8.2.3.Italiyanın bank institutları sistemi

8.2.3.Italiyanın bank institutları sistemi

Italiyanın bank sistemi müasir mərhələdə güclü dağınıqlığı ilə xarakterizə olunur. Italiya banklarının heç biri Avropanın iri banklarının onluğuna daxil deyil. Itali­yanın üç iri bankının payına yerli bazarın cəmi 20%-i düşür. Bu bank­ları heç sistemyaradıcı banklar da adlan­dırmaq olmaz. Bunlar 2000-ci ildə birləşmə nəticəsində yaranmış IntesaBCI, 2001-ci ilin oktyabrında yenidən təşkil olunmağa başlamış UniCredito Italiano SanPaolo IMI banklarıdır. UniCredito bankının gələcəkdə üç qlobal şöbədən ibarət olacağı nəzərdə tutulur. Bu şö­bələr pərakəndə əməliyyatlarla, aktivlərin idarəetməsi ilə və şəxsi bank biznesi ilə məşğul olmalıdır. Mütəxəssislər gələcəkdə UniCredito Italiano və IntesaBCI bank­larının qovuşmasını da istisna etmirlər. Nəticədə Italiyada dünya miqyaslı «milli çempion» yarana bilər. Lakin bu o halda baş verə bilər ki, hər iki bank öz daxili islahatlarını başa çatdırsın.

Italiyanın bütün kommersiya banklarını bir neçə qrupa bölmək olar. Miili maraqlar üzrə banklar – «Banko kommer­siale Italiano» (Banko Commerciale Italiano), «Bank Rima» (Banko di Roma), «Kredito Italiyano» (Credito Italiano) bankları Instituto per la recostruzione industriale (IRI) mülkiyyətində yerləşir. IRI də öz növ­bəsində dövlət mülkiy­yətin­dədir. Dövlət onları iri maliyyə islahatı nəticəsində əldə etmişdir. Milli maraqlar üzrə bankların təşkil olunma qaydalarına xüsusi tələblər verilir. Birincisi, belə bankın nizamnaməsi maliyyə nazirinin dekreti ilə təsdiq olunmalıdır, həm də dekret KƏNK ilə məs­ləhətləşmədən sonra nəşr olunur. Ikincisi, bu bank­ların səhmləri xüsusi reyestrə daxil edilir və yalnız Italiya vətəndaşlarının adlarına yazıla bilir (prezidentin 1965-ci il dekreti ilə bu məhdudiyyət AB ölkə­lərinin vətən­daş­ları üçün aradan qaldırılmışdır). Üçüncüsü, belə bankların direk­torlarının təyini Italiya Bankı tərəfindən təsdiq edilmə­lidir. Italiya bankının nümayəndəsi, adətən, Direk­torlar Şura­sının iclaslarında iştirak edir. Milli maraqlar üzrə bank­lara, ənənəvi olaraq, şəxsi sektorun iqtisadi fəa­liy­yətinin inkiş­afındakı xüsusi rol məxsusdur. Məsələ bundadır ki, milli maraq bankları öz şöbələrinin şaxə­lənmiş şəbəkəsi vasitəsilə çoxsaylı və müxtəlif maliyyə xidmətlərini təqdim edirdilər. Bundan başqa, milli maraq bankları italyan müəs­sisələrinin xarici iqtisadi fəaliyyətinin inkişafında aparıcı rol oynayırlar.

Milli maraq bankları digər bank müəssisələri ilə yanaşı depozit banklar qrupuna daxildir. Depozit bank­ların əksəriyyəti dövlət banklarıdır. Adı çəkilən banklardan başqa Italiyanın daha məşhur dövlət bankları «Banko nasionale del Lavoro» (Banko Nationale del Lavoro), «Instituto San Paolo di Torino» (Instituto San Paolo di Torino), həmçinin Italiyanın qədim banklarından biri olan «Monte del Paşi di Sienna» (Monte del Paschi di Sienna) bankıdır. Ümumilikdə, Italiyada 170-dən çox depozit bankı var. Depozit bankların əməliyyatları ölkə daxilindəki kommunikasiyaların geniş şəbəkəsi, onların xaricdəki şöbələri və filialları, iqtisadiyyatın bir çox sahələrini əhatə edən xüsusi kreditləşmə sistemi vasitəsilə həyata keçirilir.

Italiyanın kommersiya banklarının ikinci qrupunu daşınan əmlak bankları təşkil edir. Daşınan əmlak bank­ları depozit banklardan fərqli olaraq, həm dövlət, həm də qeyri dövlət bankları ola bilir. «Sosione» (Sezione), «Institute di kredito fondario» (Institute di credito fondario), «Edifisio» (Edifizio), «Aqrariro mobiliane» (Agrario mobiliane) bank­ları bu qəbildəndir. 1936-cı ilin bank qanununa görə, italyan bankları uzunmüddətli kre­ditlər vermək iqtidarında deyil­dilər. Ona görə də onlar müəs­sisələri torpaq krediti, daşın­maz kredit, daşınan kredit və ya kənd təsərrüfat krediti ilə yaradır, yaxud əldə edirdilər. Hal hazırda ölkədə 600-dən çox daşınan əmlak bankı fəaliyyət göstərir.

Bankların üçüncü qrupuna investisiya banklarını aid etmək olar. Investisiya bankları da depozit banklar kimi daha çox dövlət bankları olurlar. Bankların dövlətə məxsusl­uğu hökumət proqramlarının investisiya bankları tərəfindən kredit­ləş­dirilməsi ilə izah olunur. Ümumilikdə isə, bu banklar sənayenin, xırda və orta şirkətlərin, həm­çinin ölkə infrastruk­tu­runun ortamüddətli və uzunmüddətli kreditləşməsini həya­ta keçirirlər. Bu, ən azsaylı qrup­lardan biridir: təqribən 40 investisiya bankı.

Italiyanın kredit sisteminə regional banklar da da­xildir. Ayrı-ayrı regionların inkişafının stimullaşdırılması üzrə dövlət öhdəlikləri bu regional bankların yara­dıl­masında böyük rol oynayırlar. Regional banklardan aşağıdakıları göstərmək olar: «Banko di Napoli» (Banko di Napoli), «Banko di Sisiliya» (Banko di Sizilia), «Banko di Sardiniya» (Banko di Sardegna) və başqaları (cəmi 100-ə qədər bank). Hal hazırda Italiya Bankı çox da böyük olmayan regional banklara xüsusi diqqət göstərir. Bu bankların əksəriyyəti çox çətin maliyyə vəziyyə­tindədir. Vahid Avropa maliyyə bazarının təşəkkül şəraitində on­ların perspektivləri çox dumanlıdır, ona görə də  hökumət onları qeyri formal şəkildə böhrana qarşı dura bilən daha güclü qruplarda birləşməyə təhrik edir.

Italiyanın kredit sistemində dövlət sektorunun bö­yük payı mənfi nəticələrə və ayrı-ayrı bankların, ümu­milikdə sistemin vəziyyətinin pisləşməsinə gətirib çıxartdı. Dövlətin iştirakı Italiya hökumətinin banklara sırıdığı iki məcburi ölçü ilə ifadə olunurdu. Bunlar kreditin təminatı və öz aktivlərinin müəyyən faizini torpaq, kənd təsərrüfatı və daşınan istiq­raz­lar şəklində istifadə etmək öhdəliyidir. 1983-cü ildə kreditin təminatı ləğv edilmiş, bank aktiv­lərinin istiqrazlar şəklində istifadəsinin məcburi faizi 4,5-ə qədər endirilmiş və bu, yalnız torpaq və kənd təsərrüfatı istiqrazlarına aid edilmişdir. Bun­dan başqa, 1980-ci illərin əvvəllərindən kommersiya bankla­rı­nın tədrici özəl­ləş­diril­məsi başlandı. Lakin əhəmiyətli dəyişik­liklər baş vermədi, 1990-cı illərdə bütün cəlb edilmiş depozitlərin 24%-i və verilmiş kreditlərin 25,8%-i şəxsi bank­la­rın payına dü­şürdü. Həm də şəxsi bankların sayının azal­ması hesabına (Italiyada onların sayı 100-dən azdır) dövlət sektoru artmağa başladı. Dövlətin bank sektorundakı iştirakı rəhbər vəzifələrə təyinat zamanı siyasiləşmə ilə güclənir. Siyasi «çeşidləmə» adlanan qaydaya əsasən, partiyalar vəzifələri öz ara­la­rında bölüşdürürlər. Banko pazionale del Lavoro ban­kının vəzifəsi sosialistlərə, Banko di Sizilia ban­kının prezident yeri respublikaçılara, Banko di Napoli – sosial demokratlara verilir.

Bütün italyan bankları üçün aşağı rentabellik və ya hətta ziyanlılıq, kredit portfelində vaxtı keçmiş və ümidsiz məbləğlərin böyük miqdarları, bank işçilərinin aşağı səviyyəli professionallığı və işçilərin böyük sayı xarak­terikdir. Inzibati tədbirlər üzündən kredit bazarında xarici rəqa­bətin uzun müddət ərzində olmaması səbəbindən Itali­yanın bank sistemi digər Avropa ölkələri ilə müqa­yisədə bank xidmətlərinin key­fiy­yətində uduzur. Indiki za­manda Italiyada xarici bankların 45 törəmə bankı fəaliyyət gös­tərir. Italiya bankları əhalinin və xırda biznesin tələb­lərinə lazımi qaydada cavab vermirlər. Bunun səbəbi yüksək riskli əməliyyatların keçiril­mə­sində təcrübənin olmaması və nəticə olaraq, kredit xid­mət­lə­rinin qara ba­zarının çiçəklənməsidir. Bundan başqa, Italiyada çirkli pulların yuyulma problemi digər Qərbi Avropa ölkələrinin heç birində olmadığı kimi, aktualdır. Mafiyanın hələ 1882-ci ildə yarandığı ölkə qeyri-leqal maliy­yə axınları ilə mübarizə aparmağa cəhd göstərir və bunu kom­mersiya banklarının və Italiya bankının Maliyyə nazir­liyi ilə, Milli valyuta idarəsi ilə, Maliyyə qvardiyası ilə, Mafi­ya ilə mübarizə üzrə Milli büro ilə (çirkli pulların yuyulması ilə mübarizə barədə 1997-ci il qanunu ilə hüquqi şəkildə rəsmiləşdirilmişdir) aktiv əmək­daşlıq vasitəsilə həyata keçirir.

1990-cı illərdə ölkənin bank sisteminin modern­ləş­dirilməsi həyata keçirildi. 1994-cü ildə qüvvəyə minmiş yeni qanunvericiliyə görə, xüsusi kredit institutları açıq bazarda kapitalın 49%-lik satışı ilə səhmdar cəmiyyətlərə çevrilmiş, kommersiya bankları üçün isəqeyri maliyyə müəssisələrinin səhmlərinə sahib olmaq məhdudiyyətləri əhəmiyyətli şəkildə azalmışdır. Islahatın məqsədi bank sisteminin «universal bank» modelinə tərəf hərəkəti idi. Bu model sənaye üzərində effektiv nəzarəti və müəs­sisələrin təsərrüfat strategiyasına, idarəetməyə bankların bilavasitə təsirini bərpa edirdi.

Italiyanın kredit sisteminin üçüncü səviyyəsi (tən­zim­lə­yici institutlardan və banklardan sonra) xüsusi kredit-maliy­yə idarələri sistemidir. Hüquq formasından asılı olaraq, xüsu­si kredit müəssisələri aşağıdakı kateqoriyadara bölü­nür­lər:

  • ictimai hüquqi şəxslər, o cümlədən bankların – özlərinin hüquq subyektlərinə malik olan ictimai hüquqi şəxslərin xüsusi kredit şöbələri;
  • adətən, banklar tərəfindən təsis olunan korpo­rasiyalar;
  • bankların –ictimai hüquqi şəxslərin və özünün hüquq subyektinə malik olmayan, lakin ayrıca kapitalı olan əmanət banklarının kredit şöbələri.

Xüsusi kredit-maliyyə müəssisələrinin əksəriyyəti birbaşa və ya dolayısı ilə dövlət statusuna aiddir. Bu, ya onların hüquqi formasına görə, ya da səhmlərin nəzarət pake­ti­nin dövlətə və ya onun orqanlarına məxsus olması səbəbin­dəndir.

Banklara rəqabət təşkil edən əsas kredit institutları əmanət kassalarıdır. Italiyanın əmanət kassaları iki qrupa bölünür. Bunlar yerli hakimiyyət orqanları tərəfindən və fiziki şəxslər tərəfindən yaradılmış banklardır. Birinci halda kassa şurası yerli hakimiyyət orqanı tərəfindən, ikinci halda isə səhmdarların iclası tərəfindən müəyyənləşir. Istə­nilən halda şuranın sədri maliyyə naziri tərəfindən təyin edilir. Əmanət kassalarının əsas funksiyaları əma­nət­lərin qəbulu, qeyri-nağd hesablaşma əməliyyatları, qısamüddətli kreditləş­məl­ər və baş­qalarıdır. Əmanət kassalarına möhtəkirçi fəaliy­yətlə məş­ğul olmaq icazəsi verilmir. Bütün investisiyalar qarantlı olmalıdır. Verilən kreditin məbləği üzrə də məhdu­diyyət mövcuddur. Bu məhduddiyyət əmanət kassalarının rezervinin beşdə bir hissəsi qədərdir. Təkcə Italiyanın yox, bütün dünyanın iri əmanət kassası «Lombardiya əyalətinin əmanət kassası»dır (CARIPLO). On min adamı işlə təmin edən CARIPLO –nun 440 filialı var. Filialların üçdə bir hissə­sinin birbaşa xarici əlaqələri mövcuddur.

Italiyanın depozit- konsiqnasiya (borc) kassaları qiy­mətli kağızların emissiyasını həyata keçirir, hüquqi şəxs­lər­dən depozitlər qəbul edir, yerli kollektivlərə kre­ditlər verir və s. bu tip kassaların parlaq nümunəsi «Kassa di depozit e prestijiti» (Cassa di deposit e prestititi).

Italiyada kənd təsərrüfatının kreditləşdirilmə funk­siyası əsasən kənd təsərrüfatının kredit idarələri üzə­ri­nə qoyul­muş­dur. Mənzil tikintisinin maliyyələşdirilməsi üzrə müəs­sisələr də öz növbəsində uyğun məqsədlər üçün uzunmüddətli kreditlər verməklə məşğul olur. Bundan başqa, Italiyada ictimai işlərin maliyyələşdirilməsi üzrə müəssisələr var. Xarici iqtisadi fəaliy­yə­tin stimul­laş­dırıl­ması məqsədilə və ixrac, idxal kredit­lərinin veril­məsi yolu ilə ölkədə xarici ticarət bankları fəaliyyət göstərir.

Top