Böyük Britaniyanın kredit sisteminin ikinci hissəsi bank idarələridir. Bank müəssisələri tarixən depozitlərin cəlb edilməsində ixtisaslaşdığına görə, bir çox hallarda depozit müəssisələr adlandırılır. Kommersiya bankları depozit fəaliyyətlərini həyata keçirməkdən əlavə, qısamüddətli kreditlər verir, xarici ticarəti maliyyələşdirir, həmçinin əmanətçilərin vəsaitlərini idarə edirlər. Depozit bankların müştəriləri müxtəlif cür həm iri müəssisələr və təşkilatlar, həm də şəxsi adamlar ola bilir. Ona görə də depozit bankları bəzən pərakəndə banklar adlandırırlar.
Klirinq banklar mühüm depozit banklara aid edilir. Bunlar klirinq (qarşılıqlı hesablama) öhdəliklərlə bağlı olan və London klirinq palatasına daxil olan ən böyük səhmdar banklardır. Şotlandiyanın üç bankı və Şimali Irlandiyanın beş bankı da London klirinq palatasına daxildir və ingilis banklarının Ingiltərədə oynadıqları rolu onlar orada yerinə yetirirlər. Bu banklar arasındakı ödəniş dövriyyəsi klirinq razılaşması çərçivəsində həyata keçir. Bu isə qarşılıqlı tələblərin hesablanması və saldonun köçürülməsi deməkdir.
Altı ingilis klirinq bankını fərqləndirirlər: «Barkleyz» (Barclays), «Neşnl Vestminster» (National Westminsner), «Midlend» (Midland), «Loyds» (Lloyds), «Uilyams and Qlayns» (Williams & Glynes), «Kauts» (Coutts). Birinci dörd bank böyük dördlük adlanan qrup yaratmışdır. 1960-cı illərin axırlarında iri bankların birləşməsi nəticəsində yaranan bu dördlük əməliyyatların 70%-nə qədərini həyata keçirir. Hal – hazırda Böyük Britaniyanın kommersiya banklarına qoyulan bütün əmanətlərin 92%-i «böyük dördlüyün» payına düşür. Altı banıkn son ikisi ölkənin maliyyə institutları sistemində daha az rol oynayır və digər banklar tərəfindən nəzarət olunur. «Uilyams ənd Qlayns» bankı «Standart ənd Çarted» (Standard and Chartered) tərəfindən, «Kauts» bankı «Neşnl Vestminster» tərəfindən nəzarət olunur.
Sistemyaradıcı altı bankın Ingiltərədə və Uelsdə 13 mindən çox şöbəsi var. Şotlandiyada və Şimali Irlandiyada iri ingilis banklarına filial açmaq qadağandır. Ona görə də onlar yerli depozit banklarında çoxsaylı iştiraklara malikdirlər ki, Şotlandiyadakı və Şimali Irlandiyadakı kommersiya banklarının siyasətlərinə təsir göstərə bilsinlər. Bütün depozit bankların əməliyyat həcminin təqribən 90%-i və Böyük Britaniyadakı bankların bütün sterlinq əmanətlərinin yarısı bu altı bankın payına düşür (onların törəmə şirkətləri də daxil olmaqla). Digər ölkələrdən fərqli olaraq, nəhəng ingilis bankları 1970-ci illərin əvvəllərində aparıcı mövqe tuturdu. Bank kartelinin müdafiəsi altında olan bu banklar 1971-ci ilə kimi heç bir rəqabəti, demək olar ki, hiss etmirdilər. Bank karteli həm faiz dərəcələrinə, həm də bankların istismar şərtlərinə nəzarət edirdi. 1971-ci ildə rəqabət və nəzarət barədə qanunverici aktın qəbul edilməsindən və real rəqabətin bərpasından sonra bank karteli öz mövcudluğunu dayandırdı. 1980-ci illərin əvvəllərində iri bankların vəziyyəti bir qədər pisləşdi. 1996-cı ildə dünyanın aparıcı 100 şirkəti arasında Böyük Britaniyanın yalnız iki bankı var idi.
Son dövrdə klirinq bankların universallaşma tendensiyası aktiv şəkildə üzə çıxmağa başlamışdır. Onlar daha çox qeyri-bank xidmətlərini - sənayenin maliyyə əməliyyatlarına xidməti, ixracatın hazırlanmasını və maliyyələşdirilməsini və s. həyata keçirirlər. Klirinq bankları həyatın sığortalanmasında və səyahətlərin təşkilində aktiv şəkildə iştirak edirlər. Bütün bunlar klirinq banklarını maliyyə konqlomeratları kimi xarakterizə etməyə imkan verir. Onlar üçün bank əməliyyatları fəaliyyətin yalnız bir hissəsini təşkil edir.
Ətrafında çoxsaylı törəmə şirkətlərin qruplaşdığı «Barkleyz» bankı Böyük Britaniyanın iri bankıdır və bu xüsusiyyət digər iri banklar üçün də tipikdir. Bankın törəmə şirkətləri arasında fərqlənənlər aşağıdakılardır: 50 ölkədə 1650 filialı olan «Barkleyz Merkant Ltd» (Barclays Mercanet Ltd), sığorta şirkəti kimi fəaliyyət göstərən «Barkleyz Inşurens Servis Kompani Ltd» (Barclays Insurance Service Comrany Ltd), «Barkleyz benk trast kompani» (Barclays Bank Trust Company) və lizinq, ixracat maliyyələşməsi, faktorinq əməliyyatlarını yerinə yetirən «Barkleyz Eksport və Faynens Kompani Ltd» (Barclays Export and Finance Company Ltd) şirkəti.
«Neşnl Vestminster», «Loyds» və «Midlend» şirkətləri kredit kartoçkaları ilə bağlı əməliyyatlarla məşğul olan «Eksess» səhmdar şirkətinin birgə sahibləridir. «Barkleyz»in özünə məxsus olan «Barkleykard» (Barclaycard) şirkəti var. Klirinq bankları avtobankların (avtomat kassa aparatlarının) geniş şəbəkəsinə malikdirlər. Bu avtobanklar müştərilərə Böyük Britaniyanın istənilən nöqtəsində və günün istənilən vaxtında bir sıra əməliyyatlar həyata keçirmək imkanı verir: nağd pul almaq, hesabdakı qalığı öyrənmək, çek kitabçasını və hesabdan çıxarışı sifariş etmək.
«Jirobank» (Girobank) kimi poçt köçürmələrinin idarəetməsi üzrə bank institutunu klirinq banklarına aid etmək lazımdır. «Jirobank» borclara və iri bankların ciddi etirazlarına baxmayaraq, 1968-ci ildə poçt idarəsi tərəfindən yaradılmışdır. Yeni poçt və çek xidmətlərini təqdim edən «Jirobank» klirinq banklarına ciddi rəqabət təşkil edir. Artıq 1973-cü ildə onun 500 mindən çox müştərisi var idi. Bunlar sənaye müəssisələri və şəxsi adamlar idi. Köçürmələrə görə yüksək və bir çox hallarda gözlənilməz rüsumlar alan klirinq banklarından fərqli olaraq, «Jirobank» təshih edilmiş və nəşr edilmiş dərəcələr əsasında haqq alır. «Jirobank» xüsusi «Merkantil Kredit» (Mercantil Credit) bankı ilə birlikdə güzəştli şərtlərlə 5 ilə qədər müddət üçün kredit təqdim edir. «Jirobank» digər ölkələrin də buna bənzər müəssisələri ilə əməkdaşlıq edir.
Maliyyə evləri də depozit banklara şamil olunur. Onlara, hər şeydən əvvəl, istehlak krediti üzrə xüsusi banklar aiddir. Bu bankların aktiv əməliyyatlarının təqribən üçdə ikisi möhlətli istehlak kreditlərinin payına düşür. Onların da 60%-dən çoxu avtomobillərin alınması üçün verilir. Istehlak kreditinin rəsmiləşdirilməsi üçün müştəri applikasiya formasını doldurur. Bank oradakı məlumatları analiz edəndən sonra kreditin verilmə imkanı barədə qərar qəbul edir.
Lizinq əməliyyatları daha böyük əhəmiyyət kəsb edirlər. Maliyyə evləri, bir qayda olaraq, iri bankların və ya bu bankları öz vəsaitləri ilə müdafiə edən sığorta şirkətlərinin törəmə müəssisələridir. Iri maliyyə evləri əmanətləri cəlb etmək imkanına və universal banklara transformasiya olunmaq imkanına malik olmaq üçün bank əməliyyatlarının əhatə dairəsini maksimal şəkildə genişləndirməyə çalışırlar.
Ticarət mərkəzlərindəki xüsusi bank məntəqələrini də maliyyə evlərinə aid etmək lazımdır (Money Shops). Ilk belə şöbələr 1970-ci ildə yaranmışdır. Bunlar Amerikanın «First Neşnl Siti Bank of Nyu –York» (First National City Bank of New York) bankının filialları idi. Sonralar iri ingilis bankları da ticarət mərkəzlərində şöbələr açmağa başladılar. 1974-cü ilin sonunda onların sayı artıq 120 idi. Belə şöbələr banklarda hesabları olmayan insanlar üçün nəzərdə tutulmuşdur. Hər şeydən əvvəl, şəxsi adamlar üçün nəzərdə tutulmuş çek və kredit kartoçkalarının istifadəsi ilə müşayiət olunan inkişaf etmiş çek dövriyyəsinə baxmayaraq, 1974-cü ildə yetkinlik yaşına çatmış britaniyalıların yalnız 35%-i, 1981-ci ildə isə 57%-i cari hesablara malik idi. Fərdi kreditlərin, yəni maddi təminatı demək olar ki, olmayan şəxsi adamlara kreditlərin təqdim edilməsi daha geniş yayılmışdır.
Lakin maliyyə evlərinin daha çox sayı, investisiya əməliyyatları da daxil olmaqla, adi bank əməliyyatlarını həyata keçirməyə başlayırlar. Maliyyə evləri bankların kreditləri, veksellərin uçotu hesabına, həmçinin iri sənaye və ticarət şirkətlərinin əmanətlərinin cəlb edilməsi yolu ilə pul əldə edirlər.
Böyük Britaniyanın kommersiya banklarının digər hissəsi ticarət banklarıdır. Onlar bank əməliyyatlarını tədriclə mənimsəmiş ticarət müəssisələrində yaranmışlar. Uzun müddət ticarət banklarının fəaliyyətinin əsasını aksert əməliyyatlar təşkil etmişdir. Bu da ticarət banklarını aksept evlər sırasına aid etməyə imkan verir. Bəzi müasir ticarət bankları bank əməliyyatları ilə yanaşı sənaye və ticarət funkisyalarını da yerinə yetirirlər. Belə ki, ticarət bankları əsl bank əməliyyatları ilə yanaşı, sahibkarlara xidmət göstərir və qiymətli kağızlarla idarəetməni həyata keçirirlər. Bütövlükdə, bu institutların fəaliyyəti çoxcəhətlidir. Onlar xarici ticarətin maliyyələşməsi, aksert biznesi ilə məşğul olur, korporativ borcalanları aktiv şəkildə kreditləşdirir, investisiyaları idarə edir, investisiya məsələləri üzrə məsləhətlər verir, maliyyə konsorsiumları təşkil edir, təsisçilik fəaliyyətində, şirkətlərin birləşməsi və udulması kampaniyalarında iştirak edir və ya vasitəçi kimi çıxış edir, valyuta bazarında və qiymətli metallar bazarında əməliyyatlar keçirir, maliyyə əməliyyatlarının aparılması məsələləri üzrə məsləhətlər verirlər. Bundan başqa, onlar avadanlığın lizinqi üzrə, faktoriq üzrə əməliyyatları aktiv şəkildə genişləndirir, sığorta sferasına, möhlətli kreditləşməyə, gəmi və təyyarə fraxtı sahəsində vasitəçilik fəaliyyətinə daxil olur, o cümlədən mülkiyyətin idarəetməsi ilə məşğul olurlar. Onların emissiya evləri qismində rolu daha nəzərəçarpandır. Bu rol qiymətli kağızların yerləşdirilməsində və təkrar bazar əməliyyatlarında vasitəçiliklə büruzə olunur. Ticarət bankları avroistiqrazlar bazarındakı əməliyyatlarda iştirak edir, sindikatlaşdırılmış konsorsiumların iştirakçıları olurlar.
«Rotşildlər və oğlanları» (Rotshilds & sons), «Berrinq Brazers» (Barrings Brother), «Lazard Brazers ənd K» (Lazard Brother & Co) və başqa ticarət banklarının 100-dən çox yaşı var. Bəzi iri klirinq bankları özlərinin xüsusi ticarət banklarına malik olur (məsələn, «Barkleyz» qrupu üçün tipik haldır), yaxud ənənəvi ticarət banklarında iştirak edirlər. Ticarət banklarını diferensiallaşdırmaq və klirinq banklarla müqayisə etmək çətindir, çünki onlar klirinq banklarından çox kiçikdirlər.
Birlikdə banklar Britaniya imperiyasının keçmiş qüdrətinin simvolu olub, ölkənin dünya ticarətindəki tarixi rolunu təcəssüm etdirir. Bu bankların coğrafi yeri də onu bir daha sübut edir. Birlik bankları öz fəaliyyətlərini əsasən keçmiş müstəmləkə imperiyasının ölkələrində həyata keçirirlər. Belə ki, «Barkleyz benk interneyşnl» (Bardays bank International) əsasən CAR-da və Karib dənizi ölkələrində, «Loyds end Bolsa interneşnl» (Loyds and Bolsa International) kontinental Avropa ölkələrində və Cənubi Amerikada, «Neşnl and Qrindleys bənk» (Pational and Grindlays Bankı) Cənubi Asiyada, Şərqi və Mərkəzi Afrikada fəaliyyət göstərirlər. Ümumilikdə, birgə bankların sayı 10-a yaxındır və onların baş kontorları Londonda yerləşir (Siti). Bu bankların əksəriyyətinin kapitalı Britaniyanın maliyyə oliqarxiyasının əllərində mərkəzləşmişdir. Iri «Standart Çarted» (Standard Charted) bankının 1360 şöbəsi, qalan bankların isə 3500 şöbəsi var. Birgə banklar əsasən «pərakəndə» depozit –borc əməliyyatları ilə məşğul olurlar. Indiki zamanda onlar beynəlxalq banklara transformasiya olunmuşlar.
Böyük Britaniyanın kredit sisteminin inkişafında xarici banklar da mühüm rol oynayır. XX əsrin ikinci yarısında xarici bankların sayı sürətlə artmış, yüzilliyin sonunda 500-dən çox olmuşdur. Onların birgə aktivləri Birləşmiş Krallığın bütün banklarının aktivlərinin 60%-ni üstələyir. Xarici valyutada olan bütün depozitlərin təqribən 80%-i xarici bankların payına düşür. Böyük Britaniyadakı bankların əksəriyyəti ABŞ-dan, Yaponiyadan, Fransadan və Almaniyadandır. Onların əsas funksiyaları xarici ticarətin maliyyələşdirilməsi, investisiyaların kreditləşdirilməsi, məsləhətlər və başqalarıdır.
Konsorsial banklar – heç biri səhmlərin nəzarət paketinə malik olmayan ən azı iki ölkə bankının iştirakları ilə olan maliyyə-kredit institutlarıdır. Bunlar əsasən çoxmilli borcalanların xüsusi banklarıdır və onlara, hər şeydən əvvəl, transmilli və multimilli sənaye konsernləri aiddir. Bu növ iri banklara birtaniyalı, kanadalı və avstraliyalı tərəfdaşlarla işləyən «Midlend and interneyşnl bank Ltd» (Midland and international bank Ltd), britaniyalı, amerikalı və yapon tərəfdaşlarla işləyən «Vestern Ameriken BenkYurop Ltd» (Western American bank Europe Ltd), yaponiyalı, britaniyalı və amerikalı tərəfdaşlarla işləyən «Indastriel Kommerşiel Berl» (Industrial Commercial Barle) aiddir. Məsələ bundadır ki, bu banklar aparıcı ölkələrin banklarının pay iştirakı əsasında yaradılmışdır, ona görə də onlar avrobazarda çox böyük vəsaitləri ən davamlı müddət üçün səfərbər etmək iqtidarındadırlar. Bankların heç bir başqa növü buna qadir deyil.
Böyük Britaniyanın kredit sisteminin ikinci səviyyəsinin son hissəsi uçot evlədiridir. Onların fəaliyyətinin özünəməxsus xüsusiyyəti Ingiltərə Bankından kredit almaq imtiyazıdır. Adətən, uçot evləri veksellərin uçotu ilə məşğul olurdu. Onların adı da buradan götürülmüşdür. Bu institutlar veksellərlə yanaşı, yerli hakimiyyət orqanlarının öhdəliklərinin və dövlət istiqrazlarının alqı-satqı əməliyyatlarını yerinə yetirirlər.
Böyük Britaniyanın sair qeyri-bank xüsusi kredit - maliyyə institutlarına əmanət institutları, sığorta şirkətləri və pensiya fondları, investisiya trestləri, vəkalətli pay fondları, maliyyə korporasiyaları, vençur maliyyələşmə şirkətləri aiddir.
Əmanət institutlarına öz növbəsində vəkalətli əmanət bankı, Milli əmanət bankı, tikinti cəmiyyətləri aiddir.
Vəkalətli əmanət bankları keçmişdə yerli əmanət kassalarının rolunu oynayırdılar. Sonra onlar 16 iri regional müəssisə şəklində yenidən təşkil olunmuş, 1986-cı ildə isə vahid səhmdar Vəkalətli əmanət bankında birləşmişlər. Fəaliyyətinin miqyasına və kapitalına görə bu bank yalnız «böyük dördlükdən» geri qalır və kommersiya bankının bütün əsas funksiyalarını yerinə yetirir.
Milli əmanət bankı (keçmiş poçt-əmanət bankı) əhalinin əmanətlərini sayı 20 mindən çox olan poçt şöbələrinin şəbəkəsi vasitəsilə toplayır. 1986-cı ilin axırında milli əmanət bankındakı əmanətlərin həcmi təqribən 8 milyard funt sterlinq olmuşdur.
Tikinti cəmiyyətləri 200 ildən artıq müddət ərzində mövcuddur və onlar əhalinin əmanətlərinin böyük hissəsini toplayır. Tikinti cəmiyyətlərinin yekun aktivləri 1980-ci illərdə artmış və 130 milyard funt sterlinqi üstələmişdir. Iri tikinti cəmiyyətləri aşağıdakılardır: «Qalifaks» (Halifax), «Ebbi Neşnl» (Abbey National), «Neyşnvayd» (Nationwide) və başqaları.
Əmanət institutlarının vəsaitlərinin əsas mənbəyi əhalinin əmanətləridir.
Sığorta şirkətləri və pensiya fondları toplanmış borc kapitalını uzunmüddətli investisiyalara istiqamətləndirirlər. Maliyyə – kredit fəaliyyəti isə onların ixtisasına – sığorta işinə və şəxsi pensiya təminatına nəzərən ikinci dərəcəli hesab olunur. Onlar tərəfindən səfərbərliyə alınan vəsaitlər 20-25 il müddətinə əməliyyatlara yatırılır (əsasən səhmlərə və digər qiymətli kağızlara). Sığorta şirkətlərinin və pensiya fondlarının hərəsinin yekun aktivləri 1968-ci ilin axırında 150-160 milyard funt sterlinq təşkil edirdi. «Royal» (Royal), «Kommerşl yunion» (Commercial Union) və digər ingilis sığorta inhisarları dünyanın iri sığorta inhisarlarına aid edilir.
Investisiya trestləri yalnız qimətli kağız əməliyyatları ilə məşğul olurlar. Onlar öz səhmlərinin və istiqrazlarının emissiyası yolu ilə kapital cəlb edir və bu kapitalı digər şirkətlərin qiymətli kağızlarına yatırırlar. Daxilolmaların (depozitlərin, sığorta haqlarının və s.) müntəzəm mənbəyinə malik olmayan müəssisələrin özünəməxsus xüsusiyyəti bazar konyunkturasından güclü asılılıqdır. Qiymətli kağızların kursları düşən zaman investisiya trestləri maliyyə çətinlikləri ilə üzləşir və itkilər verirlər.
Vəkalətli pay fondları öz ixtisaslaşmasına görə investisiya fondlarına oxşardır. Onlar pul kapitalını toplayıb, qiymətli kağızlara yatırırlar. Lakin payçı öz payını istənilən zaman şirkətin müdirinə sata bildiyinə görə bu fondların kapitalı dəyişən kəmiyyətdir, həm də payların satışının, yoxsa alışının üstün olmasından asılıdır. Fondların aktivlərinin strukturu investisiya trestlərinin aktivləri ilə analojidir. Onların təqribən 80%-ni şəxsi şirkətlərin səhmləri təşkil edir. Bir çox vəkalətli pay fondları banklarla və sığorta şirkətləri ilə əlaqədardır.
Maliyyə korporasiyaları borc kapitalının adi mənbələrinə əlləri çatmayan şəxsi firmaların kreditləşdirilməsində ixtisaslaşır. Ən iri maliyyə korporasiyaları sənayenin maliyyə korporasiyası, kənd təsərrüfatı üzrə ipoteka korporasiyası və başqalarıdır.
Vençur maliyyələşmə şirkətləri əsasən XX əsrin 80-ci illərində yaranan ixtisaslaşmış müəssisələrdir. Bu şirkətlər əsas etibarilə aparıcı sahələrdə yeni və genişlənən şirkətlərin kreditləşdirilməsi ilə və iştirakının əldə edilməsi ilə məşğul olur. Bu isə böyük risklə əlaqədardır.
Böyük Britaniyanın kredit sisteminin strukturu şəkil 5.1.-də göstərilmişdir.