Avropa Birliyinin büdcəsi AB-yə üzv ölkələrin pul vəsaitlərinin dövlətlərarası mərkəzləşmiş fondunu ifadə edir və əsas maliyyə planı formasında çıxış edir. Bu plana uyğun olaraq Avropa Birliyinin vəsaitlərinin səfərbər edilməsi və xərclənməsi baş verir.
Ümumi büdcə ilk dəfə 1958-ci ildə Birliyin maliyyə xərcləri planına uyğun şəkildə hazırlanmışdır. Lakin, o dövrdən sonra, əsasən müxtəlif büdcə mexanizmlərinin unifikasiyası ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verdi. Birliklərdən hər biri – Kömür və polad üzrə Avropa birliyi, Atom enerjisi üzrə Avropa birliyi və Avropa iqtisadi birliyi ilkin olaraq öz büdcələrinə malik idi. Merqer müqaviləsinin (Merger Treaty) qüvvəyə minməsi nəticəsində 1965-ci ildə yalnız iki büdcə qaldı. Bunlar Kömür və polad üzrə Avropa birliyinin operativ büdcəsi və ümumi büdcə idi. Sonuncunun səlahiyyətləri 2002-ci ildə sona çatdı və onun bütün aktivləri mədaxil və məxaricin bölgülü uçot şərtləri ilə qalan büdcəyə təqdim olundu. Birliyin büdcəsi unifikasiya tendensiyaları ilə yanaşı, get-gedə daha avtonom olurdu. Əgər 1970-ci ilə qədər Avropanın baş mərkəzləşmiş fondu iştirakçı ölkələrin pul ayırmaları hesabına formalaşırdısa, 1970-ci ilin 21 aprel qərarı ilə (1988 və 1994-cü illərdə yeniləşdirilmişdir) ilk dəfə olaraq xüsusi resurslar sistemi tətbiq olundu. 2000-ci ilin sentyabrında AB Nazirlər şurası Avropa Birliyinin xüsusi resurslar məsələsi barədə yeni qərar çıxartdı və bu qərar 1994-cü il qərarını əvəz etdi.
1986-cı ildə vahid Avropanın büdcə münasibətlərinin təşəkkül tarixində AB büdcə mexanizminin yenidən formalaşdırılmasına təkan verən hadisə baş verdi. Avropa birliyinin genişləndirilməsi barədə danışıqların üçüncü raundu Ispaniyanın və Portuqaliyanın da onun tərkibinə daxil edilməsinə, həmçinin vahid bazarın yaradılma perspektivləri barədə və iqtisadi, sosial harmonizasiyanın zəruriliyi barədə müzakirələrə gətirib çıxartdı. Nəticədə 1987-ci ilin fevralında AB Komissiyasına Avropa birliyinin fəaliyyətində maliyyələşdirmənin dəyişdirilməsi barədə təkliflər verildi. Bu təkliflər Delor paketi (Delors package) şəklində tərtib olunmuşdur. Aşağıdakılar paketə uyğun olaraq nəzərdə tutulmuşdur:
Islahat çox uğurlu oldu və bütövlükdə təkcə vəsaitlərin xərclənmə mexanizminin yaxşılaşdırılmasına deyil, həm də büdcə prosesinin özünün və onun idarəetməsinin təkmilləşdirilməsinə gətirib çıxartdı.
AB-nin büdcə sistemi Avropa Ittifaqının vahid büdcəsindən ibarətdir. Bu büdcə bir sıra prinsiplər əsasında qurulur. Vahidlik prinsipi o deməkdir ki, AB-nin gəlirləri və xərcləri bir sənəddə toplanmalıdır və bu, ümumi resursların xərclənmə monitorinqinin effektivliyi barədə mühakimə yürütməyə imkan verir. Avropa Birliynin büdcə münasibətlərinin təşəkkül tapma tarixi bütün gəlirlər və xərclər maddələrinin mərhələli unifikasiyasını və nəticədə vahid büdcədə toplanmasını göstərir. Universallıq prinsipi iki qaydaya əsaslanır: büdcə gəliri xərclərin ayrı-ayrı maddələrinə bağlana bilməz, bütün gəlirlər və xərclər bir -biri ilə uyğunladırılmadan bütövlükdə büdcəyə daxil edilməlidir. Illik prinsip büdcə əməliyyatlarının müəyyən maliyyə ilinə uyğunluğunu nəzərdə tutur. Bu, büdcənin icrasına nəzarət üzrə Avropa komissiyasının fəaliyyətini asanlaşdırır. Bununla belə, bəzən çoxillik büdcə xərclərinin müəyyənləşdirilməsi tələb olunur və bu, maliyyə perpektivi prinsipinə uyğun olaraq, illik prinsipə ziddiyyət təşkil etmir, çünki çoxillik xərclər illik büdcədə nəzərə alınır. Tarazlıq prinsipi tələb edir ki, maliyyə ilində proqnozlaşdırılan gəlirlər həmin ilin ödənişləri üzrə təxsisatlara uyğun gəlsinlər. Büdcənin kəsiri nəzərdə tutulmamışdır. Avropa komissiyasına öz xərclərinin ödənilməsi üçün borcları həyata keçirmək qadağan edilmişdir. Kəsirin yaranma halında (Avropa təcrübəsində bu, istisna haldır) onun ölçüsü növbəti ilin büdcəsinin məxaric hissəsinə keçirilir. Bir qayda olaraq, büdcə profisitlə yekunlaşır və onun aktiv saldosu gələn ilin büdcəsinin gəlirinə daxil edilir. Xərclərin spesifiklik prinsipi o deməkdir ki, təxsisatların hər bir məbləği konkret təyinata və əsaslandırılmaya malik olmalıdır.
Avropa Birliyinin büdcəsi AB-nin inkişaf siyasətinin və strategiyasının reallaşdırılmasına yardım etməyə yönəlmişdir və aşağıdakıları nəzərdə tutur:
AB-nin büdcə gəlirlərinin formalaşdırılmasının əsas prinsipləri aşağıdakılardır: birgə maliyyə məsuliyyəti prinsipi, AB-yə üzv dövlətlərin maliyyə həmrəyliyi prinsipi. Birgə maliyyə məsuliyyəti prinsipinə görə, AB-ə üzv olan bütün dövlətlər AB-nin büdcə gəlirlərinin formalaşdırılmasında iştirak etməyə borcludurlar. AB-yə üzv dövlətlərin maliyyə həmrəyliyi prinsipi o deməkdir ki, AB-yə üzv dövlətlərin üzvlük haqları onların maliyyə imkanlarına mütənasib olmalıdır.
AB-nin xüsusi resurslarına aşağıdakılar aiddir:
AB-də büdcə xərclərinin qurulma prinsipləri aşağıdakılardır: AB-yə üzv dövlətlərin iqtisadi və sosial həmrəyliyinin möhkəmləndirilməsi (büdcə maliyyələşməsi AB-yə üzv dövlətlərin iqtisadi vəziyyətlərinin barəbərləşdirilməsinə, sosial ziddiyyətlərin həllinə kömək etməlidir); həmrəylik prinsipi; hərçənd yoxsul ölkələr maliyyə resurslarının böyük həcmlərinə ehtiyac duysalar da, AB-yə üzv digər dövlətlər də büdcənin maliyyələşdirilməsi hüququna malikdirlər; büdcə intizamı prinsipi (vəsaitlərin xərclənməsinin iqtisadi effektivlik prinsipi). Əgər AB-yə üzv dövlətə maliyyə yardımının həcmi onun ÜMM-i ilə müqayisədə nəzərəçarpacaq dərəcədə çoxdursa, belə resurslardan effektiv şəkildə istifadə etmək çətinləşir və bu da iqtisadiyyatdakı dəyişikliklərə gətirib çıxara bilər.
Avropa inteqrasiyasının inkişafı nəticəsində AB-nin xərcləri əhəmiyyətli şəkildə artmış və daha hərtərfli olmuşdur. AB büdcəsinin əsas məxaric maddələri kənd təsərrüfatı ilə bağlı xərclər (AB-nin bütün büdcə vəsaitlərinin yarasından çoxu), sosial və regional proqramlarla bağlı xərclər, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xərclər, daxili və xarici proqramlara, idarəetməyə, Avropa inkişaf fonduna, Kömür və polad üzrə Avropa birliyinə yönəldilmiş xərclərdir.
2003-cü ildə AB-nin kənd təsərrüfatı xərcləri 2002-ci illə müqayisədə 1,1% artmış və 44 milyard 780 milyon 450 min avro təşkil etmişdir. Məhz bu istiqamətdə inteqrasiya daha çox irəliləmiş və bu sahədəki daha böyük səlahiyyətlər, deməli daha böyük büdcə vəsaitləri onun üzvləri tərəfindən AB-yə verilmişdir. Aqrar siyasət aşağıdakıları nəzərdə tutur: kənd əhalisi üçün münasib həyat səviyyəsini təmin etmək; bazarları stabilləşdirmək; səmərəli istehlak qiymətlərini təmin etmək; kənd təsərrüfatı strukturlarını modernləşdirmək. Bütün bunlar Kənd təsərrüfatının qarantları və Avropa rəhbərliyi fondunun (European Guidance and Guarantee Fund) fəaliyyət sferasını təşkil edir. Fond vahid bazarın yaradılmasının maliyyələşdirilməsini və kənd təsərrüfatı məhsullarının əksər növlərinə vahid qiymətlərin müəyyənləşdirilməsini təmin edir; kənd təsərrüfatı istehsalında işləyən şəxsləri yaşayış səviyyəsinin elə qarantları ilə təmin edir ki, digər sahələrdə işləyənlərin həyat səviyyəsinə uyğun ola bilsin; AB-yə üzv olmayan dövlətlərə kənd təsərrüfatı məhsullarının ixracatının ödənilməsini təmin edir. Ümumi kənd təsərrüfatı siyasətinin həyata keçirilməsi ilə bağlı xərclərin payı 1980-ci illərdə bütün büdcə xərclərinin üçdə iki hissəsinə çatmış, son illər isə təqribən 50%-ni təşkil etmişdir. Ümumi kənd təsərrüfatı siyasətinin reallaşdırılması ixracat subsidiyaları formasında, məhsulların müəyyən hissəsinin intervensionist qiymətlərlə alışı formasında və kənd təsərrüfatı istehsalı üsullarının təkmilləşdirilməsi və rasionallaşdırılması üçün istehsalçılara subsidiyaların verilməsi formasında həyata keçir.
Büdcədə ikinci yeri struktur əməliyyatlar tutur. Onların həcmi 2003-cü ildə 33 milyard 980 milyon avro təşkil etmişdir. Bu, əvvəlki ilin analoji xərclərinə təqribən uyğun gəlir (cəmi 0,4% artım). Əsas struktur fondları aşağıdakılardır: Avropa regional inkişaf fondu, Avropa sosial fondu, Kənd təsərrüfatının qarantları və Avropa rəhbərlik fondu, Həmrəylik fondu, Balıqçılıq fondu, Kömür və polad üzrə Avropa birliyinin operativ büdcəsi, Avropa inkişaf fondu, ehtiyat fondlar. Artıq 1993-cü ildə AB-yə üzv dövlətlərdə ətraf mühit və transavropa şəbəkəsinin yaradılması sahəsində xüsusi layihələrin maliyyələşdirilməsi üçün nəqliyyat infrastrukturu sferasında həmrəylik fondu yaradılmışdır. Bu fond əhalinin hər nəfərinə düşən ümumi daxili məhsula görə istehsalın daha kiçik göstəricilərinə malik olan AB-ə üzv dörd ölkənin inkişafının maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur (Yunanıstan, Irlandiya, Ispaniya və Portuqaliya). 1987-ci ilin büdcə islahatından sonra Birliyin struktur fondlar payı təqribən 20%--dən 36%-ə qədər yüksəlmişdir. Bununla da AB-nin fəaliyyətində regional və sosial inkişafla bağlı təxsisatlar artmışdır.
Maliyyə resurslarının istiqamət sferasından asılı olaraq, AB-nin xərclərini daxili proqramların maliyyələşdirilmə xərclərinə və xarici proqramların maliyyələşdirilmə xərclərinə bölmək olar. Məsələn, 2003-cü ildə daxili proqramlara 6 milyard 698 milyon 465 min avro ayrılmışdır. Bu, 2002-ci ilə nisbətən 6,4% az idi. Tədqiqatlarla və texnoloji inkişafla bağlı xərclər, nəqliyyat, təhsil, mədəniyyət, enerji, ətraf mühit, istehlakçıların müdafiəsi və s. ilə bağlı xərclər daxili xərclərə aid edilir. 2003-cü ildə xarici proqramlara 4 milyard 859 milyon 382 min avro ayrılmışdır. Bu, təqribən 2002-ci ilin xərclərinə uyğun gəlirdi (0,3% az). Asiyanın, Cənubi Afrikanın, Mərkəzi və Şərqi Avropanın inkişaf etməkdə olan ölkələri ilə kooperasiya üzrə xərclər, humanitar yardım və başqaları xarici proqramlara aid edilir. Qeyd etmək lazımdır ki, xərclər AB-yə üzv dövlətlərin öhdəliklərinin artırılma mənbəyinə çevrilməməsi üçün AB səlahiyyətlərinin genişləndirilməsi (əlavə xərclərlə ifadə olunmuş şəkildə) daxili proqramlarla bağlı xərclərin simmetrik şəkildə azaldılması ilə müşayiət olunur.
AB-də inzibati aparatın saxlanması ilə bağlı xərclər nisbətən yüksəkdir və AB-nin xarici, daxili proqramları ilə uyğunlaşdırıla biləndir. Onlara əsas xərclərlə bərabər, pensiyaların ödənişi ilə bağlı xərclər də daxildir. 2003-cü ildə bu maddənin ölçüsü 5 milyard 315 milyon 870 min avro olmuşdur. Bu, 2002-ci illə müqayisədə 2,7% çoxdur.
Avropa Birliyinin büdcəsi monetar, zəmanət və digər formalarda çıxış edə bilən ehtiyatların yaradılmasını nəzərdə tutur. 2003-cü idcə ehtiyatların ölçüsü 434 milyon avro təşkil etmiş və bu, 2002-ci illə müqayisədə təqribən 36% az olmuşdur. Bu isə o deməkdir ki, gəlirlərin artımı xərclərə çata bilmir.
Avropa Birliyinin son hissəsi bərabərləşdirici ödənişlərdir. Bərabərləşdirici ödənişlər yenicə qəbul edilmiş üzvlərə yardım şəklində yönəldilir. 2003-cü ildə belə yardımların ümumi ölçüsü 3 milyavrd 386milyon avro olmuşdur.
AB maliyyə yardımının göstərilməsini təcrübədən keçirir. «Ümumi bazar» prinsipləri ilə uyğunlaşdırılan aşağıdakı maliyyə yardımı növlərindən istifadə olunur:
Kiçik biznesin inkişafının stimullaşdırılması üçün büdcə alətlərindən istifadəni xüsusilə qeyd etmək lazımdır. Avropa komissiyası etiraf edir ki, effektiv şəkildə fəaliyyət göstərən xırda və orta müəssisələr şəbəkəsinin mövcudluğu vahid bazar üçün böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına kömək edir, həmçinin effektiv rəqabətin müdafiəsində və regionların balanslaşdırılmış sosial və iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynayır. Avropa komissiyası kiçik biznesə yardımın aşağıdakı növlərini təsdiq etmişdir:
Avropa Birliyi Kömür və polad üzrə Avropa birliyi, AIB barədə müqavilələr çərçivəsində borc-kredit əməliyyatlarını həyata keçirir. Uzunmüddətli maliyyələşdirmə üçün AB-nin öz bank institutu var. Bu, Roma müqaviləsinə uyğun şəkildə yaradılmış Avropa investisiya bankıdır. Kömür və polad üzrə Avropa birliyinin Avropa komissiyasının xəttilə əldə etdiyi borcların əksəriyyəti şaxtaların və metallurgiya zavodlarının modernləşdirilməsinə, həmçinin kömür və polad əritmə sənayesinin zəif olduğu rayonlara konversiyaya yönəldilmişdir. AB onlara təqdim olunmuş kreditləri AB büdcəsindən olan vəsaitlərdən uyğun zəmanətlərlə borc vermək yolu ilə maliyyələşdirir. 1993-cü ildə bu əməliyyatların miqyaslarının artırılması ilə əlaqədar olaraq, xüsusi Zəmanət fondu yaradılmışdır. Verilmiş kreditlərin məbləği artdıqca Zəmanət fondunun da həcmi artacaq. Avropa investisiya bankı müxtəlif investisiya layihələrinə, xüsusilə sənayedə, energetikada və infrastrukturda zəmanətlər və borclar verir. Maliyyə yardımının əldə edilməsi üçün layihə regionun inkişafına xeyir verməli və ya AB-yə üzv bir neçə dövlət üçün və ya bütövlükdə AB üçün maraq kəsb etməlidir.