Yaponiyanın iqtisadi münasibətlər sisteminin formalaşması IV –VI əsrlərdə Çin və Koreya inkişaf modellərinin güclü təsiri altında baş verirdi. Yapon sivilizasiyasının təməlinin qoyulmasında şahzadələr Setoku –taysi və Karu xüsusi rol oynadılar. Onlar dövlətin ümumi çinləşməsi yolu ilə iqtisadi və siyasi quruluş mexanizmini ardıcıl surətdə dəyişdirmişlər. Belə ki, 604-605-ci illərdə yapon qanunlarının birinci külliyatı yaradıldı.
Bu külliyatda konfutsianlığın və buddizmin prinsipləri uyğunlaşdırılmışdır. Yaponlar çinlilərdən ieroqlif yazısını götürüb mənimsəmişlər (düzdür, sonradan onu əsaslı şəkildə dəyişmişlər). Çinləşmə prosesi o qədər geniş və dərin idi ki, bəzi tədqiqatçılar hətta yapon sivilizasiyasının müstəqilliyini inkar edir və onu Çin sivilizasiyasına nəzən ikinci hesab edirdilər. Lakin belə iqtibaslar ölkəni onun bənzərsizliyindən məhrum etmədi. Həm də mədəni avtonomiyaya olan meylliliyin artması XVI əsrdə Yaponiyanın tam şəkildə təcrid olunmasına gətirib çıxartdı. Adanı tərk edən yaponlara ölüm cəzası kəsilirdi. Ticarət yalnız Çin və Hollandiya ilə, həm də müəyyənləşdirilmiş yerlərdə aparılırdı. Buna baxmayaraq, yaponların öz mədəniyyətlərinə olan qısqanc münasibəti digər sivilizasiyaların təcrübəsini məhsuldarcasına mənimsəmək bacarığı ilə uyğunlaşırdı. Yaponlar digər sivilizasiyaların təcrübəsini holland tacirlərinin ölkəyə gətirdikləri Avropa kitablarından əxz edirdilər. Pul dövriyyəsi inkişaf etməmişdi və əsasən qeyri –mərkəzləşmiş xarakter daşıyırdı. Tacirlərlə hesablaşmalar daha çox mal əsasında aparılırdı.
1868-ci ilin burjua inqilabı Yaponiyanın feodal quruluşuna son qoydu. Vahid məhkəmə sisteminin formalaşması üçün, azad sahibkarlığın və ticarətin inkişafı üçün, kredit maliyyə müəssisələrinin yaradılması üçün şərait yaradılmışdır. Mülayim burjua islahatları Meydzi islahatları adını almışdır. Ölkənin sənayeləşməsi prosesi başlanmışdır. Kapitalın və istehsalın təmərküzləşmə prosesi sürətlə gedirdi. 1872-ci ildə milli banklar haqqında qanunun qəbul edilməsindən sonra 30 il ərzində yapon dövlət (xüsusi) və şəxsi banklarının böyük hissəsi, o cümlədən 1882-ci ildə Yaponiya Bankı yaradılmışdır. Yaponiya Bankı 1889-cu ilin qanununa görə fidusiar banknot emissiya hüququnu aldı. 1897-ci ildə kommersiya bankları haqqında qanun bank sisteminin Avropa nümunəsi ilə təşkilini leqallaşdırdı. Elə həmin ildə də Yaponiyada qızıl standart tətbiq edildi. Iqtisadi dəyişikliklər Çində (1894-1895) və Rusiyada (1904-1905) müstəmləkə işğallarının aqressiv siyasəti ilə müşahidə olunurdu. Bu isə Yaponiyanın iri müstəmləkə dövləti statusunu möhkəmlədirdi.
Yaponiyanın davam edən hərbi kampaniyası (Mancuriyanın alınması, Ikinci Dünya müharibəsinə hazırlıq) və 1929-1933-cü illərin dünya maliyyə böhranı dövlətin monetar arxitektonik quruluşunda tarazlığın pozulmasına gətirib çıxartdı. Belə ki, 1914-cü ildən 1920-ci ilə kimi pul kütləsi üç dəfə artdı, ien isə 64% qiymətdən düşdü. 1927-ci ildə Yaponiya kəskin bank böhranı yaşadı. Bu böhran bank sisteminin inhisarlaşmasını mürəkkəbləşdirərək, 1918-ci illə müqayisədə 1928-ci ildə bankların sayını iki dəfə azaltdı (1910-cu ildə 1621 bank, 1925-ci ildə 1577 bank, 1936-cı ildə 424 bank). Qızıl standartının ləğvi nəticəsində 1931-ci ildə pul kütləsi yenidən artdı və 1937-ci ildə bu artım 1,6 dəfə oldu, topdan qiymətlər 68% yüksəldi. Ümumilikdə, bütün müharibə illərində hərbiləşdirilmiş iqtisadiyyatın struktur böhranı müşahidə olunurdu.
1942-ci ildə hərbi iqtisadiyyat şəraitində, təsərrüfat üzərində dövlət-inhisarçı nəzarəti güclənən zaman Milli maliyyə nəzarət assosiasiyası yaradılmışdır. Bütün kredit sisteminin fəaliyyəti bu assosiasiyaya tabe edilmişdir. Banklar dövlətin hərbi borc istiqrazlarına öz depozit artımlarının 75%-dən az olmayan hissəsini yatırtmalı idilər. Müharibə illərində xüsusi kredit müəssisələri yaradılmışdır. Onlar yapon hərbçiləri tərəfindən müvəqqəti işğal olunmuş Şərqi Asiya və Cənub-Şərqi Asiya ölkələrində ekspansiyanı həyata keçirmək məqsədi daşıyırdılar.
1945-ci ildən 1950-ci ilə kimi müharibən sonrakı dövr ölkənin xarabalıq və xaos vəziyyətindən dirçəlmə dövrü idi. Bu illərdə iş qabiliyyətli əhalinin yarısından çoxu əsasən kənd təsərrüfatı ilə məşğul idi. Bu isə ölkənin aqrar statusunu təmin edirdi. Müharibədən sonrakı dövrdə pul dövriyyəsinin strukturu nəzərəçarpacaq dərəcədə dəyişdi. Ikinci dünya müharibəsinin gedişində, inflyasiya daha çox yer alan zaman, nağd pulların payı 30%-dən 56%-ə qədər artdı, depozitlərin payı isə uyğun olaraq azaldı. Bank sistemi ağır böhran halında idi. Banklar əlverişli şərtlərlə kreditləşdirmək imkanından məhrum olduqlarına görə böyük çətinliklərlə qarşılaşdılar. Hökumətin zəmanəti ilə verilən kreditlər, hərbi istehsalla məşğul olan müəssisələrə dövlət vəsaitlərinin sadəcə olaraq «ötürülməsi» məhz bu əlverişli şərtlər sırasında idi. Məsələ bundadır ki, hərbi istehsalla məşğul olan müəssisələr borc aldıqları vəsaitlərin böyük hissəsini qaytarmaq iqtidarında olmur, nəticədə qaytarılmayan kreditlər problemi kəskinləşirdi.
1940-cı illərin ikinci yarısı həddən artıq məhdud maliyyə ehtiyatlarının sərt mərkəzləşmiş yerləşdirilmə dövrüdür. Təsərrüfatın operativ şəkildə idarə edilməsi üçün yaradılmış və böyük səlahiyyətlərə malik olan dövlət orqanı – Iqtisadiyyatın stabilləşdirmə Ştabı idi. Bu ştab hökumət tərəfindən təsdiq olunacaq sahələrarası maliyyə vəsaitlərinin yerləşdirilmə layihəsini hər rübdə hazırlayır və qəbul edirdi. Hər necə olursa olsun, dövlətin nəzarəti altında yerləşən bütün maliyyə ehtiyatları bu layihələrə uyğun şəkildə yerləşdirilirdi. 1947-ci ilin yanvarında dövlət maliyyə institutu – təsərrüfatın bərpası üzrə maliyyələşdirmə fondu yaradıldı. Fondun prioritet kreditləşmə obyektləri kömür və poladtökmə sənayesi, kübrə istehsalı, elektrik enerjisinin istehsalı oldu. Bu sahələr iqtisadiyyatın yüksəlişi üçün əsas sahələr kimi nəzərdən keçirilirdi. Fond 1947-ci ildə sahələrə qoyulan bütün kreditlərin 33%-ni, 1948-ci ildə isə 15%-ni təmin edirdi.
Valyuta ehtiyatlarının aşağı səviyyəsi üzündən ödəniş balansının cari və kapital hesabları üzrə bütün əməliyyatlar qadağan edilmişdir və ölkədə valyuta mədaxilinin məcburi satış mexanizmi fəaliyyət göstərirdi. Iqtisadi stabillik yer aldıqca cari hesablar üzrə valyuta əməliyyatları tədriclə liberallaşdırılmış, 1964-cü ildə isə Yaponiya BVF Nizamnaməsinin VIII maddəsinə qoşulmuş, 1979-cu ildə kapital hesabı üzrə məhdudiyyətləri ləğv etmişdir. Aşağıdakı hökumət institutları ixracatın stimullaşdırılmasında mühüm rol oynayırdı. Bunlar 1950-ci ildə yaradılmış Yaponiyanın ixrac-idxal bankı, xarici ticarət sığorta sistemi, vergi sistemi (ixracdan gələn gəlirlərin vergidən azad edilməsi) idi. Bundan başqa, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq Yaponiyanın kredit reytinqini əhəmiyyətli dərəcədə yüksəltdi (1952-ci ildə Ümumdunya bankına və BVF-na daxil olma). Müharibənin qurtarmasından dərhal sonra başlanmış fond bazarı 1949-cu ildə işini bərpa etdi.
1945-1951-ci illərdə Yaponiyada inflyasiya görünməmiş həddə çatdı. Dövriyyədəki pul kütləsi 15 dəfə artdı, topdan qiymətlər 343 dəfə yüksəldi. Yüksək inflyasiya təcrübəsindən nəticə çıxaran yapon hakimiyyəti pul dövriyyəsinin və qiymətlərin stabilləşməsini prioritet seçdi. 1950-ci ildə ienin dəyəri 1936-cı il səviyyəsinin 0,4%-ə qədər düşmüşdür (1945-ci ilin sentyabrında 1 dollar 15 ienə, 1947-ci ilin martında 50 ienə, 1948-ci ilin iyulunda 27- ienə bərabər olmuşdur). Yaponiya 1949-cu ilin aprelinə kimi çoxsaylı valyuta kurslarının inzibati rejimini təcrübədən keçirirdi. Bundan başqa, qeyd edilmiş mübadilə kursu müəyyənləşdirilmişdir: 1 dollara 360 ien. Bu kurs yapon iqtisadiyyatının monetar sferasında stabilləşməni təzahür etdirərək 1971-ci ilə qədər saxlanıldı. Bundan başqa, 1955-1970-ci illərdə qiymətlərin orta illik artımı 1%, ÜDM-un illik artımı yüksək səviyyədə – 9,7% oldu. Inflyasiyanın nəticəsi olaraq, 1953-cü ildə dəyəri bir iendən az olan pullar –sena və rina (1 sena 10 rinə bərabər idi, 1 iendə 100 sen var idi) dövriyyədən çıxarıldı.
Lakin 1970-ci illərdə neft şokunun təsiri ilə inflyasiya yenidən yarandı və 1973-1980-cı illərdə 9,6% təşkil etdi. 1973-cü ilin neft böhranı neft qiymətlərinin sıçrayışı ilə bağlı idi. Həmin dövrdə müharibənin təsiri ilə Yaxın və Orta Şərqdə qiymətlər qısa müddət ərzində 2 dəfə artdı. Yaponiya neftə olan tələbatını idxal hesabına tamamilə ödədiyinə görə ölkə iqtisadiyyatı ağır depressiyaya düşdü. Həmin dövrdə hətta sıfırıncı artım adlanan nəzəriyyələr də yaranmışdır. Bu nəzəriyyələrin müəllifləri hesab edirdilər ki, artım artıq qeyri mümkündür. 1974-cü ildə müharibədən sonrakı dövrdə ilk dəfə olaraq mənfi iqtisadi artım qeyd olunmuşdur. Neft böhranından çıxış yolu sənaye strukturunun dəyişilməsində idi. Istehsal prosesində həddən çox elektrik enerjisi istifadə edən alüminium əritmə müəssisələri, demək olar ki, yoxa çıxdı. Iqtisadi sarsıntıların aradan qaldırılması iqtisadi artımın 1975-ci ildən 1985-ci ilə kimi hər il 3-5%-ə qədər, 1986-1991-ci illərdə 4,6%-ə qədər bərpa edlməsinə imkan verdi.
ABŞ dollarının böhranı monetar tənzimlənmə orqanlarını ABŞ dollarına bağlılıqdan imtina etməyə, 1971-ci ilin avqustunda dar dəhliz çərçivəsində ienin üzən kursunu tətbiq etməyə, 1973-cü ilin fevralından isə ienin sərbəst üzən kursuna keçməyə məcbur etdi. Bununla əlaqədar olaraq, 1971-ci ildə 1 dollara 315 ien kursu artaraq1978-ci ildə 195 ienə çatmış, 1988-ci ildə isə 130,2 ien olmuşdur. Ien kursunun yüksəlməsinə Yaponiya iqtisadiyyatının müasir texnoloji əsasda struktur cəhətdən davam edən yenidənqurması, yapon ixrac mallarının rəqabətədavamlılıq qabiliyyətinin yüksəlməsi, pul dövriyyəsinin və qiymətlərin nisbi stabilləşmə şəraitində ienin alıcılıq qabiliyyətinin nəzərəçarpacaq dərəcədə artması kömək edirdi. Ienin kursunun yüksəlməsi həm də Vaşinqtonun siyasəti ilə bağlı idi. Bu siyasət dolların süni şəkildə aşağı salınmış kursunun müdafiəsinə istiqamətlənmişdir. ABŞ administrasiyası bu yolla Amerika ixracını genişləndirməyə, idxalatı çətinləşdirməyə və bu əsasda Yaponiya ilə xarici ticarətdə, ümumilikdə ABŞ-ın ödəniş balansında kəsiri azaltmağa cəhd edirdi. Ienin kursunun yüksəlməsi nəticəsində yaranmış çətinliklər birbaşa xarici investisiyaların genişləndirilməsi hesabına və elmi texniki tərəqqi əsasında əmək məhsuldarlığının yüksəldilməsi hesabına aradan qaldırıla bildi.
1970-ci illərin ortaları və 1980-ci illərin əvvəlləri ölkədə inflyasiya proseslərinin yeni burulğanı ilə əlamətdar oldu. Qiymətlərin yüksəlməsi inhisarların siyasəti ilə, həmçinin idxal edilmiş yanacağın, xammal və ərzaq qiymətlərinin artması ilə əlaqədar idi. 1970-ci illərdə idxal edilmiş ərzaqların qiymətləri iki dəfə, mineral yanacaq 4,7 dəfə, o cümlədən xam neft 10,5 dəfə artdı. Ölkədəki inflyasiyanın yaranmasında büdcə kəsirinin emissiya maliyyələşdirmə siyasəti özünü daha çox göstərdi. 1975-ci ildə Yaponiya parlamenti qanun qəbul etdi. Bu qanun büdcə xərclərinin maliyyələşdirilməsi üçün xüsusi istiqrazların buraxılmasını nəzərdə tuturdu. Köhnə yerləşdirilmə sistemi müəyyən müddət ərzində qalır, lakin inflyasiyanın baş verməməsi üçün Yaponiya Bankı tərəfindən aparılan tədarüklər genişləndirilmirdi. Banklar tərəfindən qeyri likvid istiqrazların toplanması nəticəsində iqtisadiyyat bank böhranı təhlükəsinə daha çox yaxınlaşdı. Məhdudiyyətlər getdikcə aradan qaldırıldı və 1977-ci ildə Yaponiyada həm maliyyə müəssisələri, həm də fiziki şəxslər üçün cəlbedici olan hökumətin istiqrazlar bazarı yaradıldı. Dövlət öhdəlikləri bazarının liberallaşdırılması onun inkişafı ilə paralel gedirdi. ÜDM-da olan borcun xüsusi çəkisi 1965-ci ildə 0,6%-dən 1986-cı ildə 42,7%-ə qədər artdı. Elə həmin dövrdə də borca xidmət edilmə 0,6%-dən 20,9%-ə qədər artdı. Borca xidmət üzrə xərclərin əsas hissəsini (büdcə xərclərinin 22%-i) öhdəliklər üzrə faizlərin ödənişi təşkil etdi. 1984-cü ildə hökumətin prioritet məqsədlərindən biri büdcənin dövlət borclarından asılılığının azalması idi. Bu məqsədlə qiymətli dövlət kağızları bazarının inkişafı ilə liberallaşdırılması davam etdirilirdi. 1985-ci ilin oktyabrında dövlətin istiqraz vərəqələri ilə forvard sövdələşmələr bazarı yaradıldı. 1990-cı illərdə forvard müqavilələr bazarı mükəmməl şəkildə fəaliyyət göstərməyə başladı.
1980-ci illərin ortalarında ABŞ və Avropa ölkələri ilə ticarətdə olan çox böyük müsbət saldo Yaponiya üçün dövlətlərarası iqtisadi münasibətlərin əsas məsələsi və kəskin münaqişələrin mənbəyi oldu. Ölkə hökuməti etiraf etdi ki, ticarət balansının müsbət saldosu – ixracata həddən artıq istiqamətlənmiş iqtisadiyyatın struktur cəhətdən qeyri proporsionallığının nəticəsidir. Ticarət balansını tarazlaşdırmaq və sənayeni yenidən daxili bazara tərəf yönəltmək məqsədilə idxalçılar üçün güzəştlər tətbiq edilmişdir. Lakin ienin revalvasiyası (dollara nəzərən ienin kursu 1985-ci ildə 200-dən 1991-ci ildə 123-ə qədər yüksəlmişdir) mal ixracatının artımını bir qədər səngidib kapitalın çıxardılmasını sürətləndirdi. Yapon bankları uzun sürən ixrac bumu nəticəsində likvid vəsaitlərin böyük axınına sahib olurdu. Bu likvid vəsaitlər isə yapon işçi qüvvəsinin böyük dəyərə malik olması səbəbindən daha çox sənaye müəssisələrinin istehsal gücünə yox, səhmlərlə və daşınmaz əmlakla bağlı möhtəkirçi sövdələşmələrə yatırılırdı.
Ümumilikdə, Yaponiya 1990-cı illərdə əmanətlərin cəlb edilməsi üçün etibarlılığın zəruri səviyyəsini qazanaraq və zəruri yerlərdə iqtisadi subyektlərə kiçik faizlərlə vəsaitlərin verilməsini təmin edən kredit mexanizmini yaradaraq, kredit sisteminin inkişafının yüksək səviyyəsinə çatdı. Bank nəzarəti sisteminin dəyişdirilməsi nəticəsində müharibən sonrakı 50 il ərzində Yaponiyada əmanətlərin kütləvi şəkildə çıxardılması və ya bankların qəflətən müflisləşməsi hallarının biri də baş verməmişdir. Problemli bankların aşkar olunması zamanı problemlərin digər banklara yayılmasının qarşısının alınması məqsədilə aşağıdakı üsullardan istifadə olunurdu. Bu, bir tərəfdən, uyğun orqanların göstərişi ilə problemli bankların hər hansı bir iri bankla qovuşması, digər tərəfdən, psixoloji riskin (moral hazard) azaldılması üçün bankların ictimai xarakterinin hər cür vurğulanması (ictimai məsuliyyət prinsipi) idi. Korporativ istiqrazların emissiyası üçün də ciddi normalar müəyyənləşdirilmişdir. Emissiya hüququ yalnız maliyyə vəziyyəti dayanıqlı olan şirkətlərə verilir və «dəyərsiz» istiqrazların buraxılmasına imkan verilmirdi. Məhz buna görə də korporativ istiqrazlar üzrə defolt halları yox idi. Defolt təhlükəsinin yaranması zamanı problemli kağızlar agent –banklar tərəfindən alınır və bu da mahiyyətcə korporativ istiqrazların bank zəmanətini ifadə edirdi.
Yapon iqtisadiyyatının kredit sferasında 1990-cı illərin ortalarında əldə edilmiş nisbi stabillik bütün maliyyə-kredit müəssisələri sisteminin kollapsı ilə kəsildi. 1996-1997-ci illərdə müharibədən sonrakı dövrdə ilk dəfə olaraq bankların müflisləşməsi başlandı. Bu fakt iqtisadiyyatın maliyyə sektorundakı vəziyyətə nəzarət etmək və onun stabilliyinin qarantı kimi çıxış etmək məsələsində Maliyyə nazirliyinin acizliyini nümayiş etdirdi və buna görə də stabilliyi pozmaq rolunu oynadı. Ilk növbədə Vakayama prefekturasında işləyən yerli «Hanva qinko» (Hanva ginko) bankı və iri «Hokkaydo takuseku qinko» (Hakkaido takuseku ginko) bankı bağlandı. 1997-ci ilin noyabrında dörd broker şirkəti, o cümlədən gədim şirkətlərdən biri olan «Yamaiti seken» (Yamaiti sekan) bağlandı. Ilk dəfə olaraq onkol borclar bazarında (Yaponiyada banklararası kredit bazarı) defolt baş verdi. Yaponiyadakı bank böhranı zaman etibarilə Cənub –Şərqi Asiyada yayılan «Asiya virusu» ilə üst-üstə düşdü. Lakin mahiyyət etibarilə onlar tamamilə müxtəlif maliyyə sarsıntıları idi. Yaponiyanın kredit-maliyyə müəssisələrinin fəaliyyətinin qeyri stabillik səbəbləri arasında ikisini fərqləndirirlər:
*90-cı illərin birinci yarısında daşınmaz əmlak qiymətlərinin düşməsi əsasən daşınmaz əmlak obyektlərindən ibarət olan girov təminatının real dəyərini aşağı saldı;
*bank fəaliyyətinin beynəlmiləlləşdirilməsi çatışmazlıqları üzə çıxartdı.Yapon banklarının menecerlərinin aşağı səviyyəli peşəkarlığı, Qərbin valyuta-fond bazarlarında sövdələşmələrin aparılma təcrübəsinin kifayət qədər olmaması nəticə etibarilə şübhəli investisiya layihələrinin kreditləşdirilməsinə, qiymətli kağızlarla və derivativlərlə bağlı riskli əməliyyatlara gətirib çıxartdı. Bütün bunlar yapon banklarının əksəriyyətində itkilərə və ABŞ-ın, Qərbi Avropa ölkələrinin maliyyə dairələri tərəfindən onlara olan etimadın azalmasına səbəb oldu.
Vəziyyətdən çıxış yolu axtaran yapon hökuməti yenə də ölkənin iqtisadi sisteminin qeyri stabilliyinə kömək etmiş üsul və alətlər toplusunu hərəkətə gətirdi. Bank menecmentinin islahatı əvəzinə Maliyyə nazirliyinin və digər dövlət idarəetmə orqanlarının protektoratı gücləndirildi. Kommersiya bankları istiqrazlarının, adi və imtiyazlı səhmlərin dövlət tərəfindən alınma formasında büdcə vəsaitlərinin daxil olması gözlənilən nəticələrə gətirib çıxarmadı.