Amerika federasiyasının büdcə quruluşu ABŞ Konstitusiyası ilə nizamlanır. 1787-ci ildə qəbul olunmuş bu sənəddə ştatlar digər öhdəliklərlə birlikdə dövlət xərclərini həyata keçirmək hüququnu da federativ ittifaqa ötürürdülər (federasiyanın ali qanunverici orqanı kimi konqresin məcburi sanksiyası ilə). XX əsrdə ABŞ-ın büdcə quruluşu, xüsusən federal büdcə əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Dövlət büdcəsinin ölçüləri, o cümlədən ölkənin ÜDM-da onun payı dəfələrlə dəyişikliyə uğramış, gəlirlərin və xərclərin strukturu bir neçə dəfə dəyişmiş, mərkəzin, ştatların və yerli hakimiyyət orqanlarının sərəncamlarında olan vəsaitlərin nisbəti dəyişmişdir. ABŞ-ın büdcə quruluşu çox və ya az səviyyədə dayanıqlı formasını yalnız son iki-üç onillikdə almışdır, lakin onun təkmilləşmə prosesi indi də davam edir.
ABŞ-ın federativ quruluşu büdcə-vergi prosesinin çox mühüm xüsusiyyətini şərtləndirir. Bu, üç sistemin – dövlət gəlirlərinin, dövlət xərclərinin və büdcələrarası münasibətlərin («büdcə federalizminin») dəqiq qarşılıqlı təsiridir. Büdcə federalizmi sisteminin yaradılması və müdafiəsi vacib və mürəkkəb məsələdir. Məsələ bundadır ki, büdcələrarası münasibətlər sferasında sayca daha çox və ziddiyyətli olan iqtisadi, siyasi, etnik və digər faktor və maraqlar qarşılaşır. Bu problemin həlli, hər şeydən əvvəl, hakimiyyətin hər bir səviyyəsində daxilolmaların öz mənbələrinin mövcudluğuna, həmçinin bütün ştatları və yerli hakimiyyət orqanlarını əhatə edən «yuxarıdan aşağıya köməyə» əsaslanır.
Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, ABŞ büdcəsi də üç əsas funksiyanı yerinə yetirir:
ABŞ-ın büdcə quruluşu federativdir və üç səviyyədən ibarətdir:
*federal büdcə;
*50 ştatın büdcəsi – federasiya üzvləri;
*12,7 min inzibati, təsərrüfat-sahibkar, mədəni-maarifçi və digər yerli şöbələrin (qraflıqlar, bələdiyyələr, taunşiplər, xüsusi darilər və s.) büdcələri.
ABŞ-ın federal büdcəsi vəsaitlərin xərclənməsinin əsas istiqamətləri və proqramları üzrə, daxilolma mənbələri üzrə bölüşdürülən hökumətin bütün xərc və gəlirlərinin müntəzəm şəkildə təsdiq olunan ətraflı smetasıdır. Büdcə gəlirləri vergi və qeyri- vergi daxilolmalarından ibarətdir və birincilər daha böyük hissəni əhatə edir.
Federal büdcənin məxaric və mədaxil hissələrinin strukturu hər il dəyişikliyə uğrayır. Bu dəyişikliklər əsasən dövlətin qurduğu büdcə-maliyyə siyasətindən asılıdır. ABŞ-ın federal büdcəsinə siyasi hadisələr güclü təsir göstərir. Ona görə də dövlətin iqtisadi strategiyasını prezident administrasiyası müəyyənləşdirir. B.Klintonun administrasiyası qarşısında demokratların sayasi bazalarının möhkəmləndirilməsi məsələsi dayanmışdır. Ona görə də büdcə üstünlükləri hərbi xərclərdən sosial xərclərə keçdi.
1994-cü ilin fevralında B.Klinton konqresə 1999-cu ilə qədərki büdcə strategiyasını təqdim etdi. ÜDM-də federal xərclərin payını 21,5%-ə qədər azaltmaq, ümumi vergi yükünü 19,2%-ə qədər və ya ÜDM-in 1%- i qədər artırmaq təklif olunurdu. Hərbi xərclərin 250 milyard dollara qədər azaldılması və onların federal büdcədəki payının 1990-cı ilin axırına qədər 14% azaldılması təklif olunurdu. Administrasiyanın əsas prioriteti sosial sfera elan olunmuşdur. Bunlar səhiyyəyə, təhsilə, işçi qüvvəsinin yenidən hazırlanmasına, dövlət köməyinə ayrılan xərclər idi. 1990-cı illərin axırlarında federal hökumətin sosial xərcləri təqribən 1,5 dəfə artmalı və 1,24 trilyon dollar və ya bütün federal xərclərin üçdə ikisini təşkil etməli idi.
1997-ci ildə sosial ehtiyaclarla bağlı xərclər federal təxsisatların 60%-dən çoxunu (təqribən 936 milyard dollar) təşkil etdi. Klintonun sosial büdcəsində ən tez artan maddələr səhiyyə və sosial təminatla bağlı xərclər idi. Iqtisadi proqramlara gəlincə, prezident administrasiyası kənd təsərrüfatı, nəqliyyat, energetika, ətraf mühitin mühafizəsi, elm və texnika ilə bağlı xərcləri, demək olar ki, dondurmuşdu. Klintonun yeritdiyi büdcə siyasətinin rəqibləri onu sosialist adlandırır və üstündə Klintonun adı yazılmış şüarlarla çıxış edirdilər. Həmin şüarlarda prezidentin soyadının birinci hərfi çarpazlaşmış oraq və çəkiclə əvəz olunurdu (Clinton).
Sosial xərclərin artması Klinton administrasiyasının siyasi istiqamətini əks etdirdiyi kimi, XX əsrin son onilliyində ABŞ iqtisadiyyatında baş vermiş obyektiv prosesləri də əks etdirirdi. Sosial proqramlar iki mühüm funksiyanı yerinə yetirir: insan kapitalına yatırılan investisiyaları təmin edir və cəmiyyətdə sosial stabilliyin qarantı olur.
B.Klintonun 2001-ci ilə olan səkkizinci və sonuncu büdcəsi Birləşmiş Ştatların dövlət borcunun, yəni 5,7 trilyon dolların azaldılmasının başlanğıcı oldu. Bu məqsədlərə, xüsusi halda, profisitin üçdə ikisi getdi. Ağ Evdə sənədi təqdim edən pezident qeyd etdi ki, bu yolla dövlət borcunu 2013-cü ilə kimi tamamilə ləğv etmək olar. O deyirdi: «Biz beş il əvvəl heç arzulaya bilmədiyimiz məqsədə çatmaq –Amerikanı 1835-ci ildən bəri ilk dəfə borclardan azad etmək yolundayıq». Buna baxmayaraq, Klinton sonacan öz sözündən çəkilmədi: 2001-ci il xərclərinin 23%-i sosial təminat sisteminə, 12 – «Medikeyr» (Medicare) proqramına; 16 – ölkənin müdafiəsinə; 7 – «Medikeyd» (Medicaid) proqramına; 12 –digər xərclərə, məsələn fermerlər üçün subsidiyalara və aztəminatlılar üçün dotasiyalara; 11% - dövlət borcu üzrə faizlərin ödənilməsinə getdi.
C.Buş 2002-ci ilin büdcəsini «ağıllı və məsuliyətli» adlandırdı. Bu büdcədə əsas diqqət ABŞ-da təhsil sisteminin möhkəmləndirilməsinə yönəlirdi. Büdcə, xüsusi halda, amerikalı şagirdlərin mütaliə təlimi ilə bağlı vəsaitlərinin üç dəfə artırılmasını nəzərdə tuturdu. Bu məqsədlə 5 il ərzində 5 milyard dollar ayrılmışdır. Prezident ölkənin hərbi büdcəsini 4,8% artırmaq təklifi ilə çıxış etdi. ABŞ-ın 2004-cü il büdcəsi 2 trilyon 230 milyard dollar olub, Amerika iqtisadiyyatının stimullaşdırılma planlarını da daxil edir. Bununla belə, C.Buş büdcənin üstün maddələri kimi müdafiəni, daxili təhlükəsizliyi və terrorizmlə mübarizəni göstərdi. Məsələn, 2004-cü ilin müdafiə büdcəsi təqribən 400 milyard dollar idi. Bu, 2003-cü ilin büdcəsi ilə müqayisədə 4,5 % çoxdur və 1982-ci ildən sonra ən böyük rəqəmdir. Daxili təhlükəsizlik və terrorizmlə mübarizə xərcləri də sürətlə artır, təqribən 10% yüksələrək, 40 milyard dolları keçir. Bu vəsaitlərin əsas hissəsi yeni nazirliyin formalaşdırılması üçün nəzərdə tutulmuşdur. Nazirlik milli təhlükəsizliyə və terrorizmlə mübarizə üzrə mütəxəssislərin hazırlanmasına cavab verməlidir. Bundan başqa, Columbia kosmik gəmisinin qəzaya uğraması səbəbindən, büdcədə kosmosla bağlı maddə dəyişdirilmişdir. Buş NASA büdcəsinin 470 milyon dollar artırılmasını lazım bildi. Son 10 ildə NASA büdcəsi azalırdı. Məsələn, «Şattl» proqramı 2003-cü ildə 3,2 milyard dollar olmalı idi. Bu isə əvvəlki illə müqayisədə 75 milyon dollar azdır. Prezident administrasiyasının nümayəndəsinin sözlərinə görə, büdcənin artırılması planlaşdırılmışdır, lakin Columbia qəzası onu sürətləndirdi. Buşun təklifi ilə NASA büdcəsi 15,47 milyard dollara qədər artırıldı.
Federal büdcə barədə danışarkən büdcə kəsiri problemindən yan keçmək olmaz. Bu problem yalnız B.Klintonun hakimiyyətə gəlişi ilə həll olunmuşdur. Kəsirli maliyyələşmə dövrü təqribən 40 il davam etmişdir (60-cı illərdən başlayaraq). Büdcə kəsiri 1960-cı ildə 1,2 milyard dollar, 1970-ci ildə 2,8 milyard dollar, 1980-ci ildə 73,8 milyard dollar, 1990-cı ildə 220,4 milyard dollar olmuşdur. ABŞ-ın 2004-cü il büdcəsi 304 milyard dollar kəsiri ilə oldu. C.Buş öz atasından da irəli getdi. Həmin dövrə qədər Amerikanın ən böyük büdcə kəsiri (290 milyard dollar) 1992-ci ildə böyük Buşun hakimiyyəti dövründə olmuşdur. 2004-cü il büdcəsinin kəsiri əsasən Irakdakı hərbi əməliyyatlarla və bu regionda sülhün müdafiəsi proqramı ilə şərtlənir.
Federal hökumətin büdcə ili oktyabrın 1-də başlayır və gələn il sentyabrın 30-da qurtarır. Əksər hallarda isə iyulun 1-dən gələn il iyulun 30-a kimi davam edir. Ştatların yarısından çoxu büdcənin iki illik tərtibini təcrübədən keçirirlər. Yerli inzibati vahidlərin əksəriyyətində büdcə ili təqvim ili ilə üst - üstə düşür.
ABŞ-da ştatların və yerli orqanların büdcələri çox müstəqildir. Onları inzibati vahidlərin idarəetmə orqanları tərtib edir, təsdiq edir və icra edir. Federal hökumət orqanları ştatların büdcələrinə birbaşa nəzarət etmək səlahiyyətinə malik deyil. Ştatların hökumət orqanları maliyyənin və büdcənin vəziyyəti barədə federasiya qarşısında hesabat vermirlər. Ştatların əksəriyyətində büdcənin tərtib edilməsi icra hakimiyyəti başçısının səlahiyyətində yerləşir və ona tabe olan maliyyə orqanı tərəfindən həyata keçirilir. Xərclərin smetasını büdcə və maliyyə bürosu, gəlirlərin smetasını isə vergi və başqa orqanlar hazırlayır. Büdcə layihəsi yerli qanunverici orqanlara göndərilir.
Ştatların ən iri xərcləri maarif (büdcələrin məxaric hissəsinin 35%-i), sosial təminat (13%), səhiyyə (9%), yol tikintisi və yolların saxlanması, ətraf mühitin mühafizəsi, mənzil tikintisi və kommunal təsərrüfatla bağlıdır.
Ştatların qanunvericiliyi inzibati –ərazi vahidlərinin – qraflıqların və dairələrin əhalisinin sayını və ərazisinin ölçüsünü nizamlayır. Qraflıqların və dairələrin hökumət orqanları onların tərkibində olan ərazilərin – bələdiyyələrin, qəsəbələrin, məktəb və xüsusi dairələrin regional hökumətləri qismində çıxış edir. Ştatlardan fərqli olaraq, qraflıqlar və onların idarəetmə orqanları daha az müstəqildirlər və federal hökumətin, ştat hökumətlərinin yürütdüyü iqtisadi siyasətə əsaslanırlar.
Əhali üçün həyati əhəmiyyəti olan sahələrdə inzibati nəzarətin həyata keçirilməsi üçün xüsusi dairələr yaradılmışdır. Bunlar küçələrin işıqlandırılması, su təminatı, kanalizasiya, təbii ehtiyatların mühafizəsidir. ABŞ-da xüsusi dairələrin 22 tipi mövcuddur.
Məktəb dairələri xüsusi dairələrin növ müxtəlifliyidir. Onlar orta və ibtidai təhsil müəssisələrinin inzibati məsələlərinin və maliyyə problemlərinin həll edilməsi üçün yaradılır.
Ənənəvi olaraq yerli büdcələrdən maliyyələşdirilən xidmətlər polis (1990-cı illərdə orta hesabla – 73%), yanğınsöndürmə (100%), sanitar (100%), rekreasion (75%) xidmətlərdir. Ümumdövlət xərclərində yerli büdcələrin infrastrukturla bağlı payı çox böyükdür. 90-cı illərdə bu rəqəm orta hesabla 40% olmuşdur. Yerli büdcələr dövlət istehlakının maliyyələşdirilməsi – mal və xidmətlərin alınması, dövlət idarələrinin və müəssisələrinin fəhlə və qulluqçularına əmək haqqının verilməsi üçün istifadə olunur (90-cı illərdə orta hesabla 50%-ə qədər). Əhalinin aztəminatlı təbəqəsi üçün mənzil tikintisində yerli hakimiyyət orqanlarının iştirakı böyükdür (50%-dən yuxarı). Artıq deyildiyi kimi, yerli administrasiya xərclərinin ən böyük hissəsi təhsilin payına düşür. Bu xərclər 1990-cı ildən 1996-cı ilə qədər təqribən 38% artmışdır.
Yerli hakimiyyət orqanlarının büdcələri xüsusiləşmiş büdcələrdir. Dövlət idarəetməsinin hər bir şöbəsi öz büdcəsini müstəqil şəkildə tərtib edir, nəzərdən keçirir və icra edir.
Dövlətin maliyyə sistemində xüsusi fondlar mühüm yer tutur. Xüsusi fondlar müstəqil maliyyə müəssisələri kimi fəaliyyət göstərir. Onlar məqsədli təyinata malik olan pul resurslarının toplusunu ifadə edirlər. Fondların gəlirləri vergi və qeyri- vergi daxilolmaları, həmçinin federal büdcə vəsaitləri hesabına formalaşır. Xüsusi fondlara aşağıdakılar daxildir: