Böyük Britaniyanın funt sterlinq pul vahidinin Britaniya adalarında meydana gəlməsi mərkəzləşmiş dövlətin yaranmasından çox –çox əvvəl baş vermişdir. Hələ norman işğalından (1066-cı il) əvvəl yerli əhali gümüş penslərdən, yaxud sterlinqlərdən istifadə edirdi. Gümüşün bir funtundan 240 pens kəsilirdi. «Funt sterlinq» adı da məhz buradan yaranmışdır. Funt da öz növbəsində 20 şilinqə bölünürdü. Hər bir şillinq uyğun olaraq 12 pensə bərabər idi. XIII əsrdə şillinqlər ilk dəfə pul şəklində kəsilmiş, artıq XIV əsrdə dövriyyədə qızıl funtlar peyda olmuşdur.
Pulların korlanması dövri olaraq pul dövriyyəsinin pozulmasına gətirib çıxarırdı. Məsələ bundadır ki, daha tam çəkili pullar ayrı - ayrı şəxslər tərəfindən dövriyyədən çıxarılır və sərvət şəklində toplanırdı, yəni tezavrasiya olunurdu. Pulların qiymətdən düşməsinə qarşı əhalinin bu təbii reaksiyası sonralar «Qreşem qanunu» adını almışdır. Qreşem kraliça Yelizaveta dövründə hökumətin pul məsələləri üzrə məsləhətçisi idi.
1717-ci ildə sikkəxananın müdiri dahi fizik I.Nyuton funtun qızıl tərkibini müəyyənləşdirdi (7,3222382 q). Funtun bu tərkibi 1931-ci ilə kimi dəyişməz qaldı. Qızıl standartın rəsmi deklarasiyasına qədər Böyük Britaniya dünya birliyində dominant mövqe tuturdu. Müstəmləkə regionların iqtisadiyyatlarına yatırılan investisiyalar sayəsində və hazır məhsulların ixracatçısı, xammalın idxalatçısı kimi müstəsna vəziyyətinə görə Böyük Britaniya bu mövqeyini saxlaya bilirdi. Bir çox ölkələr öz rəsmi ehtiyatlarını monetar qızıl formasında və ya London bankının depozitlərində saxlayırdılar. O dövrdə Londonda depozitlərdəki funt strelinqlər monetar qızıla bərabər tutulurdu. Faktiki olaraq, müxtəlif ölkələrin valyuta kurslarının ingilis funtuna nəzərən sərt fiksasiyası mövcud idi. Əksər dövlətlərin monetar siyasəti Britaniyanın monetar siyasətindən asılı vəziyyətdə idi. Faiz dərəcələrinin Londondakı hər bir dəyişikliyi Bombeyin, Sinqapurun, Yoxannesburqun və Nyu-Yokun valyuta və fond bazarlarında dəyişikliklər törədirdi. Böyük Britaniyanın valyuta sferasındakı üstünlüyü qızıl və gümüş istifadəsinin paralel şəkildə zəifləməsi, sönməsi ilə və gümüşün qızıl tərəfindən sıxışdırılması ilə müşayiət olunurdu.
Dörd əsr ərzində mövcud olan bimetallik pul sistemi 1816-cı ilin qızıl standart qanunu ilə ləğv edildi. Lakin yeni sistemin fəaliyyətinin təmin edilməsi üçün metalın çatışmazlığı səbəbindən banknotların qızıla mübadiləsi və qızıl pulların kəsilməsi yalnız 1821-ci ildə həyata keçirilməyə başladı. 1821-ci ildən 1914-cü ilə kimi Ingiltərədə qızıl standartın qızıl sikkə pul sistemi kimi forması fəaliyyət göstərirdi. Banknotların emissiyası 1844-cü ildən başlayaraq, demək olar ki, 100% qızılla təmin olunurdu. Fidusiar, yəni təmin edilməmiş və etibara əsaslanmış emissiya həmin dövrdə illik 14 milyon funt sterlinqi aşmamalı idi. Qızıl soveren, yaxud 20 şillinqlik sikkə 7,98805 qram ağırlığında idi və 0,9162/3 əyarına malik idi. 1914-cü ildə xəzinə soverenin əvəzinə 1 funt sterlinq və 10 şillinq dəyərində banknotlar buraxdı. 1928-ci ildə bu banknotların buraxılma funksiyasını Ingiltərə Bankı öz üzərinə götürdü.
XX əsrin əvvəlində Britaniya iqtisadiyyatı üçün kapitalın böyük ixracı xarakterik idi. 1904-1913-cü illərdə kapitalın ixracatı demək olar ki, daxili kapital yatırımlarına bərabər idi. Britaniya imperiyasının ölkələri onun xarici investisiyalarının təqribən yarısını udurdu. Kapital yığımının xüsusiyyəti Böyük Britaniya iqtisadiyyatına daxili kapital yatırımlarının maliyyələşdirilməsində müstəmləkə və xammal şirkətlərinin aktiv iştirakı idi. 1910-1914-cü illərdə xarici investisiyalardan gələn təmiz gəlir ölkənin ÜDM-nin 8%-ni üstələyirdi.
1914-ci ildə hökumət hərbi xərclərin ödənilməsi üçün banknotların qızıla mübadiləsini ləğv etdi, qızıl pulları dövriyyədən çıxararaq, xəzinə biletlərini buraxmağa başladı. Hökumət öz hərbi xərclərinin maliyyələşdirilməsi üçün xəzinə biletlərinin emissiyasından aktiv şəkildə istifadə edirdi. Müharibə dövründə bu emissiyanın ümumi məbləği 346 milyon funt sterlinq təşkil etmişdir. Bu, dövriyyədə olan bütün pul nişanlarının təqribən onda doqquz hissəsi idi. Kağız pulların artımı ilə birlikdə dövriyyənin kredit vəsaitlərinin kütləsi də artdı. Onun əsas mənbəyi hökumət istiqrazları idi. Elə bu səbəbdən də Ingiltərənin dövlət borcu 1914-cü ildən 1919-cu ilə kimi 11 dəfə artmışdır (0,7 milyard funt sterlinqdən 7,9 milyard funt sterlinqə qədər).
Birinci Dünya müharibəsində Ingiltərənin xarici iqtisadi mövqeləri çox zəiflədi. Buna səbəb digər ölkələr tərəfindən aktiv şəkildə həyata keçirilən «valyuta dempinqi» idi. Funt sterlinq kursunun ABŞ dollarına nəzərən düşməsi səbəbindən Ingiltərənin kapital yatırımları qiymətdən düşürdü. 1919-cu ilin aprelində Ingiltərə öz valyutasının qızıla mübadiləsini dayandıraraq onun «üzən» kursunu tətbiq etmək məcburiyyətində qaldı. «Üzmə» prosesində funt sterlinq dollara nəzərən orta hesabla 10% qiymətdən düşdü. 1920-ci ildə gümüş pullarda təmiz gümüşün miqdarı 50%-ə qədər azalmışdır. Buna səbəb gümüşün qiymətinin yüksəlməsi idi. 1925-ci ildən 1931-ci ilə kimi qızıl külçə standartı mövcud olmuş və indiyə kimi fəaliyyət göstərən xırdalanmayan kredit pullar sistemi ilə əvəzlənmişdir. 1925 -1928-ci illərdə pul islahatı keçirilmiş və bu islahat dövründə xəzinə biletləri dövriyyədən çıxarılmışdır. Ingiltərə Bankına 260 milyon funt sterlinq həcmində banknotların fidusiar emissiya hüququ verilmişdir. Bu məbləğdən yuxarı həcm üçün parlamentin təsdiqi ilə xəzinənin icazəsi tələb olunurdu.
1931-ci ildə Böyük Britaniya sterlinq blokuna rəhbərlik etdi. Ikinci Dünya müharibəsinin əvvəlində bu blok sterlinq zonasına - dünya ticarət dövriyyəsinin təqribən altıda birini əhatə edən iri valyuta zonasına çevrildi. Dollar standartının tətbiqindən sonra ikinci ehtiyat valyutadan istifadə etmiş ölkə kimi mövqeyini itirən Böyük Britaniya 1970-ci illərin axırlarında sterlinq zonasının qəti iflasından sonra da beynəlxalq valyuta mühitində xüsusi yer tutmaqda davam edirdi.
1939-cu ilin sentyabrında Ingiltərə Bankının qızıl ehtiyatı xəzinənin sərəncamına verilmiş və oradan da ingilis hərbi sifarişlərinin ödəniş hesabı ilə ABŞ-a göndərilmişdir. Nəticədə ölkədəki pul emissiyası qızılla əlaqəsini itirmiş və tamamilə fidusiar olmuşdur. Onun yeganə təminatı hökumətin öhdəlikləri idi, ölçüləri isə ödəniş dövriyyəsinin və dövlətin monetar siyasətinin tələbləri ilə diktə edilməyə başlamışdı. Ikinci Dünya müharibəsi dövründə Ingiltərənin pul dövriyyəsi dövlətin hərbi xərclərinin maliyyələşmə tələblərinə uyğunlaşaraq çox artdı. Bununla belə, hərbi xərclərin maliyyələşməsində vergilərin yüksək payı (təqribən 40%) pul kütləsinin artımına ləngidici təsir göstərirdi. Bu dövrdə pul kütləsinin artımı Birinci Dünya müharibəsi illəri ilə müqayisədə ümumilikdə daha az idi. 1939-cu ildən 1945-ci ilə kimi bank depozitlərinin ümumi məbləği 2,4 milyard funt sterlinqdən 4,6 milyard funt sterlinqə qədər, banknotların ümumi məbləği isə 0,5 milyard funt sterlinqdən1,3 funt sterlinqə qədər artmışdır. Qiymətlərin artımı nisbətən mülayim (75%) idi. Bu isə qiymətlərə dövlət tərəfindən göstərilən nəzarət sayəsində mümkün olmuşdur.
1971-ci il 28 iyul tarixli qanuna müvafiq olaraq, əvvəllər buraxılan pullar –krona (kraun), ikiqat florin, florin, şillinq və altıpenslik – yenidən dövriyyəyə 25, 20, 10, 5, 2,5 yeni pens dəyərində buraxılmışdır. 1980-ci ildə altıpenslik, 1990-cı ildə isə 5 şillinq dəyərində pul dövriyyədən çıxarılmışdır. Ingiltərə Bankı 5,10, 20 və 50 funt sterlinq dəyərində banknotlar buraxır. Ingiltərə Bankının banknotları Ingiltərədə və Uelsdə qanuni ödəniş vasitəsidir. Şotlandiyanın və Şimali Irlandiyanın bankları banknotları buraxmaq hüququnu saxlamışlar.
Böyük Britaniyanın iqtisadi sisteminin, o cümlədən pul və valyuta sistemlərinin dəyişdirilməsinin mühüm istiqaməti təsərrüfatın qeyri-tənzimlənməsi oldu. Böyük Britaniya ilə digər ölkələr arasında kapitalın hərəkətini məhdudlaşdıran valyuta nəzarəti 1979-cu ildə ləğv edildi. 1986-cı ilin oktyabrında London fond birjasının yenidən təşkili həyata keçdi və iqtisadi ədəbiyyatda «böyük partlayış» adını aldı. Minimal qeyd olunmuş komisyon haqları sadələşdirildi, banklar və xarici müəssisələr üçün birjaya yol açıldı, birja üzvlərinə broker və cobber funksiyalarını birləşdirmək icazəsi verildi (yəni əməliyyatları öz hesabına aparmaq).
Qeyri-tənzimlənmə prosesi banklar tərəfindən göstərilən maliyyə xidmətlərinin artıq çoxdan bəri inkişaf edən diversifikasiya tendensiyasını və onların fəaliyyətlərinin universallaşdırılma tendensiyasını gücləndirdi. Nəticədə Böyük Britaniya iqtisadiyyatı dünyanın ən qeyri-tənzimlənən iqtisadiyyatlarından biri oldu. Ölkə «azadlıq indeksi» adlı göstərici üzrə altıncı yerdədir (102 dövlətdən) və Sinqapurdan, Yeni Zelandiyadan, ABŞ-dan, Isveçrədən və Malayziyadan sonra gəlir.
1980-ci illər ərzində Böyük Britaniya monetar siyasətin müəyyən formasını – pul kütləsinin targetingləşmə formasını həyata keçirirdi. Pul targetinqinin digər formalardan əsas üstünlüyü aşağıdakılardır: mərkəzi bank tərəfindən milli prioritetlərin nəzərə alınması ilə monetar siyasəti təshih etmək imkanı, inflyasiyanın xaricilərdən fərqli olan məqsədli göstəricilərini müəyyənləşdirmək imkanı və xarici sarsıntılara qarşı durmaq qabiliyyəti. Siyasət müəyyənləşdirilmiş pul aqreqatlarının dövri şəkildə elan edilməsi yolu ilə inflyasiya gözləmələrinə təsir göstərir və bununla da seçilmiş siyasəti həyata keçirməklə bağlı hakimiyyətin arzusunu və qabiliyyətini təkzib edir və ya təsdiq edir. Lakin 1990-cı illərin əvvəllərində hökumət əmin oldu ki, pul kütləsinin artımına nəzarəti həyata keçirmək çox çətindir.
Inflyasiya ilə mübarizənin yeni aləti kimi funtun mübadilə kursunun stabil alman markasına bağlılığı, yəni tarqetingləşmə (bax: fəsil 1) seçilmişdir. Nəticədə Böyük Britaniya inflyasiyanın 1990-cı ildə 10%-dən 1992-ci ildə 3%-ə qədər aşağı salınmasına müvəffəq olmuşdur. Lakin Mübadilə kurslarının Avropa Mexanizminin (MKAM) böhranı səbəbindən Böyük Britaniya 1992-ci ildə mübadilə kursunun targetinq siyasətindən imtina etdi. Bu böhran britaniyalılar üçün yaxın gələcəkdə avronu tətbiq etmək imkanını aradan qaldırdı.
1990-cı ildə Almaniyanın birləşməsi və AB-nin bununla bağlı potensial xərcləri Avropa Birliyinin digər ölkələri üçün iki il ərzində maliyyə cəhətdən qeyri-stabillikdən xəbər vermirdi. Valyuta kurslarının tənzimlənmə sisteminin yaxınlaşacaq iflasından xəbər verən ilk əlamət (eyham) 1992-ci ildə «Bundesbank»ın prezidenti Şleyzinqerin çıxışı oldu. Şleyzinqer nüfuzlu iclasların birində bildirdi ki, investorlar vahid Avropa valyutasının stabilliyinin bərabər səviyyədə bütün Avropa valyutalarının zənbilindən asılı olmasını hesab edirlərsə, səhv edirlər. Bu eyham birinci növbədə həmin dövrdə pis vaxtlarını yaşayan italyan birjasına aid idi. Şleyzinqer əlavə etdi ki, əgər Avropa valyutası avro yox, marka olsa, bu daha yaxşı hesab edilər. Dünyanın məşhur alverçisi və möhtəkiri Corc Soros bu bəyanata dərhal reaksiya verərək öz kapitallarını liranın zəifləməsinə yönəltdi. Sorosun hərəkətləri zəncirvari reaksiya yaratdı. Nəticədə italyan hökuməti lira kursunu məqsədli MKAM zonası çərçivəsində saxlamaqdan imtina etdi.
MKAM -dakı vəziyyət həm də 1992-ci il 20 sentyabr üçün təyin edilmiş fransız referendumunun gözlənilən nəticələri ilə gərginləşmişdi. Maastrixt müqaviləsinin müdafiəsi ilə bağlı məsələnin səsvermə nəticələri mənfi olacağı halda AB-nin monetar inteqrasiyasının üstündən xətt çəkilərdi. Bu hadisənin əvvəlində AB-nin əsas lokomotivindən – alman markasından asılı olan funt avqustun 26-da Mübadilə kurslarının Avropa mexanizminin aşağı sərhədinə qədər düşdü. Nəticə olaraq, Böyük Britaniya sərbəst möhtəkirçi kapitalların hücumu üçün obyekt rolunu oynamağa başladı. Funtun gücünü saxlamağa çalışan ingilis hökuməti dərəcələrin 2% qaldırılması barədə qərar çıxardı. Nəticədə möhtəkirlərin valyuta hücumu daha da gücləndi. Faiz dərəcələri günorta qaldırılmış, axşam isə ingilis funtu özünün MKAM -dakı üzvlüyünü dayandırmışdır. Sorosun ingilis funtu ilə həyata keçirdiyi əməliyyat ona iki gün ərzində 2 milyard dollar gətirdi. Bu əməliyyat Forex beynəlxalq valyuta bazarında ən böyük uğur hesab olunur.
1993-ci ildən başlayaraq, Ingiltərə antiinflyasiya siyasətinin - qısamüddətli faiz dərəcələrinin dəyişdirmə siyasətinin digər elementindən istifadə etməyə başladı. Elə həmin ildə də Ingiltərə Bankı yeni dərəcələrin tətbiq olunma vaxtını müəyyənləşdirmək imkanı əldə etdi, 1997-ci ildən başlayaraq isə faiz dərəcələrinin dəyişilməsi barədə müstəqil qərar çıxarmaq hüququ aldı.
ABŞ dollarına nəzərən funt sterlinq kursunun dinamikası funt sterlinqin mərhələli şəkildə düşməsini nümayiş etdirir. Belə ki, 1991-ci ildə 1 funt sterlinq 1,76 dollara bərabər idisə, 1998-ci ildə 1 funt sterlinqə görə 1,65 dollar verirdilər. 2001-ci ilin iyununda Böyük Britaniyada parlament seçkiləri ərəfəsində ingilis funt sterlinqinin kursu dollara və digər əsas valyutalara nəzərən kəskin şəkildə düşdü. London valyuta bazarının bağlanması zamanı 2001-ci ilin iyun ayında funtun kursu dollara nəzərən son 15 ildə ən aşağı səviyyəyə düşdü. Həmin dövrdə 1 funta 1,3915 dollar verilirdi.