, fikirlərin, nöqteyi-nəzərlərin toqquşması;. 2) gərginliyə və müharibəyə səbəb ola biləcək ciddi fikir ayrılığı, kəskin mübahisə, ixtilaf, münaqişə, toqquşma.

konfrontasiya — dünya dövlətləri arasında beynəlxalq gərginliyin kəskinləşməsi.

Konfutsi (çin. Kunq Fu Tszu) — görkəmli Qədim Çin filosof və pedaqoqu (e.ə. 551 — 479). Əyan mənşəli yoxsullaşmış ailədə anadan olmuşdur. Gəncliyində xırda məmur olmuş, sonra Çində ilk dəfə varlı və yoxsul uşaqlarının qəbul edildiyi xüsusi məktəb açmışdır. Onun məktəbində davranış qaydaları, musiqi, poeziya və tarix öyrədilirdi. Konfutsiyə görə, oxumağın məqsədi məmurlara xeyirxahlıq nümunəsi və xalq yolunda çalışmaq üçün əxlaqi keyfiyyətlər aşılamaqdır. Konfutsi e.ə. 492-ci ildən 484-cü ilədək şagirdlərinin müşayiəti ilə Qədim Çin ölkələrini gəzmiş, amma əbəs yerə məsləhətlərini dinləyə biləcək hökmdar axtarmaqla məşğul olmuşdur. Dəyişdirilmiş konfutsilik Çin ictimaiyyətinin siyasi quruluşunun əsası bəyan ediləndə isə Konfutsi “10 min nəslin müəllimi” elan olundu və 1911-ci ilədək ona hörmət edilməsi rəsmiyyətlə yerinə yetirildi.

konkistadorlar — 1) XV — XVI əsrlərdə ispan işğalçıları; 2) bütün işğalçılara və zəbtçilərə verilən mənfi ad.

konqres — 1) əsasən beynəlxalq xarakterli geniştərkibli qurultay, müşavirə, yığıncaq; 2) ABŞ-da və bir sıra Latın Amerikası ölkəsində qanunverici orqan (parlament); 3) bir sıra ölkədə siyasi partiyaların və təşkilatların adı (məs.: Hindistan Milli Konqresi).

konsern — təsərrüfatın müxtəlif istehsal sahələri müəssisələrinin birliyi — bir və ya bir neçə maliyyə maqnatının nəzarəti altında olan ticarət firmaları, banklar, nəqliyyat şirkətləri. Konsernlər ilk dəfə olaraq Birinci Dünya müharibəsindən sonra Almaniyada meydana gəlmişdir.

konservatizm (lat. «saxlayıram») — qədim və köhnəlmiş ənənələrin tərəfdarlığı və qorunub saxlanmasına əsaslanan müxtəlif yönümlü ideya-siyasi və mədəni cərəyanların məcmusu.

konsessiya — 1) dövlətin xarici firmaya, ayrı-ayrı adamlara danışılmış şərtlərə uyğun olaraq müəyyən təsərrüfat fəaliyyəti göstərmək — faydalı qazıntıları axtarıb tapmaq və çıxarmaq, müəssisələr tikmək və istismar etmək və s. üçün icazə verməsi; 2) bu sayaq müqavilə və ya saziş ilə fəaliyyət göstərən müəssisə.

konsolidasiya — möhkəmlətmə, qüvvətləndirmə; ayrı-ayrı təşkilat və ictimai qrupların ümumi məqsədlər uğrunda mübarizəni gücləndirmək məqsədi ilə birləşdirilməsi.

konsorsium — bir neçə bank və ya sənaye şirkəti tərəfindən irihəcmli vəsait tələb edən layihəyə birgə pay qoyulması və ya onun həyata keçirilməsi barəsində müvəqqəti razılaşma. Konsorsiumlar İkinci Dünya müharibəsindən sonra daha geniş yayılmışdı.

Konstantin Flavi Valeri Avreli — Roma imperatoru (313 — 337). 306-cı ildə legionerləri tərəfindən avqust (müqəddəs işıqlı) elan olunmuşdur. Qalliyanı idarə etmiş, german tayfalarına qarşı uğurla vuruşmuşdur. 311-ci ildə hakimiyyət uğrunda mübarizəyə başlamış və rəqiblərini məğlubiyyətə uğratmışdır. 313-cü ildə Lisini ilə birlikdə Roma imperiyasının müştərək hökmdarı olmuşdur. 324-cü ildə isə keçmiş müttəfiqi Lisininin qoşunlarını darmadağın edib hakimiyyəti tamamilə öz əlinə keçirdi. Taxtının oğlu tərəfindən ələ keçiriləcəyindən şübhələnən Konstantin onu öldürdü. Konstantinin dövründə imperiyanın hərbi-bürokratik dövlətə çevrilməsi başa çatdı, kolonların torpağa təhkim olunması qanuniləşdirildi. Konstantinin dövründə şəhərlərin də vəziyyəti yaxşılaşdırıldı, pul sistemi sabitləşdirildi, barbarların hücumlarının qarşısı alındı. Konstantin din azadlığına yol verən siyasət yürüdürdü, özü də böyük pontifik (kahin) titulu daşıyırdı. 313-cü ildən Konstantin xristian kilsəsinin işlərinə qarışmağa və ona himayədarlıq etməyə başladı. 330-cu ildə Konstantin Roma imperiyasının paytaxtını Konstantinopola köçürdü. O, ölümü ərəfəsində xristianlığı qəbul etmişdi. Xristianlar Konstantini müqəddəs elan etmişdilər.

Konstantinopol — Roma imperatoru Konstantin tərəfindən Bosfor boğazının Avropa sahilində qədim yunan koloniyası Bizansın (Vizanti) yerində salınmış şəhər. Konstantinin əmri ilə Bizansın bütün binaları sökülmüş, onların yerində qısa müddət ərzində dəbdəbəli saraylar və məbədlər, əyanlar üçün bir neçə min iri bina, iki teatr, ippodrom, 150-dən artıq hamam, 8 su kəməri, sadə şəhər adamları üçün bir çox adi bina inşa edilmişdir. 330-cu il mayın 11-də təntənəli surətdə şəhər Roma imperiyasının paytaxtı elan olunmuşdur. Konstantin yeni paytaxtı «Yeni Roma» adlandırmışdı, amma az sonra bu ad unuduldu. Bir müddətdən sonra şəhəri Konstantinopol, yəni «Konstantinin şəhəri» adlandırmağa başladılar. Konstantinopol Asiyadan Avropaya, Qara dənizdən Aralıq dənizinə gedən ticarət yollarının qovşağında yerləşirdi. Şəhər tezliklə böyüməyə başladı və artıq IV əsrin birinci yarısında 375 min sakini var idi. Əsas dəniz limanları Qızıl Buynuzda (türk. «Haliç») yerləşirdi. Konstantinopol iri iqtisadi və mədəni mərkəzə çevrildi. VI əsrin axırlarından Konstantinopol dəfələrlə avarların, vikinqlərin, farsların, slavyanların, ərəblərin yürüşlərinə məruz qaldı. Ticarətin Genuya tacirlərinin əlinə keçməsi ilə əlaqədar olaraq XII əsrdən Konstantinopolun tənəzzülü başlandı. Dördüncü səlib yürüşü nəticəsində 1204-cü il aprelin 13-də Konstantinopol səlibçilər tərəfindən müqavimətsiz tutuldu və qarət edildi. Konstantinopol Latın imperiyasının paytaxtı oldu və şəhərdə iqtisadi ağalıq venesiyalıların əlinə keçdi. 1261-ci il iyulun 25-də bizanslılar genuyalılarla birlikdə şəhəri səlibçilərdən ala bildilər və o, XIV əsrin əvvəllərinədək iri ticarət mərkəzi olaraq qaldı. Lakin sonra şəhər boşaldı (əhalisi 30 minədək azaldı), əsas mövqelər Venesiya və Genuya tacirlərinin əlinə keçdi.
XIV əsrin sonlarından Osmanlı türkləri dəfələrlə Konstantinopolu tutmağa cəhd göstərmişlər. Uzun mühasirədən sonra şəhər türk sultanı Mehmet II Fateh tərəfindən 1453-cü il mayın 29-da ağıllı siyasət nəticəsində tutuldu və İstanbul adı ilə Osmanlı imperiyasının paytaxtına çevrildi.

konstitusiya — ictimai və dövlət quruculuğunu, dövlət orqanları sistemini, onların yaranması və fəaliyyəti qaydasını, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirən əsas dövlət qanunu.

konsul (lat. «müşavir») — 1) respublika dövründə Qədim Romada ali dövlət vəzifəsi. Konsullar ilk vaxtlar yalnız patrisilərdən 1 illiyə 2 nəfər seçilirdi. E.ə. 367-ci ildən konsulun birinin həm də plebeylərdən seçilməsinə başlanıldı. Konsullar xalq yığıncağı və senatı çağırır, daxili işlərin idarə olunmasına başçılıq edirdilər. Onlar legionları toplayır və qoşuna komandanlıq edirdilər. Konsulun fərqləndirici nişanı enli qırmızı haşiyəli toqa (üstdən salınan parça geyim) idi; 2) orta əsrlərdə Şimali İtaliya şəhərlərində yüksəkvəzifəli şəxslər. Konsullar kollegiyası tamhüquqlu vətəndaşlar tərəfindən 1 illiyə, 4-12 nəfər tərkibdə seçilirdi. Konsullar kollegiyası ali icra, inzibati, maliyyə və məhkəmə hakimiyyətinə malik idi.

«Konsulluq» — 1799-cu il noyabrın 9-u (18 brümer) dövlət çevrilişindən Napoleon Bonapartın imperator elan olunmasınadək olan Fransa tarixi dövrü. Kağız üzərində hakimiyyət 10 il müddətinə (1802-ci ildən -ömürlük) seçilən üç konsula, əslində isə birinci konsul olan Napoleon Bonaparta mənsub idi.

kontinental blokada-Fransa imperatoru I Napoleon tərəfindən 1806-cı il noyabrın 21-də Böyük Britaniyaya qarşı elan olunmuş ticarət blokadası. Fransanın müttəfiqlərinə və onun tabeliyində olan dövlətlərin hamısına İngiltərə ilə ticarət etmək qadağan olunurdu. 1812-ci ildə Napoleonun Rusiyada darmadağın edilməsindən sonra ölkələrin bir çoxu kontinental blokadaya riayət etmirdi. Formal olaraq Napoleonun 1814-cü ilin aprelində hakimiyyətdən əl çəkməsi ilə ləğv olunmuşdu.

kontribusiya — l) məğlub dövlətdən qalib dövlətin xeyrinə alınan pul və ya hər hansı maddi dəyər. Müasir beynəlxalq hüquq kontribusiyanı qadağan edir; 2) işğalçı və ya işğal olunmuş ərazinin hakimiyyəti tərəfindən əhalidən məcburi surətdə yığılan pul vəsaiti. 1949-cu il Cenevrə konvensiyası mülki əhalini müdafiə etmək məqsədi ilə müharibə dövründə kontribusiyanı qadağan etmişdir.

konvensiya — hər hansı xüsusi məsələ (məs.: poçt, dəmir yolu, balıqçılıq və s. konvensiyaları) üzrə saziş, beynəlxalq müqavilə.

Konvent (fr. «yığıncaq», «iclas»), Milli Konvent — Fransada Birinci respublika dövründə ali qanunverici və icraedici orqan. 1792-ci il sentyabrın 21-dən 1795-ci il oktyabrın 26-dək fəaliyyət göstərmişdir. Milli Konventin deputatları üç qrupdan ibarət idilər: jirondistlər, yakobinlər və «bataqlıq».

konyunktura — indiki dövrdə fəaliyyətin müəyyən sahəsində meydana çıxmış şərait, vəziyyət, durum, hal; məsələn: siyasi, beynəlxalq, iqtisadi və s. konyunktura.

kooperasiya (lat. "əməkdaşlıq") — 1) istehsalatda, inşaatda, ticarətdə insanların birgə çalışmaları üçün könüllü birləşməsi; 2) belə əmək üçün yaradılmış təşkilat.

Kopernik Nikolay (1473 — 1543) — polyak astronomu, dünyanın heliosentrik sistemi nəzəriyyəsinin banisi. Təbiətşünaslıqda inqilab edən Kopernik uzun əsrlər boyu Yerin dünyanın mərkəzi olması haqqında mövcud təlimdən imtina etmişdir. Səma cisimlərinin görünən hərəkətlərini Yerin öz oxu ətrafında, eləcə də planetlərin, o cümlədən Yerin Günəş ətrafında fırlanması ilə izah edirdi. Kopernik uzun illər kəşfini gizli saxlamışdır: yeni təlim onun kilsə tərəfindən təqib olunmasına, camaatın ikrahına və gülüş hədəfinə çevrilməsinə səbəb ola bilərdi. Kopernik öz nəzəriyyəsini yalnız ölümqabağı yazdığı «Göy sferalarının dolanması haqqında» (1543) əsərində təsvir etmişdir. Həmin əsər kilsə tərəfindən 1616-cı ildən 1818-ci ilə kimi qadağan edilmişdir.

Kordova xilafəti — Pireney yarımadasında, paytaxtı Kordova şəhəri olan müsəlman dövləti. Əsası 756-cı ildə Əməvilər sülaləsindən olan I Əbdürrəhman tərəfindən qoyulmuş Kordova əmirliyi 929-cu ildə xilafətlə əvəz edildi. Əsas çiçəklənmə dövrü X əsr olmuşdur. 1031-ci ildə xırda əmirliklərə parçalandı.

kormleniye — Qədim Rusda boyarların, vəzifəli şəxslərin (canişinlər və b.) idarə etdikləri yerin əhalisindən öz xeyirlərinə aldıqları vergi. 1555 — 56-cı illər zemstvo islahatı ilə ləğv edilmişdir.

Koroğlu (əsl adı Rövşən) — Naxçıvan, Səlmas və Xoy ərazilərində fəaliyyət göstərən cəlali dəstələrinin başçısı, Azərbaycan xalq qəhrəmanı. Rövşənin atası -qoca kəndlinin gözləri türk feodalı tərəfindən çıxarılmışdır. Bundan sonra Rövşənə Koroğlu adı verilmişdir. Koroğlunun əsas sığınacağı Çənlibel qalası idi. Onun başçılıq etdiyi cəlali dəstələri Osmanlı işğalçılarına və yerli feodallara ağır zərbələr endirirdilər. XVII əsrdə yaradılmış «Koroğlu» dastanı xalq yaradıcılığının ən möhtəşəm abidələrindəndir. Süjetin əsasında xalq qəhrəmanının — xalqın azadlığı və səadəti, haqq-ədalət uğrunda mübarizin şücaəti, igidliyi durur. Koroğlunun adı Kiçik Asiyadan Türkmənistana qədər bir çox Şərq xalqlarında populyardır.

Korporasiya — bir peşəyə, silkə və s.-yə mənsub adamların ittifaqı, hər hansı qrup marağı ətrafında üzvlərin hüquq və imtiyazlarını qorumaq məqsədi ilə birləşməsi. Sexlər, gildiyalar, qardaşlıqlar, monastırlar, dini-cəngavər ordenləri korporasiya idilər. Yeni dövrdə iri inhisar birliklərini korporasiya adlandırırlar.

korrupsiya — vəzifəli şəxslər, siyasi xadimlər, iri məmurlar arasında pulla öz tərəfinə çəkmə, satqınlıq, rüşvətxorluq.

korsar — dəniz qulduru, pirat.

Kortes (1485 — 1547) — ispan konkistadoru. Ernan Kortes xırda ispan zadəganı ailəsində anadan olmuşdur. 19 yaşına çatanda Amerikaya var-dövlət və şöhrət dalınca getmiş, Karib dənizindəki (Amerika) Espanyola adasında torpaq sahibi olmuşdur. Kubanın işğalında de Velaskesin ekspedisiyasında iştirak etmiş, sonra isə de Velaskesin bacısı ilə evlənərək Santyaqonun meri olmuşdur.
1518-ci ildə de Velaskes Kortesə kiçik dəstə ilə Amerikaya (indiki Meksikanın ərazisinə) getməyə icazə verdi. İspanlar cəmi bir il əvvəl burada olmuşdular, 1519-cu ilin fevralında içərisində 600 nəfərlik dəstəsi, 20 süvarisi və 10 topu olan 11 gəmilik donanma ilə Kortes qərbə yola düşdü. Yukatan yarımadasına çıxan Kortes asanlıqla aborigenləri tabe etdi və onlar asteklərin qitənin içərilərindəki əfsanəvi dərəcədə zəngin imperiyaları barəsində xəbər verdilər. Əsgərlərinin materikin içərilərinə girməkdən qorxaraq geriyə qaçmasının qarşısını almaq məqsədi ilə Kortes gəmiləri yandırdı. Bundan sonra Kortes şimala doğru hərəkət edərək Verakrus limanının əsasını qoydu. Asteklərin paytaxtı olan Tenoçtitlana gedərkən Kortes yolüstü yerli tayfalar üzərində bir neçə qələbə çaldı və təxirə salınmadan onlarla tabeliklərində olduqları asteklərə qarşı ittifaq bağladı. Asteklərin baş kahini Montesuma ispanlara qarşı müqavimət göstərməyə cəhd etdi, amma uğur qazanmadı. Astekləri bir tərəfdən ispanların odlu silahı və atları hədsiz qorxuyu salmışdı, digər tərəfdənsə asteklərin mövcud əfsanəsinə görə, əkinçiliyi və dövlət idarəçiliyini öyrətmiş ağdərili, uzunsaqqal allahları Ketsalkoatlenin gözlənilən təntənəli gəlişi rəvayəti onları qorxutmuşdu. Kortes zəif müqaviməti asanlıqla qıra bildi və 1519-cu il noyabrın 18-də Tenoçtitlana girərək Montesumanı əsir götürdü. Bu zaman ispan qoşunları de Velaskesin Kortesi həbs etmək haqqında əmri ilə Verakrusa yan aldılar. Tenoçtitlanda 200 nəfər saxlayan Kortes gecə ikən qəflətən əleyhdarlarını darmadağın etdi, sağ qalanları isə öz tərəfinə keçməyə razı sala bildi. Tenoçtitlana qayıdarkən asteklərin 1520-ci il iyulun 20-də başlanmış üsyanının şahidi oldu. Üsyan zamanı Montesuma öldürülsə də, ispanlar şəhəri tərk etməli oldular. Kortesin qoşunları ispanları təqib etməyə gələn asteklərin iri dəstəsini məğlub etdi. O, hindi tayfaları ilə yeni ittifaq bağladı, 3 aylıq mühasirədən sonra -1521 -ci il avqustun 13-də yenidən Tenoçtitlana daxil oldu. Kortes asteklərin şəhər tikililərinin bir qismini məhv etdi, bir qismini isə yenidən tikdirdi, şəhərin isə adını dəyişib Mexiko qoydu. Kortes ələ keçirdiyi sərvəti İspaniyaya göndərdi, ispan kralı onu Yeni İspaniyanın general-kapitanı və qubernatoru təyin etdi. 1536-cı ildə Kortes Sakit okean sahillərinin tədqiqi ilə məşğul olmuş və Kaliforniyanı kəşf etmişdir. Kortes daha bir neçə tədbirə qoşulsa da, ispan kralı sonralar onu himayə etmədi və əmr verdi ki, o, İspaniyaya qayıtsın. Kortes elə İspaniyada da ölmüşdür.

kortes — İspaniyada parlamentin adı.

kosmonavt — kosmik gəmidə sınaq və ya uçuş keçirən adam. Birinci kosmonavt — Y.A.Qaqarin (SSRİ; 12 aprel 1961-ci il) olmuşdur. Aya ayaq basmış ilk kosmonavt isə N.Armstronqdur (ABŞ; 1969).

koşenil — orta əsrlərdə Azərbaycan ərazisində qırmızı rəngli boya əldə etmək üçün belə adlanan həşərat. Bərdə şəhəri rayonu koşenillə daha zəngin idi. Koşenil Hindistana və s. ölkələrə apanlırdı.

Kozis (və ya Kosid) — alban hökmdarı Oroysun qardaşı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı. Roma sərkərdəsini nizə ilə vuran Kozis onun möhkəm zirehini deşə bilmədi. Cavab zərbəsi ilə Pompey Kozisi ölümcül yaraladı. Məğlub olan albanlar yaxınlıqdakı meşədə gizləndilər, lakin Pompeyin əmri ilə legionerlər meşəni mühasirəyə alıb od vurdular. Romalılara qarşı bu savaşda alban qoşunları sırasında «amazonlar» adlandırılan qadınlar da iştirak etmişdilər.

köçəbə maldarlıq — mal-qaranı təsərrüfat mərkəzindən bir qədər aralıda yerləşən otlaqlarda saxlamaqdan ibarət olan maldarlıq forması. Qoyun, at, dəvə və yaklar köçəbə həyata uyğunlaşdırılıb.

köçəri həyat tərzi — təsərrüfat fəaliyyətinin daim bir yerdən başqa yerə yerdəyişmə nə müşayiət olunan xüsusi forması və həyat tərzi. Adətən belə hesab edilir ki, yalnız maldarlar köçəri həyat tərzi sürürlər, lakin yığıcı, ovçu, balıqçı və bir sıra əkinçi tayfaları, o cümlədən meşə qırıb-yandırmaqla məşğul olan əkinçilər də belə həyat tərzi sürmüşlər. Meşə sahələrini əkin üçün təmizləyib-yandıran bu tayfalar həmin tarlalar tezliklə qüvvədən düşəndən sonra onları atır və başqa yerlərə köçməyə məcbur olurdular.

köçəri maldarlıq — təxminən on min il əvvəl maldarlığın əkinçilikdən ayrılmasından və onun ayrıca müstəqil təsərrüfat formasına çevrilməsindən sonra maldarlar həmişə mal-qaranı yeni otlaqlara aparmaq məcburiyyətində qalmışdılar, çünki böyük mal-qara sürüləri otlaqları tapdayır və otunu yeyib qurtarırdılar. Bununla əlaqədar olaraq onlar köçəri həyat tərzinə keçib köçəri oldular, çünki özləri və ailələri əmlakları ilə bərabər sürülərinin ardınca gedirdilər. Köçəri həyat üçün ən əlverişli heyvanlar qoyun, keçi, at və dəvə idi. Xeyli sonralar Arktika zonasında maralçılıq formalaşmışdır. Köçəri maldarlıq daha çox e.ə. I minillikdə geniş yayılmışdır. Köçəri maldarlıq maldarlığın xeyli təkmilləşməsinə və əvvəllər məskunlaşmaq üçün əlçatmaz olan yeni yerlərin — səhra, yarımsəhra və tundranın mənimsənilməsinə səbəb olmuşdur. Maldarlıq köçərilərin və yanmköçərilərin əsas məşğuliyyəti olsa da, yeganəsi deyildi. Adətən bu, ovçuluq və primitiv əkinçiliklə əlaqəli olurdu. Çox vaxt tayfanın bir hissəsi köçərilik edir, digər hissəsi isə oturaq olurdu. Köçərilərlə oturaq əhali arasında dinc ticarət və mübadilə münasibətləri bəzən də düşmənçilik və toqquşmalar nəticəsində pozulurdu. Tarixdə köçərilər tərəfindən tayfa ittifaqlarının yaradılması, bəzən də onların inkişaf edib qüdrətli «imperiyalar»a (məsələn: Hun imperiyası, Ərəb xilafəti, Çingiz xanın dövləti və s.) çevrilməsi halları az deyil.

köçərilər (nomadlar) — köçəri həyat tərzi sürən adamlar.

kral (lat. «karolus» — Böyük Karlın adından) — krallığın dövlət başçısı, imperatordan sonra ali monarxiya titulu.

krallıq — başçısı kral olan monarxiya dövlətinin adı.

Krass Mark Lisini (e.ə. 115 — 53) — Roma sərkərdəsi. E.ə. 83 — 82-ci illərdə Krass Sultanın tərəfində vuruşmuş və onunla dostluq etmişdir. E.ə. 72-ci ildə senat ona Spartak üsyanını yatırmaq üçün fövqəladə səlahiyyətlər vermiş və o, e.ə. 71-ci ildə üsyanı yatırmışdır. E.ə. 55-ci ildə Krass konsul seçilmiş və ordunu partiyalılara qarşı göndərmişdir. Lakin Karra döyüşündə partiyalılar Roma qoşunlarını darmadağın etmiş, Krass özü isə həlak olmuşdur.

kredit — müəyyən şərtlərlə pul vəsaiti verilməsi, əmtəə, hər hansı bir xidmətin (məs.: texniki yardım) göstərilməsi.

kredo (lat. «inanıram») — 1) katolik kilsəsində — inam rəmzi; 2) məcazi mənada — əqidə, dünyagörüşü.

kreml — slavyan şəhərlərinin möhkəmləndirilmiş mərkəz hissəsi. Kremllərin daha maraqlı və yaraşıqlı nümunəsi Moskva kremlidir.

kreollar — ispan və portuqal işğalçılarının Latın Amerikasındakı nəsilləri.

Krez — Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560 -546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.

Krım xanlığı — 1443 — 1783-cü illərdə Krımda mövcud olan dövlət. Krım xanlığı Qızıl Ordanın parçalanmasından sonra yaranmışdır. Krım xanlığı 1475-ci ildə Osmanlı imperiyasının vassalı oldu. XVI əsrin əvvəllərində xanlığın paytaxtı Baxçasaray idi. Xanlığın cənub sahillərində bir sıra inkişaf etmiş şəhərlər — Qara dəniz vasitəsilə tranzit ticarət mərkəzləri var idi. Burada Genuya və Venesiyadan olan tacirlərin — Kafa (Feodosiya), Suroj (Sudak) və s. kimi məskənləri var idi. Krım xanları Ukrayna, Moldova, Rusiya, Polşa və Azərbaycan torpaqlarına qarətçi yürüşlər edirdilər. 1768 -84-ci illər Rusiya — Türkiyə müharibəsi nəticəsində Küçük Qaynarca sülhünün şərtlərinə görə, Krımda olan Kerç və Yenikale qalaları Rusiyaya verildi. Krım xanlığı Osmanlı imperiyasından müstəqil elan olundu. 1783-cü ildə Krım xanı taxtdan əl çəkməyə məcbur edildi və xanlıq ləğv olundu, ərazisi Rusiya imperiyasına birləşdirildi.

Krım konfransı — 1945-ci il fevralın 4-dən 15-dək Yaltada keçirilmişdir. Bu konfransda Böyük Britaniya, SSRİ və ABŞ-ın dövlət başçıları — U.Çörçill, İ.N.Stalin və F.D.Ruzvelt arasında aparılan danışıqlar nəticəsində İkinci Dünya müharibəsində üç müttəfiq dövlətin hərbi planları müəyyənləşdirilib razılaşdırılmış, müharibədən sonrakı siyasətdə onların əsas prinsipləri cızılmış -Almaniyanın qeyd-şərtsiz təsliminə nail olunması, Almaniyada hər üç dövlətin (razı olduğu təqdirdə həm də Fransanın) işğa zonalarının yaradılması və Ümumalmaniya nəzarət orqanının təşkili, Almaniyadan reparasiya alınması, SSRİ-nin yeni qərb sərhədlərinin tanınması, Polşada koalision hökumətin yaradılması, BMT-nin təşkil edilməsi və s. barədə qərarlar qəbul olunmuşdur. SSRİ Avropada müharibə başa çatandan 2 — 3 ay sonra Yaponiyaya qarşı müharibəyə (Cənubi Saxalinin, Mancuriyaya gedən Şərqi Çin dəmir yolunun və Port-Arturun qaytarılması, eləcə də Kuril adalarının ona verilməsi şərti ilə) qoşulmağa razılığını bildirdi. Dövlət başçıları azad edilmiş Avropa haqqında bəyannamə imzaladılar. Həmin sənəddə qitənin xalqlarına təminat verilirdi ki, «onlar öz seçimlərinə uyğun olaraq demokratik təsisatlar yaratsınlar».

Krit — e.ə. III minilliyin ortalarında Krit adasında Avropada ilk dövlət meydana gəlmişdi. Arxeoloqlar burada e.ə. III — II minilliklərə aid, freskalarla bəzədilmiş sarayları olan şəhərlərin xarabalıqlarını aşkar etmişlər. Kritlilər kənd təsərrüfatı ilə məşğul olur, tunc silah və qızıl bəzək əşyaları düzəldir, binalar və gəmilər inşa edirdilər. Onların öz yazıları olmuşdur (hələlik bu yazılar oxunmamışdır). Kritlilər Egey dənizinin bir çox adalarını və Cənubi Yunanıstanın vilayətlərini tutmuşdular. Krit Misir və Finikiya ilə ticarət edirmiş. E.ə. II minilliyin ortalarında güclü vulkan püskürməsi nəticəsində Krit sivilizasiyası məhv olmuşdur. Boşalmış Krit asanlıqla Peloponnesdən gəlmiş yunan tayfaları tərəfindən istila edilmişdir.

kriteri (meyar) — bir şeyə qiymət vermək ücün əsas götürülən əlamət, ölçü; hər hansı bir hadisənin dəyərləndirilməsi.

krokanlar üsyanı (fr. «krokanlar» — «gəmiricilər») — Fransada dövlət vergiləri və feodal mükəlləfiyyətlərinin artmasına qarşı 1592 — 98, 1624, 1636 — 37-ci illərdə baş vermiş kəndli üsyanları. «Gəmiricilərə hücum!» harayı üsyan başlanmasına çağırış oldu. Xalq zadəganları, iltizamçıları və məmurları «gəmiricilər» adlandırırdı. Bu üsyanlardan qorxuya düşən zadəganlar ara müharibələrini dayandırıb, kralın ətrafında sıx birləşdilər. Krokanların üsyanları kral qoşunları və zadəgan dəstələri tərəfindən yatırıldı.

kromanyon adamı — üst paleolit adamlarının ümumiləşdirilmiş adı. Bu söz 1968-ci ildə Fransanın bu dövrə aid ilk dəfə aşkar edilmiş kromanyon adamı qalıqlarının tapıldığı Kro-Manyon mağarasının adından götürülmüşdür. Kromanyon adamı boyunun ucalığı, kəllə tağının hündürlüyü, üzünün enli olması və gözlərinin aşağı batıqlığı ilə xarakterizə olunur. Kromanyon adamı müasir insan - ağıllı insan növünə aid edilir.

Kromvel Oliver (1599 — 1658) — İngiltərə burjua inqilabı xadimi, independentlərin rəhbəri. Kromvel yeni zadəganlar arasından çıxmışdır. Siyasi fəaliyyətə 1628 — 29-cu illərdə parlamentdə başlamışdır. 1640-cı ildə “Uzunmüddətli parlament”ə seçilmişdi. Sərkərdə istedadı nümayiş etdirən Kromvel İngiltərədə birinci və ikinci vətəndaş müharibəsi zamanı kral ordusu üzərində qələbə çalan parlamentin «yeni tipli» ordusunun əsas yaradıcılarından biri olmuşdur. Orduya arxalanan Kromvel presviterianları parlamentdən qovaraq («Prayd təmizləməsi») kralın edam olunmasına və independent respublikasının elan olunmasına imkan yaratmışdır. 1650-ci ildə Kromvel lord-general — bütün silahlı qüvvələrin ali baş komandanı təyin edildi. O, levellerlərin və diggerlərin hərəkatını yatırdı. 1649-cu ildə irlandiyalıların üsyanını yatıraraq bütün İrlandiyanı, 1652-ci ildə isə Şotlandiyanı işğal etdi. Kromvel 1653-cü ildə «azad İngiltərə, Şotlandiya və İrlandiya dövlətlərinin lord-protektoru» elan olundu. Bununla da faktik olaraq İngiltərədə təkbaşına hərbi diktatura — protektorluq rejimi yarandı. Kromvelin protektorluğunun təsis edilməsi İngiltərədə respublikaya və inqilaba son qoydu.

Kserks — Əhəmənilər dövlətinin şahı (e.ə. 486 — 465), I Daranın oğlu. Kserksin dövründə Misirdə üsyan baş vermiş və onun tərəfindən yatırılmışdır. Bundan sonra Babilistanda üsyan başlamış və o, yalnız üç ildən sonra yatırıla bilmişdir. Kserksin əmri ilə Babil dağıdılmış və adi satraplığa çevrilmişdir. E.ə. 480-ci ildə Kserks böyük ordu ilə Yunanıstana qarşı yürüşə başlamışdır. Əhəmənilər dövlətinin bütün satraplıqları öz döyüşcü dəstələrini Kserksin ordusuna göndərmişlər. Azərbaycan ərazisində məskunlaşan tayfalardan — midiyalı, uti, myük və kaspilərdən toplanılmış dəstələr də Kserksin ordusunda olmuşlar. Kserks Fermopil döyüşündə yunanlar üzərində qələbə çaldı və Afinanı yandırdı, amma Salamin döyüşündə onun donanması yunan donanması tərəfindən məğlub edildi və bundan sonra Kserks nəhəng ordusunu Yunanıstandan aparmaq məcburiyyətində qaldı. Lakin Kserks sərkərdəsi Mardonini kiçik bir qoşunla burada saxladı. Amma Mardoninin qoşunları Plateya savaşında yunanlar tərəfindən darmadağın edildi. Yunanıstanda məğlub edilməsinə baxmayaraq, Kserks fəal xarici siyasətini davam etdirirdi. Lakin artıq Kserksin dövründə Əhəmənilər dövləti daxilində satrapların qiyamları başlanır. Kserksin dövründə Persepol, Suz, Ekbatana və başqa yerlərdə coşqun tikinti işləri apanlırdı. Kserks dini islahatlar keçirmişdir və bu da «Antidiv yazısı»ndan bəllidir. Kserks divlərin məbədini darmadağın etmiş və demişdir ki, «Divlərə sitayiş edilməməlidir. Əvvəllər divlərə sitayiş edilən yerlərdə mən mömin kimi Ahura Mazdaya və Artaya təzim etdim». Güman etmək olar ki, Kserksin islahatı Parsda və Midiyada dinin mərkəzləşdirilməsi məqsədi güdürdü, amma islahat baş tutmadı. E.ə. 467-ci ildə Parsda aclıq oldu, hökmdar anbarları boş idi və taxılın qiyməti yeddi dəfə artmışdı. Narazıları sakitləşdirmək məqsədi ilə Kserks bir il müddətində yüzədək yüksəkvəzifəli dövlət məmurunu vəzifəsindən uzaqlaşdırdı. E.ə. 465-ci ildə sui-qəsdçilər, ehtimal ki, kiçik oğlunun iştirakı ilə Kserksi yatağında öldürmüşdülər. Kserksin kiçik oğlu I Artakserks Əhəməni şahı oldu.

Kuçum — Sibir xanlığının xanı (1563 -98). 1582 — 85-ci illərdə xanlığı Yermakın başçılıq etdiyi rus kazaklarından müdafiə etmişdir. 1592-ci ilin payızında rus kazakları xanlığın paytaxtı Kaşlıkı hücumla alıb qarət etdilər. Lakin Kuçum xan kazakların üzərinə etdiyi qəfil gecə hücumu ilə Yermakı öldürdü. Bu zaman rus çarının əmri ilə hökumət qoşunları Sibir xanlığı üzərinə göndərildi. Kuçum xan 1598-ci ilə kimi rus qoşunlarına müqavimət göstərdi. Qəti məğlub olduqdan sonra Noqay Ordasına qaçdı.

Kuk Ceyms (1728 — 79) — məşhur ingilis dəniz səyyahı; üç dəfə dövr-aləm səyahətinə çıxmışdır.

ku-kluks-klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-da yaradılmış irqçi terrorçu təşkilat.

Kulikovo döyüşü — Moskva knyazı Dmitrinin başçılığı ilə rus polklarının Mamay xanın başçılıq elədiyi Qızıl Orda qoşunları ilə Kulikovo çölündə — Don çayı sahilində 1380-ci il sentyabrın 8-də apardıqları savaş. Rus qoşunlarının qələbəsi ilə başa çatmışdır. Qələbəyə görə knyaz Dmitriyə «Donskoy» ləqəbi verildi. Kulikovo döyüşü rus torpaqlarının monqol zülmündən azad edilməsinin başlanğıcı hesab olunur.

kult (lat. «kultus» — «sitayiş») — 1) fövqəladə qüvvələrə ibadət edilməsindən -qurban verilməsi, dua edilməsi, ibadət, ayin və s.-dən ibarət sitayiş. Bununla həmin qüvvələrin lazımi istiqamətlərə yönəldilməsinə ümid edilir. Kult dinin ayrılmaz və mühüm tərkib hissəsidir. Müasir dinlərdə (xristianlıq, islam, buddizm, iudaizm və s.) forması dəyişilmiş şəkildə — ikonalara, müqəddəs sayılan şeylərə və s. etiqad edilməsində qalmışdır; 2) çox hallarda həm də etiqad edilməsi (kult azadlığı — dini etiqad azadlığı) kimi başa düşülür.

kuluar (fr. «dəhliz») — 1) parlament və digər hökumət idarələrində, eləcə də teatr, kino və konsert salonlarında fasilə zamanı dincəlmək, qeyri-rəsmi görüşlər keçirmək, fikir mübadiləsi etmək, jurnalistlər üçün işləmək otaqları; 2) məcazi mənada — gizli sövdə, siyasi fırıldaq, deputatlara təzyiq göstərilməsi, lazımi qanun layihələrinin qəbul etdirilməsi, informasiya alınması və s.

kunstkamera — kecmişdə müxtəlif tarixi, bədii, təbii-elmi və digər əntiq şeylərin kolleksiyası, eləcə də onların saxlanıldığı yerlər (kabinetlər, muzeylər və s.).

kurqan (türk. «torpaq təpə») — məzarın üstünə torpaq və ya daş tökülməsi nəticəsində əmələ gəlmiş böyük təpə. Kurqan tikintisi neolit, eneolit və tunc dövründə geniş yayılmışdır. Qəbrin üstimdə böyük təpənin düzəldilməsi keçmişin bir çox xalqlarının (məsələn: skiflərin) dəfn adətlərinin vacib ünsürlərindəndir.

kurfürstlor (alm. hərfən «seçici knyazlar») — «Müqəddəs Roma imperiyası „nda (ruhani və dünyəvi) knyazlar; XIII əsrdən onların imperatoru seçmək hüquqları təsbit edilmişdir. Kurfürstlərin hüquqi kollegiyası 1356-cı ildə “Qızıl bulla» ilə təsdiq olunmuşdur.

kustak — VI əsrin ortalarında Sasanilər dövlətinin bölündüyü hərbi-inzibati vahidlər; canişinlik. Qafqaz Albaniyası, Ermənistan, Atropatena və İberiya bir canişinliyə — şimal kustakına daxil idilər.

Kutilər — Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalar. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə «Qutium» adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti «hökmdar»ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti «hökmdar»ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə. 2109-cu ildə kutilərin Mesopotamiyadakı hakimiyyətləri devrildi və bundan sonra onlar öz vətənlərinə -Cənubi Azərbaycan ərazisinə qayıtdılar. Burada onlar lullubilərin qüvvətlənmiş tayfa ittifaqı ilə toqquşdular və özlərinə yeni vətən axtarmaq məcburiyyətində qalıb şimala — Cənubi Qafqaz rayonlarına getdilər, təxminən min ildən artıq dövrdən sonra urartu mənbələrində «etiuni» adı ilə xatırlandılar. Əvvəllər kutilərə mənsub olan torpaqların xeyli hissəsi lullubilər tərəfindən məskunlaşdırıldı.

Kutuzov Mixail İllarionoviç (1745 -1813) — smolenskli şöhrətli knyaz (1812), rus sərkərdəsi, general-feldmarşal (1812), Suvorovun şagirdi, XVIII əsr Rusiya — Türkiyə müharibəsinin iştirakçısı; Türkiyənin İzmail qalasının alınmasında fərqlənmişdir. 1805-ci il Avstriya — Fransa müharibəsində Avstriyadakı rus qoşunlarının komandiri olmuş və onları mühasirəyə düşmək təhlükəsindən bacarıqla xilas etmişdir. 1806 — 12-ci illər Rusiya — Türkiyə müharibəsində Moldaviya ordusunun komandanı kimi bir neçə qələbə çalmış və Buxarest sülh müqaviləsini imzalamışdır. Rusiyanın Fransaya qarşı Vətən müharibəsində 1812-ci ilin avqustunda rus ordusunun baş komandanı təyin olunmuşdur. Düşmənin sayca artıq qüvvəsi şəraitində belə, çevik strategiyası sayəsində Borodino, Maloyaroslavets yaxınlığındakı və s. savaşlarda Napoleonun fransız qoşunlarını taqətdən salan Kutuzov nəticədə onları Rusiyadan geri çəkilməyə məcbur etdi. Düşməni təqib edərkən Vyazma, Krasın və Berezina yaxınlığında Napoleon ordusu Kutuzov tərəfindən darmadağın edildi.

Kültəpə (türk. «kül təpəliyi») — Cənubi Qafqaz və Orta Asiyada qədim məskənlərin tullantılarının (tikinti materialları, zibil, kül) tökülməsi nəticəsində əmələ gəlmiş bir çox təpəni bu cür adlandırırlar. Bu təpələri yaratmış məskənlərin çoxu eneolit və tunc dövründə mövcud olmuşdur; 1) Naxçıvan şəhəri yaxınlığında təpə (diametri 100 — 150 m, hündürlüyü 14 m). Arxeoloji qazıntılar nəticəsində eneolit — erkən dəmir dövrünə (e.ə. IV minillik — e.ə. I minilliyin əvvəli) aid 4 mədəni təbəqə (22 m qalınlığında) aşkar edilmişdir. Alt təbəqədə gil-palçıq evlər, ölülərin bükülmüş şəkildə dəfn olunmuş qəbirləri, qırmızı və rənglənmiş keramika, daş toxalar, mis alətlər tapılmışdır. İkinci tobəqədən çiy kərpicdən tikilmiş evlər, deşiyi olan daş baltalar, oraq ağzı üçün çaxmaqdaşı qırıqları, mis-arsen məmulatları, qəlib formaları aşkar edilmişdir. Üçüncü və dördüncü təboqələrdən qırmızı, qara və boyalı keramika üzə çıxarılmışdır. Bütün təbəqələrdə kömürləşmiş buğda, arpa, darı dənləri, heyvan sümükləri, iskənə, kirkirə, həvəngdəstə, sümük alətləri tapılmışdır; 2) indiki Ermənistan Respublikasında Eçmiədzin yaxınlığında təpə (diametri 190 m, hündürlüyü 15 m). E.ə. III minilliyə aid əkinçilik məskəninin qalıqlarından ibarətdir. Çiy kərpicdən tikilmiş evlərin qalıqları, qara və qırmızı keramika, gil heykəlciklər, dəvəgözü (obsidian) və çaxmaqdaşıdan əmək alətləri vardır; 3) Türkiyədə Kayseri şəhərindən 35 km şimalda yerləşən Kültəpə kəndi yaxınlığında təpəlik (Qarahöyük). Qədim Kaneş şəhərinin yerləşdiyi həmin təpəlik tunc dövrünün erkən çağlarına (e.ə. III minillikdən e.ə. XII əsrədək) aiddir. Burada bir çox tikililər, o cümlədən saraylar, zəngin qəbirlər, müxtəlif növ keramika, heykəlciklər və s. aşkar edilmişdir. E.ə. II minilliyin əvvəllərində qədim Kaneş şəhəri yaxınlığında Karum assur koloniyası da təşəkkül tapmışdı. Karumun e.ə. XVIII əsrə aid mədəni təbəqəsində «Kappadokiya lövhələrı deyilən çoxlu gil lövhə aşkar edilmişdir. Onlar Akkad mixi yazısı ilə yazılmış və Assuriyanın və onun Kiçik Asiya koloniyalarının sosial-iqtisadi həyatını təsvir etmişdir.

küp qəbirlər — qədimdə ölülərin böyük gil küplərə qoyulduqları geniş yayılmış qəbirlər. E.ə. IV minilliyə aid edilən ən qədim küp qəbirlər arxeoloqlar tərəfindən Misirdə tapılmışdır. Sonralar belə qəbirlər Şərqi Aralıq dənizi sahillərində və Kiçik Asiyada yayılmışdır. E.ə. I minillikdə Qafqazda da küp qəbirlər geniş yayılmışdır. Ölünün böyrü üstdə bərk bükülmüş halda böyük (hündürlüyü 1,5 — 2 m) yapma və yanı üstdə uzadılmış qırmızı gil küplərdə dəfn edilməsi Qafqaz Albaniyası ərazisində küp qəbirlər mədəniyyəti üçün xarakterikdir. Dəfn avadanlığı tunc və dəmir əmək alətləri və silahlardan, tunc, gümüş və qızıl bəzək əşyalarından, ağac, daş, gil və şüşədən düzəldilmiş müxtəlif məmulatlardan ibarət olurdu. Qafqaz Albaniyası ərazisində küp qəbirlər mədəniyyəti daşıyıcılarının Yaloylutəpə, Srubnoy və digər mədəniyyətlərlə əlaqələri ardıcıl izlənilir.

Kür-Araz mədəniyyəti — 1940-cı ildə arxeoloqlar tərəfindən Kür-Araz vadisində aşkar edilmiş qədim arxeoloji mədəniyyət. Kür-Araz mədəniyyəti e.ə. IV minilliyin ortalarından e.ə. III minilliyin son rübünədək mövcud olmuşdur, yəni erkən tunc dövrünə aid olmuşdur. Kür-Araz mədəniyyəti Şimali və Cənubi Azərbaycanda yayılmış, demək olar ki, bütün Cənubi Qafqazı, Şimal-Şərqi Qafqazı və Şərqi Anadolunu əhatə etmişdir. Onun ayrı-ayrı ünsürləri Şərqi Aralıq dənizi sahillərində (Suriya, Fələstin və s.) qeydə alınmışdır. Yuxarıda sadalanan vilayətlər göstərilən dövrdə, ola bilsin ki, vahid maddi mədəniyyətin daşıyıcıları olan qohum tayfalarla məskunlaşmışdır. Kür-Araz mədəniyyəti bünövrəsi dairəvi və düzbucaqlı evlər olan oturaq məskənlərlə xarakterizə olunur. Həmin evlərdə oturacaqlı, keramika ilə döşənmiş, tuncla və ya metal emalı ilə müşayiət olunan, torpaq qəbirlər və dəfn kurqanlarına malik və yeri dəyişdirilə bilən ocaqlar var idi. Kür-Araz mədəniyyəti tayfalarının əsasını kompleks əkinçi-maldar təsərrüfatı təşkil edirdi. Bu tayfaların əkinçiliyi xış əkinçiliyi idi. Süni suvarmadan istifadə olunurdu. Bağçılıq yaranmaqdaydı. Bu mədəniyyətin olduğu dövrdə yaylaq maldarlığı tədricən ön plana çıxır. Metallurgiya və metal emalı yaranır, dulusçuluq, toxuculuq və s. inkişaf edir. Xeyli miqdarda izafi məhsulun meydana çıxması əmlak bərabərsizliyi ilə nəticələnir. Zəngin əşyalara malik iri qəbirlər də bunu sübut edir. Kişilərin rolu artır və patriarxat bərqərar olur. Bu da kişi heykəlciklərinin tapılması ilə təsdiqlənir.

kürdlər — Türkiyə, İran, İraq, Suriya və bir sıra başqa ölkələrdə, əsasən Kürdüstan dağlarında yaşayan xalq. Ümumi sayı 13 milyondur. Cənubi Qafqaz ölkələrində 100 minədək kürd yaşayır, əksəriyyəti Azərbaycan Respublikası ərazisindədir. Dilləri — kürd dilidir, İran dilləri ailəsinə aiddir. Kürdlər əsas etibarilə müsəlman-sünnilərdir, bir qismi şiə yezidi və s.-dir.

Kürəkçay müqaviləsi (1805) — Car-Balakən camaatı və Gəncə xanlığının rus qoşunları tərəfindən tutulmasından sonra Qarabağ və Şəki xanlıqlarının xarici siyasəti və daxili vəziyyəti xeyli pisləşdi. Belə bir zamanda qarabağlı İbrahimxəlil xan müqavilə bağlamaq barədə məktubla general Sisianova müraciət elədi. 1805-ci il mayın 14-də Rusiya imperiyası ilə Qarabağ xanlığı arasında 11 bənddən ibarət Kürəkçay müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiyanın himayəsinə keçirdi. Xanlıq müstəqil xarici siyasət yeritməkdən məhrum edilirdi, daxili idarəetmə isə İbrahimxəlil xanın ixtiyarında qalırdı və o, çar xəzinəsinə hər il 8 min çervon xərac verməyi öhdəsinə götürürdü. Şuşada rus qoşunları qarnizonu yerləşdirilməli idi. 1805-ci il mayın 21-də, demək olar ki, belə oxşar müqavilə Rusiya ilə Şəki xanlığı arasında imzalanmışdır. Bundan sonra şəkili Səlim xan Rusiya təbəəliyindən imtina etdi və Rusiya qarnizonunu Şəkidən qovdu.

Kvantun ordusu — Mancuriyada sayı 1 milyon nəfərə çatan güclü yapon ordusu. 1945-ci ilin avqustunda SSRİ-nin Yaponiyaya qarşı müharibəyə başlamasından sonra həmin ordu sovet qoşunları tərəfindən darmadağın edilmişdi.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top