3.1. Almaniyanın makroiqtisadi vəziyyəti

3.1. Almaniyanın makroiqtisadi vəziyyəti

Almaniya dünya iqtisadiyyatının liderlərindən biridir. O, ÜDM həcminə görə (3.6 trilyon dollar) ABŞ, Yaponiya və Çindən sonra dördüncü yeri tutur. (2008). AFR sənaye istehsalının ölçüsünə görə ABŞ, ÇXR və Yapo­niyadan dərhal sonra dördüncü yerdədir. Əhalinin hər nəfərinə düşən ÜDM ildə təqribən 44 min dollardır. Sahəsi 357 min kv. km. Fransa və Ispaniyadan sonra Avropada üçüncü yerdədir, əhalisi 82 milyon nəfər, əha­linin sıxlığı 1 kv. km. 230 adamdır.
1990-cı ildə Qərbi və Şərqi Almaniyanın birləş­mə­sindən sonra ölkə iqtisadi potensialına görə Avropanın iri dövləti oldu. Lakin 1990-cı illərdəki konyunktura «ikili», «parça­lan­mış» kimi xarakterizə olunurdu. 1990-cı ildə Şərqi Almaniya iqtisadiyyatının iflası 1992-1995-ci illərdə yeni federal torpa­q­lar­da ÜDM-in sürətli inkişafı ilə kompensə olundu (1994-cü il­də bu göstərici Avropada rekord vur­muşdur – 10%). Bu za­man istehsal apara­tının, infrastruk­tu­run, təsərrüfat münasi­bət­lərinin və qayda­larının iri həcmli key­fiyyət transformasiyası baş verirdi. Hərçənd qərb torpaq­la­rında artım çox kiçik idi və şərqdəki iqtisadi yük­səliş «köhnə» AFR-dəki aşağı inkişaf sürətini kom­pensə edə bilmirdi (ən yaxşı halda ona 0,1% əlavə edirdi).
1995-ci ildən sonra ölkənin şərqində iqtisadiyyatın inkişafı nəzərəçarpacaq qədər ləngidi, 1997-ci ildə isə yeni torpaqlardakı inkişaf sürəti qərb torpaqlarına nis­bətən aşağı düşdü. 1997-ci ildə qərb torpaqlarındakı ÜDM 2,4%, şərqdə isə cəmi 1,8% artdı. 2000-ci ildə fərq daha da çoxaldı, 3,2 və 1,1%  kimi oldu. Görünür, bunun əsas səbəbi qərblə müqa­yi­sə­də şərqdə ÜDM-də daha böyük xü­susi çəkiyə malik olan tikinti sənayesinin enişi idi. Bundan başqa, şərqi torpaqlarda xidmətlər sferasının in­kişafı ləngimişdi. Bu gün inkişafı gur olmayan yeni tor­paqlar alman iqtisadiyyatının lokomotivi­dir. Köhnə federal torpaqlar isə (əsasən Bavariya və Baden - Vyurtemberq) dinamikadan məhrum olmuş şərq torpaqlarını öz ardınca dartır.
1998-ci ildə sentyabrın 27-də Q.Şrederin federal kansler seçilməsi inkişafın «yeni dövrü»nü və «yeni ruhu»nu, konser­vatorlar dövrünün sonunu simvolizə etdi, təkcə alman­lar üçün deyil, bütün Avropa sakinləri üçün dəyişik­lik­lərin olacağına ümid verdi. Hakimiyyətə gələn Şreder dərhal Almaniyanın bazar iqtisadiyyatına hərəkət proqramını, ölkənin itirilmiş rəqabətədavamlılıq mövqe­lə­rinin bərpa proqramını elan etdi. Şreder almanlara Neue Mine (yeni mərkəz), «biznesə dost olan sosializm və ya ürəyi olan kapitalizm» vəd etdi. Iqtisa­diy­yatda liberalizm aşağıdakıları nəzərdə tuturdu: şirkətlərə dü­şən vergilərin azaldılması, əmək bazarında elastiklik və iş gü­nü­­nün müddətinin dəyişilməsi, əmək haqqı xərclərinin azal­ması, iqtisadiyyatın ictimai sektorunun modernləş­dirilməsi.
2000-ci ildə Şrederin mövqeləri möhkəmləndi. Bunun son pillələrdə durmayan səbəblərindən biri əlverişli iqtisadi konyunktura və işsizliyin yumşaldılması idi. Sabit qiymət­lər­də ÜDM-in artımı 1991-ci ildən sonra ilk dəfə 3% yüksəlmiş, hərçənd gözlənilən 3,4% əvəzinə 3,1%-ə bərabər olmuşdur. Lakin yeni minillikdə ümumdünya iqtisadi resessiyası ilə və böyük dövlət xərclərinin zəru­rə­tinə gətirib çıxarmış bir sıra təbii kataklizmlərlə əlaqədar olaraq, real ÜDM-in artım sürəti kəskin şəkildə azalmış və 1999-cu ilin ölçüsünə yalnız 2003-cü ildə qayıtmışdır (cədvəl 3.1.).
Cədvəl 3.1.
1996 - 2003-cü illərdə AFR-də real ÜDM-in artımı, %-lə

1996

1997

1998

1999

2000

2001

2002

2003

0,8

1,5

1,8

1,4

3,1

0,6

0,4

1,4

2001-ci ilə proqnozlaşdırılmış ÜDM artımı 2,0 – 2,7%  həddən artıq şişirdilmiş olduğundan, ilin axırına qədər 1,0-1,7% təshih edilmişdir. Azalmanın əsas səbəbi 2002-ci ildə də davam edə bilən dünya iqtisadiyyatındakı re­sessiya oldu. 2002-ci il üçün proqnozlaşdırılmış gös­təricinin 3%-dən 2-2,4%-ə qədər azalması təkrar oluna bilər və 2%-dən də az ola bilər.
Alman hökumətinin Iqtisadi siyasətinin əsas prio­riteti işsizliyin səviyyəsinin azalmasıdır. Ən azı ölkənin qərb hissəsində bu problemi birləşmənin nəticəsi hesab etmək olmaz. 1980-ci illərin ortalarında AFR-də 2 milyon işsiz var idi. 1990-cı illərdə işsizlərin sayı hər il 200-300 min nəfər artmış, onlara yeni fede­ral torpaqlardakı mil­yondan çox işsiz də əlavə olunmuşdur. Hələ 90-cı illərin əvvəllərində hesab olunurdu ki, şərqdəki yük­sək səviy­yəli işsizlik keçid dövrünün qısamüddətli təzahürüdür. Indi isə ay­dındır ki, yeni federal torpaqlar AFR-in sosial-iqti­sa­di mo­deli ilə birlikdə xroniki işsizlik strukturunu da əxz etdilər.
1990-cı illər ərzində məşğulluğun azalması qeyd olu­nur­du. Bu, xüsusilə emaledici sənayedə iş yerləri sayı­nın azalma­sın­da üzə çıxır və belə azalma digər sferalarda yeni iş yerlərinin yara­dılması ilə kompensə olunmurdu. Lakin 1998-ci ildə Alma­ni­yada məşğulluğun səviyyəsi bir qədər artdı (0,4%), işsizlərin payı əhəmiyyətli şəkildə azaldı. Hərçənd bu müsbət dəyişikliklər ölkənin məhz qərb ərazilərində baş verirdi. Yalnız 2000-ci ildə işsizliyin nəzərəçarpacaq dərəcədə azalması baş verdi (orta illik göstərici  3,89 min nəfər, 2001-ci ilin əvvəlində işsizliyin səviyyəsi – 9,3%), lakin bu dəyişiklik təkcə qərb əra­zilərinə aid idi. Əvvəlki beş ildə işsizliyin səviyyəsi daha yüksək idi (cədvəl 3.2.).
Cədvəl 3.2
Işsizliyin səviyyəsi, işçi qüvvəsi sayının %-i

1996

1997

1998

1999

2000

2001

2002

10,4

11,5

11,0

10,5

9,6

7,7

8,2

Işsizliyin belə yüksək səviyyəsinin səbəbləri əmək baza­rı­nın  qeyri elastikliyi və rəqabətədavamlılığın olma­masıdır. AFR-də fəaliyyət göstərən əmək qanunvericiliyi alman işçi qüvvəsini dünyanın ən bahalı işçi qüvvəsinə çevirir və işsizlərin işlə təmin olunmalarını stimullaşdırmır. Hərçənd Almaniyada yüksək ixtisaslı əmək resursları və dünyanın ən yaxşı təhsil səviyyələrindən biri olsa da, qeyri elastiki əmək bazarı ölkənin iqtisadi artımına ciddi ma­neələr yaradır. Bazarın sərt şəkildə tənzimlənmə sə­bəbindən sahibkarlar, xüsu­silə də aparıcı sahə­lər­də yeni iş yerlərini açmaqda maraq­lı deyillər. Qarant­lar­la müdafiə olunmuş işçilər effektiv şəkildə işləməkdə maraq­lı deyillər. Bir çox hallarda işverənlər üçün yüksək ixtisaslı və bahalı alman fəhlələrinin xidmət­lərin­dən istifadə etmək əvə­zinə aşağı təhsilli xariciləri işə dəvət etmək daha sərfəli olur.

2000-ci ilə qədər AFR-də inflyasiyanın sürəti nis­bətən stabil idi. 1996-cı ildə inflyasiya sürəti 1,2%, 1997-ci ildə 1,5%, 1998 və 1999-cu illərdə 0,6% təşkil edirdi. 2000-ci ildə 2,1%-ə qədər kəskin artım baş verdi. Bu göstərici 2000-ci ilin avro zona­sı üzrə (2,3%), həmçinin ABŞ və Kanada üzrə (uyğun olaraq 3,4 və 2,7%) orta göstəricidən aşağı olsa da, mənfi dina­mikanın başlanğıcı kimi narahatlıq döğurmaya bilməz, çünki işsizliyin yaratdığı sosial gərgindliyi daha da gücləndirir.
2000-ci ildə qiymət artımının xarici inflyasiya faktor­larına aşağıdakılar aiddir. Neft qiymətlərinin yüksəlməsi 2000-ci ilin sentyabrında sürücülərin kütləvi etirazlarına gətirib çıxardı və nəticədə Q.Şreder enerjidaşıyıcıların qiymət yüksəl­mə­sinin sosial güzəştləri ilə razılaşmağa məcbur oldu. Bun­dan başqa «inək quduzluğu»nun aşkar olunması nəticə­sin­də ət qiymətlərinin artımı qiymətlərin ümumilikdə yüksəl­mə­sinə gətirib çıxardı. 2001-ci ildə inflyasiyanın artım temp­ləri 1,9-2,1% hüdudunda idi.

Xarici iqtisadi əlaqələr
. Almaniya dünyanın ən mü­­hüm ixracatçılarından və idxalatçılarından biridir. Al­maniya
1998-ci ildə malların ixrac həcminə (539,7 milyard dollar və ya bü­tün dünya ixracının 10%-i) və idxal həc­minə görə (466,6 mil­yard dollar və ya dünya idxalının 8,4%-i) ikinci yeri tuturdu. Xidmətlərin ixracı üzrə isə onun möv­qeləri daha kasaddır və dördüncü yerdədir (75,7 mil­yard dollar və ya 5,9%). Xidmət­lə­rin idxalına görə ölkə ikin­ci yerdədir (121,8 milyard dollar, dünya idxalının    9,4 %-i).
AFR-in xarici ticarət tərəfdaşları əsasən sənaye cəhət­dən inkişaf etmiş ölkələrdir (75%) və onların əksə­riyyəti AB ölkələridir (55%). Almaniyanın xarici ticarətində aparıcı möv­qelər Fransaya məxsusdur (ixracın 12%-i, idxalın 11%-i). Daha sonra Böyük Britaniya (uyğun olaraq 8 və 6,3%), Niderland (7,7 və 8,2%), Italiya (7,6 və 8,4%), ABŞ (7,9 və 5,3%) və Lüksetiburqla Belçika (6,8 və 6,0%) gəlirlər.
AFR xaricdə birbaşa kapital qoyuluşlarının həc­mi­nə görə dünyada dördüncü yerə çıxdı – 9,5%. Birbaşa kapital qoyu­luş­ları Qərbi Avropada (Fransa, Isveçrə, Benilyüks, Bri­taniya) və Şimali Amerikada cəmlənmişdir. Almaniyanın əsas investisiya tərəfdaşı adəti üzrə ABŞ olaraq qalmaqdadır (xarici investisiyaların 30%-i). Kapital qo­yuluşlarının ümumi həcminin 44% -i inkişaf etməkdə olan ölkələrin payına düşür və investisiyaların böyük his­səsi sənaye cəhətdən inkişaf edən iri ölkələrə qoyulur (Braziliya, Argentina, Hindistan).
Almaniya xarici kapital qoyuluşları üçün cəlbedici ölkədir. Xarici kapitalın iştirakı ilə işləyən sənaye və ticarət müəssisələrinin xüsusi çəkisi 18%, emaledici sənayedə 22%, o cümlədən kimya sənayesində 30%, elektro­tex­nikada 27%-dir. Xarici TNK iri kapitalın strukturunda mü­hüm yer tuturlar. AFR-in 30 nəhəng şirkətindən təqribən üçdə biri xarici kapital tərəfindən nəzarət olunur. Bunlar «Esso» (Esso), «Opel» (Opel), «Yunilever» (Unilever), «Doyçe Şell» (Deutsche Shell) və başqalarıdır.
Almaniya Avropa birliyinin monetar və siyasi inteq­rasiyasının lokomotividir. Bu inteqrasiya birliyinin inkişafı, əsasən, AFR-in iqtisadi sisteminin dinaikasından asılıdır. L.Erxardın islahatları nəticəsində təşəkkül tapmış Alma­niya iqtisadiyyatı bu gün bəzi geri çəkilmələrlə birlikdə yüksəliş mərhələsindədir. Buna baxmayaraq, islahatlar tələb olunur. Dəyişikliklərin mərkəzində əmək bazarı yerləşməlidir, çünki kütləvi işsizlik ölkənin gələcəyi üçün daha böyük təhlükədir. Bu ölkədə tam məşğulluğa nail olmağın yolunu əmək haq­qının böyük diferen­sial­laşmasında görürlər və bu da sosial dövlətin məq­səd və prinsiplərinə tam uyğundur.

Top