8.2.1. İtaliyada pul-kredit sisteminin genezisi və inkişafı

8.2.1. İtaliyada pul-kredit sisteminin genezisi və inkişafı

Italiyada bank işi Romada meydana gəlmiş və yunan bank işinə bənzər şəkildə təşkil olunmuşdur. Artıq bizim era­dan əvvəl III əsrdə pul əmanətlərinin qəbulu, pul vəsait­lərinin köçürülməsi, sadə və ipoteka borclarının verilməsi, hərracların təşkili və həyata keçirilməsi kimi əmə­liyyatlar aparan argen­ta­rilər və ya menzarilər yaran­mışdır. Makedoni­ya­dan Herkules sütunlarına qədər əra­zidə əməliyyat aparan Opiyev və Iqnasiyev evləri daha məşhur idi. Bank işinin daha böyük inkişafı orta əsrlərin sonunda və Intibah dövründə Venesiyada və Flo­ren­siya­da baş vermişdir. Venesiyada və Florensiyada kom­mer­siya banklarından başqa ictimai banklar da (1156-1171-ci illər) fəaliyyət göstərirdi. Vəsaitlərin hesablardan köçü­rülməsi ilə məşğul olan bu banklar jirobank adını almışlar. Ilk belə bank Venesiya bankı Monte Nuovo oldu. Bankın əsasını knyazlara borc verən Mediçi ailəsi qoymuşdur. Həmin dövrdə banklar vergiləri qəbul edən və bəzi bank əməliyyatlarını həyata keçirən ictimai müəssisələr idi. Bu banklar sələmçiliklə mübarizə aparmaq üçün təsis edilmiş və kilsənin himayəsi altında olan «dağlara» (Montes pietatis) və «kübar dağlara» (Montes provant) bölün­müş­lər. Qeyd etmək lazımdır ki, məhz bu dövrdə, 1156-cı ildə İtaliya­da beynəlxalq valyuta mübadiləsi barədə birinci mü­qavilə bağlanmış və XIII əsrdə daha çox məşhurlaşmışdır. Belə ki, bir neçə tacir bank­dan 115 Genuya sikkəsi məb­ləğində borcu o şərtlə götürmüşlər ki, Konstantinopolda bank agent­lərinə 460 Bizans sikkəsi (vinzantinlər) qaytarsınlar.
Bankların gələcək inkişafı nəticəsində dövlət on­ların fəaliyyətində iştirak etməyə başladı. 1401-ci ildə bir çox yol­daş­lıq cəmiyyətlərinin - hökumətin kreditor­larının qovuş­ma­sı yolu ilə Genuyada məşhur bank –müqəd­dəs Georgiy bankı yaradıl­mışdır. Bank respub­lika­nın kreditoru olmuşdur. Banka kapital qismində gömrük və digər dövlət gəlirləri güzəşt edilmişdir. Bank böyük imtiyazlardan istifadə edirdi. Genuyalı doj (mer) vəzifəyə gələrkən and içməli idi ki, bankın müstəqilliyini qorumaq və onun çiçəklənməsinə kömək etmək öhdəliyini öz üzərinə götürür. 1463-cü ildən 1505-ci ilə qədərki dövrdə Roma papası tərəfindən banka qərəzli borcluları kilsədən qov­maq hüququ verilmişdir. Yalnız 1675-ci ildə bu bank jirobank olmuşdur.
Italiyadakı kredit münasibətlərinin qenezisi kilsənin ciddi nəzarəti altında baş verirdi. Xristian ənənəsinə görə, sələmçilik qadağan olunurdu. Italyan bankları yalnız 1403-cü ildə faizlə borc pul verməyə başladılar və bu da rəs­mi olaraq Florensiyada qanuniləşdirilmişdir. Artıq 1473-cü ildə ölkədə ilk lombardlar peyda oldu. Bu lom­bard­lar şəxsi adamlara girovla borc verirdi. 1494-cü ildə Italiyada ilk mühasibat kitabı nəşr olundu. Kitabda ikili yazı üsulu təsvir olunurdu. Maliyyə hesabatının bu üsulunu italyanlar Summa de Arithmetica, Geometrica, Proportioni et Proportionalita (müəllifi Friar Luka Paçioli) kitabının yaranmasından hələ 100 il əvvəl istifadə etməyə baş­lamışlar. 1587-ci ildə Vene­si­yada Banko di Rielto dövlət jirobankı açılmışdır. Sonralar bank sisteminin inkişafı yeni jiro­bankların və depozit kom­mer­siya bank­la­rının yaran­ması, əmanət kassalarının, ipoteka və işçi bank­ların peyda olması, kredit maliyyə müəssisələri şəbə­kəsinin meydana gəlməsi hesabına baş verirdi.
Italiyanın kredit sistemi kimi pul sistemi də özünün çoxəsrlik tarixində bir neçə mərhələdən keçmişdir. Həm ölkə çər­çi­vəsində, həm də Latın ittifaqı çərçivəsində fəaliyyət göstərən bimetallizm dövrü (bax «Fransanın maliyyə-kredit sistemi» fəsli) və monometallizm (1895-ci ildən başlayaraq qızılpul standartı) dövrü Italiyaya xas idi. Birinci Dünya müharibəsi dövründə və 1920-ci illərin ortalarına qədər Italiya banknotların qızıla sərbəst mübadiləsindən imtina etdi. Italyan lirasının qiymətdən düşməsi 1925-1926-ci illərə qədər davam edir və qızıl stan­dartını saxlayan, yaxud artıq bərpa edən ölkələrlə, Ingil­tərə ilə müqayisədə Italiyaya müəy­yən rəqabət üstün­lüyü verirdi. 1928-ci ildə Italiya bir neçə devalvasiya apa­raraq qızıl standartını qızıl külçə stan­dartı şəklində bərpa etdi.
1933-cü ildə Italiya Avropa ölkələrinin «qızıl» blo­ku­na qoşuldu, 1935-ci ildə isə «qızıl» blok ölkələrinin valyuta­ları (Fransa, Belçika, Hollandiya, Italiya, Polşa, Is­veçrə) aparıcı ölkələrdə qızıla konversiya edilən yeganə pul vahidləri idi. Qızıl standarta bağlılıq dövlətin daxili siyasətinin reallaş­dırılması üçün ciddi maneələr yaradırdı. Aşağıdakı amillər də çətinliklərin güclənməsinə gətirib çıxarırdı. Bunlar qiymətdən düşən «sterlinq» bloku ilə rəqabət, kapitalın Birləş­miş Ştatlara axını, bir çox xarici ölkələrdə valyuta nəza­rətinin olması və blok daxilində qızıl paritetlərin tənzimlən­mə­sindən deflyasiya effektlərinə müqa­vimət idi. Müəyyən­ləş­dirilmiş paritetləri blokun müda­fiə edə bilmək qabiliyyətinə inamın azalma təza­hürlərindən biri kapitalın sürətlə hərəkət etmək qabiliyyəti idi. Xarici ticarətdən tamamilə asılı olan Belçika 1935-ci ilin martında blokdan ilk çıxanlardan biri olmuşdur. Fransa da Belçikanın vəziyyətində idi, lakin Fransa daxili kr­e­dit­ləşmənin genişləndirilməsi yolu ilə yaxınlaşan böhrandan yaxa qurtar­mağa çalışsa da, bu cəhd bir nəticə vermədi. Hollandiya isə Belçikanın və Fransanın məruz qaldığı təzyiqdən yaxa qurtar­mağa nail oldu. Buna səbəb Hollan­diyanın xarici ticarətinin əsas etibarilə öz koloniyalarında mərkəzləşməsi idi. 1936-cı ildə «qızıl» blokun vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşdi. Polşa valyuta məh­du­diyyətlərini birtərəfli qaydada tətbiq etmiş və bununla da qızılın ölkədən çıxmasını dayan­dırmışdır. Ondan nümunə götür­məyən Fransa, Hollandiya və Isveçrə qızıl ehti­yat­larının kəskin azalması ilə qarşılaşdılar. 1936-cı ilin apre­lində Fransada hökumət dəyişikliyi baş verdi. Yeni höku­mət reflyasiyanın uyğunlaşdırılması və qızıl paritetin müda­fiəsi siyasətini davam etdirdi. 1936-cı ilin sent­yabrında bu siyasət bütünlüklə iflasa uğradı və fransızlar Böyük Britaniya və ABŞ ilə danışıqlardan dərhal sonra de­val­vasiyanı aparmaq məcburiyyətində qaldılar. Bu da­nışıqlar rəqabət strategiyası qismində devalvsiyanın gələ­cək istifadəsinin qadağan olun­ması barədə idi. «Qızıl» blokun digər ölkələri də, o cümlədən Italiya da Fran­sanın ardınca öz valyutalarını devalvasiya etdilər və bu razı­laşmaya qoşuldular. Ikinci dünya müharibə­sin­dən sonra Italiya yüksək inflyasiya səbəbindən lirənin qızıl tərki­bindən imtina etdi.
Müharibədən sonrakı dövrdə Italiyanın valyuta vəziy­yəti çox ağır idi. 1946-1949-cu illər ərzində italyan lirəsi­nin kursu kəskin şəkildə düşürdü. Buna səbəb güclü inflyasiya prosesi və ödəniş balansının böyük passivliyi idi. Hələ Ikinci dünya müharibəsinə qədər lirənin kursu valyuta məhdudiy­yətlərinin köməyi ilə süni yüksək səviy­yədə saxlanılırdı - 1 dol­lara 12 lira. Müharibə şəraitində artan inflya­siya nəticə­sində lirənin alıcılıq qabiliyyəti kəskin şəkildə düşdü. Ingilis –Amerika qoşunlarının Siciliyada düşməsindən sonra 1943-cü ildə 1 dollara 100 lira kursu müəyyənləş­dirilmişdir. 1946-cı il 18 yanvar dekreti ilə və rəsmi kurs üçün 1 dollara 125 lirə məb­ləğində mükafatın müəyyənləşdirilməsi yolu ilə liranın kursu daha 55,5% aşağı salınmışdır. Faktiki kurs 1 dollara 225 lirə təşkil edirdi.
1946-cı il 26 mart dekreti ilə və «sərbəst» valyuta bazarının, kursların çoxsaylılığının tətbiq edilməsi yolu ilə lirənin faktiki devalvasiyası keçirilmişdir. Müharibədən sonra kursların leqal çoxsaylılığını tətbiq edən ilk Avropa ölkəsi Italiya idi. «Azad» bazarda dolların kursu ara­sı­kəsilməz şəkildə qalxaraq 1947-ci ilin mayında mak­simuma – 1 dollar üçün 906 lirə qiymətinə çatmış, yəni rəsmi kursdan 4 dəfə yüksək olmuşdur. Lirənin müha­ribədən sonrakı dövrdə üçüncü devalvasiyası 1947-ci ildə avqustun 1-də keçirilmiş və bu devalvasiyadan sonra dolların rəsmi kursu 350 lirə, funt sterlinqin rəsmi kursu isə 1411 lirə olmuşdur. Lirənin dör­dün­cü devalvasiyası 1947-ci ildə 28 noyabr dekreti ilə keçiril­miş və nəticədə lirənin dollara nəzərən möhkəm rəsmi kursu ləğv edil­mişdir. Rəsmi kurs Roma və Milan birjalarında dolların əvvəlki ay ərzindəki orta kotirovkası əsasında hər ay qeyd olunmağa başladı. Dollar kursunun yüksəlməsinin leqal sərhədi 1 dollara 650 lirə tərtibində müəyyənləşdirilmişdir. Faktiki olaraq, 1948-ci ilin yanvarından «sərbəst», rəsmi və deməli, orta ixrac kursları 1 dollara 575 lirə hüdudunda dəyişilirdi. Bu isə 1947-ci ildə orta ixrac kursu ilə müqayisədə lirə kursunun 16% aşağı düşməsi demək idi.
1948-ci ildə Italiya ilə digər ölkələr, hər şeydən əvvəl Ingiltərə arasında kursların çoxsaylılığı ilə bağlı ziddiyyətlər kəskinləşdi. Italiya 1947-ci ilin axırında dol­ların lirə ilə tətbiq edilmiş yeni kursuna uyğun olaraq, lirənin klirinqlər üzrə kursunu tədriclə həyata keçirməyə məcbur oldu. Ingiltərə lirə kursunun funt sterlinqə nəzərən saxlanmasını, həm də funt sterlinqin dollar paritetinə uy­ğun səviyyədə saxlanmasını tələb edirdi. Növbəti belə tələbin Italiya tərəfindən rədd edilmə­sin­dən sonra 1948-ci ilin iyulunda Ingiltərə bir sıra repressiv tədbirlərə əl atdı, xüsusi halda italyan idxalçılarının Ingilis bank­larında kreditləşdirilməsini dayandırdı. 1948-ci ilin noyabrında Italiya Ingiltərənin təzyiqi altında funt və dol­la­rın nis­bətini rəsmi paritetə uyğunlaşdırmaq məcburiy­yətində qaldı. Bu dövrdən başlayaraq, funt sterlinqin kursu dolla­rın orta kursundan və funtun rəsmi dollar paritetindən asılı olaraq müəyyənləşdirilir (Fransada 1948-ci ilin okt­yabrında frankın devalvasiyasından sonra olduğu kimi). Beləliklə, 1948-ci ildə noyabrın 26-da lirənin müharibədən sonrakı beşinci devalvasiyası keçirilmişdir (funt sterlinqə nəzərən təcrid edilmiş və ya differensiallaşdırılmış devalva­siya). Funtun kursu 2033 lirədən (noyabr üçün orta göstərici) 2317 lirəyə yüksəlmişdir. Bu isə lirə kur­sunun 12% düşməsi demək idi, lakin onun dollara nəzə­rən kursu dəyişməmişdir. Funt sterlinqin devalvasiyası ilə əlaqədar olaraq 1949-cu ilin sentyabrında lirə müha­ribədən sonrakı altıncı devalvasiyaya məruz qaldı. Nə­ti­cədə onun dollara nəzərən kursu mühari­bə­dən əvvəlki dövrlə müqayisədə 33 dəfə az oldu. 1949-cu ildən başlayaraq 1972-ci ilə qədər 22 il ərzində lirənin kursu sabit qalmış və 1 ABŞ dollarına 625 lirə təşkil etmişdir.
1970-ci və 1980-ci illərdə Italiyanın monetar siya­sətinin əsasını birbaşa kredit nəzarəti təşkil edirdi. 1970-ci illərin ortalarından başlayaraq, Italiya Bankı pul kütləsinin targetləş­dirmə siyasətini həyata keçirməyə başladı. Pul aqreqatlarının illik istiqaməti Italiya Bankının iqtisadi bülletenində periodik şəkildə nəşr edilirdi. Italiya Bankının proqnozları əsasında təkcə monetar yox, maliyyə siyasəti də reallaşdırıldı, çünki mərkəzi bankın monetar gös­təriciləri gələn il üçün dövlət büdcəsində mütləq nəzərə alınırdı.
1979-cu ildə Italiya ekyüyə nəzərən 148,15 lira kur­sunu müəyyənləşdirib Avropanın valyuta sisteminə daxil oldu. Mübadilə kurslarının Avropa mexanizminin aktiv üzvü olan Italiya 1992-1993-cü illərdə digər ölkələrlə ya­naşı bu sistemin böh­ranını yaşayırdı. Özünün bütün qızıl-valyuta ehtiyatlarını boşaldan Italiya Mərkəzi Bankı 1992-ci ilin sen­tyabrında qısamüddətli faiz dərəcəsini 30%-dən çox artırmaq məcburiy­yə­tində qaldı. Sentyabrın 13-də Italiya Almaniya ilə ikitərəfli razılaşmalar əsasında lirəni 7% devalvasiya etdi. Bundesbank isə lombard dərəcəsini 25 maddə aşağı saldı. 1999-cu ildə yan­varın 1-də Italiya ekyünü qeyri nağd avro ilə əvəz etdi, 2000-ci ildə isə lirə dövriyyədən çıxarıldı və nağd avro tətbiq olundu.
Italiyanın iqtisadi proseslərində maliyyə bazarının rolunun canlanması və güclənməsi 1980-ci illərin axır­la­rında başlanmışdır. Italiyanın maliyyə bazarlarını mo­dern­ləş­dir­mək cəhdləri maliyyə vasitəçilərinin fəaliy­yətinin tənzimlən­mə­sində radikal dəyişikliklərə gətirib çıxartdı. Əvvəllər vasitəçilərin müx­təlif kateqoriyaları möv­cud idi və onların hər biri yalnız müəyyən əməliyyatlar sa­həsində fəaliyyət gös­tərirdi. Indi onlar çoxfunksional investisiya şirkətləri ilə əvəz olunur. Italiyanın on fond birjasından ən irisi Milan birjasıdır. 1988-ci ildə Italiya­da elektron ticarət sisteminin tətbi­qindən sonra təkrar bazardakı sövdə­ləş­mə­lərin miqdarı və həcmi son dərəcə sürətlə artdı. Sis­te­mə çox ciddi tələblərə cavab verən və Mərkəzi ban­kın nəzarəti altında olan 30 market-meyker daxil edilmişdir.

Top