xaqan — qədim türk xalqlarında (avarlarda, peçeneqlərdə, xəzərlərdə və b.) dövlət başçısının adı. VIII əsrin sonu — IX əsrin əvvəlində knyaz titulu ilə yanaşı, şərqi slavyanlarda (qədim rus tayfalarında) istifadə olunmuşdur. XIII əsrdən monqollar da bu termini işlədirdilər.
Xaqani — «Xaqani» təxəllüsü ilə yazıb-yaratmış böyük Azərbaycan şairi Əfzələddin İbrahim ibn Əli Nəccar Şirvani (1120 — 99). Xaqani Şamaxı yaxınlığındakı Məlhəm kəndində sənətkar ailəsində anadan olmuşdur. Onun qayınatası Əbül-üla Gəncəvi Xaqanini şirvanşah II Mənuçöhrün sarayına dəvət etmişdir. Lirik qəzəl («Divan») və qəsidə («Həbsiyyə») toplularında, «Töhfət ül-İraqeyn» poemasında feodal hökmdarların zülm və özbaşınalığını ittiham etmiş, azadlıq və əqli, əməyi, elm və poeziyaya məhəbbəti tərənnüm etmişdir. “Həbsiyyə” qəsidəsi Xaqani tərəfindən zindanda Mənuçöhrün varisi I Axsitanın onu atdırdığı Şabaran qalasında yazılmışdır. Ömrünün son illərini Məkkəyə etdiyi ikinci həcc ziyarətindən sonra köçdüyü Təbriz şəhərində keçirmiş və orada da vəfat etmişdir. Xaqaninin qəbirüstü daşı dövrümüzədək qalmışdır. Xaqaninin qəsidələri Azərbaycan, Mərkəzi Asiya və Yaxın Şərqin bir çox sonrakı şairləri üçün nümunə olmuşdur.
xaqanlıq — xaqanın başçılıq etdiyi qədim və orta əsrlərdə türk dövlətləri.
Xalxal — Azərbaycan Respublikasının Qazax rayonu ərazisində olmuş qədim şəhər. 450-ci ildə Xalxal yaxınlığındakı döyüşdə Vardan Mamikonyanın başçılıq etdiyi erməni, alban və gürcü üsyançı dəstələri Sasani qoşunlarını məğlubiyyətə uğratmışlar. Xalxali Nəsrulla — XVII əsr məşhur Azərbaycan riyaziyyatçısı.
xalq — 1) insanların təşəkkül tapan etnik birliyinin müxtəlif mərhələlərinə dair istifadə olunan geniş tarixi məfhum. Tayfa, xalq (kiçik etnik birliklər), millətin adlandırıldığı termin; 2) bir ölkənin, dövlətin əhalisi; 3) insanların etnik birliklərini bildirən termin. Bu mərhələ tayfa (tayfa ittifaqı) ilə millət arasında olan durumdur. Tarixin qədim və orta əsrlər dövrü üçün xarakterik hesab edilir.
Xalq cəbhəsi — geniş xalq kütlələrinin faşizmə və digər mürtəce qüvvələrə, müharibəyə qarşı, demokratiya, sosial tərəqqi və milli istiqlaliyyət, zəhmətkeşlərin iqtisadi mənafeləri uğrunda mübarizədə kütləvi təşkilat forması.
xalq yığıncağı — nəsil və qəbilədə bütün yetkin kişilərin — döyüşçülərin yığıncağı. Xalq yığıncağı ağsaqqalları və başçıları seçirdi. İlk vaxtlar qəbilənin ən mühüm işləri — hərb və sülh məsələləri, icma üzvləri arasındakı mübahisələr və s. xalq yığıncağında həll olunurdu, lakin sonralar — əmlak bərabərsizliyi meydana çıxdıqdan sonra ağsaqqalların, daha sonralar isə başçıların hakimiyyəti möhkəmləndi. Tədricən xalq yığıncaqları getdikcə daha az çağırıldı və indi onların həll etdikləri məsələlər məhdudlaşdırıldı. Bu zaman xalq yığıncaqları yalnız ağsaqqallar və başçıların etdikləri təklifləri təsdiq (və ya rədd) edə bilərdilər.
xalq tribunları — Qədim Romada e.ə. V əsrdən plebeylərdən seçilən (əvvəlcə iki, sonralar isə on nəfər) yüksək vəzifəli şəxslər. Tribunlar veto hüququndan istifadə edərək konsulların və senatın qərarlarını ləğv edə bilərdi. Tribunun öldürülməsi ən ağır dövlət cinayəti hesab olunurdu.
xalqçılıq — XIX əsr Rusiya demokratik ziyalılarının ideologiyası və hərəkatı. İnqilabçı xalqçılar kəndli inqilabı yolu ilə mütləqiyyəti devirmək və kapitalizmdən yan ötməklə kəndli icmasının köməyi ilə sosializmə keçmək tərəfdarı idilər.
"xalqların böyük köçü" — III — VII əsrlərdə tayfaların xüsusilə böyük, kütləvi axını baş verirdi və onlar Roma imperiyası ərazisinə soxulurdular və bu proseslərin nəticəsində Qərbi Roma imperiyası süqut etdi. Tarixdə bu hadisələr şərti olaraq «xalqların böyük köçü» adlandırılır. Köçəri maldarlıqla məşğul olan Mərkəzi Asiya tayfaları çoxalmaqda olan sürülərini otlaq sahələri ilə təmin etməkdən ötrü yeni geniş ərazilərə kəskin ehtiyac duyurdular. Əkinçiliyin zəif inkişaf etməsi və əhalinin sıxlaşması üzündən yeni torpaqlara ehtiyac duyan və köçərilərin çoxsaylı süvarilərinə müqavimət göstərmək iqtidarında olmayan əkinçi tayfaları da yaşadıqları yerləri tərk edir, öz növbələrində digər tayfalar və ya Roma ilə məskunlaşmaq üçün əlverişli ərazilər üstündə mübarizəyə girişirdilər. Bu tayfalar Roma imperiyasının sərhəd vilayəllərinə hücumla kifayətlənmir, onun daxili rayonlarına da soxulurdular. İctimai ziddiyyətlərlə zəifləyən və iki yerə bölünən Roma imperiyası həmin tayfalara layiqli müqavimət göstərmək iqtidarında deyildi.
Markoman müharibəsi (166 — 180) və onun nəticəsində II əsrin sonları — III əsrin əvvəllərində şərqi german tayfalarının (qotlar, burqundlar, vandallar) Şimal-Qərbi Avropadan Qara dənizə tərəf hərəkət etmələri «xalqların böyük köçü»nə ilk təkan oldu. Sonralar ostqotlara və vestqotlara ayrılan qotlar Qara dənizin şimal sahillərində böyük tayfa ittifaqı yaratdılar və o, III əsrin ortalarına yaxın Roma imperiyasının şərq əyalətlərinə (Balkanlara) soxulmağa başladı, III əsrin axırlarında isə qotlar Dunay ətrafındakı Dakiya vilayətini tutdular. Eyni zamanda, alleman və ya frank adlanan german tayfalarının da Roma əyaləti olan Qalliya ərazisinə tez-tez müdaxilələri baş verdi.
Hun tayfalarının axını «xalqların böyük köçü»nün başlanğıcı sayılır. Görünür, bu onunla bağlıdır ki, onların Avropaya müdaxiləsindən sonra tayfaların axını xüsusilə güclənmişdir. Hunlar Mərkəzi Asiyadan Şimali Qafqaza doğru irəliləmişlər. Burada onların bir qismi oturaqlaşmış, digər hissəsi Cənubi Qafqaza doğru yürüşlər etməyə başlamış, üçüncü qismi isə qərbə doğru hərəkət edərək alan tayfalarını məğlubiyyətə uğratmış və onları öz tayfa birliklərinə daxil etmişlər.
375-ci ildə hunlar Qara dənizin şimal ətrafındakı ostqotların tayfa ittifaqlarına zərbə endirdilər və bununla da sonuncuların ittifaqları dağıldı: ostqotların bir qismi hun tayfa ittifaqma daxil oldu, digəri isə qərbə doğru hərəkət etdi. Hunların hücumundan ehtiyat edən ostqotların qonşuları vestqotlar isə öz yurdlarından köçüb Dunayı keçdilər və Roma imperiyası ərazisinə daxil oldular; 376-cı ildə onları Roma hökuməti Meziyada (indiki Bolqarıstanın bir hissəsi) federat -müttəfiq kimi məskunlaşdırdı. Roma məmurları tərəfindən aldadılan vestqotlar başçıları Alarixin rəhbərliyi altında yenidən üsyan etdilər və onu kral seçdilər. Sonra vestqotlar Roma üzərinə hücumlarını artırdılar. Germanların bir çoxu Alarixin tərəfinə keçdi. Bir neçə dəfə Romaya yaxınlaşan Alarix onu mühasirəyə aldı. Başda Alarix olmaqla 410-cu ildə Roma vestqotlar tərəfindən tutuldu və qarət edildi. Vestqotlar talan edilmiş İtaliyadan Cənub-Qərbi Qalliyaya getdilər və 418-ci ildə Vestqot krallığını yaratdılar. Sonralar vestqotlar bütün Qalliyanı və İspaniyanın bir hissəsini ələ keçirdilər.
VI əsrin əvvəllərində franklar vestqotları darmadağın edib Qalliyanı tutdular, Vestqot krallığının mərkəzi İspaniyaya keçdi. Vandal german tayfaları da Roma imperiyası ərazisində öz krallıqlarını yaratdılar. Onlar III əsrdə Dunay ətrafında məskunlaşdılar, sonra isə hunların təzyiqi altında qərbə doğru hərəkət edib Qalliyaya soxuldular. Qalliyadan İspaniyaya keçmiş vandallar Vostqotlarla toqquşdular. Sonra kral Heyzerixin başçılığı ilə vandallar alanlarla birlikdə Cəbəlüttariqdən keçib Şimali Afrikanın böyük hissəsini işğal etdilər və burada paytaxtı Karfagen olan Vandal krallığı yarandı. 455-ci ildə Heyzerixin başçılığı ilə vandalar Romanı tutub darmadağın etdilər. V əsrin əvvəllərində Roma hökuməti İtaliyanı barbarlardan müdafiə etmək üçün özünün Britaniyadakı legionlarını geriyə çağırmaq məcburiyyətində qaldı. V əsrin ortalarından german tayfalarının — anqlların, saksların, yutların və frizlərin Britaniyaya kütləvi müdaxiləsi başlandı. Anqllar və sakslar bu tayfalar arasında çoxluq təşkil edirdilər və buna görə də Britaniyada məskunlaşan bütün tayfaları ümumi «anqlosaks» adı ilə adlandırırlar. Onlar Britaniya ərazisində bir neçə anqlosaks krallığı yaratdılar. Cənub-Şərqi Qalliyada V əsrin əvvəllərində burqund german tayfasının krallığı meydana gəldi, amma 437-ci ildə Burqund krallığı hunlar tərəfindən darmadağın edildi. Bununla yanaşı, hunlar ostqotlan məğlub edib Roma imperiyası ərazisinə soxulmağa başladılar. V əsrin əvvəllərində hunlar Pannoniyanı tutdular və burada tabe edilmiş bir sıra tayfaların (ostqotlar, kvadlar, markomanlar, gerullar, gepidlər və b.) da daxil olduğu geniş birlik yaradıldı. V əsrin 40-cı illərində Attila hunların başçısı oldu. 451-ci ildə Attilanın başçılığı ilə hunlar Qalliyanın Katalaun çölündə vestqotların, frankların, burqundların və alanların da kömək etdikləri romalılarla ağır savaş etdilər. 452-ci ildə Attila Şimali İtaliyanı talan etdi. Onun ölümündən sonra hun tayfalarının birliyi dağıldı. V əsrin ortalarına salik (sahil) frankları öz ərazilərini Qalliyanın şimalına doğru genişləndirdilər. Barbarlar Roma imperiyası əyalətlərini tutduqdan sonra yalnız İtaliya Romanın hakimiyyəti altında qaldı. Lakin burada da hakimiyyət faktik olaraq barbar drujinalarının əlində idi. 455-ci ildə Roma vandal tayfaları tərəfindən tutulub qarət edildi. 476-cı ildə Qərhi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustul muzdluların, o cümlədən italiklərin də qoşulduğu skir tayfasının başcısı Odoakr tərəfindən devrildi. Odoakr hakimiyyəti ələ keçirdikdən sonra Qərbi Roma imperiyasında imperator hakimiyyəti başa çatdı, onun ərazilərində yaradılmış barbar krallıqları isə təkcə mahiyyətcə deyil, həm də formal olaraq müstəqillik əldə etdilər.
German tayfalarının son yerdəyişmələri 488 — 493-cü illərdə — ostqotların İtaliyanı tutub öz dövlətlərini qurmaları ilə, eləcə də 568-ci ildə lanqobardların digər tayfalarla ittifaqda Şimali və Orta İtaliyanı ələ keçirib burada Lanqobard krallığını yaratmalarıyla başa çatdı. V — VI əsrlərin qovuşuğunda slavyanların Balkan yarımadasına yürüşü başlandı. VI əsrin ikinci yarısında slavyanlar Şərqi Roma imperiyası ərazisində öz mövqelərini möhkəmlətdilər. VII əsrin ortalarında slavyanlar Dunaydan Egey dənizinədək bütün Balkan yarımadasında məskunlaşdılar.
Xan — e.ə. III əsrdən eramızın III əsrinədək Çində hakimiyyətdə olmuş imperator sülaləsi. Xan sülaləsi hökmdarlarının dövründə Çin, demək olar ki, ardı-arası kəsilmədən işğalçı müharibələr aparmış, bu isə qulların sayının artmasına və kəndlilərin yoxsullaşmasına gətirib çıxarmışdı. Qulların və kəndlilərin vəziyyəti onları istismarçılara qarşı çoxsaylı üsyanlara təhrik edirdi. Eramızın I əsrində «qırmızıqaşlılar»ın, 184-cü ildə isə «sansanqlılar»ın möhtəşəm üsyanları oldu. Üsyanın yatırılmasına baxmayaraq, onun gedişində zəifləmiş Xan sülaləsi 220-ci ildə devrildi. Xan sülaləsinin hakimiyyəti illərində Böyük İpək yolu salınmışdır.
xan — qədim türk və monqol tayfalarında tayfa və ya iri tayfa ittifaqı başçısı. Monqol imperiyasında ulus hökmdarı. Orta əsrlərdə və yeni dövrdə Yaxın və Orta Şərq ölkələrində tayfa ittifaqı başçısı və ya hökmdar.
Xanabad manufakturası — 1829-cu ildə Nuxada (Şəki) açılmış ipəksarıma manufakturası. Xanabad manufakturası Azərbaycanda ilk manufaktura idi.
Xandəmir, Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni (1475 -1536) — daha çox «Xondəmir» təxəllüsü ilə tanınan orta əsrlər tarixçisi. Xondəmirin çoxcildli «Həbib əs-siyər fi əxbar əfrad əl-bəşər» («Görkəmli adamlar haqqında xəbərləri təsvir edən dost») əsərində Səfəvilər dövlətinin yaranması və XV əsrin sonu — XVI əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələrdən bəhs edilir.
xanlıq — müstəqil xırda feodal dövləti. Azərbaycan ərazisində XVIII əsrin 40-cı illərində xanlıqlar meydana gəlmişdir. Cənubi Azərbaycanda Qaradağ, Marağa, Maku, Sərab, Təbriz, Urmiya və Xoy xanlıqları, Şimali Azərbaycanda isə Bakı, Qarabağ, Quba, Gəncə, Dərbənd, İrəvan, Naxçıvan, Salyan, Talış, Şamaxı və Şəki xanlıqları olmuşdur. Sultanlıqlar və məlikliklər xanlıqlardan asılı vəziyyətdə idi.
xarakiri — Yaponiyada orta əsrlərdən bəlli olan qarını yırtmaqla intihar. Xarakiri məhkəmənin hökmü ilə, yaxud samurayın namusuna toxunulan zaman könüllü şəkildə və ya onun öz ağasına sədaqət rəmzi kimi həyata keçirilirdi.
xaraq — Sasanilər dövlətində torpaq vergisi. Ərəblər bu vergini «xərac» şəklində mənimsəmişlər.
xartiya (yun. «papirus kağızı», «papirusda olan əlyazma») — İngiltərədə çartistlərin əsas tələblərini ifadə edən fərman, siyasi sənəd. Bəzən ayrı-ayrı beynəlxalq aktları və sazişləri də xartiya adlandırırlar.
xassə — orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində ali hökmdarın (şahın, sultanın və b.) şəxsi torpaq mülkləri.
Xeroneya — Orta Yunanıstanda şəhər. E.ə. 338-ci ildə burada Makedoniyalı II Filippin qoşunları ilə bir sıra yunan polislərinin birləşmiş qoşunları arasında döyüş olmuşdur. Demosfen də sıravi döyüşçü kimi afinalıların arasında vuruşurdu. Bu amansız və uzunsürən savaşda daha yaxşı təşkil olunmuş Makedoniya ordusu qələbə çalmışdır. Xeroneya yaxınlığındakı savaşdan sonra Sparta istisna olmaqla, demək olar ki, bütün Yunanıstan Makedoniya monarxının hakimiyyəti altına düşdü.
xəlifə (ər. «xəlifə» — «canişin») — 1) müsəlman icmasında başçı, Allahın elçisini əvəz edən, onun yerində oturan şəxs. Məhəmməd peyğəmbərin yaxın tərəfdaşlarından olan və müsəlman icmasının iradəsi ilə seçilmiş ilk dörd xəlifəni (Əbu Bəkr, Ömər, Osman, Əli) sünnilər «mömin xəlifələr» («raşidi xəlifələr»), onların həyat tərzini və davranışlarını sünnənin nümunəsi və tərkib hissəsi hesab edirlər. Şiələr ilk üç xəlifəni qəsbkar sayır, yeganə qanuni və mömin xəlifə olan Əlini hakimiyyətdən məhrum etməkdə günahlandırırlar. Şiələr ilk dəfə olaraq xəlifələrin hakimiyyətinin irsiliyini Əlinin oğlu və varisi Həsənin hakimiyyəti ilə bağlayırlar; 2) sufizmdə əxiliyin (qardaşlığın) bilavasitə banisi və ya rəhbərinin rütbəsi, «mükəmməl insan»ın rütbəsi; 3) Osmanlı imperiyasında müsəlmanların yalnız dini başçılarının titulu (1924-cü ilə kimi).
xərac — 1) müsəlman ölkələrində torpaq vergisi. İlk vaxtlar tabe edilmiş xalqlardan alınan hər cür vergi və cizyənin sinonimi kimi də istifadə edilirdi. Əvvəlcə xəracı yalnız qeyri-müsəlmanlar verirdilər, müsəlmanlar isə uşr ödəyirdilər. Amma islamı qəbul edənlərin sayının artması ilə xəzinəyə gələn gəlirin azalması təhlükəsi yarandıqdan sonra belə hesab edildi ki, xərac torpaqlarının statusu dəyişdirilə bilməz və torpaq sahibinin və ya icarədarın dini mənsubiyyətindən asılı deyil. Xərac həm natura, həm də pul ilə alınırdı; 2) natural və yapul şəklində qalib tayfa və ya dövlət tərəfindən məğlub üzərinə qoyulan ödənc növü.
Xətai — Səfəvi şahı I İsmayılın ədəbi təxəllüsü. Xətai şerlərini Azərbaycan dilində yazmışdır. Onun qəzəlləri, qoşmaları, «Dəhnamə» epik poeması, «Nəsihətnamə»si xüsusilə məşhurdur. Xətainin poeziyası ruhuna görə xəlqi idi, onun bir çox şerləri bayatılardan seçilmir. Xətainin yaradıcılığı bütün türkdilli poeziyanın inkişafına təsir göstərmişdir.
Xəttatlıq — aydın, yaraşıqlı və ifadəli yazmaq sənəti. Xəttatlar kitabların üzünün köçürülməsi ilə məşğul olurdular. Xəttatlıq Şərqdə daha geniş yayılmışdı.
Xəzər xaqanlığı — xəzərlər tərəfindən yaradılmış erkən feodal türk dövləti; VII əsrin ortalarından 965-ci ilə qədər mövcud olmuşdur. Xəzər xaqanlığının tərkibinə bulqarlar, sabirlər, barsillər və alanların bir hissəsi daxil idi. Xəzər xaqanlığına xaqan başçılıq edirdi. Xaqanlığın paytaxtı əvvəlcə Səməndər şəhəri,
VIII əsrin əvvəllərindən isə İtil şəhəri olmuşdur. 651 -ci ildən etibarən xəzərlər və sabirlər Qafqaz Albaniyasının sərhəd ərazilərinə daim yürüşlər etməyə başladılar. Xəzərlərin 681-ci ildə etdikləri yürüş xüsusilə dağıdıcı olmuş, bundan sonra Qafqaz Albaniyası 25 il ərzində Xəzər xaqanlığına xərac ödəmişdir. 682-ci ildə alban hökmdarı yepiskop İsrailin başçılığı ilə sabirlərin yanına elçi göndərmişdir. O da bunların arasında xristianlığı yaymağa başlamışdır ki, sonralar dinin köməkliyi ilə Qafqaz Albaniyası onu tez-tez narahat edən qonşusuna təsir edə bilsin. Bu hadisələr Moisey Kalankatlının “Alban tarix”ində təsvir edilib. Xəzər xaqanlığının əraziləri VIII əsrin əvvəllərində Cənubi Volqaboyunu, Şimali Qafqazı, Azovətrafını, Krımın çox hissəsini və Dneprədək olan çöl və meşə-çölləri əhatə edirdi. Qüdrətli dövlətə çevrilən Xəzər xaqanlığı Bizans imperiyası və Ərəb xilafəti üçün təhlükəli rəqib oldu. Bizans xəzərlərdən öz rəqibləri olan ərəblərə qarşı mübarizədə istifadə etməyə çalışırdı. 731-ci ildə Bizans imperatorunun oğlu xəzər xaqanının qızı ilə evləndi. Elə həmin il xəzərlər artıq ərəblər tərəfindən zəbt olunmuş Qafqaz Albaniyasına yürüş etdilər. Ərəb sərkərdələrindən Məsləmə və Mərvanın yürüşü 737-ci ildə xəzərlərin paytaxtı Səməndər şəhərinin tutulması ilə başa çatdı. Ərəblərlə bağlanmış müqavilənin şərtlərinə əsasən, «kafir» xəzərlər islamı qəbul etməli idilər. Xəzər xaqanlığının paytaxtı İtilə köçürüldü və o, qısa müddət ərzində iri beynəlxalq ticarət şəhərinə çevrildi. Xəzər xaqanlığı Şərqi Avropa və Cənubi Qafqazla, habelə digər ölkə və xalqlarla ticarət edirdi. Bu dövrdə xaqanlıqda əsasını Orxon-Yenisey runa yazısı təşkil edən kitabələr aşkar edilmişdir. VIII əsrin ikinci yarısında xaqanlıqdakı güclü iqtisadi yüksəliş yenidən onu Ərəb xilafəti üçün təhlükəli qüvvəyə çevirdi. Xəzərlərin Cənubi Qafqaza yürüşləri yenidən başlandı, çoxsaylı kəndlər, Dərbənd və Tiflis kimi ən iri qalalar talan edildi. Xəlifənin Cənubi Qafqazdakı canişinləri iki dəfə Xəzər xaqanının qızları ilə evləndilər və dəfələrlə xəzərlərə xərac verdilər. Bizans imperiyası xristianlığı yaymaq məqsədi ilə Krıma və Şimali Qafqaza öz yepiskoplarını göndərirdi. Görünür, bununla əlaqədar xəzər xaqanı və feodal hakim dairələri hələ VII əsrin əvvəllərində Bizansda təqib və məhv edilməkdən yaxa qurtarmaq üçün Xəzər xaqanlığının bir sıra ərazilərində — Qafqaz, Krım və Taman yarımadasında məskunlaşmış yəhudilərdən əxz etdikləri iudaizmə üstünlük verməyə başladılar. Buraya köçmüş yəhudilər Xəzər dövlətində ticarətin inkişafında, şübhəsiz, böyük rol oynamış və şəhərlərdə əhalinin xeyli hissəsini təşkil etməklə xaqanın siyasətinə təsir etmişlər. Lakin yeni din geniş yayılmamışdır, onu yalnız xaqan və feodal hakim dairələri qəbul etmişlər. Xalqın əksəriyyəti isə əvvəlki kimi bütpərəstlikdə qalmışdır. Xəzərlər ölkəsində xristianlıq da öz əhəmiyyətini itirməmişdi, şəhərlərdə isə hətta saraya daxil ola bilmiş müsəlmanlar daha çox üstünlük əldə etmişdilər, belə ki, xaqanın daimi ikiminlik qvardiyası məhz müsəlmanlardan ibarət idi. IX əsrin əvvəllərində Xəzər xaqanlığı feodal pərakəndəliyi dövrünə keçdi, burada ara müharibələri başlandı. Macarlar (madyarlar), ruslar və digər tayfalar xaqanlığa yürüşlər etməyə başladılar. IX əsrin sonlarından etibarən xaqanlığa şərqdən -Volqanın o biri tayından peçeneqlər hücum etməyə başladılar. X əsrin əvvəllərində peçeneqlər Xəzər xaqanlığının bütün şimal və qərb torpaqlarını darmadağın etdilər, iri ticarət şəhərlərini talan edib yandırdılar. Bu məğlubiyyətdən sonra xaqanlıq bir daha özünə gələ bilmədi. Zəifləmiş Xəzər xaqanlığı 964 — 965-ci illərdə Kiyev knyazı Svyatoslav tərəfindən darmadağın edildi.
xəzərlər — hunların köçməsindən sonra IV əsrdə Şərqi Avropada meydana gəlmiş, Xəzər dənizinin şimal-qərb sahilləri çöllərində köçərilik edən türk xalqı. VII əsrin ortalarında xəzərlər Xəzər xaqanlığını yaratmışdılar.
xəzinə — dövlətin ləl-cavahirat və pul ehtiyatları.
xırda burjua demokratları — adətən xırda mülkiyyət, respublika və ya ümumi seçki hüququ tərəfdarlarına aid olunan məfhum, söz, termin.
xırdamalik — XIX əsrdə Cənubi Azərbaycanda kəndlilərin torpaq mülkiyyəti. Cənubi Azərbaycanda kəndlilərin cüzi bir qisminin xırdamaliki var idi. Xırdamalikə ən çox Urmiya gölü rayonunda rast gəlinirdi.
xış (kotan) əkinçiliyi — əsas əmək alətinin xış (kotan) olduğu əkinçilik növü. Öküzlərə qoşulmuş, torpaqda şırım açan (şumlayan) xışın (kotanın) ixtira olunması torpağın becərilməsini asanlaşdırdı və yaxşılaşdırdı, toxa əkinçiliyi ilə müqayisədə insanların əməyini daha məhsuldar etdi. Xış (kotan) və öküzlərlə işləmək qadınlara çətin olduğundan bu işi kişilər görürdülər.
xilafət — ərəblərin xəlifənin başçılıq etdiyi müsəlman feodal dövləti.
Xirosima — Yaponiyada şəhər. 1945-ci il avqustun 6-da ABŞ Xirosimaya ilk atom bombası atmışdır. Şəhərin xeyli hissəsi dağılmış, 140 mindən artıq insan həlak olmuşdur. Xirosimada atom bombası qurbanlarına Xatirə Muzeyi yaradılmışdır.
Xlodviq (466 — 511) — salik (sahilyanı) franklarının Merovinqlər sülaləsindən olan başçısı, sonra isə kralı, Frank dövlətinin yaradıcısı — 486-cı ildə Suasson yaxınlığında baş vermiş döyüşdə Xlodviq keçmiş Roma canişininin Qalliyadakı qoşunlarını məğlub etmiş və demək olar ki, bütün Qalliyanı ələ keçirmişdir. 500-cü ildə o, kral elan edilmişdir.
Xoyski, Fətəli xan Xoyski (1875 — 1920) — Azərbaycanın görkəmli siyasi xadimi. Rusiyanın II Dövlət Dumasına (1907) Azərbaycandan deputat seçilmişdir. Birinci Dünya müharibəsi illərində Xoyski Azərbaycanın müstəqillik əldə etməsi zəruriyyətini vurğulayırdı. Xoyski 1917-ci ildə Bakı şəhər Dumasının sədri olmuşdur. 1917-ci il noyabrın 15-də Xoyski Azərbaycanın nümayəndəsi kimi Zaqafqaziya Komissarlığına daxil oldu. Zaqafqaziya Seymi hökumətində isə o, ədliyyə naziri vəzifəsini tutmuşdu. 1918-ci il mayın 28-də Fətəli xan Xoyski ADR-in ilk hökumətini təşkil etdi və onun başçısı oldu. Xoyski ADR-in 2-ci və 3-cü hökumətlərinə də başçılıq etmişdir. ADR-in ağır iqtisadi vəziyyəti, əmək və aqrar məsələlərin həlli üçün edilən uğursuz cəhdlər hökumət böhranı ilə nəticələndi. Xoyskinin 3-cü hökumətinə etimadsızlıq göstərildi və 1919-cu il fevralın 25-də hökumət istefaya getməli oldu. Xoyski ADR-in 5-ci hökumətinin xarici işlər naziri olmuşdur. Çiçerinin Denikinə qarşı mübarizə məqsədi ilə bolşevik Rusiyası ilə hərbi ittifaq bağlamaq haqqında göndərdiyi notasını rədd edən Xoyski bu məsələnin Rusiyanın daxili işi olduğunu vurğulamış və ADR hökumətindən tələb etmişdi ki, Azərbaycanda fövqəladə vəziyyət elan etsin. Xoyskinin 1920-ci il aprelin 15-də Rusiya hökumətinə sovet qoşunlarını ADR-in sərhədlərində cəmləşdirməsi ilə bağlı göndərdiyi nota məlum səbəblərdən cavabsız qalmışdır. Fətəli xan Xoyski 1920-ci ildə ADR-in XI Qırmızı Ordu tərəfindən işğal olunmasından sonra qətlə yetirilmişdir.
xristianlıq — dünyanın bütün ölkələrində davamçıları olan üç dünyəvi dindən (islam və buddizmlə yanaşı) biri. Xristianlıq eramızın I əsrində Roma imperiyasının şərqi əyalətlərindən birinin tərkibində olan Fələstində meydana gəlmişdir. İsa Məsihin (İisus Xristosun) dini təliminin tərəfdarları özlərini xristian adlandırırdılar. İlk vaxtlar xristianlığı qullar, kəndlilər və şəhər yoxsulları qəbul edirdilər. Roma imperatoru Konstantin tərəfindən xristianlığa azad etiqad edilməsinə icazə verilənədək xristianlar Roma imperiyasında təqib olunurdular.
xronika — tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Xronika salnamə ilə eyniyyət təşkil edir.
xronologiya — vaxt ölçüsü haqqında elm. Tarixi xronologiya müxtəlif xalqlar tərəfindən vaxtın ölçülməsi üsullarını, təqvimlərin tarixini öyrənir, müxtəlif hadisələrin tarixini müasir vaxt hesablama sistemi ilə müqayisəli şəkildə müəyyənləşdirir və dəqiqləşdirir.
Xruşşov Nikita Sergeyeviç (1894 — 1971) — SSRİ dövlət xadimi, Sov.İKP MK-nin birinci katibi (1953 — 64), eyni zamanda, SSRİ Nazirlər Sovetinin sədri (1958 -64) olmuşdur. Xruşşov SSRİ-nin totalitar rejimdən çıxması sahəsində böyük xidmət göstərmiş, bununla belə, öz fəaliyyətində subyektivizm və volyuntarizmdən, velikorus şovinizmindən yaxa qurtara bilməmişdir. 1964-cü il oktyabrın 11-də Brejnev tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdır.
Xuan Çao — kəndli, Çində kəndli müharibəsinin rəhbərlərindən biri (874 -884). Kəndlilərin ordusu şimaldan-cənuba qədər keçərək Quançjou ticarət şəhərini hücumla aldı. Sonra üsyançılar Çinin paytaxtı Çanan şəhərini tutdular. Üsyançılar Xuan Çaonu imperator elan etdilər. Xuan Çao ağır vergiləri ləğv etdi və əmr elədi ki, yoxsullara imperator anbarından taxıl versinlər. Çin imperatoru və feodallar şimaldan köçəriləri köməyə çağırdılar. Köçərilərin süvariləri paytaxta soxuldu və üsyançılar şəhəri tərk etmək məcburiyyətində qaldılar. Üsyançılar 884-cü ildə məğlubiyyətə uğradılar, Xuan Çao özünü öldürdü. Lakin Çində kəndli müharibəsi 891-ci ilə kimi davam etdi. Üsyanın məğlub olmasına baxmayaraq, kəndlilər öz vəziyyətlərinin müvəqqəti də olsa yüngülləşməsinə nail oldular.
Xudafərin körpüsü — 1027-ci ildə əmir Fəzl ibn Məhəmməd Şəddadinin əmri ilə inşa edilmişdir. Araz üzərindəki Xudafərin körpüsü Azərbaycan İntibahı dövrünün memarlıq incisidir. 15 tağlı körpünün inşası zamanı çayın axarındakı qayalardan tağlar üçün dayaq kimi istifadə olunmuşdur. Xudafərin körpüsü yüz illər ərzində Şimali və Cənubi Azərbaycan arasında iqtisadi, ticarət və hərbi-siyasi münasibətlərdə mühüm rol oynamışdır.
xunta (isp. «yığıncaq», «birlik») — 1) İspaniyada və Latın Amerikası ölkələrində ictimai-siyasi təşkilatların, birliklərin, yığıncaqların və s.-nin adı; 2) bir çox ölkələrdə hakimiyyətə gəlmiş hərbçi qrupların geniş yayılmış adı.
xüms (ər. «beşdəbir») — 1) müxtəlif növ gəlirdən (ər. «qənimə») v5 ölçüdə ödənilən vergi. Məhəmməd peyğəmbər tərəfindən hərbi qənimətdən onun üçün ayrılan pay kimi müəyyənləşdirilmişdir. Sonralar xümsü xəlifələr alırdılar; 2) sonrakı dövrlərdə dənizdən çıxarılan mallardan — mirvari, ənbər, qiymətli daşlardan alınan vergi; 3) daha sonralar — tapılmış dəfinədən ayrılan pay; 4) bundan sonra -müsəlman tərəfindən qeyri-müsəlmana torpaq satışından dövlətə ödənilən rüsum.
xürrəmilər — islamda sünniliyə qarşı yönəlmiş maniçi-məzdəki tipli təriqətlərin ümumi adı. Onların şüarı altında Azərbaycanda, İranda və Mərkəzi Asiyada VIII — X əsrlərdə xalq hərəkatı baş vermişdi. Xürrəmilərin ideologiyasının əsasını dualizm — Dünyanın yaranmasının baş substansiyası sayılan İşığın Dünyanın toranlaşmış hissəsi olan Qaranlıqla mübarizəsi təşkil edirdi. Xürrəmilər qatı şiələrdən ruhların köçməsi və ilahi ruhun peyğəmbərlərdə və görkəmli şəxsiyyətlərdə təcəssüm etməsi ideyasını mənimsəmişlər. Xürrəmilərin pak həyata və təmizliyə doğru cəhdləri ictimai dualizmlə çulğaşırdı: yolu gözləmlən peyğəmbərin gəlişi ətraf aləmdə şərə son qoymalı idi. Xürrəmilərin sosial proqramına görə, insanların ümumi bərabərliyi, vergi və edilməsi, maddi nemətlərin bərabər bölünməsi elan olunurdu. Nəzəri cəhətdən xürrəmilər şərə qarşı silahlı mübarizə üsulunu rədd edirdilər, yalnız hücumu dəf etmək istisna edilirdi, lakin faktik olaraq VIII — X əsrlərdə Xilafətin şərqində ərəblərə və feodalizmə qarşı yönəlmiş bütün çıxışları dəstəkləyirdilər. 755-ci ildə zərdüşti Sunbadın rəhbərliyi altında xürrəmilərin İranın şimal-şərqində iri üsyanı başlandı. Azərbaycanda və Mərkəzi İranda VIII -IX əsrlərin ikincı yarısında baş vermiş xalq hərəkatlarında xürrəmilər şiələrlə birlikdə çıxış edirdilər. Azərbaycanda xürrəmilərin əsas məqsədi ərəblərin əsarətindən azad olmaq və müstəqilliyi bərpa etmək, feodal zülmünü məhv etmək idi. Xürrəmilər qırmızı paltar geyinir və qırmızı bayraq altında vuruşurdular. 776 və 808-ci illərdə xürrəmilər Azərbaycanda Əbu İmran və Cavidanın başçılığı ilə üsyana qalxmışdılar. Bu üsyanların hər ikisi ərəblər tərəfindən amansızlıqla yatırılmışdır. Cavidanın öldürülməsindən sonra 816-cı ildə Azərbaycanda xürrəmilərə Babək başçılıq etdi. Babək böyük qoşun topladı və çox ciddi nizam-intizam yaratdı. Müaviyə və Abdulla (Babəkin qardaşları), Tərxan, Adin, Rüstəm, İsma əl-Kürdi və b. Babəkin yaxın silahdaşları idilər. Xürrəmilər hərəkatında kəndlilər, şəhər yoxsulları, sənətkarlar, xırda, orta və iri feodallar iştirak edirdilər. Üsyançıların əsas mərkəzləri Bəzz qalası idi. Üsyançılar yadelli qəsbkarları Azərbaycandan qovur və öldürürdülər. 819-cu ildə üsyançılar xəlifənin onlara qarşı göndərdiyi ordunu darmadağın etdilər. IX əsrin 20-ci illərinin əvvəllərində xürrəmilər Arranın bir sıra bölgələrini azad etdilər. 829-cu ildə Həştadsər dağı yaxınlığında xürrəmilər Babəkin başçılığı ilə 150 minlik ərəb ordusunu məğlub etdilər. 830-cu ildə xürrəmilər növbəti qələbədən sonra Həmədanı ələ keçirdilər. 833-cü il dekabrın 25-də Həmədan yaxınlığındakı savaşda Babəkin tərəfdarları ilk dəfə ərəblər tərəfindən ağır məğlubiyyətə uğradıldılar. 836-cı ildə onlar Həştadsər dağı yaxınlığında ərəblər üzərində qələbə çaldılar. 837-ci ildə Afşinin sərkərdəliyi ilə ərəb ordusu müdafiəsinə Adinin rəhbərlik etdiyi Bəzz qalasını mühasirəyə aldı. Bəzz qoşun toplayıb ərəblərlə müharibəni davam etdirməkdən ötrü və Bizansdan kömək almaq məqsədi ilə Arrana getdi. Müharibənin uzanması, ərəblərin qələbələri babəkilərin sıralarının seyrəlməsinə səbəb oldu. Babəkin keçmiş tərəfdarları — feodallar Səhl ibn Sunbat, İbn Baiz, Əbu Musa və b. ondan uzaqlaşdılar. Xəlifə Babəki sağ tutana 2 milyon dirhəm mükafat təyin etdi. Sabiq müttəfiqi Səhl ibn Sunbatla təsadüfən rastlaşan Babək xəyanətkarlıqla tutulub ərəblərə təhvil verildi. Babək 838-ci il martın 14-də Samirədə edam edildi. Xəlifə qoşunları tərəfindən xürrəmilərin qalaları dağıdıldıqdan sonra onların əksəriyyəti X əsrdə şiəliyi qəbul etdi. Sonrakı dövr mənbələrində xürrəmilərin adı ta XV əsrədək, özü də yalnız kənd yerlərində xatırlanır, bu dövrdən sonra isə onların adına rast gəlinmir.
xütbə — müsəlman ölkələrində məsciddə cümə ibadətində dua. Bu zaman dua oxunanda müsəlman müqəddəslərinin, eləcə də dövlət hökmdarının adları çəkilirdi.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: