Almaniyanın vahid pul-kredit sistemi 1870-ci illərdə təşəkkül tapmışdır. Həmin dövrdə imperiyanın elan edilməsindən sonra pul vahidi – qızıl tərkibi 0,358423 q olan reyxsmarka tətbiq olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı demək idi. Bu vaxta qədər dövlətin ərazisində yeddi monetar sistem mövcud idi: Şimali (taler) və Cənubi (qulden) Almaniyada gümüş monometallizm, Bremendə qızıl taler, gümüşə nəzərən mübadilə kursu ilə dövr edən qızıl pullar – fridrixsdorlar, luidorlar, pistol və dukatlar. Bundan başqa banknotlar və kağız pullar da işləyirdi. Ilk kağız pulları Saksoniya buraxmışdı, 1772-ci ildə isə burada 1 talerdən 100 talerə qədər ümumi məbləği 1,5 milyon olan xəzinə biletləri dövriyyəyə buraxılmışdır. Artıq 1856-cı ildə Prussiya çoxrəngli çapın istifadəsi ilə kağız pulların buraxılışına başladı.
1973-cü il 9 iyul qanununa əsasən Almaniyada qızıl-pul standartı tətbiq olundu. Qızıl reyxsmarkadan başqa (1871-ci il qanunu) dövriyyəyə imperiyanın gümüş pulları və misdən, nikeldən düzəldilmiş xırda sikkələr buraxıldı. Imperiya gümüş pulları artıq həmin dövrdə xırda pul rolunu oynayırdı. Onların ödəniş məbləği 20 marka ilə məhdudlaşırdı. Dövriyyədə həmçinin qanuni ödəniş qüvvəsinə malik olan, lakin tədriclə dövriyyədən çıxarılan köhnə qızıl və gümüş pullar da işləyirdi. Sikkələrlə yanaşı, kredit pulları da – 100 və daha artıq markada olan banknotlar dövriyyədə işləyirdi.
1875-ci ildə mərkəzi emissiya bankı – Reyxsbank (Reichsbank) fəaliyyətə başladı. Bu bank pulların buraxılması ilə bağlı nisbi monopoliyanı almağa Birinci dünya müharibəsindən sonra, mütləq monopoliyanı almağa isə 1935-ci ildə müvəffəq oldu. Reyxsbank Prussiya bankı əsasında yaranmışdır. Prussiya bankı isə öz başlanğıcını 1765-ci ildə yaradılmış Kral jirobankından (Konigliche Jiro und Lehpbank) götürürdü. Müharibəyə qədərki aralıqlarda Reyxsbankla yanaşı daha bir neçə emissiya bankı da fəaliyyət göstərirdi. 1875-ci il aprelin 1-ə qədər onların sayı 32 idi. Sonradan onların 14-ü emissiya bankı kimi fəaliyyət göstərmədi. Birinci Dünya müharibəsindən sonra yalnız dörd şəxsi emissiya bankı qalmış, onlar da 1935-ci ildə banknotların emissiya hüququndan məhrum olmuşlar.
Birinci dünya müharibəsi dərin maliyyə böhranına və Almaniya tarixində inflyasiyanın ən yüksək səviyyəsinə gətirib çıxardı. Ölkə rəhbərliyi qızıl-pul standartından imtina etməyə məcbur oldu. Buna səbəb hərbi kampaniyaların keçirilməsi üçün daimi emissiyaların tələb olunması idi. Qızıl tədriclə dövriyyədən çıxarılırdı. 1914-cü il 4 avqust qanunu isə banknotların qızıla mübadiləsini rəsmi şəkildə qadağan edirdi. Hərbi xərclər 150 milyard marka təşkil etmişdir. Nəticədə müharibənin sonunda pul kütləsi müharibədən əvvəlki rəqəmləri 5 dəfə üstələdi. Qiymətlər təqribən 2 dəfə artdı.
Müharibədəki məğlubiyyət daha çox pul tələb edirdi. Qalib ölkələr 132 milyard qızıl marka məbləğində təzminat qoyaraq, bunların qısa zaman müddətində ödənilməsini tələb edirdilər. Müharibədən sonrakı emissiya nəticəsində 1923-cü ilin iyun ayında pul kütləsi təqribən 90 dəfə, qiymətlər 180 dəfə, dolların kursu 230 dəfə artdı. Belə ki, 1921-ci ilin iyun ayında 1 dollar 65 marka idisə, 1922-ci ilin iyul ayında 420, 1923-cü ilin yanvarında 7260, 1923-cü ilin iyun ayında 100 min, oktyabrında 25 milyard, noyabrında 4,2 trilyon marka idi. Qalib ölkələr təzminat məbləğlərinin təminatı kimi dəyər kəsb edən bütün qiymətli şeyləri Almaniyadan çıxarırdılar. 1923-cü ildə isə fransız-belçika orduları Rur vilayətini işğal etdilər ki, metal və kömür sahələrinin məhsullarını maneəsiz çıxarsınlar. Rur vilayəti Almaniya kömürünün 90%-ni, metalının isə 50%-ni verirdi. Reyxsbank pulların çapını davam etdirirdi və beləliklə, 1923-cü ilin axırında kağız pulların həcmi təqribən 500 kvintillion marka oldu. Qara bazarda isə Amerika dollarının kursu 10 trilyon reyxsmarka idi.
O dövrün Almaniya tarixində qiymətlərlə bağlı nadir misallara rast gəlmək olar. Bir kömbə çörəyin qiyməti 430 milyard marka idi (müharibədən əvvəl onun qiyməti 0,29 marka idi). Elementar xidmətlərin ödənilməsi üçün kisələrlə nağd pul tələb olunur və artıq səhərisi gün bu pullar qiymətdən düşürdü. Zarafat edirdilər, taksi tramvaydan ucuz başa gəlir, çünki taksinin pulu əvvəlcədən ödənilir, tramvayda gedənə qədər isə pullar qiymətdən düşməyə fürsət tapır. Belə vəziyyət pul islahatının keçirilməsini tələb edirdi.
1923-cü ilin axırında yeni valyuta - Rent bankı tərəfindən buraxılmış rent markası tətbiq olundu. Yeni valyuta 1:1 trilyon reyxsmarka nisbətində mübadilə olunur, 40% tərtibində qızıl və xarici valyuta ilə təmin olunurdu. Keçid dövründə iki emissiya bankı paralel şəkildə fəaliyyət göstərirdi. Bunlar Rent bankı (Rentbank) və Reyxsbank idi. Rent bankın kapitalı qızıl yox, onun təsisçilərinin – kənd təsərrüfat torpaqlarının mülkiyyətçilərinin, sənayeçilərin, ticarətçilərin və bank sahiblərinin borc öhdəlikləri idi. Bu öhdəliklərin təminat rolunu onların müəssisələrinin 4%-lik dəyəri üzrə girov kağızları və istiqrazlar oynayırdı. Lakin bank təsisçilərinin öhdəlikləri banknotlar kimi qızıl markalarla hesablanırdı. Vəsaitlər 3,2 milyard marka təşkil etmişdir. Onun1,2 milyardı hökumətin Reyxsbanka olan borcunun ödənilməsi və büdcənin balanslaşdırılması üçün hökumətə kreditə verildi. Elə həmin məbləğdə pul da (1,2 milyard) şəxsi təsərrüfatların kreditləşdirilməsi üçün Reyxsbanka verildi, qalan markalar isə ehtiyatda qaldı. Artıq 1924-cü ilin avqustunda pul islahatının başa çatmasından və borcların ödənilməsi ilə rent markalarının dövriyyədən çıxmasından sonra Rent bankı öz mövcudluğunu itirdi və onun funksiyaları yenidən təşkil olunmuş Reyxsbanka keçdi.
Bir dollara 4,2 marka tərtibində möhkəm kurs müəyyənləşdirilmişdir və bu, qızıl markanın müharibədən əvvəlki pariteti ilə dəqiq uyğunlaşırdı. Ölkə faktiki olaraq qızıldeviz standartına keçdi və bu standart 1931-ci il iyulun 13-nə qədər davam gətirdi. Artıq 1924-cü ildə ABŞ Almaniyanın köməyinə gəldi və Daues planını təklif etdi. Bu plana əsasən Almaniya sənayenin bərpa edilməsi üçün ABŞ və Ingiltərədən 30 milyard qızıl marka məbləğində borc alırdı. Sənayenin gəlirləri Ingiltərə və Fransanın təzminatlarının ödənilməsinə sərf olunmalı, Ingiltərə və Fransa isə öz hərbi borclarını ABŞ-a qaytarmalı idilər.
1929-cu ildə Daues planı Yunq planı ilə əvəz olundu. Yeni plan Almaniyaya daha böyük güzəştlərin verilməsini nəzərdə tuturdu. Təzminat məbləğləri əhəmiyyətli şəkildə azalırdı və Almaniya onları 1988-ə ilə qədər nisbətən kiçik illik ödənişlərlə qaytarmalı idi. Lakin dünya iqtisadi böhranı Yunq planının həyata keçməsini dayandırdı. 1932-ci ildə bütün təzminatlar ləğv olundu. Bundan başqa, 1929 -1933-cü illərin böhran dövründə qızıldeviz standartı ləğv edildi və xırdalanmayan kredit pullar sistemi müəyyənləşdirildi.
Artıq 1933-cü ildə Hitler hakimiyyətə gələrək, öz üsul idarəsini üçüncü reyx (üçüncü imperiya) adlandırdı. Kredit sistemi barədə 1934-cü il qanunu Reyxsbanka müstəsna hüquqlar verdi, 1939-cu ildən isə Reyxsbank tamamilə fürerə tabe oldu. Hitler iqtisadiyyatının özünəməxsus xüsusiyyəti qiymətlərin sərt tənzimlənməsi idi. Bu isə bazar münasibətlərinin pozulması demək idi. Xalq istehlak mallarına aşağı qiymətlər müəyyənləşdirilmişdir və bu, onların qıtlığına gətirib çıxarırdı. Nəticədə ərzaq məhsullarına kartoçka sisteminin tətbiq edilmə zərurəti yarandı. Bundan başqa, iqtisadiyyatın ümumi hərbiləşdirilməsi və başlamaqda olan Ikinci dünya müharibəsi pulların güclü axınını tələb edirdi və nəticədə pulların miqdarı 56,4 milyard markadan 298 milyard markaya qədər çoxaldı. Müharibədən əvvəlki səviyyə ilə müqayisədə inflyasiya 600%-ə yaxınlaşırdı. Antiinflyasiya üsulları qiymətə və əmək haqqına nəzarətdən ibarət idi. Ikinci dünya müharibəsi illərində təkcə nağd pul dövriyyəsi 7 dəfədən çox artmışdır (10,4 milyard reyxsmarkadan 73 milyard reyxsmarkaya qədər). Almaniya hökuməti müharibə dövründə işğal olunmuş ərazilərdəki xərclərin ödənilməsi üçün işğalçı pullar da buraxırdı. Işğalçı markalar Almaniya daxilində işləmir və yalnız Almaniyanın istila etdiyi ölkələrin valyutasına dəyişdirilirdi. Onların emissiyası imperiyanın 52 kredit kassasına qoyulmuşdur.
Müharibədən sonrakı Almaniya dörd işğal zonasına bölünmüşdü (Amerika, ingilis, fransız və sovet). 1945-ci ildə Reyxsbankın sovet zonalarındakı bütün şöbələri bağlanmışdı. 1946 -1947-ci illərdə Amerika və fransız işğal zonalarında ərazilərin mərkəzi bankları açıldı. Bu mərkəzi banklar ABŞ-ın Federal ehtiyat sisteminin prinsipləri əsasında fəaliyyət göstərirdi. 1948-ci ildə Britaniya işğal zonasında ərazilərin dörd mərkəzi bankı təsis olundu. 1946-cı ilin axırından 1948-ci ilin yazına qədər Almaniyanın müharibədən əvvəlki sərhəd torpaqlarında (inzibati – ərazi vahidləri) 11 ərazi mərkəzi bankı təsis edilmişdir. Lakin işğal zonalarının sərhədləri inzibati-ərazi bölgüsü ilə üst- üstə düşmürdü. Ona görə də məsələn, üç işğal zonasında yerləşən Baden-Vyurtemberq torpaqlarındakı ərazidə 1947-ci ildə üç mərkəzi bank açılmışdır. 1948-ci il martın 1-də bütün ərazi bankları Alman torpaqlarının Bankını yaratdılar. Bununla da, Almaniyanın kredit sisteminin iki səviyyəsi formalaşdı: Alman torpaqlarının Bankı (Landesdeutshebank) və torpaqların mərkəzi bankları.
Müharibədən sonrakı Almaniya iqtisadiyyatının əsas memarı L.Erxard idi. Dəyişikliklərin əsas prinsipləri sərbəst qiymətlər, sahibkarlıq və pul islahatı idi. 1948-ci il iyunun 21-də səhər çağı reyxsmarkalar etibarsız elan olundu. Hər bir sakin 40 reyxsmarkanı (sonra isə daha 20 -ni) 40 yeni doyçmarkaya dəyişə bilərdi. Beləliklə, 60 reyxsmarka 1:1 kursu ilə doyçmarkaya mübadilə olunurdu. Bu məbləğdən çox olan markalar isə başqa kursla diyişdirilirdi: 1 doyçmarka 10 reyxsmarkaya bərabər tutulurdu. Təqaüdlər, əmək haqqı, məvaciblər, icarə haqları 1:1 nisbətində dəyişdirilirdi, yəni əvvəlki ölçüdə ödənilirdi. Nağd pulların və əmanətlərin yarısını 1:10 kursu ilə dəyişmək olardı. Müvəqqəti «dondurulmuş» ikinci yarısı isə sonradan 1:20 nisbətində dəyişdirilirdi. Müəssisələrin pul öhdəlikləri də 1:1- nisbətində yenidən hesablanırdı. Ilk maaşın ödənilməsi üçün nağd pul alan müəssisələr sonradan öz məhsullarının reallaşdırılması hesabına mövcud olmalı idilər.
Bütün devalvasiyalar nəticəsində reyxsmarkaların və doyçmarkaların orta mübadilə nisbəti 10:0,65 təşkil etdi. Beləliklə, pulların həci 93,5% azaldı (reyxsmarkaların kütləsinə görə). 1948-ci il iyunun 24-də qiymətlərin tam liberallaşması baş verdi. «Qara bazar» yox oldu. Mağazalar mallarla doldu. Qiymətlər ilin axırına qədər adəti üzrə olduğu kimi 2-4 dəfə yox, yalnız bir neçə faiz yüksəldi. Bununla belə, dövriyyəyə buraxılan pullar iqtisadiyyat üçün kifayət etmirdi və 1948-ci ilin axırında pul kütləsi 2 dəfədən çox artdı.
Bretton-Vuds valyuta sisteminə qoşulandan və 1949-cu ildə AFR Konstitusiyasının qəbul edilməsindən sonra qızıl-dollar standartı müəyyənləşdirildi. Alman markası 3,33:1 nisbətində dollara eyniləşirdi. 1949-cu ilin sentyabrında dolların qiyməti 3,33 doyçmarkadan 4,2-ə qalxdı və yalnız 1961-ci ilin martında markanın revalvasiyası keçirildi (1 dollar = 4marka). Alman markasının 1949-cu ildəki devalvasiyası ticarət balansının kəsiri ilə əlaqədar idi. Koreya müharibəsinin başlanması səbəbindən 1950-ci ildə idxal olunan xammal qiymətlərinin qəfil artımı nəticəsində ticarət balansının kəsiri daha da artdı.
1953-cü ildə AFR Beynəlxalq valyuta fonduna daxil oldu. BVF markanın qızıl tərkibini 0,211588 q təmiz qızıl səviyyəsində qeyd etdi. 1976-cı ildə qızıl paritet ləğv olundu.
Ikinci dünya müharibəsindən sonra Almaniyanın ilk pulları ofset çap yolu ilə Londonda (5 marka dəyərində kağız pul) və ABŞ-da çap olunurdu. Kağız pulun üzərində su nişanı yox idi. AFR ərazisində pulların çap edilməsi yalnız 1955-ci ildə bərpa edildi.