Ingiltərə Bankı dünyanın qədim mərkəzi bankıdır. Bu bank dörd əsr bundan əvvəl, demək olar ki, müflisləşmiş hökumətlə maliyyəçilər - kreditorlar qrupu arasındakı sövdələşmə nəticəsində yaranmışdır.
Ingiltərə Bankı aşağıdakı funksiyaları yerinə yetirir: Birinci funksiyanın yerinə yetirilməsi zamanı Ingiltərə Bankı müştərilərin üç iri qrupuna xidmət edir.
XVII əsrin axırında Ingiltərə maliyyə iflası həddində idi. Fransa ilə 50 il ərzində aramsız aparılan müharibə ölkənin iqtisadiyyatını çox zəiflətdi. O zaman hökumət məmurları hərbi kampaniyanın maliyyələşdirilməsinə pul almaq məqsədilə maliyyəçi-kreditorlarla danışıqlara girdilər. Şotland maliyyəçisi Vilyam Peterson özünün maliyyə qrupu adından hökumətə başqa plan təklif etdi və dövlət tərəfindən imtiyazların verilməsinin əvəzinə bank yaratmağı məsləhət gördü. Bu bank yeni banknotlar buraxmalı və kəsiri örtməli idi. Ingiltərə Bankı 1964-cü il 27 iyul parlamentinin aktı ilə yaradılmışdır. Əvvəlcə orada 19 əməkdaş işləyirdi. Bankın kapitalı Böyük Britaniyanın ilk dövlət borcunu təmsil edirdi.
Bank 1268 səhmdarı birləşdirən səhmdar şirkət kimi fəaliyyət göstərirdi. O istənilən şəxsi bank kimi təsis olunduğu anda bazarda öz səhmlərini yerləşdirirdi. Adları heç zaman açıqlanmayan investorlar bir səhmə görə qızılla 1,25 milyon funt sterlinq ödəməli idilər. Əslində, birinci haqq 1200 funt sterlinq təşkil etmiş, cəmi 70 min funt sterlinq ödənmişdir. Bu isə inflyasiya sıçrayışına gətirib çıxarmış, iki il ərzində Bank ödəniş qabiliyyətini tamamilə itirmişdir. Şəxsi zərgərlər bu vəziyyətdən müəyyən üstünlüklər qazanmışlar. Ingiltərə Bankının banknotları dövr edən metal pullara sərbəst şəkildə mübadilə oluna bilirdi.
1969-cu ildə viqlər aparıcı siyasi partiyasının maqnatları tərəfindən idarə olunan Ingiltərə Bankı rəqabət təhlükəsi ilə üzləşdi. Tori partiyası yeni National Land Bank təsis etməyə cəhd göstərdi, lakin buna müvəffəq ola bilmədi. Ingiltərə Bankı dərhal tədbirlər gördü: 1697-ci ildə parlament Ingiltərədə iri bankların təsis edilməsinə qadağa qoyan qanun qəbul etdi və Ingiltərə Bankına London üzrə emissiya inhisar hüququ verdi. Bu qanuna müvafiq olaraq, Ingiltərə banknotlarının saxtalaşdırılmasına görə ölüm hökmü kəsilirdi. 1708-ci ildə qanunvericilik daha da sərtləşdirildi. Adsız veksellər buraxmaq (bu hüquq yalnız Ingiltərə Bankına verilmişdir), tərkibi altı nəfərdən (tərəfdaşdan) çox olan şirkətlər yaratmaq, həmçinin altı aya qədər qısamüddətli kreditlər təqdim etmək qanunsuz hesab olunurdu. Beləliklə, Ingiltərə Bankının rəqibləri iştirakçılarının sayı yeddidən az olan kiçik banklar ola bilərdi.
Bu şərtlərə baxmayaraq, kraliça Annanın taxtda olduğu dövrdə Ingiltərə Bankı tori partiyası tərəfindən ciddi rəqiblərlə üzləşdi. 1711-ci ildə baş nazir Robert Harleyin rəhbərliyi ilə Cənub dənizi Şirkəti (South Sea Company) yarandı. Ingiltərə Bankının ciddi rəqibinə çevrilən bu şirkət doqquz ildən sonra müflisləşdi. Bu müflisləşmə Ingiltərə Bankını əmanətçilərin həmlələrinə məruz etdi və Banka pul ödənişlərini dayandırmaq hüququ verildi. Şotlandiyada Şahzadə Çarlinin taxta çıxdığı dövrdə də Ingiltərə Bankı belə həmlələrə məruz qalmış və ödənişləri dayandırmışdır.
1734-cü ildə Bank Londonun mərkəzində Threadneedle Street küçəsində məxsusi onun üçün tikilmiş binaya köçdü. Sonralar həmin küçənin adına uyğun olaraq banka Trednidl stritdən qoca ledi (Old Lady of Threadneedle Street) ləqəbi verildi.
XVIII əsrin ikinci yarısında veksel buraxan şəxsi banklar meydana gəldi. 1793-cü ildə onların sayı 400-ə qədər idi. Fransa ilə 1790-cı illərdə başlayan və onilliklər boyu davam edən müharibələrin maliyyələşdirilməsi nəticəsində 1793-cü ildə ölkənin hər üçüncü bankı tərəfindən, daha sonra isə Ingiltərə Bankı tərəfindən də (1797) pul ödənişlərinin dayandırılması baş verdi. Sonralar qalan banklar da onlara qoşuldu. Bu fasilə Fransa ilə müharibənin sonuna qədər, 24 il davam etdi. Həmin dövrdə və 1812-ci ilə kimi Ingiltərə Bankının banknotları əsl pullar qismində xidmət edirdi (qanuniləşdirilmiş olmasa da), 1812-ci ildən 1821-ci ilə kimi isə qanuni ödəniş vasitəsi oldu. Gözlənildiyi kimi, bu dövrdə bir sıra etibarsız banklar peyda oldu. 1797-ci ildə Ingiltərədə və Uelsdə təqribən 280 «country» bank var idisə, 1813-cü ildə onların sayı 900-ü keçmişdir. 1816-cı ildə banknotların ümumi sayı 24 milyon funt sterlinq təşkil etmiş, 1797-ci illə müqayisədə ikiqat artmışdır. Bütün bunlar Ingiltərə Bankının fəaliyyətinə təsir göstərmiş və 1821-ci ildə ödənişlər bərpa ediləndən sonra Bankın səhmləri 16% düşmüşdür.
1826-cı ildə Country Banker's Act of 1826 adlanan akt qəbul olunmuşdur. Bu akt Londondan 65 mil radiusda yerləşən rayonlarda Ingiltərə Bankının banknot buraxmaq inhisarını məhdudlaşdırdı və öz banknotlarını buraxa bilən digər bankların bu regiondan kənarda yaranmasına icazə verdi. Eyni zamanda akt banka Ingiltərənin bütün rayonlarında öz filiallarını yaratmaq icazəsi verdi.
1844-cü ildə ölkənin parlamenti qanun qəbul etdi (Robert Pil aktı). Bu qanun Ingiltərə Bankı üzərində banknotların müstəsna emitent funksiyasını təsbit etdi. 1844-cü il qanunu Ingiltərə Bankının seyfində saxlanan qızıl külçələrlə və ya qızıl pullarla təmin olunmayan pul kütləsinin banknotlarda ölçüsünü müəyyənləşdirdi. Məqsəd banknotların hədsiz, ifrat emissiyasının aradan qaldırılması və bununla da təsərrüfat sisteminin pul kütləsinə olan tələbatının adekvat təminatına kömək göstərmək idi. Banknotların emissiyası Bankın kommersiya fəaliyyətindən ayrılmağa başladı (kreditlərin təqdim edilməsi). Bankın kommersiya fəaliyyəti tədriclə azalır və Ingiltərə Bankı daha çox mərkəzi banka bənzəyirdi.
Hal-hazırda Ingiltərə Bankının fəaliyyəti 1946-cı ildə qəbul edilmiş Ingiltərə Bankı haqqında qanunla tənzimlənir. Bu qanuna əsasən, səhmdar kapital xəzinəyə verilmiş, onun keçmiş sahibləri isə dövlət istiqrazları şəklində yaxşı kompensasiya almışlar. Bu kompensasiya səhmlərin nominal dəyərini 4 dəfə üstələyirdi. Beləliklə, Bank hökumət aparatının bir hissəsi olmasa da, bank rəhbərlərindən məlumat almaq və onlara tövsiyələr vermək səlahiyyətinə malik idi. Ingiltərə Bankı öz tövsiyələrinin və ya xahişlərinin yerinə yetirilməsini təmin etmək üçün xəzinənin sanksiyası ilə istənilən banka direktivlər verə bilərdi.
Ingiltərə Bankının idarə heyətinin təsdiq edilmə hüququ qanunla hökumətə verilmişdir. Idarə heyəti 5 illik müddətə təyin edilən müdirdən, onun müavinindən və 16 direktordan ibarətdir. Direktorlar dörd il müddətinə təyin edilir və hər il on altısından dördü dəyişilir. Dörd icraçı direktor Bankda daimi əsaslarla işləyir, qalan 12-si isə kommersiya banklarını, sənayeni, elmi dairələri, həmkarlar ittifaqlarını təmsil edir.
1979-cu il aprelin 4-də ilk hərtərəfli ingilis bank qanunu kral tərəfindən təqdir edildi və 1979-cu ildə oktyabrın 1-də qüvvəyə mindi. Bu qanunla Ingiltərə Bankının bank sisteminə nəzarət üzrə hüquq və öhdəlikləri təsbit edildi. 1979-cu il oktyabrın 1-dən başlayaraq, qanunun şamil edilə bildiyi depozit müəssisəsinin yaradılması üçün Ingilis Bankının icazəsi zəruri idi. Bu halda depozitar müəssisənin fəaliyyəti haqqında ətraflı statistikanın təqdim edilməsi tələb olunur. Məqsəd onun kriteriyalara uyğunluğunu və onun tətbiqinə cavabdeh olanlar barədə məlumatı müəyyənləşdirməkdir. Əgər ərizəçi –müəssisə əsas fəaliyyətini Böyük Britaniyanın hüdudları xaricində həyata keçirirsə və depozitləri Birləşmiş Krallıqda şöbə vasitəsilə cəlb edirsə, Ingiltərə Bankı nəzarət üzrə uyğun xarici idarədən təsdiq almalıdır ki, o, bankın idarəetməsindən və ümumi maliyyə dayanıqlığından məmnundur.
1987-ci ildə Ingiltərə Bankı bank fəaliyyətinə nəzarət üzrə əlavə hüquq və öhdəliklər aldı. Lakin on ildən sonra, 1997-ci ildə bank nəzarəti funksiyası yeni yaradılmış nəzarətedici orqana verildi.
Indiki zamanda Ingiltərə Bankı öz fəaliyyətini üç prioritet məqsəddən çıxış edərək həyata keçirir:
Birincisi - kommersiya banklarıdır. Bütün klirinq bankların Ingiltərə Bankında hesabları var. Klirinq əməliyyatlarda klirinq bankların Ingiltərə Bankındakı hesablarından istifadə olunur. Banklar hesabda müəyyən məbləğə malik olmalı və onu aşmamalıdırlar. Fəaliyyətlərini Böyük Britaniyada həyata keçirən bütün banklar özlərinin bütün depozitlərinin cəminin 0,35%-ni Ingiltərə Bankının hesabında (depozit) saxlayırlar. Ehtiyatların bu norması Ingiltərə bankının əsas gəlir mənbəyidir.
Ikinci qrup - digər ölkələrin mərkəzi banklarıdır. Xarici ölkələrin mərkəzi bankları Ingiltərə Bankında qızıl saxlayır və hesablara malik olur, Londondakı işləri Ingiltərə Bankı vasitəsilə apara bilirlər.
Üçüncüsü - hökumətdir. Hökumətin Ingiltərə Bankında hesabları olur. Beləliklə, büdcəyə gedən ödənişlər, vergilər və büdcədən sosial ehtiyaclara gələn ödənişlər Ingiltərə Bankının hesabları vasitəsilə keçir.
Böyük Britaniyanın pul siyasətinin əsas məqsədi qiymət stabilliyinin əldə edilməsidir. Qiymətlərin optimal səviyyəsinin saxlanması indiki zamanda iki istiqamətə malikdir: Inflyasiya səviyyəsinin 2,5% və daha az olması, monetar siyasətin daha açıq (sərbəst) rejimi. Ingiltərənin pul siyasətinin mühüm aləti faiz dərəcələrinin səviyyəsinin tənzimlənməsidir.
Monetar siyasətin alətlərindən biri Ingiltərə Bankının açıq bazardakı əməliyyatlarıdır. O ilk dəfə XX əsrdə 30-cu illərin əvvəllərində tətbiq olunmağa başlamış və Ingiltərə Bankının uçot dərəcələrinin payını tədriclə azaltmışdır. Valyuta intervensiyaları kimi alətdən də aktiv şəkildə istifadə olunur, lakin Böyük Britaniyada bu alət özünəməxsus spesifikliyə malikdir. Ingiltərə Bankı özünün bu tədbirlərdəki iştirakını geniş şəkildə işıqlandırır. Bu reklamın mahiyyəti valyuta bazarının digər iştirakçılarını mərkəzi bank üçün zəruri istiqamətdə fəaliyyət göstərməyə və bununla öz valyuta xərclərini azaltmağa inandırmaqdır. Bəzən mərkəzi bank bazarı «şifahi intervensiyalar» yolu ilə saxlamağa çalışır. Bu isə valyuta kursunun hərəkət tendensiyasına nəzərən özünün maraqlı olması barədə iştirakçıları məlumatlandırmaqdan ibarətdir. Ingiltərə Bankı ilə yanaşı xəzinə də Böyük Britaniyada monetar siyasəti həyata keçirir. Digər banklardan fərqli olaraq Ingiltərə Bankı hökumətdən asılı olmadan fəaliyyət göstərə bilmir. Ingiltərə Bankının 1946-cı ildə qəbul etdiyi akt xəzinəyə hüquq verir ki, o, Ingiltərə Bankına göstəriş versin. Hərçənd xəzinə heç vaxt bu hüquqdan istifadə etməsə də, onlar arasındakı münasibətlər elədir ki, faiz dərəcələri ilə bağlı final qərarı maliyyə naziri qəbul edir. Bununla belə, Ingiltərə Bankı qərarın qəbul edilməsində mühüm rol oynayır. Ingiltərə Bankı inflyasiya üzrə illik hesabatı (bu hesabatda məlumatın ətraflı analizi olur), həmçinin maliyyə naziri ilə Bank müdirinin faiz dərəcələri ilə bağlı görüşünün protokolunu (onların görüşündən altı həftə sonra nəşr olunur) nəşr etdirir. Inflyasiya və faiz dərəcələri üzrə hesabatın hazırlanma prosesində Ingiltərə Bankı daxili və xarici iqtisadi və pul faktorlarını - yaxın iki ildə inflyasiyaya təsir göstərə biləcək faktorları nəzərə alır. Bankın faiz dərəcələri üzrə tövsiyələrində Ingiltərənin müxtəlif rayonlarında sənayeyə və ticarətə təsir edən dəyişikliklər barədə məlumat olur. Bu məlumatlar Ingiltərə Bankının agentləri tərəfindən təqdim edilir.
1997-ci ildə mərkəzi bankın dövlət borcunun idarəetməsi kimi funksiyası xəzinənin sərəncamına verilmişdir. Bu qərarın səbəbi dövlət borcunun idarəetmə funksiyası ilə faiz siyasətini ayırmaq cəhdi idi. Məqsəd daxili informasiyanın istifadəsindən və maraqların toqquşmasından qaçmaq idi.
Artıq 300 ildir ki, Ingiltərə Bankı öz banknotlarını buraxır. Emissiya böyük əmək xərclərini və çoxlu vəsait tələb edir. Banknotların dizaynı və istehsalı Esseksdəki Bank çap fabrikinin funksiyasıdır. Bank təkcə pulları çap etmir, həm də özünün beş şöbəsi vasitəsilə (Bristolda, Birminhemdə, Lidsdə, Mançesterdə və Nyukaslda) ölkədə olan kommersiya banklarını təmin edir, köhnə pulları dövriyyədən çıxarır. 5 funt sterlinq dəyərində olan pulun orta dövriyyə müddəti 1 il, 50 funt sterlinq dəyərində olan pulun orta dövriyyə müddəti isə 3-4 ildir.
Bank of England,Wikipedia