Xəzər xaqanlığı

Xəzər xaqanlığı

Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.
Xəzər xaqanlığı VII-IX əsrlərdə qüdrətli dövlət idi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik xaqan idarə edirdi. Xaqanın baş məsləhətçisi irsi olan «məlik» və ya «xaqanbəyi» adlanırdı.

Şəhərlər. Ticarət əlaqələri.
Xəzərlərin əsas şəhərləri Səməndər, Sarkel, Bələncər, Tumtarakan, Xanbalıq, İdil idi. Xəzər xaqanlığında ticarət mühüm əhəmiyyətə malik idi. Xəzər xaqanlığının şəhərlərinə Skandinaviyadan xəz, kürk və s., Türküstandan ipək, qumaş, Bizansdan zinət əşyaları və s. gətirirdilər. Xəzərlərdə göytürk, yəhudi, ərəb, kiril əlifbaları işlənirdi. X əsrdə müsəlmanlıq yayılmağa başladı. Məscid, kilsə, sinaqoq, məbəd yanaşı tikilirdi. Əhalinin bir hissəsi yəhudi dinini qəbul etdi. Bu dindən meydana gələn məzhəb «qaray», buna mənsub olan türklərə «qarayimlər» deyirdilər. Xəzərlərin törəməsi olan qarayimlər müasir dövrdə Krımda, Polşada, Türkiyədə yaşayırlar.

Bizansla münasibətlər. Xəzərlər sasanilərə və ərəblərə qarşı mübarizədə Bizansla müttəfiq idi. Bizans sasanilərə və ərəblərə qarşı mübarizə aparmaq üçün dəfələrlə xəzərlərdən istifadə etmişdi. Xəzər xaqanının qızı Çiçək Bizans sarayına gəlin getmiş, onun oğlu VI Leon Bizans imperatoru olmuşdu. Xəzərlərin slavyanların üzərində böyük təsiri var idi, onlar Kiyev dövlətinin yaranmasına kömək etmişdilər. 839-cu ildə ilk slavyan birliyinin baş vəziri xaqan titulu daşıyırdı. Şərq slavyanları xəzərlərə tabe idi və onlara vergi verirdi. 882-ci ildə Oleq Kiyevi tutdu və Qədim Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratdı.

Xəzər - ərəb müharibələri.
Xəzərlər uzun müddət peçeneqlərə qarşı müharibə aparmışlar. VII əsrdə ərəblərin hücumu ilə əlaqədar xəzərlərin Azərbaycana marağı artdı. Xəzərlər 643, 653-cü ildə Bələncər yaxınlığında ərəbləri məğlub etdilər. 662-ci ildə Xəzərlər yenidən Bələncər yaxınlığında qalib gəldilər və Azərbaycana soxuldular. Alban hökmdarı Cavanşir Kür sahilində onları məğlub etdi. Xəzərlər 665-ci ildə hücuma keçdilər, lakin Cavanşir ərəblərə və xəzərlərə qarşı eyni zamanda mübarizənin çətin olmasını başa düşüb, xəzərlərlə sülh bağladı və Xəzər xaqanının qızı ilə evləndi.
Azərbaycanı ərəb qoşunu işğal etdi. Bundan sonra xəzər-ərəb müharibəsi yeni mərhələyə qədəm qoydu. 709-cu ildə xəzərlər hücum edib ərəbləri Dərbənd keçidindən qovdular, 724-cü ildə xəzərlər qıpcaqlarla ittifaq bağladılar, Arranda ərəbləri məğlub etdilər.
730-cu ildə xəzərlər hücum edib Ərdəbili tutdular, sonra Diyarbəkrə, oradan Mosula gəlib çıxdılar. Xəzərlərin hücumu Xilat şəhəri yaxınlığında dayandırıldı. Ərəblər əks hücuma keçdilər, Səməndərə qədər irəlilədilər, şəhəri tuta bilmədilər, böyük qənimətlə Dərbəndə qayıtdılar. 150 minlik qoşunla hücuma keçib xəzərlərin bütün ordusunu məhv etdilər. Xaqan sülh bağladı, islamı qəbul etdi. Xəzər-ərəb müharibəsi qurtardı, Xəzər xaqanlığı zəiflədi.

Xəzər xaqan
lığının dağılması. Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadi 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, lakin onu və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. O, ölkəyə hücum edən peçeneqləri Dneprə qədər qovdu. Daxili çəkişmələr Xəzər xaqanlığını zəiflətdi. 965-ci ildə Kiyev knyazı Svyatoslavın hücumu Xəzər xaqanlığının dağılmasının başlanğıcını qoydu. O, Səməndər və Sarkel şəhərlərini dağıtdı. Svyatoslav Sarkel şəhərinin yerində Belaya Veja adlı qala tikdirdi. Xəzərlərin bir qismi Krıma, bir qismi də Şimali Qafqaza çəkildi. Şimali Qafqaza çəkilən xəzərlər indiki qaraçay türklərinin ulu babaları idi. X əsrdə Xəzər xaqanlı­ğına son qoyuldu, lakin -xəzərlərin adı hələ XII əsr mənbələrində çəkilirdi.

Top