8.2.2. Italiya bankı

8.2.2. Italiya bankı

Ölkənin mərkəzi bankı – Italiya Bankı 1893-cü ildə aşağıdakı üç bankın qovuşması nəticəsində yaranmışdır: Banko Nazionale Renio, Banko Nazionale Toscana və Banko Toscana di Credito per le nazionale induatrie. Hal hazırda Italiya Bankı 1910-cu ilin Emissiya bankları barədə Qanunu və 1936-cı ilin Italiya Bankı haqqında Akt əsasında fəaliyyət göstərir. Sonuncu sənədə əsasən, Ban­ka son mərhələnin kreditoru statusu verilmişdir («banklar bankı»). 1926-cı ildən başlayaraq Italiya Bankı banknotların inhisarçı emissiyasının həyata keçirilməsi üzrə, kredit sisteminə və lira kursuna nəzarət üzrə eksklüziv hüquqa sahib oldu. Həmin dövrə qədər pulların emis­siyasını Mərkəzi bankla yanaşı Banko di Napoli və Banko di Cizilia həyata keçirirdi.
Bankın strukturu səhmdar cəmiyyəti xatırladır, həm də səhmlər adlıdır. Əsas səhmdarlar əmanət bankları, digər iri kom­mer­siya bankları, sığorta şirkətləri, sosial tə­minat müəs­sisələridir. Bununla belə, Mərkəzi bank kom­mersiya təşkilatı deyil. Onun səhmlərinin nəzarət paketinə adıçəkilən bəzi strukturlar vasitəsilə dövlət sahiblik edir.
Italiya Bankında idarəetmə məsələləri ilə bankın ida­rəedici Direktoratı və Direktorlar şurası məşğul olur. Müdir, bir qayda olaraq, baş nazirin təqdimatı ilə ölkə pre­zidenti tərəfindən uzun müddətə təyin olunur və daxili cari məsələlərlə məşğul olur. Italiya Bankının strategiyasının hazırlanması və reallaşdırılması işi bank Direktoratının üzərinə qoyulmuşdur. Bankın Direktoratı müdirdən, baş direktordan və onun iki müavinindən ibarətdir. Üçüncü orqan – Direktorlar Şurası da öz növbəsində inzibati və kadr məsələlərini həll edir. Direktorlar Şurasına müdirdən başqa 13 direktor daxildir. Bu direktorlar təkrar seçilmək hüququ ilə üçillik müddətə seçilirlər. Direktorlar şurasının qərarları hüquqi cəhətdən maliy­yə naziri tərəfindən ləğv edilə bilər, lakin faktiki olaraq bu heç vaxt baş verməmişdir.
Italiya Bankının əsas funksiyaları arasında aşa­ğıdakı­ları göstərmək olar:

  • monetar siyasətin həyata keçirilməsi. Bu siyasət pul kütləsinin targetləşdirilməsində və kredit dərəcələrinin məq­səd­li göstəricilərinin müəyyənləşdirilməsində, açıq bazarda əməliyyatların həyata keçirilməsində, minimal re­zervlərin müəyyənləşdirilməsində, avro zonası çərçi­və­sində Avropanın mərkəzi bankı ilə monetar siyasətin koordinasiyasında büruzə olunur;
  • kommersiya bankları və hökumət üçün son mər­hə­ləli kreditor rolunu oynayır. Hökumət elə onun özü tərəfindən müəyyənləşdirilmiş xüsusi imtiyazlar əsasında borcalan qis­min­də çıxış edir. Bundan başqa bank hö­ku­mətin kassiri rolun­da çıxış edir, özünün hakimiyyətə məx­sus olan hesa­bında əsas daxilolmaların və məxariclərin qeydiyyatını həyata keçirir;
  • kredit pullarının emissiyası və qeyri-nağd hesab­laşmaların təşkili;
  • Italiyanın ödəniş balansının tətbiqi və tərtib edil­məsi vasitəsilə Italiyanın xarici-iqtisadi əlaqələrinin uçotu və analizi;
  • həm bank, həm də digər xüsusi kredit-maliyyə insti­tutlarının kredit müəssisələrinə nəzarət.

Qeyd etmək lazımdır ki, adətən, mərkəzi bankların səlahiyyəti çərçivəsində olan monetar siyasət Italiyada konsep­tual şəkildə hökumət tərəfindən müəyyənləşdirilir. Hətta Italiya bankının səlahiyyətinə daxil olan monetar tənzimlən­mənin icraedici hissəsi də Maliyyə nazirliyinin nəza­rəti altında yerləşir. Italiya Bankının Maliyyə na­zirliyinə tabe vəziyyəti aşağıdakı məsələ ilə bağlıdır. 1981-ci ilə qədər mərkəzi bank hərracda satılmayan bütün dövlət veksellərini almaq məcbu­riy­yətində idi. Bununla da mərkəzi bank hökuməti qeyri məhdud maliyyələşmə ilə təmin edirdi. Italiya Bankı Maliyyə nazirliyinə yalnız il ərzində bütün dövlət xərclərinin 14%-ə qədər hüdudunda birbaşa kredit xəttini (overdraft) təqdim etməyə borcludur. Overdraft ölçüsünün artırılması üçün parlamentin qərarı tələb olunur.
Italiya Bankı inzibati cəhətdən dövlətə tabe ol­maqla yanaşı, öz funksiyalarını yerinə yetirən zaman Kreditlər və əmanətlər üzrə nazirliklərarası komitənin (KƏNK) tövsiyə­lə­ri­ni nəzərə alır. Bu institut 1947-ci ildə yaradılmış və kifayət qədər böyük səlahiyyətlərə sahib olmuşdur. Institutun tərki­bi­nə maliyyə naziri (sədr), ictimai işlər, kənd təsərrüfatı, xarici ticarət, büdcə, sənaye, Cənub işləri üzrə və AB işləri üzrə nazirlər daxildir. KƏNK nəzəri cəhətdən Italiyanın kre­dit sisteminin əsas orqan­larından biri kimi çıxış edir, lakin təc­rü­bədə onun rolu koordinatora qədər məhdudlaşır və o, maliyyə nazirinin və mərkəzi bank müdirinin qərarlarını yalnız təsdiq edir. Başqa sözlə, Kreditlər və əmanətlər üzrə nazirliklərarası komitə hüquqi cəhətdən tabeliyində Italiya Bankı olan mini hökumət roluna iddia edir, dövlətin kredit sisteminin yuxarı səviyyəsindəki üç institut arasında axırıncı yeri tutaraq, praktiki olaraq, tövsiyəçi orqan kimi çıxış edir. Kreditlər və əmanətlər üzrə nazirliklərarası komitənin əsas vəzifələri aşağıdakılardır:

  • Italiya kredit sisteminin normal fəaliyyətinin təmin edilməsi. Bununla belə, KƏNK kredit sisteminə bilavasitə nəzarəti həyata keçirmək hüququna malik deyil. Bu hüquq Italiya Bankına məxsusdur;
  • pul-kredit siyasəti və monetar tənzimlənmə sahə­sində kredit siyasətinin əsas istiqamətlərinin hazırlanması və onun reallaşdırılmasına nəzarətin həyata keçirilməsi;
  • müəyyən il üçün kredit siyasətinin əsas istiqa­mət­lərinin icrasının təkmilləşdirilməsi üzrə cari tövsiyələrin hazırlanması və monitorinqi;
  • Italiya Bankının fəaliyyətinə nəzarətin həyata ke­çiril­məsi, çatışmazlaqların aşkar olunması və onların ara­dan qaldırılma üsullarının axtarılması;
  • ölkənin bütün kredit-maliyyə müəssisələrinin cari fəaliyyətində, ləğv edilməsində və qeyd olunmasında koor­dina­siya və yardım;
  • qiymətli kağızların emissiyasının həyata keçirilmə qaydasının razılaşdırılması.

Beləliklə, yekun vuraraq demək olar ki, tənzimləyici orqan­ları, bank müəssisələrini və xüsusi kredit-maliyyə insti­tut­larını özündə birləşdirən, klassik üç hissədən ibarət olan Italiyanın kredit sistemi birinci səviyyədə özünə­məx­sus xüsu­siy­yətlərə malikdir. Belə ki, kredit sisteminin ali orqanı olan Maliyyə nazirliyi ölkənin monetar siyasətini hazırlayır. Italiya Bankı bu siyasətin reallaşdırılması üzrə öhdəlikləri öz üzərinə götürür. Kreditlər və əmanətlər üzrə nazirliklərarası komitə isə kredit müəssisələrinin effektiv fəaliyyəti və kredit siasəti sahəsində Maliyyə nazirliyinin direk­tivlərinin Mərkəzi bank tərəfindən icrasını koor­dinasiya edir.

Top