İberiya — 1) Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. E.ə. IV — III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə. 65-ci ildə Roma legionları Pompeyin sərkərdəliyi ilə İberiyaya soxuldular, lakin burada möhkəmlənə bilmədilər. E.ə. II əsrdə İberiya çar Farasmanın dövründə xeyli gücləndi. 337-ci ildə xristianlıq İberiyanın rəsmi dini elan olundu. IV əsrin sonlarında Sasanilər dövləti tərəfindən işğal olunan İberiyanın üzərinə ağır xərac qoyuldu. V əsrdə İberiyada hökmdar Vaxtanq I Qorqasalın başçılığı ilə Sasanilərə qarşı üsyan başlandı. Üsyanın yatırılmasından sonra Sasanilər İberiyada çar hakimiyyətini ləğv etdilər və onu özlərinin əyalətlərinə çevirdilər; 2) antik tarixçilərin əsərlərində Pireney yarımadasının adı.
iblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran mələyin adı. Xristianlardakı dyavolun (satananın) sinonimidir. İblisin başqa adı şeytandır. İblis yeganə mələkdir ki, Allahın yaratdığı ilk insana -Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində Allaha pislik edəcək və insanları yollarından azdıracaq. Allahın xəbərdarlığına baxmayaraq, iblis Adəmi və onun arvadını yollarından çıxararaq qadağan olunmuş ağacın meyvəsindən yedirdə bilmişdir. Peyğəmbərlərin hamısı düşmənləri ruhlandıran iblisin fitnəsi ilə üzləşmişdir.
İbn Sina Əbu Əli Hüseyn ibn Abdulla (980 — 1037) — görkəmli Mərkəzi Asiya alimi, filosofu, şairi və həkimi. Müxtəlif hökmdarların dövründə saray həkimi və vəzir olmuşdur. Fəlsəfədə Şərq aristotelizmini və qismən neoplatonizm ənənələrini davam etdirirdi. “Danişnamə”, “Kitab ül-işarət və-t-tənbihat”, “Kitab əl-insaf’ İbn Sinanın əsas fəlsəfi əsərləridir. Bu əsərlərdə İbn Sinanın təbii elmi görüşləri də təsvir olunur. İbn Sinanın traktatları Şərqdə və Avropada (burada onu «Avisenna» adlandırırdılar) son dərəcə məşhur idi. İbn Sinaya dünya şöhrəti gətirənsə onun həkimlik qabiliyyəti və xüsusilə də özünün yazdığı «Tibb elminin qanunu» (5 hissədə) nəzəri və klinik təbabət ensiklopediyası olmuşdur. Həmin kitab latın dilinə tərcümə edilmiş və 30 dəfəyə qədər nəşr olunmuşdur. «Tibb elminin qanunu» bir çox əsrlər ərzində Avropa universitetlərində öyrənilmiş və Avropa həkimlərinin stolüstü kitabı olmuşdu.
İbrahim I Dərbəndi — şirvanşah (1382 — 1417), Dərbəndilər sülaləsinin banisi. 1382-ci ildə Şirvanşahlar dövlətində baş verən üsyan nəticəsində Kəsranilər sülaləsinin sonuncu nümayəndəsi Huşəng devrildi. Şirvan feodalları yeni şirvanşahı — I İbrahimi taxta çıxardılar. İbrahimin əcdadları bir zamanlar Dərbəndin hakimi olmuşlar və elə buna görə də onların sülaləsi «Dərbəndilər» adlanmışdı. Şirvanşah 1 İbrahim uzaqgörən siyasətçi və diplomat idi. O, Şirvanı talan edilməkdən və yadelli işğalçıların istilasından qoruya bildi. 1385-ci ildə Qızıl Orda xanı Toxtamışın qoşunları Şirvanı və Cəlairilər dövlətindəki Təbriz, Marağa və Mərənd şəhərlərini talan etdilər. 1386-cı ilin yazında Toxtamışın rəqibi Teymur hücum edərək onu Cənubi Azərbaycandan qovub çıxardı, cəlairi əmirləri Əlincə qalasında gizləndilər. Bundan sonra Şirvanşahlar dövlətinin müstəqilliyi təhlükə altında qaldı. Bu vaxt İbrahim 1386-cı ilin payızında Teymurun Bərdədə yerləşən düşərgəsinə yollandı. Mənbələrin verdiyi məlumata görə, o özü ilə qiymətli şeylərin hər birindən 9 ədəd hədiyyə gətirdi, yalnız qulların sayı 8 idi. Qulların sayca niyə 8 olduğu sualı verildikdə isə dərin düşüncəli İbrahim bildirdi: «Doqquzuncu qul — mən özüməm!». Şirvanşahın bu cavabı Teymurun xoşuna gəldi və o, Dərbənd keçidlərinin Qızıl Orda xanlarından qorunmasını İbrahimə tapşırdı, eyni zamanda, bununla bərabər, Şirvan qoşunları Teymurun yürüşlərində iştirak etməli idilər. Tezliklə Şirvanşah I İbrahim öz hakimiyyətini Qarabağ, Şəki, Qəbələ və Dərbəndə də qəbul etdirdi. İbrahimin yardımı ilə gürcü çarı VII Georgi Teymurla sülh bağlaya bildi və bundan sonra Gürcüstan Şirvanşahlar dövlətinin müttəfiqinə çevrildi. Teymurun ölümündən sonra onun yaratdığı möhtəşəm imperiya dağılmağa başladı, Azərbaycanın müxtəlif bölgələrində Teymurilərə qarşı üsyanlar başlandı. Bundan istifadə edən İbrahim Gəncəni tutdu. 1406-cı ilin yazında Təbrizdə də Teymurilərə qarşı üsyan başlandı. Təbriz üsyançıları şirvanşah I İbrahimi Təbrizə dəvət etdilər. 1406-cı ilin mayında şirvanşahın qoşunları Təbrizə daxil oldu. I İbrahim Təbrizdə nizam-intizam yaratdı və şəhər sakinlərinə vəd etdi ki, vergi ədalətlə yığılacaq. Lakin İbrahim Təbrizdə möhkəmlənə bilmədi, belə ki, Cəlairi Sultan Əhmədin və Qara Yusifin sayca üstünlük təşkil edən qoşunları buraya yaxınlaşırdı. Şirvanşah I İbrahim Təbrizdən getmək məcburiyyətində qaldı. Şirvanşah I İbrahim 1410-cu ildə Cəlairi Sultan Əhmədin Qara Yusifə qarşı yürüşündə iştirak etmək üçün oğlu Kəyumərsi qoşunla onun yanına göndərdi. Sultan Əhmədin məğlubiyyətindən xəbərsiz olan Kəyumərs qoşunları ilə Təbrizə yaxınlaşdı, ancaq əsir götürülüb Qara Yusifin yanına aparıldı. Qara Yusif Kəyumərsi şirvanşahın Qaraqoyunlu dövlətinə tabe olması tələbi ilə I İbrahimin yanına göndərdi. Oğlu ilə Qara Yusifin onu devirmək və özünü şirvanşah elan etmək üçün sövdələşdiklərini zənn edən İbrahim Kəyumərsi edam etdirdi. 1412-ci ilin sonlarında Qara Yusif İbrahimi və müttəfiqlərini Kür çayı yaxınlığında məğlubiyyətə uğratdı. Şirvan Qara Yusif tərəfindən talan edildi. I İbrahim, onun 7 oğlu, məşvərətçiləri və əyanları əsir düşdülər. Qara Yusif tələb etdi ki, Şirvanşah I İbrahim özünü azad etdirmək üçün 1200 İraq tüməni miqdarında ödənc versin. Təbrizin tacirləri və sənətkarların başçıları mal, əmlak və mal-qara ilə onun əvəzinə tələb olunan ödənci verdilər. Şirvanşah I İbrahim özünün Qara Yusif padşahın vassalı olduğunu etiraf etdi, lakin Şirvanşahlar dövlətinin idarə olunması hüququnu özündə saxladı. 1413-cü ilin aprelində İbrahim Şirvana qayıtdı, qaraqoyunlu qoşunları isə onun ərazilərini tərk etdilər.
İbrahimxəlil xan (qarabağlı) — Qarabağ xanlığının xanı (1763 — 1806). Kərim xan Zənd Pənahəli xanı "Şiraz qonaqlığı«na dəvət etdikdən və faktik olaraq onu xanlığın idarəçiliyindən uzaqlaşdırdıqdan sonra Qarabağ xanlığında zindandan buraxılmış və Kərim xan Zənd tərəfindən Qarabağ xanı təyin olunmuş İbrahimxəlil ağa ilə Pənahəli xanın tapşırığıyla Qarabağı idarə edən Mehrəli bəy arasında hakimiyyət uğrunda mübarizə başlandı. Bu mübarizə 1763-cü ildə özünü xan elan edən İbrahimxəlil xanın qələbəsi ilə başa çatdı. Özünə müttəfiq axtaran İbrahimxəlil xan avar hakimi Umma xanın bacısı ilə evləndi. Müxtəlif vaxtlarda İbrahimxəlil xanın hakimiyyəti Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına da yayılırdı. Qarabağ məlikləri 1783-cü ildən başlayaraq Rusiyanın fitvasıyla Qarabağda xristian dövləti yaratmaq ümidi ilə xana tabe olmaqdan imtina etdilər, ancaq İbrahimxəlil xan bütün məlikləri Şuşaya toplayaraq onların xəyanətini sübuta yetirdi və hamısını zindana saldı. Zindandan qaçmağa müvəffəq olan məliklər gürcü çarı II İraklinin yanına getdilər və o, 1787-ci ildə polkovnik Burnaşovun rəhbərliyi altında rus qoşunları ilə birlikdə Qarabağ xanlığına yürüş təşkil etdi. 1787 — 91-ci illər Rusiya — Türkiyə müharibəsinin başlanması bu yürüşü yarımçıq dayandırdı. 1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacar 100 minlik qoşunla Qarabağ xanlığına hücum etdi. İran qoşunlarının irəliləməsini dayandırmaqdan ötrü İbrahimxəlil xan Xudafərin körpüsünün uçurulmasını əmr etdi. Lakin yeni körpülər tikdirən Ağa Məhəmməd xan Qacar Arazı keçərək Şuşanı mühasirəyə aldı. Mühasirə zamanı İbrahimxəlil xanın komandanlığı ilə böyük bir dəstə Şuşadan düşmən düşərgəsinə həmlə etdi və İran sərbazlarına böyük zərbə endirdi. Ağa Məhəmməd xan Qacar İbrahimxəlil xanla danışıqlara başlasa da, bir nəticəsi olmadı. Şuşanın 33 günlük uğursuz mühasirəsindən sonra İran qoşunları geriyə çəkilməyə məcbur oldular və Tiflisə hücum etdilər. 1796-cı ildə general Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü başlandı. Oğlu Əbülfəti, vəziri Vaqifi və bəyləri hədiyyələrlə Zubovun yanına göndərən İbrahimxəlil xan Rusiyaya itaət etdiyini bildirdi. Eyni zamanda, Rusiyanm Azərbaycanda işğalçı planlarını yaxşı dərk edən xan digər xanlarla birlikdə razılığa gəlib Zubovun öldürülməsini təşkil etməyə cəhd göstərdi. Lakin Zubova qarşı təşkil olunmuş sui-qəsdin üstü açıldı. II Yekaterinanın ölümündən sonra I Pavel rus qoşunlarını Azərbaycandan geriyə çağırdı. Bundan sonra 1797-ci ildə Ağa Məhəmməd şah Qacar yenidən Şuşaya hücum etdi. Bu dəfə Şuşa İran qoşunları tərəfindən tutuldu. İbrahimxəlil xan ailəsi ilə birlikdə Car-Balakən camaatına — avar hakimi Umma xanın yanına qaçdı. İbrahimxəlil xanın „Batmanqılınc“ ləqəbli qardaşı oğlu Məhəmməd bəy Cavanşir sui-qəsd təşkil etdi və Ağa Məhəmməd şah Qacar Şuşada öldürüldü. Onun qətlindən sonra İran qoşunları Arazın o tərəfinə çəkildilər. Məhəmməd bəy xanlıqda öz hakimiyyətini bərqərar etməyə cəhd göstərdi, amma Qarabağa qayıdan İbrahimxəlil xan qızı Ağabəyimağanı İranın yeni şahına ərə verdi və özünün buradakı hakimiyyətini bərpa elədi. Car-Balakən camaatı və Gəncə xanlığının rus qoşunları tərəfindən tutulmasından sonra İbrahimxəlil xan 1805-ci il mayın 14-də Qarabağ xanlığının Rusiya imperiyasının himayəsinə keçməsi haqqında Kürəkçay müqaviləsini imzalamağa məcbur oldu. 1806-cı il iyunun əvvəllərində — I Rusiya — İran müharibəsinin gedişində İran qoşunları Şuşaya yaxınlaşdı. Bu hadisələr zamanı İbrahimxəlil xan öz ailəsi və yaxınları ilə birlikdə Xankəndində istirahət edirdi. Gəncəli Cavadxanın qatili mayor Lisaneviç rus dəstəsi əsgərlərinə İbrahimxəlil xanı öldürmək haqqında əmr verdi. İbrahimxəlil xan, onun ailə üzvlərinin və yaxınlarının bir qismi qətlə yetirildi.
ibtidai icma cəmiyyəti — adamlarm insan sürüsü və ya nəsli icmada birləşdiyi həyat tərzi. İbtidai icma cəmiyyəti dövlətlərin yaranmasınadək mövcud olmuşdur.
icarə — torpaq və ya digər əmlakın sahibinə müəyyən haqq ödənilməklə ondan müvəqqəti istifadə olunması.
icarədar — hər hansı əmlakı icarəyə götürən adam.
icma — 1) insanların kollektiv mülkiyyət əsasında istehsal vasitələrinə, digər əmlaka, eləcə də tam və ya qismən özünüidarəyə malik birlikləri. İcma (nəsli, qonşu, ailə və s.) insan cəmiyyətinin inkişafının erkən mərhələsində hər yerdə yayılmışdır. Quldarlıq və feodalizm cəmiyyətlərində də müxtəlif növ icmalar mövcud olmuşdur. Kapitalizmin inkişafı icma daxilində əmlak bərabərsizliyinə və nəticədə onun dağılıb məhv olmasına gətirib çıxardı; 2) geniş mənada — ən müxtəlif toplumlar: şəhər kommunaları, kənd icmaları, həmyerlilər birlikləri, dini və milli birliklər, həmkarlar birlikləri və s.
icma kəndliləri — qonşu icması üzvlərini icma kəndliləri adlandırırdılar.
İdalqo, Migel İdalqo-i-Kostilya (1753 -1811) — Meksikanın milli qəhrəmanı; Meksikanın müstəqilliyi uğrunda müharibəyə çevrilmiş 1810 — 11-ci illər üsyanının rəhbəri. O zaman Meksika İspaniya əsarəti altında idi. İdalqo hindiləri və metisləri müstəqillik uğrunda vuruşmağa çağırırdı. 1810-cu ilin noyabrında o, inqilabi hökumət yaratdı. Üsyan ölkənin xeyli hissəsini əhatə etdi. İdalqo quldarlara əmr etdi ki, on gün ərzində bütün qullarını azad etsinlər və hindi icmalarının müstəmləkə rejiminə ödədikləri xəracı ləğv etsinlər. İdalqonun dəstəsi müstəmləkə qoşunları tərəfindən darmadağın edildi, onun özü isə əsir götürülərək 1811-ci ildə güllələndi.
idalqo — orta əsrlərdə İspaniyada cəngavər.
idealizm — birincinin, ilkin başlanğıcı ruh, ideya, şüur, ikincinin isə təbiət (materiya, varlıq) olduğunu qəbul edən fəlsəfi cərəyan. İdealizm materializmlə ziddiyyət təşkil edir.
ideologiya — siyasi, hüquqi, mənəvi, fəlsəfi, dini baxış və ideyalar sistemi. idxal — xaricdən ölkəyə mal gətirilməsi.
İisus Xristos (yun. „xristos“ — »məsiha", «müjdəçi») — islamda İsa Məsih. Xristian dininin eramızın I əsrində Fələstində yaşamış əfsanəvi banisi. Bir kənddən digərinə keçən İisus Xristos tövbə, dünyanın sonunun — Məhşər gününün yaxınlaşmasını, insanlara qarşı xeyirxahlıq və məhəbbəti təbliğ edən təlimini yayırdı. Roma canişini Ponti Pilatın əmri ilə xaç üzərində çarmıxa çəkilmişdir. İisus Xristosun tarixən mövcudluğuna, onun zühuruna və ikinci dəfə yerə gəlişinə inam xristianlığa inamın əsas rəmzlərindən biridir. I əsrin sonları — II əsrdə İisus Xristos haqqındakı rəvayətlər İncildə yazıya alınmışdır.
ikihakimiyyətlilik — Rusiyada Fevral burjua inqilabından sonra (1917-ci il martın 1 — 2-dən iyulun 5-dək) iki hakimiyyətin — Müvəqqəti hökumətin və fəhlə-kəndli hakimiyyətinin — Əsgər, Fəhlə və Kəndli Deputatları Sovetləri hakimiyyətinin özünəməxsus çulğalaşması. Sovetlərdəki partiyaların əksəriyyəti iyulda bütün hakimiyyət səlahiyyətlərini Müvəqqəti hökumətə verdilər və bu, ikihakimiyyətliliyə son qoydu.
İkinci cəbhə — 1944-cü il iyunun 6-da ABŞ və Böyük Britaniya tərəfindən faşist Almaniyasına qarşı açılmış cəbhə. 2,9 milyon ingilis və amerikan əsgəri Amerika generalı Eyzenhauerin ümumi komandanlığı ilə Normandiyaya çıxarıldı. İyunun 20-nə burada əsas qoşunların yerləşəcəyi plasdarın yaradıldı.
İkinci Dünya müharibəsi (1939 — 45) — faşist Almaniyası, faşist İtaliyası və militarist Yaponiyası tərəfindən dünyanı yenidən bölüşdürmək məqsədi ilə hazırlanmış və başlanmışdır. 1939-cu il sentyabrın 1-də Almaniya Polşaya müdaxilə etdi. Böyük Britaniya və Fransa sentyabrın 3-də Almaniyaya müharibə elan etdilər, lakin Polşaya hərbi yardım göstərmədilər və o, hitlerçilər tərəfindən işğal olundu. Müttəfiqlərin qərb cəbhəsində «qəribə» və ya «oturaq müharibə» adını almış 9 aylıq fəaliyyətsizliyi Hitlerə imkan verdi ki, Qərbi Avropa ölkəfərinə qarşı təcavüzə hazırlıq işlərini başa çatdırsın. 1940-cı ilin aprel — mayında alman qoşunları Danimarka və Norveçi, mayında — Belçika, Niderland, Lüksemburqu işğal etdilər, sonra isə onların ərazilərindən keçərək “Majino xətti”ndən yan ötməklə Fransaya soxuldular; 1940-cı il iyunun 22-də Fransa təslim oldu. 1940-cı il iyunun 10-da İtaliya Almaniyanın tərəfində müharibəyə qoşuldu. 1941-ci ilin aprelində Almaniya Yunanıstan və Yuqoslaviyanı zəbt etdi. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücuma keçdi. Onunla yanaşı, bu müharibədə Finlandiya, Macarıstan, Rumıniya və İtaliya qoşunları da iştirak edirdilər. Düşmənin güclü qüvvələrinin zərbəsi altında geriyə çəkilən Qırmızı Ordu ilk vaxtlar başıpozuq vəziyyətdə idi və döyüş qabiliyyətli deyildi. 1941 — 42-ci illərin qışında almanların Moskva altında məğlub edilməsi Hitlerin blitskriq planının boşa çıxmasına səbəb oldu. 1941-ci ilin yayında antihitler koalisiyası yaradıldı. 1941-ci il dekabrın 7-də Yaponiya Pörl-Harbora hücumu ilə ABŞ-a qarşı müharibəyə başladı. 1941-ci il dekabrın 8-də ABS, Böyük Britaniya və digər ölkələr Yaponiyaya müharibə elan etdilər. 1941-ci il dekabrın 11-də Almaniya və İtaliya ABŞ-a müharibə elan etdilər. 1942-ci ilin əvvəllərində Yaponiya Malayziya, İndoneziya, Filippin və Birmanı tutdu, Avstraliyaya müdaxilə etmək üçün təhlükəli vəziyyət yaratdı. 1942-ci ilin yay hücumu nəticəsində alman qoşunları Qafqaza və Volqa sahillərinə çıxdılar. 1942 — 43-cü illərdə Qırmızı Ordunun Stalinqrad döyüşündə qələbə çalması İkinci Dünya müharibəsində əsaslı dönüşün yaranmasında əhəmiyyətli rol oynadı, Kursk qövsündə 1943-cü ildə əldə edilmiş qələbə isə alman komandanlığının strateji təşəbbüskarlığı tam itirməsinə gətirib çıxardı. Bu dövrdə almanların işğal etdikləri ərazilərdə işğalçılara qarşı Müqavimət hərəkatı və partizan müharibəsi genişlənməkdəydi. 1943-cü ilin mayınadək Şimali Afrika ingilis — amerikan qoşunları tərəfindən faşistlərdən azad edildi. 1943-cü ilin iyulunda ingilis -amerikan qoşunları Siciliya adasına çıxdılar. 1943-cü il sentyabrın 3-də İtaliya təslim oldu. 1943-cü il Tehran konfransında Fransanın şimalına ingilis — amerikan qoşunları çıxarmaqla İkinci cəbhənin açılması haqqında qərar qəbul edildi. 1944-cü ildə Qırmızı Ordu, demək olar ki, SSRİ-nin bütün ərazisini azad etdi. 1944-cü il iyunun 6-da müttəfiqlər Fransaya qoşun çıxararaq Avropada İkinci cəbhəni açdılar və 1944-cü ilin sentyabrında Fransa Müqavimət hərəkatının köməyi ilə Fransanın bütün ərazisini faşistlərdən təmizlədilər. 1944-cü ilin ortalarından sovet qoşunları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrini azad etməyə başladılar və həmin ölkələrin vətənpərvər qüvvələrinin iştirakı ilə bunu 1945-ci ilin yazında başa çatdırdılar. 1945-ci ilin aprelində ingilis — amerikan qoşunları Şimali İtaliyanı azad edərək Qərbi Almaniyaya daxil oldular. 1945-ci il Krım (Yalta) konfransında Almaniyanın tamamilə darmadağın edilməsi haqqında plan, eləcə də müharibədən sonrakı dinc quruculuq prinsipləri razılaşdırıldı. 1945-ci il mayın 2-də Qırmızı Ordu Berlini tutdu. 1945-ci il mayın 8-də gecəyarısı Berlinin Karlsxorst adlanan hissəsində Almaniya ali komandanlığının nümayəndələri qeyd-şərtsiz təslim olmaq haqqında aktı imzaladılar. 1945-ci il mayın 11-də Qırmızı Ordu Praqada müqavimət göstərməkdə davam edən alman ordusu qruplaşmalarının darmadağın edilməsini başa çatdırdı. Amerikan — ingilis silahlı qüvvələri 1944-cü ildə Sakit okeanda Marşall və Mariya adalarını ələ keçirdilər, 1945-ci ildə Filippin və Yaponiyanın Okinava adalarını tutdular. Amerika təyyarələri Yaponiyanın Xirosima (6 avqust 1945) və Naqasaki (9 avqust 1945) şəhərlərinə atom bombası atdılar. 1945-ci il avqustun 8-də SSRİ Yaponiyaya qarşı hərbi əməliyyatlara başladı. Avqustun sonlarında Qırmızı Ordu Yaponiyanın Mancuriyadakı qoşunlarını darmadağın etdi. 1945-ci il sentyabrın 2-də Yaponiya qeyd-şərtsiz təslim olmaq haqqında aktı imzaladı.
İkinci Dünya müharibəsinə 72 ölkə cəlb edilmişdi, müharibənin gedişində 55 milyon nəfərədək insan həlak olmuşdur.
ikinci ictimai əmək bölgüsü — sənətkarlığın əkinçilikdən ayrılması. Azərbaycanda orta tunc dövründə (e.ə. III minilliyin sonu — II minilliyin əvvəllərində) baş vermişdir.
İkinci imperiya — Fransada imperator III Napoleonun hakimiyyəti dövrü (1852-ci il dekabrın 2-dən 1870-ci il sentyabrın 4-dək). «Sedan faciəsi» və Parisdə 1870-ci il 4 sentyabr inqilabı İkinci imperiyaya son qoydu.
İkinci respublika — Fransada 1848-ci il Fevral burjua inqilabı nəticəsində yaranmışdır. Faktik olaraq Lui Bonapartın 2 dekabr 1851-ci il çevrilişinədək, formal olaraq isə Lui Bonapartın III Napoleon adı ilə imperator elan edilməsi və 1852-ci il dekabrın 2-də İkinci imperiyanın yaranmasına qədər mövcud olmuşdur.
ikipartiyalı sistem — bir sıra ölkələrdə geniş yayılmış siyasi sistem. Bu zaman iki aparıcı partiya hakimiyyət uğrunda mübarizə aparır; məs.: ABŞ-da Respublikaçılar və Demokratlar partiyaları, Böyük Britaniyada Mühafizəkarlar və Leyboristlər partiyaları.
ikitarlalı — bu, torpaqdan elə istifadə sistemidir ki, bu zaman əkin sahəsi 2 yerə — tarlaya bölünürdü: bir il bir sahəni becərirdilər, digərini isə «dinc»ə qoyurdular, növbəti ildə isə tarlaları dəyişirdilər. Torpaqdan istifadənin ikitarlalı sistemi torpağın qüvvədən düşməsini azaldırdı, onda qidalandırıcı maddələrin bərpa olunmasına və nəticədə məhsuldarlığın artmasına səbəb olurdu.
iqta — dövlət tərəfindən müəyyən ərazidən xərac alınması hüququnun verilməsi. İqta hələ Məhəmməd peyğəmbərin dövründə meydana gəlmişdir. Torpaq onu irsən vermək və ya satmaq hüququ olanların mülkiyyətinə verilirdi. Torpağın verilmə sənədinin özü «iqta» adlanırdı.
iqtadar — iqta sahibi.
iqtisadi böhran — qəfil tənəzzül, bir çox müəssisələrin var-yoxdan çıxması, əmək haqqının azalması, işsizliyin artması ilə istehsalın ixtisar edilməsi.
iqtisadiyyat — 1) məhsuldar qüvvələrin müvafiq inkişaf mərhələsinə uyğun gələn istehsal münasibətləri məcmusu; 2) ölkənin, ayətin, rayonun təsərrüfatı və ya təsərrüfat sahələri (məs.: nəqliyyatın iqtisadiyyatı).
İlcə (xami) — ulucların torpaq sahələri.
“İllada” — e.ə. VIII əsrdə Homer tərəfindən tərtib olunmuş qədim yunan epik poeması. “İlliada”da axeylərin Troya şəhərinə qarşı sonuncu (on ikinci) müharibə ilinin faciəli hadisələri təsvir olunur. Bu müharibənin tarixi reallığı Boğazgöy arxivində, Troyada və Mikena mədəniyyətinin mərkəzlərində qazıntılar zamanı aşkar edilmiş hett mixi lövhələri ilə tam təsdiq olunur.
ilotlar — Qədim Spartanın dorilər tərəfindən tabe edilmiş yerli əhalisi. İlotlar dövlətin əmlakı sayılır və ayrı-ayrı spartalılann sahibi olduqları torpaq sahələrinə təhkim edilirdilər. İlotlar qullardan onunla fərqlənirdilər ki, onların torpağı becərmək üçün əmək alətləri, mal-qaraları, eləcə də öz təsərrüfatları var idi. Torpaq sahibləri ilotları öldürə və sata bilməzdilər. İlotlar əldə etdikləri məhsulun təxminən yarısını ağalarına verirdilər; yerdə qalan hissəsi isə özlərinə qalırdı. İlotlar Sparta icmasına daxil olmurdular və heç bir hüquqa malik deyildilər. İlotların hədsiz istismarı onların üsyanlarına səbəb olurdu. Ən böyük üsyan e.ə. VII əsrdə və e.ə. 464 — 459-cu illərdə olmuşdur. İlotların üsyanlarının qarşısını almaq məqsədi ilə spartalılar kriptilər — vaxtaşırı daha cəsarətli və qüvvətli ilotların döyülməsi və öldürülməsi sistemini tətbiq etməyə başladılar.
iltizam (otkup) — müəyyən məbləğdə pul ödənilməsi müqabilində feodal dövləti tərəfindən xüsusi şəxslərə (iltizamçılara) hər hansı vergini yığmağa və ya müxtəlif növ mal (duz, spirtli içkilər, tütün və s.) satışına verilən müstəsna hüquq. Belə hallarda vergiləri kral məmurları deyil, həmin hüquqa malik olan tacirlər və ya varlılar şirkətləri yığırdılar. Bu şirkətlər əvvəlcədən tələb edilən pul məbləğini xəzinəyə ödəyir, özləri isə bu və ya digər rayonun əhalisindən daha çox vergi toplayırdılar.
imam — dini rəhbər, müsəlman icmasının başçısı. Gündəlik həyatda -məsciddə ümumi ibadətin rəhbəri. İslamın yarandığı ilk illərdə imam funksiyasını Məhəmməd peyğəmbərin özü, onun ölümündən sonra isə xəlifələr icra edirdilər. Ona görə də imamlıq edən xəlifə həm dini, həm də dünyəvi hökmdar idi. Kimin imam sayıla bilməsi, eləcə də onun mahiyyətinin nədən ibarət olması məsələsi üstündə aparılan mübahisələr müsəlmanların sünnilərə və şiələrə bölünməsinə səbəb olmuşdur. Sünnilərə görə, bütün müsəlmanların imamı xəlifədir və onun əsas vəzifəsi dini qorumaq və dünyəvi işləri idarə etməkdir; imam icmanın vəkilidir, bütün icma üzvləri tərəfindən seçilən, eləcə də sələfi tərəfindən təyin ediləndir. Şiələrə görə, imam seçilə bilməz, belə ki, onun ali hakimiyyəti ilahi tərəfindən müəyyənləşdirilib və yalnız Əlinin nəsli ilə irsən keçməlidir. Şiələrə görə, imam ilahi iradə hesabına öz təbiəti etibarilə peyğəmbər tərəfindən dinin yalnız Əliyə söylənilən və nəsildən-nəslə — atadan-oğula ötürülən bütün məxfi tərəflərini bilir. Şiə imamları -Allahın canişinləri, peyğəmbər elminin davamçılarıdır. İmam məfhumu sünni və şiələr tərəfindən həm də böyük din xadimlərinin, böyük icma başçılarımn, məzhəb və tə-riqət başçılarının, ilahiyyat məktəbləri yaradıcılarının hörmətli ləqəbi kimi istifadə olunur: Əbu Hənifə, əl-Əşəri, Xomeyni və b.
imamət (ər. "əl-imamə") — dini və dünyəvi hakimiyyəti birləşdirən müsəlman icmasının ali idarəçilik forması. İmamət haqqında təlim şiəlik ehkamının əsas təməl daşlarındandır.
İmhotep — Qədim Misir aqili, həkim və memarı, baş kahini və firon Coserin çatisi (vəziri). Firon üçün Memfis yaxınlığında ilk pilləvarı piramidanı tikdirmişdir. İmhotep həm də Qədim Misir təqviminin yaradıcılarından biri idi. İmhotep sonralar ilahiləşdirilmiş və şəfa allahı kimi ona sitayiş edilmişdir. Qədim yunanlar onu özlərinin şəfa allahları Asklepi ilə eyniləşdirirdilər.
immiqrasiya — mühacirət, başqa dövlətlərin vətəndaşlarının müvəqqəti və ya daimi yaşayış üçün ölkəyə gəlməsi.
imperator (lat, «imperator» — «hökmdar») — bəzi monarxların kralla, çarla müqayisədə daha yüksək rütbə bildirən titulu. İlk vaxtlar Roma Respublikasında döyüşçülərin böyük qələbədən sonra sərkərdəni mükafatlandırdıqları yüksək hərbi titul olmuşdur. İlk dəfə imperator titulu ilə e.ə. 189-cu ildə Lusi Emili Pavel mükafatlandırılmışdır. Pompey bir neçə dəfə həmin mükafata sahib olmuşdur. Sezar bundan daimi titul kimi istifadə etmişdir, sonra isə titul Oktaviana və onun varislərinə keçmişdir. İmperatorlar faktik olaraq mütləq hakimiyyətə malik idilər. Qərbi Roma imperiyası süqut etdikdən sonra «imperator» titulu Şərqdə — Bizans imperiyasında saxlanıldı. Qərbdə bu titul 800-cü ildə Böyük Karl özünü «Roma imperatoru» elan etdikdən sonra yenidən bərpa olundu. 962-ci ildən alman kralları özlərini «Müqəddəs Roma imperiyası»nın imperatorları adlandırırdılar. XV əsrdən Avstriya monarxları da özlərini imperator adlandırırdılar. 1721-ci ildə I Pyotr «imperator» titulu qəbul etdi və ondan sonra bütün rus çarları imperator adlandılar. I Napoleon, ondan sonra isə III Napoleon özlərini imperator adlandırmışlar. Almaniyanın birləşdirilməsindən sonra Prussiya kralı Almaniyanın imperatoru adlanmışdır. 1876-cı ildə İngiltərə kraliçasına «Hindistanın imperatriçəsi» titulu verilmişdir, 1936-cı ildən İtaliya kralına «Efiopiya imperatoru» adı verilmişdir. Braziliya, Meksika, Haiti, Çin, Yaponiya, Siam, Efiopiya hökmdarları da imperator adlanmışlar.
imperializm — inhisarçı kapitalizm, kapitalizmin ən yüksək mərhələsi. Sənayecə inkişaf etmiş ölkələrdə imperializmə keçid XIX — XX əsrlərin dönəmində inhisarların yaranmasıyla baş vermişdir. İmperializm kolonializmlə (müstəmləkəçiliklə) qırılmaz surətdə bağlıdır.
imperiya — 1) başçısı imperator olan monarxiya dövlətinin adı; 2) bəzən çoxlu müstəmləkəsi olan iri dövlətləri də imperiya adlandırırlar. Bu mənada Fransa müstəmləkə imperiyası, Britaniya müstəmləkə imperiyası, Rusiya imperiyası və s. deyilir.
impiçment — dövlətin yüksəkvəzifəli şəxslərinə etimad göstərilməməsi və ya onlara qarşı ittiham irəli sürülməsi proseduru və onların vəzifələrindən kənarlaşdırılması.
impressionizm — XIX əsrin son rübü — XX əsrin əvvəllərində incəsənətdə cərəyan. Cərəyanın nümayəndələri çalışırdılar ki, gerçək aləmin dəyişkənliyini daha təbii və qərəzsiz təsvir etsinlər, özlərinin ötəri təəssüratlarını verə bilsinlər. İmpressionizm Fransa rəngkarlığında — məşhur impressionist rəssamlar — K.Mone, O.Rönuar, A.Sisley və b.-nın yaradıcılığında meydana gəlmişdir. Bu cərəyan heykəltəraşlıqda — O.Roden (Fransa), M.Rosso (İtaliya), musiqidə — K.Debüssi, M.Ravel (Fransa) və ədəbiyyatda da yayılmışdır.
imtiyaz — hər hansı bir şəxsə verilən müstəsna hüquq, üstünlük.
İncil (yun. «yevangeliye» — «müjdə», «xoş xəbər») — Bibliyanın eramızın I -II dsrlərində tərtib olunmuş bir hissəsi. İncil xristianlığın əsasını qoymuş İisus Xristosun Yerdəki həyatından bəhs edir.
İndra — qədim hind dinində ildırım allahı.
indulgensiya — katolik kilsəsində “günahlar”ın tam və ya qismən bağışlanması məqsədi ilə kilsə tərəfindən dindara verilən pullu sənəd (vəsiqə). XII əsrdən etibarən katolik kilsəsi varlanmaq məqsədi ilə əsasən səlibçilər (xaçlılar) üçün geniş indulgensiya satışına başladı. Bu isə reformatorların və humanistlərin güclü narazılığına səbəb oldu. Bu gün də indulgensiya satışı katolik kilsəsinin gəlir mənbələrindən biri olaraq qalır.
inflyasiya — dövriyyəyə təsərrüfatın real tələbatından daha çox kağız pııl buraxılması, bunun nəticəsində pulun qiymətdən düşməsi və malların qiymətinin kəskin şəkildə artması.
inhisar (ər. «yalnız bir şəxsə məxsus») — 1) hər hansı bir şeyə müstəsna hüququ olmaq; məs.: nəyinsə istehsalına, satışına, xariclə ticarətinə; 2) kapitalistlərin istehsalın və kapitalın yüksək istehsalın təmərküzləşməsi sayəsində iqtisadiyyatın bütün sahələrində meydana gəlmiş ittifaqları, saziş və birlikləri (kartel, konsorsium, konsern, sindikat, trest və s.). İri inhisarlar bir və ya bir neçə sahədə məhsul istehsalı və satışının, sənayenin və ticarətin maliyyələşməsinin xeyli hissəsini öz əllərində cəmləyirlər. XIX əsrin sonları — XX əsrin əvvəllərində beynəlxalq inhisarlar geniş yayılmışdı.
inkvizisiya — katolik kilsəsinin təşkil etdiyi kilsə məhkəməsi; XIII — XIX əsrlərdə mövcud olmuşdur. İnkvizisiya bidətçilərə qarşı mübarizə aparmaq, antifeodal xalq hərəkatlarını boğmaq məqsədi ilə yaradılmışdır. İnkvizisiyanın əsası 1204-cü ildə Roma papası III İnnokenti tərəfindən qoyulmuşdur. İnkvizisiya öz fəaliyyətində tamamilə papadan asılı idi və dünyəvi hakimiyyətin dəstəyinə arxalanırdı. Amansız işgəncələrdən geniş istifadə edilməsi, çuğulların və dünyəvi hökmdarların hökmlərini yerinə yetirənlərin bidətçilərin əmlakının bir hissəsi ilə mükafatlandırılması, eləcə də inkvizisiyanın özünün maddi maraqlı olması onu Avropanın katolik ölkələrinin bəlasına çevirdi. Bidətçilər ən yaxşı halda zindana düşür və məhkəmə prosesinin xərcləri adı ilə əmlaklarından məhrum olunurdular. "İnadkarlar" tonqalda yandırılmaq (autodafe) üçün dünyəvi hakimiyyətin əlinə verilirdilər. Yüz minlərlə adam inkvizisiyanın zindanlarında və tonqallarında həlak olmuşdur; təkcə ispan inkvizitoru Torkvemadanın 18 illik fəaliyyəti ərzində 10.220 nəfər tonqalda yandırılmışdır. İnkvizisiyanın vəhşiliyi ona qarşı kütləvi xalq çıxışlarının baş verməsinə səbəb olurdu. Kral hakimiyyətinin güclənməsi və papa hakimiyyətinin zəifləməsi ilə əlaqədar inkvizisiya dünyəvi hakimiyyətdən asılı vəziyyətə düşdü. Bir sıra Avropa ölkələrində Reformasiyanın qələbə çalması ilə inkvizisiyanın fəaliyyət dairəsi xeyli daralmışdı. Artıq Əksreformasiya dövründə -1542-ci ildə Roma papası III Pavel Romada ali inkvizisiya tribunalı təsis etdi. XVI- XVII əsrlərdə inkvizisiya elmə və qabaqcıl ideyalara qarşı katolik kilsəsinin əlində qorxulu silah idi (Bruno, Vanini tonqalda yandırılmış; Kampanella, Qaliley və b. təqiblərə məruz qalmış, çoxlu kitab və ixtiralar məhv edilmişdi). İnkvizisiya İspaniyada xüsusilə tüğyan edirdi — burada o, təkcə bidətçilər əleyhinə deyil, həm də mavrlara (ərəblərin törəmələri) və yəhudilərə qarşı yönəlmişdi. Bu da öz növbəsində əhalinin qeyri-xristian hissəsinin kütləvi mühacirətinə və İspaniyanın tənəzzülünə gətirib çıxardı. İnkvizisiyanın günahı ucbatından "əcinnə«lərə qarşı kütləvi proseslər keçirilmiş və XV — XVII əsrlərdə on minlərlə insan, xüsusilə də qadınlar öldürülmüşdür. İnkvizisiya XVIII — XIX əsrlərdə məhv edilmişdir.
inqilab (ər. „çevriliş“, „dəyişiklik“; lat. „revolutio“ — »çevriliş", «dəyişiklik»)- 1) bir keyfiyyət formasından digərinə sıçrayışlı keçid (bax: evolyusiya); 2) sosial inqilab — siyasi və ictimai quruluşda köklü dəyişiklik; çox zaman zorakı formada həyata keçirilir.
inqilabi şərait — inqilab üçün lazımi ictimai-iqtisadi şərtlərin yetişməsini göstərən şərait. İnqilabi şəraitin üç əsas əlaməti vardır: 1) «yuxarıların böhranı» -hakim siniflərin öz ağalıqlarını dəyişilməz şəkildə saxlaya bilməmələri, yəni «yuxarıların köhnə qayda ilə» yaşaya bilməmələri; 2) məzlum xalqın ehtiyac və məşəqqətinin həmişəkindən artıq kəskinləşməsi, yəni «aşağıların köhnə qayda ilə yaşamaq istəməməsi»; 3) kütlələrin siyasi fəallığının xeyli artması. Hər cür inqilabi şərait inqilabla nəticələnmir. Digər tərəfdən inqilabi şərait yetişmədən hakim siniflərin hakimiyyətini devirmək cəhdləri məğlubiyyət və uğursuzluqla nəticələnir.
İnsan və vətəndaş hüquqları bəyannaməsi — Böyük Fransa burjua inqilabı dövründə — 1789-cu il avqustun 26-da Müəssislər Məclisi tərəfindən qəbul olunmuşdur. ABŞ-ın İstiqlaliyyət bəyannaməsi onun üçün nümunə kimi götürülmüşdür. İnsan və vətəndaş hüquqları bəyannaməsi şəxsiyyət toxunulmazlığını, söz, mətbuat və vicdan azadlığını, əmlak hüququnu, vətəndaşların qanun qarşısında bərabərliyini, zülmə qarşı müqavimət göstərmək hüququnu elan edirdi.
insan sürüsü — ilk insan kollektivi. İnsan sürüsündə birgə qida əldə edən, ov ovlayan və vəhşi heyvanlardan qorunan iyirmi nəfərədək adam olurdu.
insident — adətən xoşagəlməz səciyyəli hadisə, anlaşılmazlıq, münaqişə, toqquşma.
inteqrasiya — ayrı-ayrı hissə və ya elementlərin tamda birləşdirilməsi. İqtisadiyyatda — təsərrüfatın beynəlxalq əmək bölgüsünün dərinləşdirilməsi ilə müşayiət olunan beynəlmiləlləşdirilməsi və müəssisə, sahə və hətta müxtəlif ölkələrin iqtisadiyyatlarının vahid təsərrüfat orqanizmində qarşılıqlı şəkildə yaxınlaşması və birləşməsində ifadə edilən, eləcə də bu prosesi tənzimləyən iqtisadi siyasət.
İnternasional — 1) I İnternasional (Fəhlələrin Beynəlxalq Birliyi) -fəhlələrin K.Marks və F.Engels tərəfindən Londonda yaradılmış birinci beynəlxalq təşkilatı. 1864-cü ildən 1876-cı ilə kimi fəaliyyət göstərmişdir; 2) II İnternasional -F.Engelsin iştirakı ilə sosialist partiyalarının Parisdə yaradılmış beynəlxalq birliyi. 1889-cu ildən 1914-cü ilədək — Birinci Dünya müharibəsinin başlanmasına qədər mövcud olmuşdur; 3) Bern İnternasionalı — 1919-cu ildən 1923-cü ilədək fəaliyyət göstərmişdir; 4) 2V2 (və ya Vyana) İnternasionalı — 1921-ci ildən 1923-cü ilədək mövcud olmuşdur; 5) 1923-cü ildə Hamburqda Bern İnternasionalı ilə 2V2 İnternasionalı birləşib Sosialist Fəhlə İnternasionalını yaratdılar və o, İkinci Dünya müharibəsinin başlanmasına qədər mövcud oldu; 6) Moskvada yaradılmış III və ya Kommunist İnternasionalı (Komintern) 1919-cu ildən 1943-cü ilə kimi fəaliyyət göstərmişdir; 7) Parisdə əsası L.D.Trotski tərəfindən qoyulmuş IV İnternasional; 8) 1951-ci ildə Frankfurt-Maynda yaradılmış Sosialist İnternasionalı (Sosintern); hazırda yüzdən artıq partiyanı birləşdirir.
İntibah (ər. «Oyanma», fr. «Renessans» — «Dirçəliş») — Mərkəzi və Qərbi Avropa ölkələrində ideya, mədəni və elmi inkişaf dövrü, orta əsrlər mədəniyyət və elmindən yeni dövr mədəniyyət və elminə keçid. İntibah mədəniyyətinin fərqləndirici xüsusiyyətləri bunlardır: dünyəvi xarakter daşıyır, dindarlıq əleyhinədir, humanist dünyagörüşlüdür, antik mədəni irsə müraciətlə onu sanki «dirçəldir» (dövrün adı elə buradan götürülmüşdür). İntibah XIII — XIV əsrlərin dönəmində İtaliyada meydana gəlmiş və burada daha parlaq təzahür etmişdir (şair Dante, rəssam Cotto və b.). İntibah dövrü xadimlərinin yaradıcılığı insanın intəhasız imkanlara, onun iradə və ağıla, tərki-dünyalığı inkar etməyə malik olması inamı ilə zəngindir. Bütün bunlar İntibah mədəniyyətinə ideya dəyəri və qəhrəmanlıq meydanı verir. Memarlıqda əzəmətli aydınlıq, harmoniya və insana münasib olan ictimai tikililər aparıcı rol oynamağa başladı. Rəssamlar İtaliyada -Donatello, Leonardo da Vinçi Rafael, Mikelancelo, Tisian, Veroneze, Niderlandda - Yan van Eyk, Almaniyada — Dürer, Fransada — Fuke və bir çox başqaları) insan fiquru təsvirinin (o cümlədən çılpaq) interyer arasında və ya real peyzajda həcm, məkan, işıq gerçəkliyini verməyə çalışırdılar. İntibah ədəbiyyatı sahəsində Rablenin «Qarqantüa və Pantaqruel», Şekspirin dramları, Servantesin «Don Kixot»u, Petrarkanın sonetləri, Bokkaççonun novellaları və s. kimi ölməz əsərlər yaradıldı. Musiqidə vokal polifoniya inkişaf edir, dünyəvi vokal və instrumental musiqidə yeni janrlar meydana gəlir. İntibah dövründə coğrafiya (Böyük coğrafi kəşflər), astronomiya (Kopernik tərəfindən dünyanın heliosentrik sisteminin işlənib hazırlanması), anatomiya sahəsində əhəmiyyətli elmi kəşflər (Vezali) edilmişdir. İntibah ideyaları orta əsrlər dini təsəvvürlərinin məhv edilməsinə imkan yaradır və əsasən yenicə yaranan burjuaziyanın maraqlarına cavab verirdi:
investisiya — gəlir götürmək məqsədi ilə iqtisadiyyatın müxtəlif sahələrinə uzun-müddətli kapital (sərmayə) qoyuluşu.
inzibati məhkəmə islahatı (1840) — çarizmin mövqelərini möhkəmlətmək məqsədi ilə Rusiya hökuməti 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati məhkəmə islahatının keçirilməsi haqqında fərman verdi. Bu qanuna əsasən, komendant üsuli-idarəsi ləğv edilirdi. Cənubi Qafqaz Gürcüstan-İmeretiya (mərkəzi Tiflis olmaqla) quberniyasına və Kaspi vilayətinə (mərkəzi Şamaxı olmaqla) bölündü. Azərbaycan ərazilərinin xeyli hissəsi Kaspi vilayətinə daxil edildi. Kaspi vilayəti 7 qəzadan — Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. Qazax, Şəmşəddil və Borçalı distansiyaları, Yelizavetpol (Gəncə), Balakən və Naxçıvan qəzaları Gürcüstan-İmeretiya quberniyasına daxil edildilər. Hər bir qəza sahələrə ayrılırdı. Cənubi Qafqaz əvvəlki kimi Qafqazdakı baş rəis (canişin) tərəfindən idarə olunurdu, Tiflis hərbi qubernatoru rütbəcə ondan sonra gələn ikinci vəzifə idi. Bölgənin müxtəlif həyati məsələləri Qafqaz baş rəisi yanındakı Ali İdarə Şurası tərəfindən həll edilirdi. Yerli əhalidən olan məmurlar ruslarla əvəz edilirdi. Ümumimperiya qanunları əsasında quberniya, vilayət və dairə məhkəmələri yaradılırdı. 1840-cı il inzibati məhkəmə islahatı həyata kcçirilərkən Ali İdarə Şurası 1841-ci il fevralın 13-də Qazax, Şəmşəddil və Borçalı distansiyaları ağalarının kəndlərin idarə olunmasından uzaqlaşdırılması haqqında qərar qəbul etdi və həmin il martın 24-də bu qərar Kaspi vilayəti bəylərinə də şamil edildi. Az sonra bəylərin və ağaların torpaqlarının müəyyən pul kompensasiyası ödənilməklə müsadirəsinə başlanıldı; bu da onların narazılığına səbəb oldu və çarizmə qarşı çıxışlara təhrik etdi.
ioniyalılar — qədim yunan tayfalarının əsas qruplarından biri. Attika vilayətində, Egey dənizinin bir sıra adalarında, Kiçik Asiyanın sahillərinin bir hissəsində (İoniya vilayətində) məskunlaşmışdılar.
ippodrom — Qədim Yunanıstanda, Qədim Romada və dövrümüzdə atçılıq idmanı yarışlarının keçirildiyi yer.
ipək — ilk dəfə Qədim Çində istehsal olunmuşdur. İpəkçilik — barama qurdunun yetişdirilməsi və ondan yaraşıqlı və möhkəm ipək parça alınmasıdır. Qədim Çində bu, təsərrüfatın əsas xüsusiyyəti idi. Uzun müddət çinlilər ipəyi istehsal etmək sirlərini gizli saxlaya bilmiş və onunla ticarətdən xeyli mənfəət götürmüşlər.
İraq-i Əcəm — orta əsrlərdə İran İraqının adı. Bizim dövrümüzdə İran İslam Respublikası ərazisində yerləşir.
İraq-i Ərəb — orta əsrlərdə Ərəb İraqının adı. Hazırda İraq Respublikasının əsas ərazisini təşkil edir.
İran burjua inqilabı (1905 — 11) — İranda şah rejimindən narazılıq 1905 -11-ci illər burjua inqilabının başlanmasına səbəb oldu. 1905-ci ilin dekabrında Tehran, Təbriz, Ərdəbil, Xoy, Zəncan və s. şəhərlərdə bazar və dükanların bağlanması aksiyası ilə müşayiət olunan və «məşrutə» adını alan vətəndaş itaətsizliyi (bəstə oturmaq) başlamış, etiraz aksiyaları keçirilmişdir. Əsas tələblər konstitusiyanın qəbul edilməsi, məclisin çağırılması, xarici məmurların vəzifələrindən uzaqlaşdırılması və s. idi. 1906-cı il avqustun 5-də şah konstitusiya qəbul edilməsi və məclisə seçkilər keçirilməsi barəsində fərman verməyə məcbur oldu. Vətəndaş itaətsizliyi aksiyaları dayandırıldı. Amma az sonra məlum oldu ki, şah hökuməti öz vədlərindən imtina etmək istəyir. 1906-cı il sentyabrın 20-də Təbrizdə "İslam şurası" tərəfindən İngiltərə konsulluğunda itaətsizlik aksiyası (bəst) keçirildi. 6 minədək adam Qurana and içdi ki, həyatlarını əsirgəmədən konstilusiya qəbul edilənədək mübarizə aparacaq. Təbrizdə konstitusiya tərəfdarlarına yardım kassası yaradıldı; şəhərdə mitinq, nümayiş və tətillərin arası kəsilmirdi. Şah hökuməti tezliklə məclisə seçkilər keçiriləcəyi haqqında xəbər verdi. Təbrizdəki bu hadisələrdə "İctimayyun-e amiyyun" partiyası böyük rol oynadı. Cənubi Azərbaycanda məclisə seçkilər keçirmək məqsədi ilə xalq əncümənləri (şuralar) seçildi. Az sonra hakimiyyət orqanı funksiyasını yerinə yetirən «Azərbaycan vilayət şurası yaradıldı. „Azərbaycan vilayət şurası“ Təbriz sosial-demokrat təşkilatının “gizli mərkəz”i ilə sıx əlaqə saxlayırdı. Əksinqilabla mübarizə aparmaq üçün silahlı fədai dəstələri yaradıldı. 1906-cı il dekabrın 30-da ölüm ayağında olan Müzəffərəddin şah hazırlanmış konstitusiya layihəsini imzaladı. Lakin 1907-ci il yanvarın 19-da taxta çıxan Məhəmmədəli şah atasının imzaladığı konstitusiyanı tanımaqdan imtina elədi. Bu, 1907-ci il fevralın 5-də Təbrizdə itaətsizlik aksiyasının başlanmasına bəhanə oldu. 1907-ci il fevralın 8-də Təbrizdə „gizli mərkəz“in rəhbərliyi ilə inqilabın əvvəlindən indiyədək ilk silahlı üsyan baş verdi. Üsyançılar şəhəri tutdular, hakimiyyət „Azərbaycan vilayət şurası“nın əlinə keçdi. 1907-ci il fevralın 8-də Azərbaycan vəkilləri Tehrana gəldilər və paytaxt əhalisi tərəfindən təntənə ilə qarşılandılar. Məclisdə Azərbaycan vəkilləri şahdan tələb etdilər ki, konstitusiyanın xalqın demokratik hüquq və azadlıqlarına təminat verən, vilayət şuralarının fəaliyyətini bərpa edən və s. yekun hissəsini məclisə təqdim eləsin. Lakin məclisin tələbləri şah tərəfindən rədd edildi. Buna cavab olaraq Təbrizdə yenidən mitinqlər və nümayişlər başlandı. Tehranın məclis qarşısında toplanan əhalisi şahdan bu tələblərin qəbul olunmasını tələb edirdi. Məclisin deputatları da şahı itaətsizlik tədbirləri keçirməklə hədələdilər. İranın müxtəlif vilayətlərində çoxsaylı çıxışlar başlandı. Şah məclisin tələblərini qəbul etməyə məcbur oldu. 1907-ci il hadisələri nümayiş etdirdi ki, İran inqilabının mərkəzi Təbrizə keçmişdir. „Azərbaycan vilayət şurası“ silahlı dəstələr təşkil etməyə başladı, şah məmurlarını vəzifələrindən uzaqlaşdırdı, məhkəmə işləri seçilmiş mütərəqqi ruhani nümayəndələrinin ixtiyarına verildi, dünyəvi məktəblər yaradıldı. Cənubi Azərbaycanda ana dilində qəzetlər nəşr olunmağa başlandı. Təbrizdə keçirilən mitinqlərdə Məhəmmədəli şahın taxtdan salınması haqqında tələblər irəli sürülürdü. 1907-ci il mayın 26-da Tehran əhalisi Məhəmmədəli şah üzərində məhkəmə keçirilməsi tələbi ilə tətil etdi. 1907-ci il oktyabrın 7-də şah konstitusiyanın yekun hissəsini təsdiq etməyə məcbur oldu. Bununla yanaşı, şah əksinqilabi qüvvələri toplamağa başladı. Əksinqilabi Çevriliş cəhdinə cavab olaraq İranın iri şəhərlərində fədai dəstələri təşkil olunmağa başlandı və tətil çağırışları səsləndi. „Gizli mərkəz“in və fədailərin təşəbbüsü ilə 1907-ci il dekabrın 6-da »Azərbaycan vilayət şurası" Məhəmmədəli şahın devrilməsini elan etdi. Elə həmin gün Tehranda ümumi tətil başlandı, ertəsi gün isə nümayiş keçirildi. Məcburiyyət qarşısında qalan Məhəmmədəli şah konstitusiyaya sədaqətli olacağı və xalqın hüquqlarını müdafiə edəcəyi haqqında and içsə də, əksinqilabi qüvvələri toplamaqda davam edirdi. 1908-ci ilin may — iyununda şah hökuməti inqilaba qarşı aktiv fəaliyyətə başladı. 1908-ci il iyunun 23-də şahın göstərişi ilə rus kazak briqadası məclisin və «Azərbaycan vilayət şurası»nın binasını atəşə tutub dağıtdı, inqilabçılara divan tutulmasına başlandı. Təbrizdə əksinqilabçılar «Azərbaycan vilayət şurası»nın binasına və fədai dəstələrinə hücum etdilər. Əksinqilabçılarla olan döyüşlərdə və Təbrizin mühasirədə qaldığı sonrakı 11 ayda Səttarxanın başçılıq etdiyi fədailər dəstəsi öz qəhrəmanlığını nümayiş etdirdi. Beləliklə, 1908-ci il iyunun 23-də İranda əksinqilabi çevriliş baş verdi. 1908-ci il oktyabrın 12-də əksinqilabi qüvvələrin Təbriz ətrafındakı mühasirəsi ləğv edildi, şah canişini şəhəri tərk etdi, «Azərbaycan vilayət şurası»nın fəaliyyəti bərpa edildi. 1908-ci il oktyabrın 19-da «Azərbaycan vilayət şurası» Səttarxanı inqilabi qoşunlara baş komandan təyin etdi. 1908-ci ilin noyabr — dekabr aylarında inqilabi qoşunlar Səttarxanın başçılığı ilə Cənubi Azərbaycanın bütün qərb vilayətlərini əksinqilabi qüvvələrdən təmizlədilər. 1909-cu ilin yanvarında İran üsyançıları İsfahan şəhərini ələ keçirdilər. 1909-cu il yanvarın sonlarında Təbriz yenidən əksinqilabi qüvvələr tərəfindən mühasirəyə alındı. Martın 5-də əksinqilabçılar Mərəndi, martın 15-də isə Culfanı tutdular. Mühasirəyə alınmış Təbrizdə aclıq başlandı. 1909-cu il aprelin 25-do inqilabı yatırmaqdan ötrü İrana rus və ingilis qoşunları gətirildi. Çar qoşunları Təbrizə daxil olduqdan sonra şah qoşunları şəhərdən çıxarıldı. Mayın əvvəllərində rus qoşunları Təbrizdə mücahidləri tərk-silah etməyə başladılar. Təbriz hadisələri İsfahanda və Gilanda inqilabçıları fəallaşdırdı. Bu vilayətlərin fədai dəstələri Tehran üzərinə hücuma başladılar; 1909-cu ilin iyununda Məhəmmədəli şahın devrilməsi və onun 14 yaşlı oğlu Sultan Əhmədin taxta çıxması elan edildi, konstitusiya bərpa olundu. Lakin kübar feodal dairələrinin nümayəndələrindən ibarət olan yeni hökumət əksinqilaba qarşı həlledici tədbirlərə əl atmadı. 1909-cu il noyabrın 15-də ölkədə demokratik dəyişikliklər keçirilməsi tərəfdarları "İran demokrat partiyası «nı yaratdılar. Bu partiyaya mənsub olan »İrane-nou" («Yeni İran») qəzeti M.Rəsulzadənin redaktəsi ilə çıxmağa başladı. Yeni hökumət mücahidləri və fədai dəstələrini tərk-silah etməyə başladı. 1910-cu il aprelin 15-də Səttarxanla Bağırxan 100 fədainin müşayiəti ilə Tehrana gəldilər.
1910- cu il avqustun 7-də fədailər və onlara qoşulanlar başda daşnak Yefrem olmaqla 6 minlik dəstə tərəfindən atəşə tutuldular. Bu döyüşdə 58 fədai öldürüldü və yaralandı, 300-dək fədai həbs olundu; Səttarxan da yaralanmışdı. Hökumət Səttarxana və Bağırxana Təbrizə qayıtmağa icazə verdi. 1911-ci ilin əvvəllərində hökumət demokratik əhval-ruhiyyəli qulluqçuları dövlət müəssisələrindən çıxarmağa başladı. Bu, Təbrizdə mitinqlərin başlanmasına səbəb oldu. Məclis mitinqçilərin tələblərini yerinə yetirməyə məcbur oldu. İngiltərənin fəal yardımı ilə
1911- ci ilin iyulunda Məhəmmədəli şah İrana qayıtdı. 1911-ci il avqustun 24-də əksinqilabi qüvvələrin Təbrizə hücumu başlandı, lakin oktyabrın əvvəllərində onlar fədai dəstələri tərəfindən dağıdıldılar. Cənubi Azərbaycanın müxtəlif şəhərlərində yenidən fədai dəstələrinin təşkilinə başlanıldı və onlar əksinqilabi qüvvələrin çıxışlarını yatırdılar. Bu dəfə Məhəmmədəli şah İranı həmişəlik tərk etdi. Lakin 1911-ci il noyabrın sonlarında çar qoşunları Rəştdən Qəzvinə doğru hərəkətə başladı. Tehranda məclisin qoşunlarını mühasirəyə alan hökumət qoşunları bütün vəkilləri oradan qovdu. 1911-ci il dekabrın 28-də Təbriz çar qoşunları tərəfindən tutuldu. Bundan sonra rus və ingilis qoşunları bütün İran ərazisində inqilabçılara divan tutmağa başladılar.
İranda 1978 — 79-cu illər «islam inqilabı» — şahın 1962-ci ildə başladığı «yuxarıdan» həyata keçirilən islahatlar XX əsrin 70-ci illərinin ortalarına qədər davam etmiş və «ağ inqilab» adını almışdır. «Ağ inqilab»ın məqsədi sənayenin inkişafını sürətləndirmək və İranı aqrar-sənaye dövlətinə çevirməkdən ibarət idi. 1962-ci il aqrar inqilabı kəndlilərə torpaq payı verdisə də, onların daha da var -yoxdan çıxması ilə nəticələndi; belə ki, onlar torpaq almaq üçün götürdükləri ssudaya görə banklarla hesablaşa bilmədilər. Şahın yeritdiyi «milli vəhdət» şovinist siyasəti Azərbaycan dilində çap edilən qəzet və jurnalların, kitabların nəşrinin dayandırılmasına, əvvəllər bu dildə nəşr olunanların isə məhv edilməsinə gətirib çıxardı. Bu siyasətə qarşı çıxış edən Azərbaycan ziyalılarının nümayəndələri repressiyaya uğradıldılar. 1977-ci ilin payızında Cənubi Azərbaycanda şah əleyhinə bir sıra çıxışlar oldu. 1977-ci il dekabrın 12-də — Azərbaycan Milli Hökumətinin yaradılmasının 32-ci ildönümündə Təbriz universiteti tələbələrinin möhtəşəm nümayişi oldu. Polis nümayişi qovdu. 1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən olan Qum şəhərində nümayişi dağıdan polis silah işlətdi. Fevralın 18-də Təbrizdə üsyan baş verdi və tarixə «29 bəhmən üsyanı» adı ilə daxil oldu. Bəzi tarixçilər «29 bəhmən üsyanı „nı “islam inqilabı»nın başlanğıcı hesab edirlər. Bu üsyandan sonra martın 29 — 30-da Tehran, İsfahan, Məşhəd, Marağa, Qum, Təbriz və Zəncanda iri çıxışlar baş verdi. Mayın 9 — 19-da çıxışlar İranın artıq 20-dən yuxarı şəhərini bürümüşdü. Sentyabrda şah rejiminə müxalif olan ruhanilər inqilabın rəhbərinə çevrildilər. Ayətulla Xomeyninin də nüfuzu elə həmin dövrdə artdı. Sentyabrın 7-də İranın 12 şəhərində (Tehran, İsfahan, Təbriz və s.) şah əleyhinə çıxışlar baş verdi. Həmin şəhərlərdə hərbi vəziyyət elan olundu. Sentyabrın 8-də etiraz nümayisləri gülləbaran edildi və bu gün «qanlı cümə» adlandırıldı. Noyabr ayında neftçilərin birhəftəlik tətili oldu. 1978-ci ilin dekabrında neftçilərin 1979-cu il fevralın əvvəllərinədək davam edən fasiləsiz tətilləri başlandı. Tətilçilər gizli SAVAK polisinin ləğv edilməsini və İranın demokratikləşdirilməsini tələb edirdilər. Cənubi Azərbaycanda — Təbriz, Ərdəbil, Marağa, Urmiya, Culfa, Zəncan və s. şəhərlərdə də 1978-ci ilin oktyabr — noyabr aylarında nümayiş və tətillər olur, çıxışlar ara vermirdi. Dekabrın 8-dən 11-dək İranın şəhərlərində möhtəşəm nümayişlər baş verdi. 1979-cu il yanvarın 16-da şah İrandan qaçdı, Pəhləvi sülaləsinin hakimiyyətinə son qoyuldu. Fevralın 1-də ayətulla Xomeyni Parisdən İrana gəldi. Ölkə İran İslam Respublikası elan edildi, ayətulla Xomeyni isə omın rəhbəri oldu. 1979-cu il fevralın 18-də şah qarnizonu Təbrizdə qiyam qaldırdı, şəhərin bütün əhalisi hərbi qarnizonun binasını mühasirəyə aldı və atışmadan sonra təbrizlilər qarnizonu tutub əsgər və zabitləri həbs etdilər. "İslam inqilabı" zamanı azərbaycanlılar 25 min nəfərə yaxın itki verdilər.
İranzu — e.ə. VIII əsrin ikinci yarısında yaşamış Manna hökmdarı. İranzunun hakimiyyəti illərində Manna özünün ən yüksək çiçəklənmə dövrünə çatdı və Qədim Şərqin qüdrətli dövlətlərindən birinə çevrildi. İranzunun hakimiyyəti illərində Assuriya hökmdarları Manna dövlətinin ərazilərinə hücum etmirdilər. İranzu Urartuya qarşı yürüş xarakterli müharibələr aparırdı. Arxeoloji qazıntıların da sübut etdiyi kimi, İranzunun hakimiyyəti illərində Manna dövlətinin sərhədləri Arazdan şimala çıxaraq müasir Naxçıvan MR-in ərazilərinin bir hissəsini ohatə edirdi. Beləliklə, İranzunun hakimiyyəti illərində Manna şahlığı kifayət qədər böyük əraziyə malik idi. Lakin İranzunun şahlığının sonlarına yaxın onun hakimiyyəti bir qədər zəiflədi. Manna şəhərlərindən Şuandaxul və Durdukka, eləcə də Zikirtu vilayəti ona qarşı üsyan etdilər. O zaman İranzu Assuriyanın ali hakimiyyətini tanımaq məcburiyyətində qaldı. Assuriya hökmdarı II Sarqonun qoşunlarının köməkliyi ilə həmin üsyan e.ə. 719-cu ildə yatırıldı. İranzunun ölümündən sonra Mannada onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı və Manna şahlığı zəiflədi.
İrəvan xanlığı — XVIII əsrin ortalarında Şimali Azərbaycanda Mir Mehdi xan tərəfindən əsası qoyulmuş xanlıq. İrəvan xanlığı Ağrıdağ (sonralar — Ararat) vadisi, Dərələyəz və Göyçə gölü (sonralar — Sevan) aralığındakı torpaqlarda yerləşirdi. Xanlığın mərkəzi İrəvan şəhəri (əvvəllər Çuxursəəd vilayətinin mərkəzi) idi. Xanlıq 15 mahala bölürmüşdü və hər mahal naiblər tərəfindən idarə olunurdu. Xanlığın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Buradakı toponimlərin (yer adlarının) əksəriyyəti Azərbaycan mənşəlidir. Daxili çəkişmələr xanlığı zəiflədirdi. Hüseynəli xanın (1764 — 83) hakimiyyəti illərində xanlığın zəifləməsindən istifadə eləyən gürcülər 1765 və 1769-cu illərdə İrəvan xanlığına hücum edib onu taladılar. 1779-cu ildə Kartli-Kaxeti (Şərqi Gürcüstan) çarı II İrakli bu xanlığa yürüş etmiş və bundan sonra -1780-ci ildən İrəvan xanlığı gürcü çarına xərac verməyə başlamışdı. Az sonra Hüseynəli xan xərac ödəməkdən imtina elədi. 1783-cü ildə Georgiyevsk traktatı imzalandıqdan sonra İrakli rus qoşunlarının köməkliyi ilə İrəvan xanlığında Hüseynəli xanın qardaşı Məhəmməd Həsən xanı hakimiyyətə gətirməyə cəhd göstərdi. Lakin İrəvanda başlanmış üsyan nəticəsində qardaşların hər ikisi öldürülmüş və Hüseynəli xanın oğlu Qulaməli xan (1783 — 85) hakimiyyətə gəlmişdi. 1785-ci ildə Qulaməli xan İraklinin təşkil etdiyi saray çevrilişi nəticəsində öldürüldü, hakimiyyət isə onun qardaşı Əliməhəmməd xana keçdi.
İrəvan xanlığının erməni əhalisinin çoxu Qarabağ məlikləri ilə razılığa gəlib Qafqazda xristian dövləti yaratmağa çalışırdı. Bu məqsədlə ermənilər dəfələrlə Rusiya imperatriçəsi II Yekaterinaya müraciət etmişdilər. 1785 — 86-cı illərdə zəifləmiş İrəvan xanlığı avar xanı Umma xanın yürüşlərinə məruz qaldı. 1787-ci ildə Qarabağ, avar və Xoy xanları İrəvan xanlığına yürüş hazırladılar. Ağa Məhəmməd xan Qacarın Ön Qafqaza yürüşü zamanı İrəvan şəhəri 35 günlük mühasirədən sonra 1795-ci ilin avqustunda İran qoşunları tərəfindən tutuldu, irəvanlı Məhəmməd xan həbs edildi. Ağa Məhəmməd xan İrəvan xanlığının idarəsini Əliqulu xana tapşırdı. Ağa Məhəmməd şahın 1797-ci ildə öldürülməsindən sonra yerli əhali Əliqulu xanı qovdu və az sonra yeni İran şahı tərəfindən azad edilmiş Məhəmməd xan yenidən İrəvan xanı oldu. 1806 — 12-ci illər Rusiya — Türkiyə müharibəsi zamanı rus qoşunları general Qudoviçin başçılığı ilə 1807-ci ildə Gümrü şəhəri yaxınlığında türkləri məğlub etdilər. 1808-ci ilin sentyabr — oktyabrında Eçmiədzini və Naxçıvanı tutan rus qoşunları İrəvanı mühasirəyə aldılar. Lakin İrəvanın 1809-cu il mayın ortalarınadək davam edən mühasirəsi rus qoşunları üçün uğursuz oldu. Abbas Mirzənin başçılıq etdiyi İran qoşunları Qarababa kəndi yaxınlığında rus qoşunlarını dağıdıcı məğlubiyyətə uğratdılar və bunun nəticəsində Qudoviç istefaya çıxdı. 1810-cu ilin iyununda general Kotlyarevskinin başçılığı ilə rus qoşunlarının bir dəstəsi gərgin döyüşlər nəticəsində strateji cəhətdən mühüm olan Mehri rayonunu ələ keçirdi. 1813-cü il Gülüstan müqaviləsinin şərtlərinə görə, İrəvan və Naxçıvan xanlıqları İranın nüfuz dairəsində qaldılar. İkinci Rusiya — İran müharibəsi zamanı 1827-ci ildə general Paskeviçin başçılığı ilə rus qoşunları İrəvanı uğursuz mühasirəyə aldı. Abbas Mirzənin Cavanbulaq yaxınlığında məğlub olmasından sonra rus qoşunları 1827-ci il sentyabrın 20-də Sərdarabad qalasını tutdular. Paskeviç Həsən xana İrəvanı təslim etməsi təklifi ilə məktub göndərdi, amma Həsən xan ona belə cavab verdi: «Son nəfəsimədək ruslarla vuruşacağam». Savaşın qızğın çağında İrəvan qalasının şimal qapılarını açan ermənilər rus qoşunlarını içəri buraxdılar. 1827-ci il oktyabrın 1-də rus qoşunları İrəvanı ələ keçirdilər. Bu bədbəxtliyin sayəsində Paskeviçin general tituluna "İrəvanlı" sözü əlavə edildi. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, İran İrəvan xanlığının Rusiya imperiyasına birləşdirilməsinə razı oldu. Türkmənçay müqaviləsi Rusiya tərəfindən tutulan Azərbaycan ərazilərini İrandan erməni ailələrinin köçürülməsi obyektinə çevirdi. Bir qədər sonra Naxçıvan və İrəvan xanlıqları ləğv edildi, onların ərazilərində isə ruslar tərəfindən «Erməni vilayəti» adlandırılan qurum yaradıldı.
İrəvani Mirzə Qədim (1825 — 79) — görkəmli Azərbaycan rəssamı, İrəvanda doğulmuşdur. İncəsənətin sirlərini atasından öyrənmişdir. İbtidai təhsil aldıqdan sonra təhsilini Tiflisdə davam etdirmişdir. 1840-cı illərdə İrəvana qayıtmış, dövlət qulluğu ilə yanaşı, rəssamlıqla məşğul olmuşdur. İrəvaninin yaradıcılığı divar naxışları və sərgilər üçün ipək və qızıl saplarla (güləbətin üslubu ilə) işlənmiş şəkil və trafaretlərlə xarakterizə olunur. İrəvani həmçinin Azərbaycan rəssamlığında ilk dəzgah əsərlərini yaratmış, İrəvan sərdarı Hüseynqulu xanın sarayının yay zalının divarlarında yağlı boya ilə bir neçə portret çəkmişdir. Onun əsas əsərləri «Gənc oğlan», «Oturmuş qadın», «Abbas Mirzə», "Şah Tələt" portretləridir.
irqlər — «ağıllı insan» növünün müasir bəşəriyyətdə təmsil olunmuş bölgüləri. İrqlər mənşə birliyi və müəyyən yayılma sahəsi ilə bağlı olub, ümumi irsi xüsusiyyətlərlə səciyyələnir. İnsan irqlərinin üç əsas qrupu fərqləndirilir: avropoid, neqroid, monqoloid.
irriqasiya (suvarma) sistemləri — kanallar, kəhrizlər və s. tikililərin vasitəsilə suyu toplama və paylaşdırma sistemi. İlk suvarma sistemləri Qədim Şərqdə meydana gəlmişdir. Azərbaycanda suvarma sistemləri tunc dövründə yaranmışdır.
irtica -1) ictimai tərəqqiyə fəal müqavimət göstərilməsi. İnqilabi-demokraük hərəkatla mübarizədə şantaj, özgə cür fikirləşənlərin təqib edilməsi, əhalinin əsas kütləsinə qarşı terror keçirilməsi şəklində təzahür edir. Aydın ifadə olunan təcavüz xarakteri daşıyır; 2) köhnəlmiş, vaxtı ötmüş ictimai qayda-qanunların saxlanılması üçün qurulmuş siyasi rejim.
irticaçı — irtica siyasət, köhnə qaydalara qayıtmaq tərəfdarı; mövcud quruluşu saxlamaq uğrunda mübarizə aparan, bütün yeniliklərə, mütərəqqilərə qarşı çıxan adam; əksinqilabçı.
İsa — bax: İisus Xristos.
İsida — Qədim Misir dinində ən mühüm ilahələrdən biri. İsida Osirisin bacısı və arvadı, Qorun anası hesab edilirdi. İsida bərəkət, su, külək ilahəsi, qadınlıq rəmzi və ailə sədaqəti ilahəsi, dənizçilik ilahəsi, allahların və insanların müdafiəçisi və ölümdən xilaskarı sayılırdı. İsida inək başlı, yaxud buynuzlu qadın surətində təsvir olunurdu. İsidaya sitayiş Suriya, Kiçik Asiya, Qədim Yunanıstan və Qədim Romada da yayılmışdı. İsidaya sitayiş xristianlığa böyük təsir göstərmişdi. İsidanın qolları arasındakı körpə Qor ilə təsviri xristianlıqda Məryəm ananın təsvirinin yaradılmasına təsir etmişdir.
İsgəndəriyyə mayakı — Misir İsgəndəriyyəsi yaxınlığında, Faros adasında yerləşən mayak. İsgəndəriyyə mayakı qədimdə «dünyanın yeddi möcüzəsi''ndən biri hesab olunurmuş. Mayak gəmilərinin Misir İsgəndəriyyəsi limanlarına təhlükəsiz yanaşmaları məqsədi ilə tikilmişdi. Faros adasını sahillə uzunluğu 750 m olan süni tökülmüş yol birləşdirmişdi. Mayakın inşası tanınmış memar Knidli Sostrata həvalə olunmuşdu. E.ə. 280-ci ildə mayakın tikintisi başa çatdırıldı. İsgəndəriyyə mayakı hündürlüyü 120 m-dək olan, qayalar üzərində salınmış üçmərtəbəli qüllədən ibarət idi. Qüllənin günbəzində dəniz allahı Poseydonun 7 m-lik heykəli qoyulmuşdu. Mayakın günbəzində işığı metal güzgülər sistemi ilə artırılan və güman edildiyinə görə, 50 — 60 km məsafədən dənizçilərin görə bildiyi od yanırdı. İsgəndəriyyə mayakı eyni zamanda içərisində boyük döyüşçü qarnizonu yerləşən qala idi.
islahat — mövcud quruluşun əsaslarının saxlanılması şərti ilə ictimai həyatın (təsisatın, qaydaların) hər hansı bir tərəfini dəyişdirmək, yeniləşdirmək.
islam — dünyanın bütün ölkələrində davamçıları olan üç dünyəvi dindən biri. Dinin ərəbcə adı — əl-islam „özünü Allaha tabe etmək“, „itaət etmək“ mənasını verir. Bu dinin davamçıları müsəlman adlanırlar. İslam Ərəbistan yarımadasında cəmiyyətin inkişafının sosial-ideoloji hadisə kimi tarixi nəticəsi idi. Onun meydana gəlməsi dini planda ondan əvvəl mövcud olan dinlərin — zərdüştilik, iudaizm və xristianlığın təsiri və inkişafı ilə, eləcə də ərəb qəbilələrinin dini şüurlarının özünəməxsus tərzdə təkamülü ilə bağlı idi. V — VI əsrlərdə Ərəbistan yarımadasının cənubunda və şimalında mövcud olan qədim dövlətlər dağıldı, bu dövlətlərin iqtisadi həyatının əsası olan tranzit ticarət zəiflədi, ticarət şəhərləri tənəzzülə uğradı. Eyni zamanda, vahələri, səhralar ətrafındakı əkinçiliyə yararlı əraziləri əllərinə keçirən və onları otlaqlara çevirən köçəri bədəvilərin qüdrəti artdı. Bir sıra ərəb torpaqları qonşu dövlətlər — Sasanilər İranı, Bizans imperiyası və Efiopiya tərəfindən zəbt edildi. Tabe etdirilmiş ərəb qəbilələrinin İran və Bizans arasındakı müharibələrdə iştirak etmələri onlara bu əzəmətli imperiyaların zəifliklərini görməyə imkan verdi. Nəsli icmanın dağılması qəbilələr, köçərilər və oturaqlar arasındakı ziddiyyətləri kəskinləşdirdi. Bu, köhnə allahlarının çoxundan ümidini üzən ərəblərin mənəvi axtarışlarına şərait yaratdı. Eyni zamanda, Ərəbistan yarımadasında həmişə aparıcı olan köçərilərin indi oturaqlarla dinc yanaşı yaşamalarını təmin edən bir sıra yeni tipli dövlətlər yaranırdı; köçəri qəbilələrin və şəhər əhalisinin yeni ittifaqları meydana gəlirdi; daxili ticarət əlaqələri güclənirdi, Məkkə və başqaları kimi, yeni ticarət mərkəzləri yüksəliş dövrü keçirirdilər. Ərəbistanda tez-tez baş verən qəbilələrarası müharibələrdə „haram“ adlandırılan „qoruq ərazilər“in — sığınacaq hüququna malik olan müqəddəs ziyarətgah və ticarət mərkəzlərinin xüsusi əhəmiyyəti var idi. Qəbilə inancları arasında ümumərəb əhəmiyyətə malik olanları — Allah, al-Lat, al-Üzza və Mənat da var idi. Ərəbistanda iudaizm və xristianlıq da yayılmışdı. Çoxallahlılığı inkar edən və tək olan Allaha inanan, iudaizm və xristianlıqdan xəbərləri olan, lakin onları qəbul etməyən adamlar da var idi və özlərini „həniflər“ adlandırırdılar. Ərəb dili və ərəb özünüdərk elementləri geniş yayılmışdı. Lakin nəsli icmaların dağılması əmlak və sosial bərabərsizliyin daha aydın şəkildə təzahürünə səbəb oldu. İctimai dəyişikliklərin ideoloji cəhətdən əsaslandırılmasına olan ehtiyac Ərəbistanda şəhərləri və qəbilələri xarici düşmənlərə müqavimət göstərə bilmək məqsədi ilə birləşdirməyə cəhd göstərən qüvvələrin formalaşmasına gətirib çıxardı. Onlara öz fəaliyyətlərini „ilahi“ vergilərlə əsaslandıran adamlar başçılıq edirdilər. Bu ilahi tək və vahid idi və Rəhman və Allah adlanırdı. Məhəmməd peyğəmbəri yamsılayan yalançı peyğəmbərlər haqqındakı rəvayətlərdə belə peyğəmbərlərin fəaliyyəti haqqında məlumatlar vardır. Məhəmməd peyğəmbər peyğəmbərlik hərəkatının başçılarından idi. Amma Məhəmməd peyğəmbər müstəsna şəxsiyyət olduğundan onun hərəkatı islamın yaranmasını tarixin en mühüm hadisələrindən birinə çevirən orijinal keyfiyyətlərə, mənəvi və siyasi qüvvəyə malik idi. Məhəmməd peyğəmbər bütpərəstlərin, zərdüştilərin, yəhudi və xristianların bildiklərini yenidən bəyan etmiş, təfsir və şərh etmiş, özü də bunu Allahın təkliyi haqqında ideyanın ilk vaxtlarda olduğu kimi bərpası şəklində təqdim etmişdi. Yəhudi və xristianların onun dinini qəbul etməkdən imtina eləmələri islamda ərəb elementlərinin artmasına səbəb oldu. Tədricən müsəlmanlarda xüsusi ehkam və adətlər, onların dinlərinin başqa dinlərdən fərqlənməsi duyğuları sistemi formalaşdı. İslam Ərəbistanın siyasi, iqtisadi və mədəni cəbətdən birləşməsinin başa çatdırılmasında mühüm amil oldu. Məhəmməd peyğəmbər 30-cu ildə Ərəbistanın böyük hissəsini öz hakimiyyəti altında birləşdirdi və həm dövlətin, həm də bütün müsəlmanların rəhbəri oldu. Məkkə müsəlman dininin mərkəzi, müsəlmanların „müqəddəs şəhər“i oldu. Məhəmməd peyğəmbərin ölümündən sonra ərərblər xəlifələrin başçılığı ilə işğalçı müharibələrə başladılar və möhtəşəm dövlət -Ərəb xilafəti yaratdılar. Xilafətin bütün ərazisində islam bəzi yerlərdə zorla, bəzilərində isə könüllü şəkildə tədricən yayıldı.
Məhəmməd peyğəmbərin vəfatından təxminən otuz il sonra hakimiyyət uğrunda mübarizə müsəlmanları iki əsas dini-siyasi qrupa — sünnilərə və şiələrə parçaladı, bir qədər sonra isə parçalanma daha kiçik qrupların — xaricilərin (xariciyyun — xəvaric), zahirilərin, mötəzililərin, müşəbbihlərin, əşərilərin, cəbrilərin, sifətilərin, nüsəyrilərin, xəttabilərin, həşşaşilərin və b.-nın əmələ gəlməsinə səbəb oldu. Bundan əlavə, dörd sünni — maliki, şafii, hənbəli, hənəfi və bir şiə — cəfəri — məzhəbi də yarandı. X — XI əsrlərin qovuşuğunda xəlifə əl-Qədirin bütün müsəlmanlar üçün ənənəvi islamı dövlət dini səviyyəsində məcburi olaraq qəbul etdirmək cəhdləri sünnilərlə şiələrin arasında ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb oldu. İslamın cərəyanları arasındakı ideya mübarizəsi sonrakı əsrlərdə də davam etmişdir. Qeyri-ərəb xalqları — farslar, türklər, bərbərlər və b. arasında islamın getdikcə daha da geniş yayılması isə onun yekcins olmadığını bir daha sübut edir. „Rəsmi“ islam özündə bir çox xalqların adət və ənənələrini birləşdirən „xalq“ islamından getdikcə daha da uzaqlaşdı. İslamın mücərrədliyi onun yeni ideyaları özünə cəlb etməsinə və onlara uyğunlaşmasına, eləcə də dəyişkən dünyada yaşama qabiliyyətli olmasına imkan yaratdı.
XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədərki illər islamın inkişafında mühüm dönüş dövrü olmuşdur. Şərq ölkələrinin ictimai həyatındakı dəyişikliklər — milli burjuaziyanın yaranması, milli Özünüdərkin və milli-azadlıq hərəkatının güclənməsi cəmiyyətdə islamın roluna olan baxışların dəyişməsinə gətirib çıxardı. İslamın dini-hüquqi normalarının XIX əsrin ortalarından başlanmış və indi də davam edən yeni tarixi şəraitə uyğunlaşması prosesini tarixçilər »müsəlman reformasiyası" adlandırırlar. Müsəlman məhkəmə sistemi və müsəlman hüquq sistemi böyük dəyişikliklərə məruz qaldı — şəriət məhkəmələrinin əhatə dairəsinin tədricən məhdudlaşması prosesi baş verdi. Eyni zamanda, müsəlman hüquq normaları dəqiqləşdirilir, bəzi ölkələrdə şəriətlə nəzərdə tutulmayan cinayət kodeksləri qəbul edilir. Müsəlman ölkələrində sərmayə sahibliyinin (kapitalist işgüzarlığının) genişlənməsi nəinki şəriət qaydalarına yeni düzəlişlər edilməsinə (məs.: sələm faizinin alınması haqqında qadağaya, o cümlədən bank yatırımlarına münasibətdə), hətta bir sıra ənənəvi prinsiplərin (məs.: ticarət əməkdaşlığı prinsiplərindən olan müşarik və kiradın) inkişafına səbəb olmuşdur. İslahatçı-reformatorlar təklif edirdilər ki, Qərbin elmi-texniki nailiyyətlərinə yiyələnmək məqsədi ilə islamı müasirləşdirmək lazımdır, amma ənənəçilər dinin və erkən islamın dəyərlərinin bərpa edilməsi uğrunda mübarizə aparır və hər cür yeniliyin əleyhinə çıxırdılar. Bütün müsəlmanların bərabərliyi haqqında mövcud olan ənənəvi islam qanunu panislamizm ideyasında — bütün müsəlmanların azad edilməsi və vahid islam dövlətinin yaradılmasında formalaşır. Şiələr arasında meydana çıxan dini-siyasi hərəkatlar (məs.: babizm) sektantçı icmaların yaranmasına gətirib çıxarmışdır. Çox hallarda müstəmləkəçilik əleyhinə çıxışlar da onların rəhbərlərinin «məhdi» — «Allahın elçisi» elan olunmaları ilə müşayiət edilirdi. XIX əsrin sonları, xüsusilə də XX əsrin əvvəllərində islamın reformasiyası uğrunda hərəkat geniş vüsət alır. Lakin hərəkat tərəfdarları bir tərəfdən ənənəvi islamçıların, digər tərəfdənsə dünyəvi cəmiyyətin inkişafı tərəfdarlarının ciddi müqavimətlərinə rast gəlirlər. Eyni zamanda, beynəlxalq islam hərəkatı təşəkkül tapır — 1926-cı ildə ilk beynəlxalq müsəlman təşkilatı — Ümumdünya islam konqresi (Mutəmər əl-aləm əl-islami) yaradılır.
XX əsrin ikinci yarısı islamın tarixində keyfiyyətcə yeni bir mərhələdir. Müstəqil müsəlman dövlətlərinin yaranması islam qarşısında yeni problemlər yaratdı. Bu, ilk növbədə azad olmuş dövlətlərin inkişaf yolu seçimi ətrafında başlanmış mübarizədə özünü açıq büruzə verdi. Müsəlman ictimai xadimləri müsəlman dövlətləri üçün yeganə məqbul sayılacaq xüsusi inkişaf yolu tezisini irəli sürürlər. Bu tezis əsasında müasir şəraitdə dünyəvi və dini hakimiyyətin qovuşa biləcəyi, gəlirlərin ədalətlə bölünməsi prinsiplərinin, iqtisadiyyatın şəriət qaydalarına görə tənzimlənməsi və s.-nin nəzərdə tutulduğu cəmiyyətin təşkilinin ənənəvi islam modelində “islam dövləti” konsepsiyası yaradılır. “İslam dövlət” konsepsiyası hazırda İran, Pakistan və s. dövlətlərdə öz təzahürünü tapmışdır. Müasir islam davamçılarının sayına görə ikinci (bəzi tədqiqatçıların fikrincə, birinci) dünyəvi dindir. Təxmini hesablamalara görə, 120-dən artıq ölkədə yaşayan dünya müsəlmanlarının ümumi sayı 1 milyard 200 milyon nəfərdən artıqdır (onların 85 — 90%-i sünnidir) və müsəlmanların 2/3 hissəsindən çoxu Asiya ölkələrində, 1/3-nə qədəri Afrikada (qitə əhalisinin təxminən yarısı) yaşayır. Asiya ilə Afrikanın 28 ölkəsində islam rəsmi dövlət dini kimi qəbul edilib. Mütləq sayına görə nisbətən ən böyük müsəlman icmaları İndoneziya, Hindistan, Pakistan və Banqladeşdə yaşayır. Avropada (Bosniya və Herseqovina, Albaniya, Böyük Britaniya, AFR, Fransa və s.), Amerikada (ABŞ, Kanada, Argentina, Braziliya, Qayana, Surinam və s.), eləcə də Avstraliyada xeyli müsəlman yaşayır. Keçmiş SSRİ-nin Orta Asiya respublikalarının hamısında — Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Türkmənistanda və Tacikistanda müsəlmanlar mütləq çoxluq təşkil edirlər. Azərbaycanın əhalisinin çoxu müsəlmandır, özü də Azərbaycanda həm şiələr (burada çoxluq təşkil edirlər), həm də sünnilər təmsil olunurlar.
Bir çox müsəlman ölkələrində müsəlman partiyaları siyasi və ictimai həyatda mühüm rol oynayırlar. Bir sıra ölkələrdə Quranı tədris edən məktəb və mədrəsələr, müsəlman universitetləri fəaliyyət göstərir. İslam bankları və sığorta şirkətləri də mövcuddur. Bəzi müsəlman ölkələrində şəriət məhkəməsi qaydaları bərpa olunmuşdur. XX əsrin 70-ci illərinin sonları — 80-ci illərinin əvvəllərində beynəlxalq məsələlərdə beynəlxalq müsəlman təşkilatları (istər hökumət, istərsə də qeyri-hökumət təşkilatlan) müəyyən həlledici rol oynamağa başladılar. Bunlardan daha əhəmiyyətlisi 1969-cu ildə yaradılmış İslam Konfransı Təşkilatıdır (Münəzzəmət əl-mütəmər əl-islami). Müsəlman ölkələri bu təşkilatda dövlət və hökumət başçıları ilə təmsil olunurlar. Azərbaycan Respublikası da İslam Konfransı Təşkilatının üzvüdür. İKT islam həmrəyliyinin həyata keçirilməsinə yönəlmiş fəaliyyətini qərargahı Ciddə şəhərində yerləşən Baş Katiblik və bir sıra ixtisaslaşdırılmış təşkilatlar — İslam İnkişaf Bankı, Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı və s. vasitəsilə həyata keçirir.
İsmayıl I (1487 — 1524) — Şeyx Heydərin və Uzun Həsənin qızı Aləmşah (Marta) bəyimin oğlu, sərkərdə, Səfəvilər dövlətinin banisi və şahı (1501 — 24), şair. Yeniyetmə Çağlarında Ağqoyunlu padşahı Rüstəm tərəfindən təqib olunan İsmayıl Gilanda gizləndi və burada da qızılbaşlar qoşununu topladı. 1499-cu ilin avqustunda İsmayıl Ərdəbilə qayıtdı və ona sədaqətli olan tayfaları toplamağa başladı. İsmayılın 1500-cü ildə birinci yürüşü şirvanşah Fərrux Yassara qarşı yönəlmişdi. Heç bir müqavimətsiz Şamaxını tutan İsmayıl 1500-cü ilin sonlarında Gülüstan qalası yaxınlığında şirvanşahın qoşunlarını məğlub etdi, Fərrux Yassar döyüşdə həlak oldu. Qızılbaşların qoşunu Bakını mühasirəyə aldılar, lakin onu tuta bilmədilər. İsmayılın özü də Bakıya doğru hərəkət etdi, qala divarları altından lağım atmağı əmr etdi; divarların bir hissəsi uçdu və qızılbaşlar yaranmış yarıqdan şəhərə soxuldular. Bakı talan edildi, şirvanşahların xəzinəsi İsmayılın əlinə keçdi. Sonra qızılbaşlar Gülüstan qalasında möhkəmlənmiş Şirvan qoşunlarının qalıqlarını mühasirəyə aldılar, amma Ağqoyunlu padşahı Əlvənd Mirzənin ona qarşı hücuma keçdiyini eşidən İsmayıl mühasirədən əl çəkdi və qoşunlarını rəqibi istiqamətinə yeritdi. 1501-ci ilin ortalarında Şərurda baş verən döyüşdə İsmayıl rəqibin üstün qüvvələrini darmadağın edib böyük qənimət ələ keçirdi. 1501 -ci ilin payızında İsmayıl Təbrizə daxil oldu və özünü Azərbaycan Səfəvilər dövlətinin şahı elan etdi. 1503-cü il iyunun 21-də Həmədan yaxınlığındakı savaşda I Şah İsmayıl düşmən döyüşçüləri ilə təkbətək döyüşə girib digər Ağqoyunlu padşahı Muradın qoşunlarını darmadağın etdi və Ağqoyunlu dövlətinin varlığına son qoydu. Bu qələbədən sonra I Şah İsmayıl İraq-i Əcəmi, Qum, Kaşan, İsfahan, Yəzd və Kirmanı özünə tabe etdi. 1506-cı ildə qızılbaşlar Urmiya gölü yaxınlığında üsyan etmiş yezidi kürdlərini darmadağın etdilər. I Şah İsmayıl 1508-ci ildə Xorasandan başqa, demək olar ki, bütün İranı, Ermənistanı və İraq-i Ərəbi, habelə Kiçik Asiyada Diyarbəkir, Xilat, Bitlis və Ərciş vilayətlərini özünə tabe etdi. I Şah İsmayılın Kiçik Asiyada vuruşduğu vaxtlarda özbək hakimi Şeybani xan Xorasanı utdu, lakin 1510-cu il sentyabrın 1-də I Şah İsmayıl özbək qoşunlarını darmadağın elədi, Şeybani xanın özü də savaşda həlak oldu. Beləliklə, Xorasan vilayəti də Səfəvilər dövlətinə birləşdirildi. I Şah İsmayılla müharibəyə hazırlaşan Osmanlı sultanı I Səlim Avropa dövlətləri ilə sülh bağladı və Kiçik Asiyada Səfəvilərin davamçıları olan 40 mindən artıq şiəni qətlə yetirdi. 1514-cü ilin yazında sultan I Səlim Azərbaycana yürüşə başladı və Çaldıran çölünədək gəldi. I Şah İsmayılın müşavirləri ona təklif etdilər ki, gecə ikən düşmənə hücum etsinlər ki, osmanlılar malik olduqları top-tüfəng üstünlüklərindən istifadə edə bilməsinlər. Amma I Şah İsmayıl belə cavab verdi: «Mən gecələr tacir karvanına basqın eləyən quldur deyiləm. Qoy Allahın iradəsi necədirsə, elə də olsun!». 1514-cü il avqustun 23-də qanlı Çaldıran savaşında fədakarlıqla vuruşan qızılbaş qoşunları top atəşi ilə doğranıb töküldü. Döyüş meydanında yaralanan I Şah İsmayıl sağ qalmış döyüşçüləri ilə mühasirədən çıxa bildi. Çaldıran döyüşündə məğlubiyyət nəticəsində İsmayıl Kürdüstanın çox hissəsini itirdi. 1516-cı ilin əvvəllərində osmanlılar Koçhisar yaxınlığında yenidən qızılbaşlar üzərində qələbə çaldılar, I Şah İsmayıl Kiçik Asiyadakı torpaqlarını itirdi, Osmanlı qoşunları Azərbaycana daxil oldu. Osmanlılar Xoy, Mərənd və Təbrizi tutdular, lakin az keçməmiş onları tərk etdilər və bir neçə min sənətkarı özləri ilə apardılar.
I Şah İsmayıl təkcə dövlət xadimi və sərkərdə deyil, həm də «Xətai» təxəllüsü ilə Azərbaycan dilində yazıb-yaradan şair idi. Onun qəzəlləri, «Dəhnamə» («On məktub») adlı epik poeması, «Nəsihətnamə»si xüsusilə geniş yayılmışdır. Xətai ruhən xalq şairi idi; onun şerlərinin çoxu bayatılardan fərqlənmir. Xətainin yaradıcılığı bütün türkdilli poeziyanın inkişafına təsir göstərmişdir. I Şah İsmayılın ölümündən sonra onun oğlu I Təhmasib Səfəvilərin şahı oldu.
İstanbul (keçmiş Konstantinopol) -1453-cü ildən 1918-ci ilə qədər Osmanlı imperiyasının paytaxtı, 1918 — 23-cü illərdə Türkiyənin paytaxtı. Sonralar paytaxt Ankaraya köçürülmüşdür. İstanbul Türkiyənin ən böyük şəhəridir, ölkənin əsas ticarət, sənaye və mədəni mərkəzidir. Əhalisi 11 mln. nəfərə yaxındır. 1973-cü ildə Bosfor boğazı üzərindən İstanbulun Asiya və Avropa hissələrini birləşdirən 1560 m uzunluğunda asma körpü salınmışdır.
İstanbul müqaviləsi (1590) — Səfəvilər dövləti ilə Osmanlı imperiyası arasında 1590-cı il martın 21-də İstanbulda bağlanmışdır. Bu müqavilənin şərtlərinə görə, Ermənistan, Gürcüstan və Azərbaycanın çox hissəsi (Qaradağ, Ərdəbil və Talış əyalətləri istisna edilməklə) Türkiyə sultanının hakimiyyəti altına keçirdi. I Şah Abbas Səfəvi Azərbaycanı osmanlılardan yalnız 1607-ci ildə geriyə ala bildi.
İstanbul müqaviləsi (1612) — Səfəvilər dövləti ilə Osmanlı imperiyası arasında 1612-ci il oktyabrın 17-də İstanbulda imzalanmışdır. 1612-ci il İstanbul müqaviləsi, demək olar ki, 1555-ci il Amasya müqaviləsinin şərtlərini təsdiq etdi. Həmin müqavilənin şərtlərinə görə, bütün Azərbaycan, Gürcüstan və Ermənistanın böyük hissəsi, eləcə də Kürdüstan Səfəvilərin hakimiyyəti altında qalırdı.
İstanbul müqaviləsi (1724) — Osmanlı imperiyası ilə Rusiya imperiyası arasında 1724-cü il iyunun 12-də imzalanmışdır. Bu müqavilə Xəzərsahili vilayətlərin Rusiyaya birləşdirilməsi haqqında 1723-cü il Peterburq müqaviləsinin şərtlərini təsdiq edirdi. Rusiya da öz növbəsində Azərbaycan ərazilərinin qalan hissəsində Osmanlıların hakimiyyətini tanıyırdı. Şirvan daxili məsələlərdə müəyyən muxtariyyət alırdı, lakin Şirvanda nizam-intizamın pozulması hallarında Rusiyanın razılığı ilə Osmanlı qoşunları buraya daxil edilə bilərdi.
istehsal münasibətləri — istehsal prosesində formalaşan münasibətlər.
istehsal təsərrüfatı — insanın öz varlığını təmin etmək üçün ərzaq istehsal etməsi. Mənimsəmə (istehlak) təsərrüfatından istehsal təsərrüfatına keçid əkinçilik və maldarlığın meydana çıxması ilə, yəni 10 min il əvvəl — neolit dövründə baş vermişdir. Əvvəllər istehsal təsərrüfatı mənimsəmə (istehlak) təsərrüfatı ilə yanaşı mövcud idi.
istehsal üsulu — məhsuldar qüvvələrlə istehsal münasibətlərinin məcmusu.
istehsal vasitələri — əmək cisimləri və əmək vasitələrinin məcmusu. Torpaq və meşələr də istehsal vasitələrinə aiddir.
istehsalın təmərküzləşməsi — iri sənaye müəssisələrinin sayının artması və cəmiyyətdə mövcud olan istehsal vasitələrinin, işçi qüvvəsi və məhsulun əksəriyyətinin onlarda cəmləşməsi. İstehsalın təmərküzləşməsinin şərti kapitalın təmərküzləşməsidir.
istismar — istehsal vasitələri olan adamların başqa adamlar tərəfindən həmin vasitələrlə istehsal etdikləri məhsulun bir hissəsini mənimsəmələri.
istismar olunan — başqaları tərəfindən işlədilən, istismar edilən adam. istismarçı — başqa adamları istismar edən adam.
işğal — hərbi qüvvələr vasitəsilə bir dövlətin və ya dövlətlərin digər dövlətin ərazisini müvəqqəti tutması. İşğal zamanı işğal olunan dövlətin hakimiyyəti praktik olaraq dayandırılır, ərazinin inzibati idarəsi işğalçı qoşunların hərbi komandanlığı tərəfindən həyata keçirilir.
İşğalçı Vilhelm — 1035-ci ildən Fransanın şimal-qərbindəki Normandiya vilayətinin hersoqu. 14 oktyabr 1066-cı ildə İngiltərəyə soxulmuş və Hastinqs yaxınlığındakı savaşda İngiltərə kralı II Haroldu məğlubiyyətə uğratmışdır. İngiltərənin ilk Normand kralı (1066 — 87) olmuşdur.
işsizlik — obyektiv iqtisadi qanunların təsiri nəticəsində zəhmətkeşlərin bir qisminin işsizliyinə gətirən sosial hadisə. İqtisadi böhranlar zamanı işsizlik kəskin şəkildə artır, zəhmətkeşlərin bir hissəsi işsiz qalır.
İştar — şumerlərin, babillilərin və assurların məhəbbət, bərəkət, müharibə və ovçuluq ilahəsi. Finikiyalılardakı Astartaya uyğun gəlir. Venera planeti İştarın mücəssəməsi hesab edilirdi.
İtil (İdil) — 1) orta əsr ərəb və fars mənbələrində Volqa çayının adı. Hazırda tatar, başqırd, çuvaş və bir sıra türkdilli xalqlarda İdil adından istifadə olunur; 2) İtil şəhəri (müasir Həştərxanın yaxınlığında) — VIII — X əsrlərdə Xəzər xaqanlığının paytaxtı. İtildə xəzərlər, xarəzmlilər, türklər, slavyanlar, farslar yaşamışlar. Şəhərin əhalisi islama, iudaizmə, xristianlığa etiqad etmiş, aralarında bütpərəstlər də olmuşdur. İtildə 30 məscid, məktəblər, bazarlar olmuşdur. İtil iri karvan ticarəti mərkəzlərindən olmuşdur. İtil 965-ci ildə Kiyev knyazı Svyatoslav tərəfindən tutulub dağıdılmışdı.
"İttifaq" — 1905-ci ilin sonunda Bakıda yaranmış təşkilat. Ona Şərifzadə və Cuvarlinski başçılıq edirdilər. "İttifaq" təşkilatının məqsədi azərbaycanlıların ruslar və ermənilər tərəfindən qırğınına qarşı əhalini birləşdirmək idi.
"İttifaqi-müslimin" (“Müsəlmanlar ittifaqı”) — 1905-ci il avqustun 15-də Nijni Novqorodda keçirilmiş I Ümumrusiya müsəlmanlarının qurultayında "İttifaqi-müslimin" partiyasım yaradılması haqqında qərar qəbul edildi. 1905-ci il 17 oktyabr çar manifestinin bəyan edilməsindən sonra partiyanın yaradılması reallığa çevrildi. Əlimərdanbəy Topçubaşov və Əhməd bəy Ağayev Əbdürrəşid İbrahimovla birlikdə "İttifaqi-müslimin" partiyasının nizamnamə və proqramını hazırladılar. Ümumrusiya müsəlmanlarının 1906-cı il yanvarın 15 — 21-də Peterburqda keçirilən II qurultayında "İttifaqi-müslimin" partiyasının nizamnamə və proqramı müzakirə edilib qəbul olundu. Proqramda bütün türkdilli xalqları müstəmləkəçi Rusiya imperiyasına qarşı mübarizədə «vahid ailə»də birləşdirmək məqsədi irəli sürülürdü. Ümumrusiya müsəlmanlarının 1906-cı il avqustun 16 — 23-də Nijni Novqorodda keçirilən III qurultayında "İttifaqi-müslimin" partiyasının iqamətgahı Bakıda olan Mərkəzi Komitəsi yaradıldı. Bu isə öz növbəsində Rusiya imperiyasının türkdilli xalqlarının ziyalıları arasında Azərbaycan nümayəndələrinin nüfuzunun yüksəlişinə dəlalət edirdi. Qurultayda imperiyanın türkdilli bölgələrində yeni tipli məktəb yaradılması, icbari ibtidai təhsilə keçilməsi, ana dilində dərs verilməsi, mədrəsələrin yenidən qurulması, Bakıda, Kazanda, Baxçasarayda və s. yerlərdə pedaqoji institutların açılması problemləri müzakirə edildi.
iudaizm — təxminən e.ə. XV əsrdə meydana çıxmış qədim monoteist (təkallahlı) dinlərdən biri.
iudey — iudaizmin davamçısı. İudaizm əsasən yəhudilər arasında yayılmışdır, lakin yəhudilər kimi, iudaizmin davamçıları da bütün dünyaya yayılmışlar.
İvan IV Vasilyeviç Qroznı (1530 — 84) — «bütün Rus»un böyük knyazı (1533-cü ildən), ilk rus çarı (1547-ci ildən). XVI əsrin 40-cı illərinin sonlarından «Seçmə rada»nın köməyi ilə hökmdarlıq etməyə başlamışdır. Onun dövründə Zemstvo yığıncağı çağırılmış, 1550-ci il Sudebniki tərtib edilmişdir. İdarəçilik və məhkəmə islahatları keçirmişdir. 1552-ci ildə Kazan və 1556-cı ildə Həştərxan xanlıqlarını zəbt etmişdir. Çar hakimiyyətini möhkəmləndirmək və dövlətin mərkəzləşdirilməsini gücləndirmək məqsədi ilə 1565-ci ildə opriçnina tətbiq etdi. Onun dövründə Livoniya müharibəsi (1558 — 83) baş vermiş və Rusiya məğlubiyyətə uğramışdır. IV İvan Qroznının zamanında İngiltərə ilə əlaqə yaradılmış (1553), Moskvada ilk mətbəə açılmış, Yermak tərəfindən Sibir xanlığının işğalına başlanılmışdır. IV İvanın daxili siyasəti kütləvi repressiyalarla və kəndlilərin təhkimçiliyinin güclənməsi ilə müşayiət edilirdi.
iyerarxiya — hakimiyyətdə aşağı pillələrin yuxarılara ciddi tabeçiliyi qaydası.
«iyirmi doqquz bəhmən üsyanı» -1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən birində — Qum şəhərində nümayişin dağıdılması zamanı polis silah işlətmişdir. Qum hadisələrinin 40-cı günü — 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu, «29 bəhmən üsyanı» adı ilə tarixə düşdü. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur etdi. Hökumət tələsik nizami ordu qüvvələrini nümayişçilərə qarşı göndərdi. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb oldu. Nümayiş böyüyüb üsyana çevrildi; ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak etdilər. Ağac, daş, yandırıcı maddə doldurulmuş butulkalarla silahlanmış üsyançılar silahlı polisə və qoşunlara qarşı çıxış etdilər, sonra isə dövlət müəssisələrini, bankları, mehmanxanaları, kinoteatrları dağıtmağa başladılar. Fevralın 19-da şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərdi və üsyan amansızcasına yatırıldı: 2 minədək adam öldürüldü və yaralandı. Tarixçilərin bəzilərinin fikrincə, məhz «29 bəhmən üsyanı» «islam inqilabı „nın başlanğıcı hesab edilməlidir.
iyrənc (mənfur) — özünə qarşı mənfi münasibət oyadan; son dərəcə xoşagəlməz, arzuedilməz, qeyri-məqbul.
İzirtu — “çar şəhəri», Mannanın paytaxtı. Alimlərin fikrincə, İzirtu şəhəri və qalası Cənubi Azərbaycandakı müasir Ziviyə şəhərinin yaxınlığında yerləşirmiş. Mannanın paytaxtı İzirtu da digər Manna şəhərləri kimi müdafiə xarakterli qala divarları ilə hasara alınıbmış. Şəhərdə iki və üçmərtəbəli binalar, güman edildiyinə görə, eləcə də məbədlər var imiş. E.ə. 716-cı ildə Assuriya hökmdarı II Sarqon İzirtunu tutub yandırmışdır, lakin tezliklə şəhər bərpa olunmuşdur. E.ə. 650-ci ildə Assuriya hökmdarı Aşşurbanapal yenidən İzirtunu tutub dağıtmışdır.
İzzəddin Həsənoğlu — XIII əsrin sonları — XIV əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. İzzəddin Azərbaycan dilində yazmış ilk şairlərdən biri hesab edilir. Əsas əsəri şerlər toplusu olan «Divan»dır.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: