2.4. ABŞ-ın vergi sistemi

2.4. ABŞ-ın vergi sistemi

Vergi ödəniş sistemi əsasən büdcənin gəlir hissə­sini müəyyənləşdirir. Ona görə də ABŞ- ın vergi sistemi öz struk­tu­ru etibarilə büdcə sistemi ilə oxşardır və federal büdcə, ştat və yerli orqan büdcələrinin gəlirlərinin əsas mənbəyidir. Federal hökumət bütün vergi daxil­olmalarının 70%-ni, ştat höku­mətləri -20%-ni, yerli orqan­lar 10%-ni alır.
XIX əsrdə ABŞ-ın federal büdcəsi əsasən gömrük rüsum­larından, aksiz ödənişlərindən, o cümlədən dövlət tor­paq­larının satışından gələn gəlirlərdən formalaşırdı. 1861-1865-ci illərin Vətəndaş müharibəsinə qədər federal büdcə əsasən balanslaşdırılmış şəkildə idi və gəlir hissə­lərinin forma­laş­dırılmasında ciddi gərginliklərlə üzləşmirdi. Mühari­bə­nin gedişində xərclər büdcə daxilolmalarını əhəmiyyətli şəkildə üstələdi və federal xəzinənin dolu­rul­ması üçün müvəq­qəti fövqəladə federal gəlir vergisindən istifadə olunmağa başlandı.
1929-cü ilin maliyyə böhranı federal büdcənin qeyri balan­laşdırılmasına gətirib çıxarldı. Bu, əsasən on milyon­larla sıravi vergi ödəyicisinin həyat səviyyəsinin aşağı düş­məsi və gəlir vergisi yığımlarının mütləq və nisbi öl­çülərinin kəskin şəkildə azalması ilə əlaqədar idi. 1934-cü ildə gəlir vergiləri federal gəlirlərin cəmi 14%-ni təmin etmişdir. Korpora­siya­ların qazancına düşən vergilərin payı 12% təşkil edir, daxil­ol­ma­ların üçdə biri isə aksiz rüsum­ların payına düşürdü.
Ikinci dünya müharibəsinin axırında, 1944-cü ildə fərdi gəlir vergilərinin xüsusi çəkisi 45%-ə çatdı, kor­po­rasiya gəlirlərinə düşən vergi 34%, aksizlərə -11%, sosial təminat fondlarına ayırmalar 8% oldu. Buna səbəb hərbi istehsalın inkişafı və əmək qabiliyyətli əhalinin tam məş­ğulluğu nəticə­sində ölkənin iqtisadi potensialının sürətlə artması idi. 1960-cı illərin ortalarında və 1980-ci illərin bi­rinci yarısında həyata keçən vergi islahatları federal gəlirlərin təkmilləşmiş struk­turunu dəyişmədi.
Federal vergilərin müasir strukturu səkkiz möv­qedən ibarətdir:

  • fərdi gəlir vergiləri  (2001-ci ilin federal büdcəsinin gəlir hissəsinin 48%-i);
  • sosial təminat fondlarına vergi ödəmələri (34%);
  • korporasiyaların qazancından gələn vergi (10%);
  • aksiz rüsumlar (4%);
  • miras və hədiyyədən gələn vergi;
  • gömrük rüsumları;
  • istehlak mallarının pərakəndə satışından gələn ver­gi­lər;
  • daşınan və daşınmaz mülkiyyətə düşən vergi.

Son dörd vergi növünün yekun payı 2001-ci ilin federal büdcəsində 4% təşkil etmişdir.
Amerikanın vergi sistemində daha böyük əhə­miyyət kəsb edən vergilər birbaşa vergilərdir, yəni şəxsi gəlirlərə düşən vergilər (fərdi gəlir vergisi), sosial təminat fondlarına məqsədli ayırmalar, korporasiyaların qazancına düşən vergilərdir.
ABŞ-da fərdi gəlir vergisi üçün aşağıdakı xüsu­siyyətlər xarakterikdir:

  • vergi qoymanın proqressivliyi;
  • vergi ayırmalarının diskretliyi – hər bir daha yük­sək dərəcə yalnız üzərinə vergi qoyulmuş məbləğin ciddi şəkildə müəyyənləşdirilmiş hissəsinə tətbiq olunur;
  • vergi dərəcələrinin qanunverici qaydada mün­tə­zəm  şəkildə dəyişməsi;
  • vergi qoymanın universallığı – gəlir məbləğlərinin bərabərliyi halında, adətən, eyni vergi dərəcələri təsir göstərir;
  • çoxlu sayda məqsədli güzəştlərin, imtiyazların və istisnaların olması;
  • sosial təminat fondlarına vergi yığımlarından xüsusiləşmə;
  • üzərinə vergi qoyulmayan fərdi gəlirlərin qeyd olunmuş minimal səviyyəsi.

Son illər ərzində amerikalıların varlı təbəqələrinə düşən gəlir vergisinin son hədd dərəcəsi dayanmadan azalırdı: 1954 -1962-ci illərdə bu rəqəm 91%, 1962 -1981-ci illərdə 70%, 1981-ci ildən 50% olmuşdur. Nisbətən yaxın vaxtlara qədər fərdi gəlir vergisinin maksimal dərə­cəsi 39,6%, minimal dərəcəsi 15% idi. Lakin kiçik C.Buş adminis­tra­siyasının Ağ Evə gəlişi dəyişikliklər törətdi. Inauqurasiyadan 2,5 həftə sonra «Ver­gilərin azaldılması barədə prezident proqramı» nəşr olundu. Proqrama əsasən gəlir vergisinin mövcud beşdərəcəli şkala cədvəli  (15, 28, 31, 36 və 39,6%) vergi dərəcələri daha kiçik olan yeni  dörddərəcəli şkala ilə (10, 15, 25 və 33%) əvəz olun­du. Bu proqram sayəsində 6 milyon amerikalı vətəndaş ver­gi­dən tamamilə azad olur, iki uşağı olan orta səviy­yəli amerikalı ailə isə hər il 1600 dollarına qənaət edir. Proqram çərçivəsində varisliyə görə verginin ləğv edil­məsi gözlənilir. Bu verginin maksimal dərəcəsi 50%-ə çatmışdır. 2003-cü ilin əvvəlində Amerika prezidenti ABŞ iqtisadiyyatının sağlamlaşdırılmasına dair onillik plan elan etdi. Planın əsas maddəsi dividendlərə düşən verginin ləğv edilməsi idi. Vergi azalmalarının ümumi həcmi 674 mil­yard dollar tərtibində qiymətləndirilir. C.Buş öz çıxış­larında qeyd edir ki, vergilərin azaldılması iqtisadiyyatın stimullaşdırılmasının ən yaxşı üsuludur. Onun fikrincə, divi­den­dlərə düşən vergilərin ləğv edilməsi iş aktivliyinin və alıcılıq qabiliyyətinin artımına gətirib çıxaracaq, fond ba­zarı canla­nacaq, səhmlər isə orta hesabla 10% yük­sələcək.
Federal vergi sisteminin böyüklük etibarilə ikinci hissəsi – sosial təminat fonduna ödəmələr – bir neçə ünsürdən ibarətdir. Ona sosial sığorta məqsədləri üçün vergi, səhiyyə xidmətinin təmin edilməsi üçün vergi, ayrıca vergi for­ma­sında işsizlik üzrə federal yardım fon­duna ödəmələr daxildir. Iş verənlər və işçilər üçün vergi dərəcəsi eynidir:1999-cı il üçün 72600 dollar və 2000-ci il üçün 76200 dollar vergi məbləğinin maksimal ölçüsündə 6,2%. Bu verginin ödənilməsi üçün hər bir işə götürən ödənilmiş əmək haqqının və digər mükafatların tam məbləğindən ayırmalar aparır. Beləliklə, vergi yığım­la­rı­nın ümumi ölçüsü əmək haqqı fondunun 12,4%-ni təşkil edir.
Korporasiyaların qazancına düşən vergi isə əsasən istehsal kapitalına malik olan varlı amerikalılardan pulların tutulma formasıdır. Bu vergi 1986-cı ilin vergi isla­ha­tından sonra üçdərəcəli şkala üzrə tutulmağa başladı: gəlirin ilk 50 min dollarına 15%, gəlirin növbəti 25 min dollarına 25% və bu məbləğdən yuxarı gəlirə 34%. 1990-cı illərdə vergi dərəcələrinin şkalası səkkiz pilləyə qədər artırılmışdır (cədvəl 2.5.).
Cədvəl 2.5
Korporasiyaların gəlirinə düşən federal vergi dərəcələri


Üzərinə vergi qoyulmuş gəlirin ölçüsü, dollar

Dərəcə, %

50000-dən az
50001 -75000
75001 -100000
100001 -335000
335001 – 10000000
10000001 – 15000000
15000001 – 18333333
18333333-dən çox

15
25
34
39
34
35
38
35

ABŞ aksizləri yanacaq məhsullarına düşən ver­gilərə – benzin, dizel yanacağı, aviasiya üçün ağ neft; sənaye məhsulları vergilərinə – avtomobil şinləri, idman balıq­çılığı və ovçuluğu üçün ləvazimat, səhiyyə vaksinləri və aktiv prepa­rat­lar; nəqliyyat və kommunikasiya ver­gilərinə, təbiəti mühafizə rüsumlarına bölünürlər.
ABŞ-ın vergi sisteminin ikinci hissəsi ştatların və yerli hakimiyyət orqanlarının vergiləridir. ABŞ-da hər bir ştat Konstitusiyaya uyğun olaraq bütün sahələrdə suve­ren­liyə malikdir. Lakin sırf federal hakimiyyətin müstəsna hüququ olan və Konstitusiya tərəfindən və ya federal qanun­larla qada­ğan edilmiş məsələlər istisna təşkil edir. Belə dövlət quru­luş­u­nun nəticəsi dünyanın heç bir digər ölkə­sində olmadığı kimi vergi siyasətinin və vergi ad­ministrasiyasının mərkəzdən qaç­ma­sıdır.
Büdcə ştatlarının əsasını satışa (istehlak) qoyulan vergi­lər, yerli büdcələrin əsasını isə mülkiyyətə qoyulan vergilər təşkil edir. Göstərilən vergilər büdcələrin daxil­ol­ma struk­turunda son illər 55-60% təşkil etmişdir.
Ştatların vergi gəlirlərinin təqribən 30%-i satış­dan gələn ümumi vergilərəfiziki şəxslərdən tutulan gəlir vergisinə, 10%  -korporasiya gəlirlərindən tutulan vergilərə, 20% - aksizlərə (avto­mobil yanacağına düşən vergi payı tü­tün məmulatlarına və alkoqollu içkilərə düşən aksizlərin payın­dan çox böyükdür) düşür. Digər vergilər (lisenziya rüsumları və faydalı qazın­tı­la­rın hasilat vergiləri) ştatların gəlirlərinin təqribən 10%-ni təşkil edir. Işsizliyə və iş qabi­liy­yətinin itiril­mə­sinə görə yardımların ödə­nilməsi üzrə sığorta fondlarına ayırmalar da 10% təşkil edir. Ştatların bütün gəlirlərinin 20%-i  federal hakimiyyətin əsa­sən məqsədli təyinatlarla bağlı köçürmələridir: əhalinin ka­sıb təbə­qələrinə kömək göstəril­məsi, yol və körpülərin tikilmə­si və s.
Müxtəlif ştatların gəlir strukturu əhəmiyyətli şəkildə fərq­lənir. Bütün vergilər hər ştatda tətbiq olunmur. Ştat­ların iqtisadi vəziyyəti, xüsusilə iqtisadi əhəmiyyətli təbii resurslara görə çox fərqlənir. Beş ştatda satışdan gələn ümumi vergi yığı­lır, doqquz ştatda geniş baza ilə fərdi gəlir vergisi yığılır, beş ştatda isə korporasiya gəlirlərindən vergi yığılmır.
Vergi bazaları və vergi dərəcələri də çox fərq­lənirlər. Müxtəlif ştatlarda korporasiyalara qoyulan gəlir vergisinin dərəcə diapazonu 1%-dən 12%-ə qədər də­yişir. Bəzi ştatlarda isə bu vergi heç yoxdur. Vergi daxil­­­olmalarının mənbələrinə görə aşağıdakılar seçilirlər: Alyas­ka ştatı gəlirlərinin böyük hissəsini təbii resursların (əsasən neftin) hasilatından gələn vergilərdən əldə edir, Vayominq analoji mənbədən gəlirləri­nin 40%-ni əldə edir. Florida və Vaşinqton ştatları fərdi gəlir ver­gisi yığmır və öz gəlirlərinin 60%-dən çoxunu ümumi satış ver­gi­sin­dən əldə edirlər. Nyu –Hempşir ştatında gəlirlərin 45%-i satışdan gələn seçmə vergilərin payına düşür. Delaver ştatı vergi daxilolmalarının 20%-ni onun ərazisində yerləşən kor­po­rasiyaların mənzil qərargahlarından yığılan imtiyazlı rüsumların hesabına əldə edir. Oreqon ştatında satışdan vergi yoxdur, lakin daxilolmaların 70%-i gəlir vergisinin payına düşür (Massaçusets və Nyu -York ştatlarında – 60%-dən çox).
Yerli vergilər üç əsas qrupa bölünür.
Birinci qrup – yerli hakimiyyət orqanlarının birbaşa və dolayı vergiləridir. Bu vergilər yalnız yerlərdə toplanır. Əmlak və peşə vergiləri, varisliyə və hədiyyələrə qoyulan vergi­lər bir­başa vergilərə aid edilir. Satışa, mühərrik yanaca­ğına, tütün məmu­latlarına və spirtli içkilərə qoyulan vergilər dolayı ver­gilərdir.
Yerli vergilərin ikinci qrupu ümumdövlət vergilərinə əlavələri ifadə edir. Bu vergilərə fərdi gəlir vergiləri və korpo­rativ vergilər aiddir.
Yerli gəlirlərin üçüncü qrupu nəqliyyat vasitələrinə, itlərin saxlanmasına, mənzərələrə, mehmanxanalara qoyu­lan vergilər, kommunal rüsumlar və başqalarıdır. Istehlak vergi­ləri arasında aşağıdakılar var: avtomaşınların qey­diyyatına və avto­mobilin parkovkasına qoyulan vergilər, yanacağa qoyu­lan aksiz, avtostradalardan istifadə vergisi. Sonuncu vergi ştatların və şəhərlərin büdcələri arasında bö­lüşdürülür. Vergi dərəcəsi avtomobilin növündən ası­lıdır. Vergilərin bu qrupu, prinsipcə, nə dövlət, nə də yerli büdcələr üçün böyük iqtisadi əhəmiyyət kəsb etmir.
Əsas yerli vergilər aşağıdakılardır: əmlak vergisi, satış və dövriyyədən ümumi vergi, fərdi gəlir vergisi, alışa qo­yulan ümumi vergi, korporativ vergi, varisliyə və hə­diyyəyə qoyulan vergi.
Əmlak vergisi vergi daxilolmalarının ən əhə­miy­yətlisidir. Onun bütün gəlirləri, demək olar ki, yerli büd­cələrə məxsusdur. Üzərinə əmlak vergisi qoyulmuş ob­yektlər müxtəlif ərazilərdə müxtəlifdir. Bəzi yerlərdə yalnız daşınmaz əmlak – torpaq, onun üstündə olan tikililər və daimi qurğu­lar, bəzi yerlərdə daşınan əmlak – maşınlar, avadanlıqlar, mal ehtiyatları və s. və aksizlər, istiqrazlar (vergisizlər istisna olmaqla), ipotekalar daxil olmaqla daşınmaz əmlak vergiyə cəlb olunur.
Bəzi hallarda əmlak vergisinin dərəcəsini hesab­la­maq üçün alınacaq gəlir məbləğini üzərinə vergi qoyul­muş əmlak dəyərinə bölürlər. Digər hallarda isə əmlak vergisinin dərə­cəsini hesablamaq üçün qiymətləndirici dəyərin müəyyən faizini müəyyənləşdirirlər. Qiymət­lən­dirmə iki-üç ildə bir dəfə həyata keçirilir. Son illər ABŞ-da əmlakın qiymətlən­dirici dəyəri orta hesabla bazar də­yərinin 30-35%-nə bərabər olur­du. Verginin faiz dərəcəsi ad­ministrasiyanın keçirdiyi referen­dumda müəy­yən­ləş­dirilir və 1%-dən 3%-ə qədər dəyişir.
Satışa qoyulan ümumi vergi 1933-cü ildə depressiya döv­ründə, bütün səviyyəli büdcələrə gələn daxilolmaların kəskin şəkildə artırılması məqsədilə tətbiq edilmişdir. Bu ver­gi­lərdən gələn gəlirlərin 1990-ci illərin birinci yarısında yerli büdcələrdə əhəmiyyətli şəkildə yüksəlməsi onunla izah olunur ki, əhaliyə xidmətlər kəmiyyət və keyfiyyət eti­barilə daim artır, yerli hakimiyyət orqanlarının rekreasiya sahəsindəki aktivliyi çoxalırdı. Çoxlu sayda turist qəbul edən, pərakəndə satışın böyük həcmlərinə və geniş xidmətlər şəbəkəsinə malik olan inzibati vahidlərdə bu vergi xüsusilə effektivdir. Nyu-York kimi meqapolisdə ümu­mi satış vergisi bütün vergi daxil­olmalarının 20%-ni və şə­hər büdcəsinə daxilolmaların 8%-ni, Çikaqoda, Los-Ancelesdə və Hyustonda ümumi vergi daxilol­ma­larının azı 50-%-ni verir. Yerli hakimiyyət orqanlarının vergi gəlirlərində ümumi satış vergisi yalnız əmlak vergisindən geridə qalır.
Fərdi gəlir vergisi 1970-ci illərin əvvəllərinə qədər federal hakimiyyətlərin yurisdiksiyasına aid edilirdi. Yerli özünüidarə orqanlarının bu vergidən əldə etdikləri gəlir digər vergilər arasında dördüncü yeri tutur və ümumi vergi yığımının 4,9%-ni, yerli büdcələrin ümumi gəlirlərinin 1,6%-ni təşkil edir. Vergi bazasının hesablanması zamanı gəlirlərin vergidən azad minimumu nəzərə alınır. Bə­lə­diyyə gəlir vergisi yalnız ərazinin vergi yurisdiksiyası hüdudunda əldə edilmiş qazanclara tətbiq olunur.
Satışa qoyulan seçmə vergi yerli vergilər ara­sında ən birincilərdəndir. Onlar 1919-cu ildə geniş ya­yılmışlar. Seçmə vergilərin iki növü mövcuddur: gəlirlərə qoyulan vergilər və istehlaka qoyulan vergilər. Satışa qo­yulan seçmə vergilərə mühərrik yanacağına, alkoqollu iç­kilərə, tütün məhsullarına qoyulan vergilər, ictimai kom­munal xidmətlər daxildir.
Korporativ vergi və ya korporasiyaların gəlirlərinə qoyulan vergi ilk dəfə 1911-ci ildə tətbiq edilmişdir. Verginin iqtisadi əhəmiyyəti böyük deyil. Buna səbəb hə­min ərazidə müəssisələrin yerləşdirilməsinin vergi sti­mul­laşdırma siyasə­ti­nin mövcudluğu və əlverişli investisiya mühitinin yaradıl­ma­sıdır. Belə ki, hər yerdə vergi ba­za­sının hesablan­ması zamanı ondan korporasiyaların gəlir­lərindən tutulan federal vergi ödəmələrinin cəmi  çıxılır. Əməliyyatların bir çox növlərindən gələn gəlir də nəzərə alınmır. Belə siyasət ərazinin digər üstünlüklərinə gətirib çıxarır: böyük məş­ğulluq, əhalinin gəlir­lərinin artımı və nəticə olaraq, üzərinə əmlak vergisi qoyulmuş bazanın böyüməsi, aztəminatlı təbəqələrə və işsizlərə köməklə bağlı sosial proqramların dəyərinin azaldılması və baş­qaları.
Vəsiyyətə və hədiyyəyə qoyulan vergi yerli büdcələrə ayrılan vergi daxilolmalarının daimi, lakin əhə­miyyət kəsb etməyən mənbəyidir. Bu vergi üzrə bir çox güzəştlər və düzəlişlər mövcuddur: bəzi hallarda bu vergidən sağ qalmış həyat yoldaşı azad olur, digər hallarda isə verginin yalnız bir hissəsi tutulur.
ABŞ-ın vergilər strukturu şəkil 2.2-də gös­tə­rilmişdir.
ABŞ-ın vergi xidməti aşağıdakı tərzdə təşkil olun­muşdur. Vergi sisteminin əsas institusional vahidi federal təşkilat – Daxili gəlirlər xidmətidir (DGX). Daxili gəlirlər xidmətinə mərkəzi aparat, yeddi regional və 62 dairə vergi idarəsi daxildir. DGX-in regional və dairə şöbələri vergilərin vaxtında daxil olmasına, vergi dek­lara­siyalarının düzgün dol­du­rulmasına, vergilər üzrə borcların yığıl­masına, artıq verilmiş məbləğlərin vergi ödəyicisinə qayt­a­rıl­masına, vergi ödəyi­cilə­rin­dən cərimələrin tutul­masına nə­zarət edirlər. Federal qanu­nun DGX-nə verdiyi sə­la­hiy­yətə görə, DGX federal vergilərlə bağlı məlumatları ştatların vergi xid­mət­lərinə o şərt daxilində verə bilər ki, həmin məlumat yalnız həmin xidmətlərin maraq­ları çər­çi­vəsində istifadə olunsun və icazəsiz şəkildə açılmaq­dan və yayılmaqdan etibarlı müdafiə olunsun.
Hər bir ştatın öz vergi xidməti var və bu vergi xidməti orada müəyyənləşdirilmiş vergilərin yığımına görə məsuliyyət daşıyır. Belə vergi xidmətini, adətən, gəlirlər departamenti adlan­dırırlar. Xidmətin rəhbəri, bir qayda olaraq, ştatın icra hakimiyyətinin başçısı – qubernator tə­rəfindən təyin olunur və onun rəhbərliyi altında olur. Üç ştatda vergi xidmətinin başçısı seçkilərdə seçilir, bir neçə ştatda isə gəlirlər departa­men­tini qubernatorun təyin etdiyi komisiya idarə edir.
Ştatların vergi xidmətləri bir çox hallarda funksional prin­sip əsasında yox, ayrı-ayrı vergilərin yığım prinsipi ilə təşkil olunur. Gəlirlər departamenti, adətən, vergi ödə­yici­lə­rinin identifikasiyası və qeydiyyatı, vergi dekla­rasi­yaları və pul köçürmələri, vergilərin və güzəştlərin hesab­lan­ması, vergilərin məcburi şəkildə tutulması, vergi ödə­yicilərinin maariflən­dirilməsi və onlara kömək üzrə struktur vahidlərə malik olur. Departamentlərdə köməkçi xidmətlər də var: hüquqi xidmət, kadr xidməti, informasiya və xidmət vasitələri.
Ştatların vergi xidmətlərinə rəhbərlik edən və on­ların əmək­daşlığına kömək göstərən bir neçə təşkilat var. Həmin təşkilatların vəzifəsi ştatların vergi sistem­lə­rinin işini yaxşılaş­dır­maqdır. Bu isə informasiya müba­diləsi, ştatların vergi qanun­vericiliklərində böyük oxşarlığın ol­ması, vergi ödəyici­ləri üçün vergi qoyma sisteminin sa­dələşdirilməsi, müştərək inzibati tədbirlərin aparılması sayəsində həyata keçir.
Belə ki, ştatlararası vergi komissiyası (ŞVK) 20 ştatı əhatə edir və inzibati orqan kimi, gəlirin vergi məq­sədilə eyni şəkildə bölüşdürülməsi aktına və ştat­lar­arası vergi müqavilə­sinə uyğun olaraq fəaliyyət göstərir. Tam üzvlərdən başqa komis­siyaya 15 ştat - assosiasiya edilmiş üzvlər daxildir və daha 5 ştat komissiya ilə müx­təlif layihələr üzrə işləyir.

Cədvəl 2.6
ABŞ-ın maliyyə-kredit sistemi (əsas tarixlər)

Illər

Hadisələr

1785

1791 – 1811

1792

1816 -1836

 

1834

1864

1873, 1900

1907

1913

1921

1929 -1933

1929-cu il 24 oktyabr

1932

1935

1976-cı il 1 oktyabr

1986

1987

2009

Milli valyuta – Amerika dolları tətbiq edilmişdir

Birləşmiş Ştatların Birinci bankının fəaliyyəti

Bimetallizm sisteminin tətbiq edilməsi

Birləşmiş Ştatların Ikinci bankının fəaliyyət göstərməsi


Pul paritetinin dəyişilməsi
Bank işinin inkişafı üçün qanunverici əsas yaradan ümummilli qanun qəbul edilmişdir

Qızıl monometallizmin tətbiqi

Birja və bank böhranı

Federal ehtiyat sisteminin yaradılması

«Büdcə və hesabat barədə» qanun qəbul edilmişdir

Iqtisadi böhran (Böyük depressiya)


Birja çaxnaşması («qara» cümə axşamı)

Qlass –Siqalın bank fəaliyyəti barədə qanun qəbul olunmuşdur
Açıq bazar üzrə Federal komitə təşkil olunmuşdur

ABŞ-da büdcə prosesinin çərçivələrini nizamlayan «Büdcə islahatı»

Vergi islahatı

FES idarəçilər Şurasının sədri vəzifəsini Alan Qrinspen tutdu

Iqtisadi aktivliyin qızğın dövrü

Böyük iqtisadi böhran

Top