3.3.2. Almaniyada torpaq, icma büdcələri və maliyyə sisteminin digər hissələri

3.3.2. Almaniyada torpaq, icma büdcələri və maliyyə sisteminin digər hissələri

Torpaq və icmaların büdcələri də dövlət büdcəsi kimi hakimiyyətin icra orqanı- yerli administrasiya tərə­findən tərtib olunur, nümayəndələr hakimiyyəti – şura (de­putatların iclası) tərəfindən qəbul edilir və nüma­yən­dələr hakimiy­yə­tinin orqanı tərəfindən icra olunur. AFR-in milli gəlirində torpaq və icma büdcələrinin payı 20%-dən çoxdur.
Yerli hakimiyyət orqanlarının planlaşdırılmış gəlir və xərclərinin siyahısını Almaniyada büdcə nizamnaməsi adlan­dırmaq qəbul olunmuşdur. Maliyyə (büdcə) döv­rünün (bir qayda olaraq, bir il, bəzən iki il) sonunda tərtib olunan hər bir federal torpaq büdcəsinə büdcənin icra edilmə nəticələri daxildir. Adətən, yerli hakimiyyət orqan­larının büdcə ili təqvim ili ilə üst-üstə düşür və yanvarın 1-dən dekabrın 31-ə kimi davam edir.
Torpaq və icma büdcələrinin məxaric maddələrinin məqsədli təyinatı üst-üstə düşür, lakin üfüqi tarazlaşdırma mexanizmində torpaqların iştirakı istisna təşkil edir. Öz xərcini ödəmə prinsipinə görə, yerli xərclər öz gəlirləri hesa­bına ödənil­məlidir. Kreditlərin mümkünlüyü yalnız büdcə kəsirlərinin ödənilməsi və investisiya məqsədləri üçündür. Bununla belə, yerli büdcələr xroniki şəkildə kəsirlidirlər. Onlar borclarla yüklənirlər. Icmaların borc payı daha yüksəkdir. Borclardan daima büdcə kəsirlərinin ödənilməsi və kapital qoyuluşlarının maliyyələşdiril­məsi üçün istifadə edilməsi borcları artırır və yerli büdcələrin maliyyə vəziy­yətinin pisləşmə səbəblərindən biri olur. Yerli hakimiy­yət orqanlarının xərcləri aşağıdakı qruplara bölünür:

  • ümumi idarəetmə;
  • təhlükəsizlik və hüquq qaydası;
  • məktəblər;
  • elm və mədəniyyət;
  • sosial yardım;
  • səhiyyə, idman, asudə vaxt;
  • tikinti və nəqliyyat;
  • kommunal xidmətlər və iqtisadi inkişaf;
  • təsərrüfat müəssisələri və bələdiyyə mülkiyyəti.

Torpaq və icmalar ümumdövlət xərclərinin təqribən 100%-ni kommunal təsərrüfata, təhsil və səhiyyə müəs­sisə­lərinə, bütün xərclərin 80%-dən çoxunu nəqliyyata, yol və mənzil təsərrüfatına, xərclərin təqribən dörddə üçünü dövlət aparatının saxlanmasına və xərclərin 40%-dən çoxunu dövlət borcunun xidmətinə maliyyələşdirir. Torpaq və icma­ların məxaric artımı onların gəlir bazasının genişlənməsi ilə müşa­yiət olunmur. Bununla əlaqədar olaraq, xüsusi gəlirlərin xüsusi çəkisi aşağı düşür və büdcə sisteminin daha yüksək hissə­sin­dən olan dota­siyaların payı artır. Yerli orqanların borc əmə­liyyatlarının həcmi artır və bu da onların büdcə kəsirliliyinin artmasına səbəb olur.
AFR-in maliyyə sisteminin mühüm hissəsi xüsusi fondlardır. Onlardan ən əsası Sosial sığorta fondudur. Sosial sığorta fondu sığortanın müxtəlif növlərini əhatə edən çox sayda avtonom fondları birləşdirir. Bütün sosial sığorta fondları üçün ümumi cəhət gəlirlərin üç mənbədən toplanmasıdır. Bunlar məcburi ayırmalar, sahibkar ödə­mə­ləri və federal büdcədən subsidiyalardır. Sahibkar ödə­mələri daha böyük xüsusi çəkiyə malikdir. Sosial sığorta fondları bədbəxt hadisələrdən və xəstəliyə görə sığorta ilə, fəhlə və qulluqçuların pensiya sığortası ilə və muzdla işləməyənlərin pensiya sığortası ilə məşğul olur.
Almaniyanın pensiya təminat sistemi vətəndaşların qoca­lıqda maliyyə təminatının iki prinsipi əsasında qurul­muşdur. Bunlar yenidən bölüşdürücü və yığıcı prin­sip­lərdir. 1990-cı illərdən başlayaraq pensiya sisteminin dəyiş­dirilməsi yığıcı hissənin tətbiq edilməsi vasitəsilə həyata keçir. Qoca­lıq çağında yoxsulluğa imkan ver­mə­mək üçün vergi daxil­olma­ları ilə maliyyələşən bazis (minimal) pensiyalar tətbiq olunur. Pensiyalar əmək haq­qının dinamikasından asılı olaraq indeksasiyaya uğra­ma­yacaq. Pensiya islahatı 2030-cu ilə qədər davam edəcək. Bu islahat inqilabi xarakter daşımır, lakin pensiya sistemi ciddi transformasiyaya uğrayır.
Işsizlik üzrə sığorta və ödəmələr federal məş­ğulluq idarəsi tərəfindən həyata keçirilir. Sığorta ayırmaları fəhlə və qulluq­çu­ların gəlirlərindən asılı olmayaraq, onlar üçün məc­buridir. Işsiz­lər yardım alırlar. Bu yardım onların ümumi əmək stajın­dan, son əmək haqqının ölçüsündən, yaşın­dan, uşaq­­ların olmasından asılıdır. Işsizlik üzrə sığor­tadan «çıxarılmış»  işsizlər, yəni yardım almaq hüququnu itirənlər işsizlik üzrə ödəmələr alırlar. Uşaqları olan işsizlər əvvəlki gəlirlərinin 58%-i qədər, uşaqları olmayan işsizlər isə əvvəlki gəlirlərinin 56%-i qədər ödəmələr alırlar.
Müharibə yükünün bərabərləşdirmə fondu «mühari­bədən ziyan çəkmiş əhaliyə kömək» məqsədilə yara­dılmışdır. Fondun vəsaitləri sahibkarların ödə­niş­lərindən ibarətdir və bu ödənişlər əmlakın qiymətləndirici dəyərinin 2-3%-i ölçüsündə olur. Ödəmələr məhsulun qiymətinə daxil edilir, yəni istehlakçıların üzərinə qoyulur.  Fond federal və yerli büdcələrin dotasiyaları ilə, o cüm­lədən istiqrazların emissiyalarından gələn mədaxillə doldurulur.
Ağır sənayeyə və energetikaya kömək üçün nə­zərdə tutulmuş dövlət fondu 1952-ci ilin investisiya yar­dımı haq­qında qanununa uyğun olaraq yaradılmış inves­tisiya fondu idi. Fondun vəsaitləri sənaye müəs­sisə­lə­rinin gəlirindən tutu­lan ayırmalardan təşkil olunurdu. Onlar əsasən kömür səna­ye­sinə, qara metallurgi­yaya və ener­getikaya istiqamətlən­dirilirdi. Bu sahələrin müəs­sisələri istiqrazlar altında borc alı və həmin istiqrazların sahibləri kreditor şirkətlər olurdu. Kreditorlar 187 sayda iri müəs­sisə arasında bölüşdürül­müş­dür. Metallurgiya və ener­ge­tika üzrə məsələlərin həllindən sonra fond ləğv olunmuşdur.
Dövlət müəssisələri – əsasən iri konsernlərdir. Dövlətin bütün səhmdar kapitalının üçdə ikisi onların payına düşür. Inhisarçı kapital üçün kifayət qədər ren­ta­belli olmayan sahələri dövlət öz əlində cəmləşdirir. Bunlar yol təsərrüfatı, avtostrada­laırın, aerodromların tikintisi, mənzil təsərrüfatı­dır. Dövlət sənaye müəssisələri xüsusi yer tutur. Onların əksəriy­yəti hələ XX əsrin əvvəlində Birinci dünya müharibəsinə hazırlıq dövründə yaranmışdır. 1929-1933-cü illərin dünya iqtisadi böhranı, həmçinin Ikinci dünya müha­ri­bəsi dövlət sənaye sektorunun geniş­lənməsində az rol oyna­ma­dılar. Ikinci dünya müha­ribə­sindən sonra Üçüncü reyxin müəssisələri AFR-in mülkiyyətinə keç­di.
Formal şəkildə dövlət büdcəsi ilə əlaqədar olmayan qeyri-səhmdar müəssisələr ölkənin bütün iqtisadi sis­teminin fəaliyyəti üçün zəruridir. Bunlar federal dəmir yolları, federal poçt, dövlət kredit müəssisələri, kommunal müəssisələrdir. Onların ən iriləri dövlət tənzimlənməsinin hesablama siste­mində mühüm rol oynayan federal yollar və federal poçtdur. Federal poçtun və federal yolların fəaliyyətinin təşkilati-hüquqi əsasları, onların büdcələrinin mə­daxil və məxaric hissə­lərinin icrası da daxil olmaqla, Fe­deral hakimiyyətin qanunu ilə müəyyənləşdirilir (1951-ci il 13 dekabr ). Sonrakı illər ərzində bu qanuna dəyişikliklər və əlavələr daxil edilmişdir. Qanuna müvafiq olaraq, federal poçt öz xərclərini əldə etdiyi gəlirlərlə ödə­məyə borclu olan müstəqil hüquqi şəxsdir. Bu mənada, federal poçt dövlət büdcəsindən dotasiyalar almır. Fe­deral poçtun sərəncamında bir sıra elmi –tədqiqat insti­tutları olur. Onlar rabitə, optika, telemexanika sahələrində tədqiqatlar aparırlar.
AFR-də dövlət müəssisələrinin fəaliyyəti bütöv­lük­də itkilərlə müşayiət olunur. Bu, onların şəxsi inhisarlara real­laş­dırılan məhsuluna aşağı qiymətlərin qoyulması ilə bağlıdır. Itkilər əsasən qısamüddətli və ortamüddətli kre­ditlər hesa­bına ödənilir və nəticədə dövlət müəssisələrinin borcları artır.
Maliyyə sisteminin hissələrinin məcmusu şəkil 3.2-də göstərilmişdir.

Top