1995-ci ilin dekabrında Avropa Şurasının Madriddəki iclasında avronun tətbiqi proqramı qəbul olunmuş və elə həmin şuranın1996-cı ilin dekabrında Dublindəki iclasında bu proqram inkişaf etdirilmiş və konkretləşdirilmişdir. Bu proqram və icraedici orqan - AB Komissiyası səviyyəsində qəbul edilmiş digər qərarlar iştirakçı ölkələr üçün iqtisadi və monetar ittifaqın təkamül prosesinin meyarlarını, o cümlədən vahid valyutanın tətbiqinin müddət və prinsiplərini nəzərdə tuturdu. Avronun tətbiqini nəzərdə tutan ölkələrin uyğunlaşmalı olacağı iqtisadi konvergensiya meyarları xüsusi maraq doğurur (cədvəl 9.4).
Cədvəl 9.4
Avropa birliyi ölkələrinin iqtisadi
konvergensiyasının meyarları
Meyarlar |
Hüdud qiyməti |
Dövlət büdcəsinin kəsiri |
ÜDM-in 3%-dən sox olmayaraq |
Dövlət borcu |
ÜDM-in 60%-dən çox olmayaraq |
Qiymətlərin illik artımı |
AB-nin bu mənada daha əlverişli olan üç ölkəsində inflyasiyanın orta səviyyəsindən yuxarıda 1,5%-dən çox olmayaraq |
Uzunmüddətli faiz dərəcəsinin orta ölçüsü |
Elə həmin üç ölkədə bu faiz dərəcələrinin orta səviyyəsindən 2%-dən çox olmayaraq |
Qarşılıqlı valyuta kurslarının dəyişmə hüdudları |
+/-15% |
Avronun fəaliyyəti dövründə göstərilən meyarlara riayət olunması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Belə ki, hədsiz büdcə kəsirinə yol vermiş ölkə (ÜDM-in 3%-dən çox) birinci ildə AB Komissiyasının xüsusi hesabına öz ÜDM-nin 0,2%-i ölçüsündə depozit üstəgəl müəyyənləşdirilmiş limiti aşan kəsirin hər faizinə 0,1% köçürməlidir. Əgər bu vəziyyət ikinci ildə də qalmaqda davam edirsə, depozitin yalnız əlavə hissəsi ödənilir (ÜDM-in 0,5%-dən çox olmayaraq). Sonralar vəziyyət düzəlmirsə, depozit cərimələrə çevrilir və bu cərimələr «intizamlı» iştirakçıların sərəncamına verilir.
Iqtisadi və monetar ittifaqın təkamül prosesinin üçüncü mərhələsi 1999-cu ildə yanvarın 1-dən başladı. Bu tarixdən başlayaraq, «avro zonası»nın iştirakçı ölkələrinin milli valyutaları ilə avro arasındakı mübadilə kursları qəti şəkildə qeyd edilmiş, avro ümumi valyuta olmuşdur. Avro AB-nin ekyü hesablaşma vahidini 1:1 nisbətində əvəz etdi. Üçüncü mərhələ hazırlıq pilləsi də daxil olmaqla, bir neçə pilləyə bölünmüşdür. Hazırlıq pilləsi üçüncü mərhələnin başlanmasına 1 il qalmış başlayırdı.
A fazası (1998-ci il). Iqtisadi və monetar ittifaqın iştirakçılarının seçilməsi. Bu fazanın sonunda təqdim olunmuş konvergensiya meyarlarından çıxış edərək,15 ölkədən 11-i digər pilləyə keçməyə hazır idi. Böyük Britaniya, Danimarka və Isveç siyasi motivlər üzündən, həmçinin referendumdakı mənfi nəticələrə görə Avropa monetar ittifaqının üzv ölkələr qrupuna daxil olmaqdan imtina etdilər. Yunanıstan qoyulmuş iqtisadi məhdudiyyətləri yerinə yetirmədi və bu səbəbdən «avro zonası» ölkələri arasında ola bilmədi. Bu dövrdə dövlətlər fond birjaları, banklar və bank fəaliyyəti barədə qanunları yenidən nəzərdən keçirməli, avro ilə uçotun aparılma mexanizmlərini, avro pulların hərəkət qaydalarını və s. Hazırlamalı idilər.
B fazası (1.01.1999 – 31.12.2001). Avropa Ittifaqının 11 ölkəsində milli pul vahidləri ilə paralel şəkildə qeyri-nağd avronun tətbiqi. Iqtisadi konvergensiyanın şərtlərini yerinə yetirən Yunanıstan 2001-ci il yanvarın 1-dən başlayaraq, «avro zonası» ölkələrinə qoşuldu və onların sayını 12-yə çatdırdı. Bu dövrdə iştirakçı ölkələrin milli valyutalarının avroya nəzərən kursları qəti və dönməz şəkildə (başqa ölkələrin valyutasına dəyişdirilə bilməyən) qeyd olunurdu. Bütün yeni dövlət istiqrazları avro ilə buraxılırdı. AB ölkələrinin 11 valyutasının 1999-cu ildə yanvarın 1-də Avropa vaxtı ilə 0.00-dan avro ilə müəyyənləşdirilmiş konvertasiya kursları cədvəl 9.5-də göstərilmişdir.
Yeni Avropa valyutası 1999-cu ilin birinci yarısında özünün ilkin dəyərinin 14%-nə qədər itirdi. Avronun tətbiq edilmə anında kurs aşağıdakı kimi idi: 1,1743 dollar = 1 avro. Lakin 1999-cu ildə fevralın sonunda avronun Amerika dollarına nəzərən kursunun bir qədər azalması müşahidə olundu. Avronun ABŞ dollarına nəzərən kursu ən aşağı düşmə nöqtəsinə oktyabrın 26-da çatdı və 1 avro üçün 0,825 dollar səviyyəsinə qədər endi. Bu isə o deməkdir ki, ilkin müəyyənləşdirilmiş kursa nəzərən qiymətdən düşmə 30% təşkil etmişdir. 2000-ci ildə avronun ABŞ dollarına nəzərən kursu 18% aşağı düşmüşdür.
Avronun belə böyük xarici qiymətdən düşmə səbəbləri daxili makroiqtisadi faktorlarla yanaşı, həm də xarici şərtlərlə, ABŞ-da iqtisadi inkişafın daha aktiv templəri ilə, Avropa ilə müqayisədə daha yüksək faiz dərəcələri ilə əlaqədar idi. Mütəxəssislərin fikrincə, avro kursunun aşağı düşməsi tamamilə qanunauyğundur, çünki yeni valyutanın ilkin dəyəri əsassız şəkildə yüksək idi. Mütəxəssislər bunu aşağıdakı şəkildə əsaslandırırlar. Birincisi, Bonn sammitinin iştirakçıları «Maliyyə stabilləşdirilməsinin forumu»nu təsis etmək qərarına gəldilər. Bu forum, təşəbbüskarların fikrincə, əsasən dolların dünya bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi hesabına, o cümlədən avroya münasibətdə dünya iqtisadiyyatının inkişafına nəzarət və koordinasiya etməli idi. Ikincisi, sammit zamanı Avropa monetar ittifaqının bütün üzv ölkələrində iqtisadi inkişaf templərinin yavaşıması barədə məlumatlar elan olunmuşdur və bu da artıq avro kursunun düşməsi üçün kifayət qədər əsas verir. Üçüncüsü, ABŞ Almaniya tərəfindən təklif olunmuş dolların, ienin və avronun mübadiləsinin qeyd olunma mexanizminin yaradılması planından imtina etdi. ABŞ hesab edirdi ki, bu plan Amerikanın milli maraqlarına ziyan yetirər. Bundan sonra, investorların əksəriyyəti analitiklərin məsləhətləri ilə avroya stavka edib, aktivlərini təcili surətdə dollarlara köçürməyə başladılar. Nəticədə 1999-cu ilin martında avro öz dövriyyəsinin ilk günləri ilə müqayisədə, 6% ucuz oldu. Yuxarıda göstərilən səbəblərdən başqa, siyasi faktorlar da kursa mənfi təsir göstərirdi. Bunlar Avropa komissiyasının kollektiv istefası, Balkanlardakı hərbi münaqişə, ABŞ tərəfindən AB-nin maliyyə sistemini zəiflətmək cəhdləri idi.
2000 və 2001-ci illərin qovşağında dünyanın valyuta bazarlarında ilk dəfə avro kursunun ABŞ dollarına nəzərən böyük artımı müşahidə olunmuş, 2000-ci ildə noyabrın sonunda 1 avroya 0,856 dollardan 2001-ci ildə yanvarın axırında 1 avroya 0,938 dollara qədər artmışdır. Bu, 2000-ci ilin III rübündə ABŞ-da istehsal həcminin artımındakı azaldıcı təshihlərin təsiri ilə və onun ardınca ABŞ FRS rəhbəri A.Qrinspenin yeni maliyyələşdirilmə dərəcələrinin endirilməsi barədə bəyanatının təsiri altında baş vermişdir. 2001-ci ilin mart-dekabr aylarında avronun kursu 1 avroya 0,88-0,92 dollar çərçivəsində idi.
Faza C (1.01.2002 – 30.06.2002). Avro banknotlarının və pullarının dövriyyəyə daxil edilməsi. Iştirakçı ölkələrin bu dövrə qədər milli valyutalarda aparılan bütün hesabları rəsmi kursla avroya konversiya edilmişdir.
2002-ci ilin əvvəlindən avronun kursu tədriclə artır və Nyu-York birjalarında 1 avro üçün 1,0085 dollara qədər yüksəlib, psixiloji qiymətini üstələyirdi. Avro dollardan baha oldu. Buna səbəb bir sıra iri maliyyə şirkətlərinin müflisləşməsi ilə əlaqədar olaraq, ABŞ-ın fond bazarlarındakı dəyişmələr idi. Bu hüdud qiyməti ətrafındakı kurs dəyişmələri nəticədə 2003-cü ilin fevralında mübadilə kursunun Amerika dollarına nəzərən (1,0694 dollar/avro), ingilis funtuna və yapon ieninə nəzərən üçillik maksimuma qədər artırılmasına gətirib çıxartdı. Valyuta bazarındakı bu vəziyyətin açıq-aydın səbəbi ABŞ ilə Iraq arasındakı münasibətlərdə olan gərginlik idi. Bununla belə, Avropa Mərkəzi Bankının prezidenti Vim Duyzenberq bildirdi ki, avronun artımı «avro zonasında» faiz dərəcəsinin bundan əvvəlki azalma effektinə uyğun gəlir. Güclü avronun olması Avropa regionunda ixracat potensialına mənfi təsir göstərir və hakimiyyətlər monetar siyasətin yürüdülməsi zamanı bunu nəzərə almaya bilməzlər. Uyğun strategiya və taktikanın reallaşdırılma məsuliyyətini əsasən Avropa Birliyinin baş monetar orqanı - Avropa Mərkəzi Bankı daşıyır.