Riyaziyyatçıların fəndi

Riyaziyyatçıların fəndi

Üç riyaziyyatçı və üç fizik başqa bir şəhərdə konfransda iştirak etməli idilər. Onlar konfransa yollanmaq üçün vağzala gəlir və kassanın önündə qarşılaşırlar. İlk olaraq fiziklərin növbəsi yaxınlaşır və onlar adi qaydada hərəyə bir bilet əldə edirlər.

Riyaziyyatçılar isə üç nəfərə 1 bilet alırlar.
– Necə yəni? — deyə fiziklər təəccüblənir — axı qatarda konduktor var və biletsiz sizi qovacaqlar!
– Narahat olmayın, — deyə riyaziyyatçılar cavab verir — bizim “üsul”-umuz var.


Qatar yola düşəndə fiziklər öz vaqonlarında yerləşir, lakin riyaziyyatçıların “üsulunu” öyrənmək üçün onları izləməyə davam edirlər. Riyaziyyatçılar ayaqyoluna daxil olurlar. Bu zaman konduktor ayaqyoluna yaxınlaşır, qapını döyür. Qapı aralanır və oradan bir bilet uzadan əl çıxır. Konduktor bileti yoxlayaraq çıxıb gedir və digərləri problemsiz öz yerlərinə gedirlər.

Konfransdan sonra həmin riyaziyyatçı və fiziklər yenidən vağzalda görüşürlər.
Riyaziyyatçıların fəndindən ilhamlanan fiziklər 1 bilet alır. Riyaziyyatçılar isə ümumiyyətlə bilet almır.
— Bəs siz konduktora nə təqdim edəcəksiniz?
— Bizim “üsul”-umuz var.

Fiziklər qatara daxil olduqda hamısı bir ayaqyoluna, riyaziyyatçılar isə digər ayaqyoluna daxil olur. Qatar yola düşdükdə riyaziyyatçılardan biri fiziklərin olduğu ayaqyoluna yaxınlaşır və qapını döyür. Fiziklərdən biri qapını azca aralayır və bileti uzadır.
Riyaziyyatçı bileti götürür və kolleqalarının yanına qayıdır.
Nəticə: Riyazi metodları anlamadan onlardan istifadə etmək olmaz!

banker.az
Top