Kanadanın pul sisteminin formalaşması və inkişafı ölkənin dövlət quruluşunun təkamül prosesinə paralel şəkildə həyata keçirdi. 1763-cü ilə kimi Kanada Fransanın müstəmləkəsi idi və ölkəni fransız qubernatoru idarə edirdi. Məxsusi Kanada üçün 1670-ci ildən başlayaraq Fransada gümüş pul – sol kəsilirdi. Lakin sol gümüş pulu ticarət münasibətləri sistemində tələb oluna bilmir və onun üzərinə qoyulmuş missiyanı yerinə yetirə bilmirdi. Kanadalılar «özgə» valyuta əvəzinə birbaşa mal mübadiləsinə daha çox üstünlük verirdilər. Həm də istənilən ticarətçinin «emitentləşdirilmiş» ödəniş vasitələri də soldan başqa dövriyyədə qala bilirdi.
Londonla Paris arasında bağlanmış sülh müqaviləsinə əsasən Kanada Böyük Britaniyaya keçəndən sonra ölkə ərazisində pul dövriyyəsi məsələləri ilə ingilis general - qubernatoru məşğul olmağa başladı. Lakin gözlənilən mərkəzləşmə baş vermədi. Kredit sistemində olduğu kimi, pul sistemində də tam xaos hökm sürürdü. Yalnız 1794-cü ildə Monreal biznesmenlərinin bir qrupu bank yaratmağa cəhd göstərdi. Bu cəhd uğursuz alınsa da, Kanadanın bank sisteminin formalaşmasına ümid verdi. 1817-ci ildə Monrealın 9 ticarətçisi Monreal bankını (Montreal Bank) təsis etdi. Indi onun adı Bank Monrealdır (Bank of Montreal). Bu, Kanadanın qədim banklarındandır.
Böyük Britaniyadan asılı olan Kanada pul tənzimlənməsi sferasında eyni siyasət yürüdürdü. Lakin ingilislər tərəfindən nəzarət kifayət qədər tam olmurdu, çünki vahid nəzarət obyekti – pul vahidi faktiki olaraq mövcud deyildi. Öz ölkələrində qızıl monometallizmə keçid məsələsini müəyyən mənada qaydaya salan ingilislər 1825-ci ildə Kanada ərazisində funt sterlinqi tətbiq etdilər. Lakin əyalətlərlə xarici sahibkarlar arasındakı ticarət dövriyyəsində müxtəlif pulların işlədilməsi hakimiyyəti məcbur etdi ki, 1841-ci il qanunu ilə ödəniş vasitəsi qismində funtla yanaşı qızıl və gümüş dollarları və fransız gümüş pullarını da tanısın.
Kanada dövlətinin rəsmi yaranış günü 1867-ci il 1 iyuldur. Ingilis parlamentinin qəbul etdiyi akt – Britaniyanın Şimali Amerikası haqqında Akt məhz bu tarixdə qüvvəyə minmiş və Konfederativ müqavilə adlandırılmışdır. 1949-cu ilə qədər Kanadaya yeni əyalətlər daxil olmuş və nəticədə onların sayı 10-a çatmışdır. Artıq 1867-ci ildə Britaniyanın Şimali Amerikasında 35 bank fəaliyyət göstərirdi. Əvvəllər banklar hüquqi şəxs qismində əyalətlərdə qeydiyyata düşürdü. Lakin 1867-ci ildə federasiya yaranandan sonra yeni federal hakimiyyət pullarla və bank işi ilə bağlı bütün məsələlər üzrə müstəsna yurisdiksiya aldı. Bu sahədəki ilk islahat 1870-ci ildə milli pul vahidinin – Kanada dollarının dövriyyəyə daxil edilməsi oldu. Yeni valyutanın qızıl tərkibi ingilis funt sterlinqi əsasında müəyyənləşdirilir və ona bərabər götürülürdü.
1871-ci ildə banklar haqqında qanun qəbul olunmuş və sonralar hər on ildən bir yenidən nəzərdən keçirilmişdir. Şəxsi bankların banknot buraxmaq hüququ qanunla məhdudlaşdırılmışdır. 1900-cü ildən 1928-ci ilə qədər ölkədə bank kapitalının təmərküzü baş verirdi. Bir çox kiçik bankların birləşməsi nəticəsində bankların sayı 40-dan 10-a düşdü. Bu bankların üçü – Monreal, Kral və Kanada kommersiya bankları Kanadanın bütün bank kapitalının 70%-ə qədərini mərkəzləşdirdi.
1930-cu illərdə Böyük depressiya dövründə Kanadada qızıl standartın çökməsi baş verdi. Bu çökmənin ilkin şərti 1914-cü ildə banknotların qızıla mübadiləsinin qadağan olunması və qiymətdən düşmə oldu. 1940-cı illərdə Kanada dollarının kursu ABŞ dollarına sərt şəkildə bağlı idi. 1946-cı ilin iyulunda Kanada öz dollar kursunu qəflətən 10% qaldırdı (paritetə qədər 1 Amerika dolları). Məqsəd ABŞ-dakı kəskin qiymət artımının təsirini neytrallaşdırmaq və Kanada iqtisadiyyatına inflyasiyanın yayılmasına mane olmaq idi. Lakin 1947-1948-ci illərdə baş vermiş böhran zamanı yüksək kurs ölkənin ödəniş balansı ilə çətinliklərini daha da gücləndirir, malların xarici bazarlardakı rəqabətədavamlılığını zəiflədirdi. Kanada dolları azad bazarda paritetdən 7-8% aşağı təyin (kotirovka) olunurdu. Kanada hökuməti kursun 1950-ci ildə yaranmış yüksəlmə tendensiyasından istifadə edərək, həm də əvvəlki illərin təcrübəsini nəzərə alaraq, 1950-ci illərin oktyabrında pariteti ləğv etdi və Kanada dollarının dəyişən kursunu tətbiq etdi. Bu, 1950-ci illər ərzində ölkə iqtisadiyyatında bir sıra neqativ nəticələrə gətirib çıxardı: ticarət balansının kəsiri, valyuta kursunun kəskin sıçrayışları. Qərara alındı ki, Kanada dollarının kursu Amerikanın dollar kursuna yenidən bağlansın. Bu bağlılıq 1970-ci ilə kimi saxlanıb qaldı. Kanadanın dövrü şəkildə inkişaf edən valyuta sistemi yenidən üzən kursa müraciət etdi və bu da gözlənildiyi kimi, 1974-cü ildə valyuta böhranına gətirib çıxardı. Monetar tənzimlənmə orqanları pul siyasətinin aləti qismində mübadilə kursuna olan ümidlərini itirəndən sonra məqsədli göstərici kimi pul kütləsindən istifadə etməyə başladılar (pul kütləsinin tarqetləşdirilməsi). Xarici kapitallar üçün, o cümlədən «isti möhtəkirçi pullar» üçün iqtisadiyyatın yüksək səviyəli şəffaflığında bu göstərici ilə manevr etmək çox asandır, nəinki valyuta kursu ilə. Məsələ ondadır ki, 1951-ci ildən başlayaraq, Kanadada kapitalın xaricdən köçürülməsinə və ya xaricə köçürülməsinə, xarici valyutada olan kapitalın hərəkətinə məhdudiyyət yoxdur.
Kanadanın ən kiçik pul vahidi sentdir. Yüz sent bir Kanada dollarını təşkil edir. Bir sent (penny), 5 sent (nickel), 10 sent (dime), 25 sent (quarter) pullar və 1 dollar (loonie), 2 dollar (toonie, dövriyyədən çıxarılırlar), 5, 10, 20, 50, 100 və 1000 dollar dəyərində banknotlar buraxılır.