2.3.2.ABŞ-da büdcə prosesi

2.3.2.ABŞ-da büdcə prosesi

ABŞ hökumətinin büdcəsi hakimiyyətin icraedici və qanunverici qollarının ümumi cəhdlərinin nəticəsidir. Icra hakimiyyəti büdcəni hazırlayır. Qanunverici hakimiyyət vergilər və xərclər haqqında qanunlar qəbul edir və büdcə onlar vasitəsilə yerinə yetirilir. ABŞ-ın büdcə prosesini ümumilikdə üç əsas mərhələyə bölmək olar:

  • 1921-ci ilə qədər;
  • 1921-ci ildən 1976-cı ilə qədər;
  • 1976-cı ildən sonra.

Vətəndaş müharibəsinə qədər (1861-1865) konqres vergilərə və xərclər maddəsinə idarəetmə orqanı kimi təsir göstərirdi. 1854-cü ildə nümayəndələr palatası ko­mitə siste­mini təşkil etdi. Maliyyə məsələləri nüma­yən­dələr palata­sının büdcə xərclərinin ödənilməsi üzrə vəsait komitəsinə göndərilirdi. Senat həmçinin maliyyə komitəsi yaratmışdır. Bu maliyyə komitəsi xərclər və gəlirlər haqqında qanun layihələri ilə məş­ğul olurdu. Sonralar büdcə xərclərinin ödənilməsi üzrə vəsait komitəsi yalnız vergilər haqqında qanun layihələrini nəzərdən keçirməyə başladı. Xərclər haqqında qanun layihələrini nəzərdən keçir­mək üçün təxsisatlar üzrə komitə yarandı. Buna bənzər strukturlar senatda da yaradıldı. Xərclər barədə qanun layihələrini nəzər­dən keçirən senat komitəsi elə bu cür də adlan­dırılmağa başladı.
1921-ci ilə qədər  hər bir nazirlik büdcə sifarişini hazır­la­yır və bilavasitə konqresə təqdim edirdi. Bu vaxta qədər ABŞ-da maliyyə daxilolmalarının nəzərə alınması şərtilə federal hökumətin uzlaşdırılmış məxaric tələb­lə­rindən ibarət olan və ümumi maliyyə planı şəklində iş­lən­miş vahid federal büdcə yox idi. 1921-ci ildə konqres xəzi­nədə büdcə bürosu yaratdı. Ümumi büdcənin hazırlanma və konqresə təqdim edilmə məsuliyyəti büronun üzərinə qoyulmuşdur. Elə həmin 1921-ci ildə «Büdcə və hesabat haqqında»  ümumamerika qanunu qəbul edildi. Bu qanun büdcə islahatlarının istiqa­mə­tini müəyyənləşdirdi, konqres bütün­lüklə dövlət prioritetlərini əks etdirən büdcə la­yihəsinin təqdim edilməsini ilk dəfə olaraq prezidentə tap­şırdı. 1940-cı ildə büdcə bürosu yenidən ABŞ pre­zidenti ida­rəsinin tabe­liyinə keçdi. Bununla da, prezident büd­cəyə görə bilava­sitə məsuliyyəti öz üzərinə götürdü.
Ikinci Dünya müharibəsindən sonra, xüsusilə 1960-cı illərdə federal büdcənin ölçüləri kəskin şəkildə artır, höku­mətin maliyyə fəaliyyətinin uzunmüddətli proq­ram­laş­ması inkişaf edirdi. Büdcə maliyyələşmələri proqram­la­rının uzlaş­ma­sında, qarşılıqlı bağlılığında və effektivliyinin qiymət­ləndirilməsində yeni səviyyənin zəruriliyi yarandı. 1970-ci ildə büdcə idarəsini udan inzibati –büdcə idarəsi yarandı. Əvvəlki funk­siyalara idarəetmə funksiyaları, həm­çi­nin federal proq­ram­ların effektivliyini qiymət­lən­dirmək səlahiyyətləri, həm fe­de­­ral administrasiya, həm də ştatlar səviyyəsində idarə­lər­ar­a­sı razılaşmaların geniş­ləndirilməsi səlahiyyətləri əlavə edildi.
Konqres büdcə prosesinin mərkəzləşdirilməsinin və maliyyə məsələlərinə icra hakimiyyətinin təsirinin istənilən güclən­diril­mə cəhdlərinə kəskin reaksiya göstərirdi. Büd­cənin icrasına nəzarət haqqında qanuna (1974) əsasən konqresin büdcə idarəsi yaradılmışdır. Bu, prezident ya­nında inzibati-büdcə idarəsinə analoji struktur idi. Qanun həmçinin ok­tyab­rın 1-ni maliyyə ilinin başlanğıcı təyin etdi və büdcə prose­si­nin təqvim qrafikini təsdiq etdi. Qanun 1976-cı il oktyabrın 1-dən qüvvəyə mindi. Bir - birlərini növbələyən dəyi­şik­lik­lə­rin dərin­liyinə görə bu qanunu «büdcə islahatı» adlandırır­dı­lar.
ABŞ-ın müasir büdcə prosesi əsas dörd qanunla nizamlanır. Bunlar 1921-ci ildə qəbul edilmiş və bir çox dəişikliklərə məruz qalmış prezident büdcəsi haqqında qanun, büdcə nəzarəti və fondların dondurulması barədə 1974-cü il qanunu, balanslaş­dırılmış büdcə və büdcə kəsirinə nəzarətin fövqəladə tədbirləri barədə 1985-ci il qanunu (1987-ci ilin redaktəsi) və büdcəyə nəzarət barədə 1990-cı il qanunudur. Axı­rıncı üç qanuna 1990-cı illərdə çoxsaylı düzəlişlər, dəyi­şikliklər və əlavələr daxil edilmişdir.
Qanunverici büdcə prosesi daxilində üç paralel və qar­şılıqlı əlaqədar proses baş verir. Birincisi növbəti ma­liyyə ili üçün federal büdcə layihəsinin beş əsas para­metrinin müəyyənləşdirilməsidir:

  • yeni büdcə səlahiyyətlərinin ümumi səviyyəsi;
  • gələcək maliyyə ilində federal büdcə xərclərinin ümumi ölçüsü;
  • gələcək maliyyə ilində federal büdcə gəlirlərinin ümumi məbləği;
  • büdcə profisitinin (və ya kəsirinin) ölçüsü;
  • federal hökumətin borcunun ölçüsü.

Bu göstəricilər konqresin hər iki palatasının federal büdcə layihəsi üzrə birgə qətnaməsində təsbit edilir. Qət­namə konqresin prosessual sənədi kimi federal büdcənin əsas tərkib hissələrini bir yerə bağlayır. Hər iki palatanın büdcələri üzrə birgə qətnamə layihələri onların hər birinin büdcə komitələri vasitəsilə tərtib olunur. Birgə qətnamə konqres tərəfindən qanunlar üçün nəzərdə tutulmuş qay­da­da, yəni hər iki palatanın sadə səs çoxluğu ilə təsdiq olunur, lakin prezidentin imzasını tələb etmədiyinə görə qanuni qüvvəyə minmir. Ona görə də prezident vetosu qətnaməyə şamil edilmir. Birgə qətnaməyə federal büdcə vəsaitlərinin funksional kateqo­ri­ya­lar üzrə, yəni federal hökumətin fəaliyyətinin əsas prioritet­ləri üzrə bölüşdürülməsi daxildir.
Ikinci mərhələ – bu və ya digər proqramın və ya fəaliyyət növünün sanksiyalaşdırılması, ona sərf edilə bilən vəsaitlərin son həcminin müəyyənləşdirilməsi və proq­ramın məqsədlərinin ifadə edilməsidir. Lakin təxsisatlar funksional kateqoriyalar üzrə deyil, nazirliklər və idarələr üzrə ayrılır.
Konqresdə büdcə prosesinin üçüncü mərhələsi komi­tə­lərin təxsisatlar üzrə fəaliyyətidir. Senatın və nüma­yən­dələr palata­sı­nın tərkibində belə komitələrin sayı hal - hazırda 13-dür. Onların səlahiyyəti yalnız bilavasitə konqres tərəfindən nəzarət olunan diskresion xərclərə (konq­resin sərən­camında olan xərclər) aid edilir. Dis­kresion xərclər üç kateqoriyaya bölünür: müdafiə, bey­nəlxalq fəaliyyət, daxili proqramlar.
ABŞ-dakı büdcə prosesi cədvəl 2.4.-də gös­tərilmişdir.

 

 

Cədvəl 2.4.
ABŞ-da büdcə prosesi

Müddət

Fəaliyyət

10 noyabr

Prezident tərtib edilmiş büdcəni nə­zərdən keçirilmək üçün konqresə təqdim edir

Noyabrın 25-dən sonra (cavabın alınmasından 15 gün sonra)

Prezident illik büdcə təklifini nə­zərdən keçirilmək üçün konqresə təqdim edir

Dekabrın ilk bazar ertəsi

Prezident büdcəni konqresə göndərir

Yanvarın ilk bazar ertəsi ilə fevralın ilk bazar ertəsi arasındakı dövr

Prezident konqresə sekvestr qoy­ma barədə ilkin məruzə təqdim edir

Fevral

Ölkədə vəziyyət barədə büdcə müraciətnaməsinin oxunuşu

15 mart

Konqresin komitələri büdcə para­metrlərinin qiymətlərini qətnamə şəklində hər iki palatanın büdcə komitələrinə xəbər verirlər
Konqresin büdcə idarəsi büdcə komitələrinə büdcə strategiyalarının alternativləri barədə xəbər verir

1 aprel

Büdcə komitələri büdcə üzrə saziş komisiyasının məruzəsi forma­sında büdcənin yoxlayıcı rəqəmləri üzrə ilk tövsiyə barədə məlumat verirlər

15 aprel

Konqres ilkin büdcə tövsiyələrini qəbul edir

15 may

Konqresin komitə və komisiyaları təsdiq olunmuş bütün qanun la­yihələri barədə məlumat verirlər. Birinci büdcə tövsiyəsinin qəbul edil­məsindən sonra konqres gə­lirlərin və xərclərin (təxsisatların) qanun layihələrinin müzakirəsi barədə nümayəndələr palatasının plenar iclasına başlayır

30 iyun

Nümayəndələr palatası təxsisatlar barədə qanunlar üzərində işi yekun­laş­dırır

15 iyul

Prezident büdcənin vəziyyəti ba­rədə aralıq icmalı təqdim edir

20 avqust

Inzibati –büdcə idarəsi sekvestr qoyma barədə aralıq məruzəni təqdim edir

Sentyabr, Əmək günündən 7 gün sonra

Konqres xərclər və gəlirlər barədə bütün qanun liyəhələrini nəzərdən keçirir

15 sentyabr

Konqres büdcəni ikinci oxunuşdan qəbul edir

25 sentyabr

Konqres büdcə haqqında razı­laş­dırılmış qanunu qəbul edir

1 oktyabr

Yeni maliyyə ilinin başlanğıcı

ABŞ konqresində büdcə prosesinin qeyri-islah xarak­teri onunla izah olunur ki, amerikalı qanunvericilər öz fəaliy­yə­tlərinin əsasını hərtərəfli büdcə kodifikasiyası və nizam­lan­ması prinsipi ilə yox, qanunvericilərlə Ağ Ev arasında uyuşqan büdcə sövdələşmələri mexanizmi ilə qurdular. Bu mexanizm tez-tez dəyişən siyasi və iqtisadi şəraitdə yaxşı işləyir. Məhz bu keyfiyyət və istənilən partiyadan olan konqres rəhbərliyinin hər il Ağ Evlə  növ­bəti maliyyə ili üçün federal büdcə layihəsi üzrə, həm də digər prinsipial məsələlər üzrə gedən söv­də­ləşmələrində özü üçün siyasi nəzarət təmin etmək istəyi ABŞ-ın daxili siyasətinin mühüm sferası (federal büdcənin hər il nə­zərdən keçirilməsi və təsdiqi) üzərində qanun­verici nə­zarətin sərt və hərtərəfli formalarının yoxluğunu müəy­yənləşdirir.

Top