ABŞ dünya iqtisadiyyatının sözsüz lideri olub, istehsalda və iqtisadi inkişafda bütün ölkələri üstələyir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri istehsalçısıdır. Dünyanın ümumi ÜDM-də ölkənin payı 25%, dünya ixracında 12,6%-dir. 1996-cı ildən 2000-ci ilə qədər dövlətin real ÜDM artımı digər inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək idi. 2000-ci ildə o 5% təşkil etmişdir (Kanadada 4,7%, Almaniyada 3,1, Böyük Britaniyada 3%). Bu, 1984-cü ildən sonra ən yüksək göstərici idi. Iqtisadi artım templərinin yüksəlməsinə ev təsərrüfatı sektorunda istehlak tələbinin artımı (5,3%) və ümumi yatırımların əsas kapitalda artımı (10,2%) səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, 2001-ci ildə ÜDM –in artım tempi dərhal ikinci rübdə 5,6%-dən üçüncü rübdə 2,7%-ə düşmüş (gözləndiyindən də güclü şəkildə – 3,6%) və son altı ildə ən aşağı səviyyəyə enmişdir. Gözlənilən 5,1% əvəzinə 2001-ci ildə iqtisadi artım 3% olmuşdur. Real ÜDM-in 1996-cı ildən 2001-ci ilə qədərki artım dinamikası Amerika iqtisadiyyatının dövriliyini və 2001-ci ilin enişini təsdiq edir. Artıq 2002 və 2003-ci illərdə artım 2,3%-ə qədər azalmışdır (cədvəl 2.1.).
Cədvəl 2.1
ABŞ-da real ÜDM-un artımı, %
1996
|
1997
|
1998
|
1999
|
2000
|
2001
|
2002
|
2003
|
3,6
|
4,4
|
4,4
|
4,2
|
5,0
|
3,0
|
2,3
|
2,3
|
1991-ci ilin mart ayından 2001-ci ilin mart ayına qədər ABŞ-ın milli təsərrüfatının yüksəliş dövrü dinc dövrün ən uzunmüddətlisi hesab olunur. Ölkə iqtisadiyyatının dövrü xarakteri nəzərə alınarsa, 2001-ci ilin mart yüksəlişindən sonra 2002-ci ilin payız enişinin olacağını və həmin dövrün də yüksəlişlə əvəzlənəcəyini gözləmək olardı. Son zamanlar Amerika iqtisadiyyatında dövrlərin sayı azalmışdır. Bu, onların müddət etibarilə artması haqqında danışmağa imkan verir (cədvəl 2.2).
Cədvəl 2.2
ABŞ-da iqtisadi dövrlərin sayı
Dövr
|
Cəmi
|
Dinc dövrdə
|
1854 -1919 1919 -1945 1945 -1991 1991 -2001 1854 -2001
|
16 6 9
1 32
|
14 5 7 1 27
|
ABŞ-da ilkin inflyasiya şərtlərinin aradan qaldırılma siyasəti öz nəticələrini verdi. Neft qiymətlərinin kəskin artımına və əmək bazarındakı gərginliyə baxmayaraq, inflyasiya əhəmiyyətsiz dərəcədə idi. Qeyri-stabil ünsürlərin (neft və ərzaq məhsulları) nəzərə alınmaması şərtilə hesablanan istehlak qiymətlər indeksi 1999-cu ildə 1,9% yüksəlmişdir (1998-ci ildə 2,2%, 1992-ci ildən 1999-cu ilə qədərki dövrdə 2,3%). Bu, daxili istehsalçılara ləngidici təsir göstərən aşağı idxal qiymətləri ilə, emaledici sənayedə sərbəst istehsal güclərinin mövcudluğu ilə, xüsusi halda intensiv investisiyalara görə, əmək haqqı artımının inflyasiyaedici təsirini qismən kompensasiya edən məhsuldarlıq artımı ilə izah olunur. ABŞ-da istehlak qiymətlərinin artımı 2002-ci ildə 3,4 % təşkil etmişdir. Standar&Poors proqnozuna görə bu göstərici 2,3% olmalı idi. Ölkədə inflyasiyanın sürətlənməsinin daxili səbəbləri işsizliyin azalmasında və əhalinin istehlak xərclərinin artmasında idi. Inflyasiya proseslərinin intensivliyinin daha obyektiv indikatoru olan ÜDM deflyatoru 2001-ci ildə ikinci rübdə 2,4%-dən üçüncü rübdə 2,0%-ə qədər azalmışdır. Lakin 1998 və 1999-cu illə müqayisədə bu göstərici əhəmiyyətli dərəcədə artmışdır. 1998-ci ildə ÜDM deflyatoru 1,2%, 1999-cu ildə 1,4% təşkil edirdi.
Iqtisadi yüksəliş ABŞ-da məşğulluqla bağlı vəziyyətin gələcəkdə yaxşılaşmasına zəmin yaratdı. 2000-ci ildə orta illik işsizlik səviyyəsi işçi qüvvəsi sayının 4% -nə qədər enmiş (1999-cu ildə – 4,2%, 1998ci ildə 4,5%, 1997-ci ildə 5,0%, 1996-cı ildə 5,4%) və 1969-cu ildən sonra minimal olmuşdur. Istehsal gücünün yüklənmə əmsalı 82,1%-ə çatmışdır. Işsizlik səviyyəsi 2001-ci ildə artmış və 4,8% olmuş, 2002-ci ildə isə 5,8%-ə çatmışdır. Bu, ümumi resessiya və faciəvi 11 sentyabr hadisələri ilə əlaqədar idi. Nəticədə, avqust ayında işsizlik 0,4% olduğu halda, sentyabr ayında 0,5%-ə qədər artmışdır. Beşillik dövr çərçivəsində işçi qüvvəsinin az ixtisaslı və marjinal qruplarının əmək ödənişlərinin artma tendensiyasının saxlanması şərti ilə real əmək haqqının artımı və kasıblıq həddindən aşağıda yaşayanların paylarının azalması (1997-ci ildə 13,3%, 1998-ci ildə 12,7%) davam edirdi. Qeyd etmək lazımdır ki, son 5 ildə əməyin ödənişi onun məhsuldarlığından daha tez artır. 1999-cu ilin üç rübündə bu göstərici uyğun olaraq 4,6% və 2,8% idi.
ABŞ-ın iqtisadi artımının mühüm indikatoru maliyyə bazarlarındakı vəziyyətdir. Müxtəlif sahələrin şirkətlərini daha müntəzəm şəkildə təmsil edən Dow Jones Industrial səhmlərinin indeksi 1998-ci ilin mayında 9000 həddini keçmiş, 2000-ci ilin yanvarında isə 10000 həddini aşmış, 11772 həddinə çatmışdır. Lakin 2001-ci ildə 9973 həddinə qədər enmə baş vermişdir. Bu, əvvəlki iki ilin ən aşağı həddi idi. Dow Jones 2000-ci ilin oktyabr ayından ilk dəfə olaraq 10000 həddindən düşmüşdür. Bu zaman indeksin bütün 30 ünsürünün qiymətdən düşməsi baş vermişdir. Ən böyük enmə bank sektorunda baş vermiş və buna səbəb Yaponiya iqtisadiyyatında böhranın güclənməsi olmuşdur. Yüksək texnologiyalı korporasiya səhmlərinin, o cümlədən aparıcı internet - provayderlərin üstünlük təşkil etdiyi Nasdaq indeksi - birjadankənar kompyuter sisteminin aparıcı indeksi 1998-ci ilin səviyyəsini, demək olar ki, iki dəfə artırmış və 1999-cu ilin IV rübündən başlayaraq, ardıcıl şəkildə 3, 4, 5 minlik həddi keçmişdir. Nasdaq 2000-ci ildə il ərzində dəyişmələrlə 55%-ə düşmüşdür. 2001-ci ilin aprelində bu fond indeksi ilin əvvəlindən 25% itirmiş və 1998-ci ilin dekabrından ilk dəfə olaraq 2000 həddindən aşağı düşmüşdür. Bu, 2000-ci ildə martın 10-da əldə edilmiş 5048 zirvəsindən 2,5 dəfə aşağı idi. 2000-ci ilin martından 2001-ci iln martına kimi Amerikanın fond bazarı 5 trilyondan çox saxta var-dövlət itirmişdir.
2000-ci ildə ABŞ-ın xarici ticarətində mal və xidmətlərin balans kəsiri özünün bütün tarixindəki ən maksimal səviyyəsinə – 368,9 milyard dollara çatmışdır (1999-cu ildə 265 milyard dollar). Kəsirin artması bütünlüklə malların xarici ticarəti hesabına baş verdi. Malların idxalının onların ixracından üstünlüyü 449 milyard dollar təşkil etdi, yəni 100 milyard dollardan çox artdı, xidmətlərin balansı üzrə müsbət saldo isə dəyişməz qaldı. ABŞ-ın cari əməliyyatlarının hesab kəsiri UDM 4,3%-ni təşkil etdi. 1999-cu ildə bu rəqəm 3,4% idi. Xarici əlaqələrin balanslaşdırılmazlığının əsas mənbələri Yaponiya, Qərbi Avropa və yeni sənaye ölkələri ilə ticarətdəki passivlərdir. Dünya üzrə bütün birbaşa xarici investisiyaların üçdə biri ABŞ-ın payına düşür. Son onillikdə ölkəyə yatırılan birbaşa xarici investisiyalar hər il artırdı. 1996-cı ildə onlar 77 milyard dollar, 1998-ci ildə 189 milyard dollar olmuş, 1999-cu ildə rekord səviyyəyə 277,5 milyard dollara çatmışlar.
XX əsrin sonu ABŞ üçün ümumi qloballaşma şəraitində, o cümlədən maliyyədə iqtisadi inkişafla yadda qaldı. Amerikanın mal istehsalçıları dünya iqtisadiyyatının tələblərinə daha çox istiqamətlənirlər. Xarici iqtisadi əlaqələrdə həlledici rolu transmilli korporasiyalar (TMK) oynayır. Ölkənin xarici ticarət dövriyyəsinin üçdə ikisi onların payına düşür. TMK xarici müəssisələrinin satış həcmi isə ABŞ ÜDM-nin üçdə birinə bərabərdir. Bundan başqa, ABŞ iqtisadiyyatın yeni tələblər strukturuna keçidi üzrə dünyəvi prosesə liderlik edir. Bu prosesdə impuls rolunu informasiya sferasının çox sürətli inkişafı oynayır. 1999-cu ilin əvvəlində Internetdən istifadə edən insanların sayı 70 milyon nəfər idi. Informasiyanın əldə edilməsinə və ötürülməsinin həcminə və sürətinə qoyulan məhdudiyyətlər texnoloji baxımdan aradan qaldırılmış, bazar personal kompyuterlərlə zənginləşmişdir. Yeni kütləvi elektron qurğularına daha böyük tələbat yaranmışdır. Bununla əlaqədar olaraq, informasiyanın məzmun problemləri, əhalinin maarifçi, elmi və mədəni dəyərləri əldə etməklə bağlı hazırlıq səviyyəsi problemləri, informasiya təhlükəsizliyi, intellektual mülkiyyətin əhəmiyyətinin dəyişilməsi, həyat tərzinin və əmək şərtlərinin, xarakterinin dəyişilməsi ilə bağlı problemlər birinci plana keçdi.