Vergi sistemi müəyyən qayda ilə yığılan vergilərin, rüsumların toplusunu, onların müəyyənləşdirilmə, dəyişdirilmə, ləğv edilmə, hesablanma və ödənmə prinsipləri və qaydalarının, vergi ödəyicilərinin, vergi orqanlarının və vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin digər iştirakçılarının hüquq və vəzifələrinin, o cümlədən vergi nəzarətinin forma və üsullarının, vergi qanunvericiliyinin pozulmalarına görə məsuliyyətin müəyyənləşdirilməsini ifadə edir. Vergi sistemləri aşağıdakı prinsiplər əsasında qurulur:
Federativ və unitar dövlətlərin vergi sistemləri fərqlənir. Federativ dövlətlərin müasir vergi sistemləri üçün vergilərin əsas növlərinin paralel şəkildə həm federal hakimiyyət, həm də ştat hakimiyyətləri və yerli hakimiyyət orqanları tərəfindən istifadə olunması xarakterikdir. Unitar dövlətlərdə mərkəzi büdcəyə daxil olan vergilər və yerli vergilər olur. Bu, yerli büdcələrin özünümaliyyələşdirmə və zərərsizlik prinsipləri əsasında formalaşması ilə əlaqədardır. «Vergi» iqtisadi kateqoriyası özündə bir sıra elementləri birləşdirir: vergi norması, üzərinə vergi qoyulan obyektlər və subyektlər, vergi bazası, vergi stavkası, vergi dövrü, vergi güzəştləri, vergi ödənişinin müddəti və qaydası, vergi mənbəyi. Vergi mənbəyi – gəlir mənbəyini, yəni onun yarandığı yeri göstərən mənbədir. Əmlak vergiləri, demək olar ki, bütün xarici ölkələrdə geniş yayılmışdır. Əmlak vergilərinin aşağıdakı obyektlərini fərqləndirirlər: daşınmaz əmlak (torpaq, binalar, tikililər); maddi əmlak (istifadəsi uzunmüddətli olan mallar, o cümlədən dəbdəbə əşyaları, gəlirin əldə edilməsi üçün istifadə olunan avadanlıq, maşınlar, kənd təsərrüfatı heyvanları və başqaları); qeyri-maddi aktivlər (lisenziyalar, intellektual mülkiyyət obyektlərinə olan hüquqlar, həmçinin qiymətli kağızlar və nağd pul). Mirasa və hədiyyələrə qoyulan vergilər də əmlak vergisinə aid edilir. Bir çox ölkələrdə bu vergilər vergidən azad olan minimuma və ya miras əmlakının müəyyən dəyəri üçün azaldılmış stavkaya malik olur. Vergini müəyyənləşdirən hakimiyyət orqanına görə vergilər federativ dövlətlər üçün federal, regional və yerli, unitar dövlətlər üçün mərkəzi və yerli olur. Yerli və mərkəzi vergilərin rolu mərkəzi və yerli hakimiyyət orqanlarının öz qarşılarına qoyduqları vəzifələrlə müəyyənləşir. Yerli vergilər, bir qayda olaraq, reqressivliyi ilə fərqlənir. Onların stavkaları vergi ödəyicilərinin gəlirlərinin nəzərə alınmaması şərtilə qurulmuşdur və əksər hallarda dolayı vergilərdir. Bələdiyyələrin lokal məqsədləri və funksiyaları nəzərə alınarsa (əhalinin su təchizatı, şəhər nəqliyyatı, ibtidai məktəblər kimi zəruri ictimai xidmətlərlə təmin edilməsi), yerli vergiqoymalar yalnız yerli büdcəyə daxilolmaların mənbəyi kimi nəzərdən keçirilir. Mərkəzi vergilərin üzərinə isə iqtisadiyyatın tənzimlənməsi üzrə əsas funksiyalar qoyulmuşdur. Dövlətin vergi siyasətinin qiymət qoyması onlara uyğun olaraq həyata keçirilir. Inkişaf etmiş ölkələrdə geniş istifadə olunan, nəzərdən keçirdiyimiz vergilərdən başqa dövlətlər kapitala və mülkiyyətə qoyulan vergilərdən də aktiv şəkildə istifadə edirlər. Bu vergi qruplarına mirasa və hədiyyəyə qoyulan vergiləri, kapitalın artımına qoyulan vergiləri, ayrı - ayrı əmlak növlərinə (torpaq, tikili ) qoyulan vergiləri, şəxsi varidata qoyulan vergiləri aid etmək olar. Bundan başqa, hakimiyyət orqanları (xüsusilə yerli idarəetmədə) əhaliyə və hüquqi şəxslərə müəyyən xidmətlərin göstərilməsinə görə dövlət rüsumunu tətbiq edirlər.
Dövlətin vergi sisteminin əsasını və obyektini vergilər təşkil edir. Bunlar büdcəyə gedən məcburi fərdi- əvəzsiz pul ödənişləri və büdcədənkənar dövlət fondlarıdır. Onlar vergi ödəyicilərindən müəyyənləşdirilmiş qaydada və ölçüdə tutulur. Vergilərin əsas funksiyaları aşağıdakılardır:
Vergi norması – vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır.
Üzərinə vergi qoyulmuş obyekt – əmlak, gəlirlər (mənfəət), reallaşdırılan malların (iş və xidmətlərin) dəyəri, gömrük sərhədindən keçirilən mallar və üzərinə vergi qoyulmuş digər obyektlərdir.
Üzərinə vergi qoyulmuş subyekt ya vergi ödəyicisi, ya da vergi agentidir. Vergi ödəyicisi – elə şəxsdir ki, (hüquqi və ya fiziki) vergi təyin edilmiş obyektə malik olduğuna görə üzərinə vergiləri və rüsumları ödəmək öhdəliyi qoyulmuşdur. Vergi agenti - vergi ödəyicisinə gəlirlərin ödəniş mənbəyi olan şəxsdir. Vergi qanunvericiliyinə uyğun olaraq, vergilərin və rüsumların hesablanması, vergi ödəyisindən tutulması və büdcəyə köçürülməsi ilə bağlı öhdəliklər həmin şəxsin üzərinə qoyulmuşdur.
Vergi bazası – üzərinə vergi qoyulmuş obyektin dəyər, fiziki və ya başqa bir xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirilmə qaydası hər bir vergiyə və rüsuma uyğun olaraq təyin edilir.
Vergi stavkası – vergi bazasının vahid ölçüsünə düşən vergi məbləğinin ölçüsüdür.
Vergi dövrü – hər bir konkret vergiyə, rüsuma uyğun olaraq müəyyənləşdirilən elə təqvim ili və ya zaman müddətidir ki, bu müddət ərzində vergi bazası müəyyənləşir və verginin, rüsumun məbləği hesablanır.
Vergi güzəştləri – vergi ödəyicilərinin ayrı –ayrı kateqoriyalarına vergini, rüsumu ödəməmək və ya az miqdarda ödəməklə bağlı qanunvericiliklə təqdim olunan imkandır. Vergi güzəştləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
Vergi tutumlarının üsulları arasında kadastr, deklarasiya və inzibati üsulları fərqləndirirlər. Kadastr üsulu üzərinə vergi qoyulmuş obyektin qiyməti və orta gəlirliliyi haqqında məlumatların tipik siyahısını saxlayan kadastrın istifadəsini nəzərdə tutur. Deklarasiya üsulu üzərinə vergi qoyulmuş obyektin ölçüsü haqqında deklarasiyanın vergi ödəyicisi tərəfindən vergi orqanlarına təqdim edilməsini nəzərdə tutur. Inzibati üsul verginin tutulma prosesində təsərrüfat subyektlərinin maliyyə xidmətlərinin iştirakını nəzərdə tutur.
Vergi tutumunun əsas metodları aşağıdakılardır: nağd ödəniş, qeyri-nağd ödəniş və gerb markaları ilə hesablaşma. Axırıncı üsul rəsmi sənədin qanuni qüvvəyə minməsinə yalnız o halda imkan verir ki, ödəyici həmin sənədə xüsusi markalar yapışdırsın.
Üzərinə vergi qoyulmuş obyektə görə vergilər aşağıdakılara bölünürlər:
Resurs vergiləri əsasən hasilat sahələrində (neft, kömür) tətbiq olunur və təbii resursların (su, torpaq, meşə yerləri, faydalı qazıntılar) hasilatı və ya istifadəsi üçün ödənilən haqqı nəzərdə tutur. Istehsal prosesinə fiskal və tənzimləyici təsirdən başqa, ekoloji effekti də nəzərə ala bilirlər (təbii resurs istehlakının məhdudlaşdırılması və ətraf mühitin mühafizəsi).
Dövriyyədən tutulan vergilər bəzi yüksək rentabelli məhsullara qiymətlərin dövlət tənzimlənməsi ilə tətbiq oluna bilir. Vergi stavkası ya topdan qiymətə nəzərən faiz tərtibi ilə, ya da məmulatın qiymətinin pul ifadəsi ilə əlavəsi (güzəşti) şəklində müəyyənləşir.
Istehlak vergiləri – istehlakçıya qoyulan ümumi vergilər (ƏDV, satış vergisi) və mal, xidmətlərin ayrı-ayrı növlərinə qoyulan vergilərdir (aksizlər).
Gəlirlərə və kapitala qoyulan vergilər gəlirin əldə edilmə anında və ya mülkiyyətdən (maddiləşmiş gəlir) tutulur. Onların istehlak vergilərindən fərqi ondan ibarətdir ki, istehlak vergiləri gəlirlərin artıq istifadə olunduğu (işləndiyi) zaman tutulur. Bu vergilər qrupuna fiziki və hüquqi şəxslərdən tutulan gəlir vergisi aiddir.
Vergilər müəyyənləşdirilmə metodlarına görə birbaşa və dolayısı vergilərə ayrılırlar. Birbaşa vergilərə vergi ödəyicilərinin əmlakı və onların gəlirləri məruz qalır. Birbaşa vergilər tənzimləyici faktor kimi istifadə olunur və vergi münasibətlərinin daha çox və ya daha az təmin olunmuş subyektlərinə qarşı sosial ədalət prinsipinin riayət olunmasına kömək edir. Daşınmaz əmlaka, torpağa, təbii resurslara, korporasiyaların gəlirinə qoyulan vergi və gəlir vergisi birbaşa vergilərdir. Dolayı vergilər malların, iş və xidmətlərin qiymətinə əlavə şəklində daxil edilir və alıcı tərəfindən ödənilir. Onların ölçüləri istehsal xərcləri və ya vergi ödəyicisinin gəliri ilə bağlı deyil və yalnız reallaşdırmanın həcmindən və bazar qiymətlərinin səviyyəsindən asılıdır. Bu, dövlət büdcəsinin gəlirlərinin təmin olunma qarantıdır. Dolayı vergilərə aksizlər və əlavə dəyərə qoyulmuş vergi daxildir.
Vergilər subyekt (vergi ödəyiciləri) etibarilə aşağıdakılara bölünürlər:
Vergilərin hesaba yazıldıqları büdcənin səviyyəsinə görə bərkidilmiş və tənzimləyici vergiləri fərqləndirirlər. Bərkidilmiş vergilər bütövlükdə konkret büdcəyə daxil olur. Tənzimləyici vergilər isə qanunvericiliklə müəyyənləşdirilmiş nisbətlərdə müxtəlif səviyyəli büdcələrə eyni zamanda daxil olur.
Vergiqoyma mənbələrinə görə vergilər maya dəyərinə daxil edilən vergilərə, fəaliyyətin maliyyə nəticələrinə aid edilən vergilərə və müəssisənin təmiz gəlirinə aid edilən vergilərə bölünürlər.
Təyinatına görə ümumi vergiləri, yəni ümumdövlət ehtiyacları üçün nəzərdə tutulmuş vergiləri və ciddi müəyyənləşdirilmiş məqsədləri olan xüsusi vergiləri (məqsədli vergilər və rüsumlar) fərqləndirirlər.
Əgər vergi dərəcəsi gəlirin ölçüsündən asılı deyilsə, mütənasib vergi (möhkəm vergi) kimi nəzərdən keçirilir. Əgər gəlir ölçüsünün artması ilə vergi azalırsa, reqressiv vergi kimi, gəlir ölçüsünün artımı ilə yüksəlirsə, proqressiv vergi kimi nəzərdən keçirilir.
Xarici ölkələrin təcrübəsində aktiv şəkildə istifadə olunan əsas vergilərdən aşağıdakıları göstərmək olar.
Gəlir vergisi - istehlakçı tələbinin dövlət konyuktur tənzimlənmə obyektidir. Vergi, bir qayda olaraq, təqvim ili və ya maliyyə ili ərzində, yaxud 12 aya bərabər olan digər dövr ərzində əldə edilmiş gəlirdən çıxılır. Üzərinə vergi qoyulan gəlirin tərkibinə əmək haqqı, əməyə görə mükafatların müxtəlif formaları, sahibkarlıq fəaliyyətindən gələn gəlirlər, təqaüdlər, renta, faizlər, dividentlər və investisiyadan gələn digər gəlirlər daxildir. Bəzi hallarda gəlir vergisi vergi ödəyicisinin il ərzində əldə etdiyi və ya topladığı faktiki gəlirdən çıxılır. Digər hallarda isə əvvəlki illər ərzində əldə edilmiş gəlirlərin bazası əsasında hesablanmış gözlənilən gəlirin qiymətləndirici məbləğindən çıxılır. Ailənin gəlir vergisi iki cür olur. Ər-arvadın hər biri ayrı ayrılıqda gəlir vergisi ödəyirsə, bölgülü vergi adlanır. Gəlir vergisi onların birgə gəlirindən çıxılırsa, birləşmiş vergi adlanır.
Bir çox xarici ölkələrdə vergi proqressiv şkala üzrə tutulur. Bəzən gəlirin hissələrə bölünməsi hesabına vergiqoyma proqressiyası hamarlaşır. Gəlir vergisinin dərəcələri nadir hallarda dəyişilir. Vergi alınan gəlir məbləğini təshih edən qaydalar vergiqoymanın operativ alətləri rolunu oynayırlar. Bunlar üzərinə vergi qoyulmayan minimum ölçüsü və müxtəlif növ güzəştlərdir (yaşa görə, ailə vəziyyətinə, gəlir mənbəyinə görə və s.). Son dövrlər inkişaf etmiş xarici ölkələrdə daha məşhur vergi güzəştləri sığorta ilə, pensiya haqları ilə bağlı olan vergi güzəştləri, həmçinin səhiyyə məqsədlərinə aid olan güzəştlər, faiz ödənişləri üzrə güzəştlər olmuşdur (xüsusilə evin alınmasında).
Qeyd etmək lazımdır ki, gəlir vergisi işçilərin əksəriyyətinin gəlir mənbəyindən tutulduğuna görə (ingilis terminologiyasına görə «pay as you earn»), iqtisadi eniş və ya yüksəliş dövrlərində pul gəlirlərinin dəyişmələrini müəyyən mənada kompensasiya etməklə bağlı stabilləşdirici qabiliyyətə öz-özlüyündə malik deyil. Iqtisadi eniş dövründə əhalinin qazancları və avtomatik olaraq vergi ödənişləri də azalır. Yüksəliş dövründə əksinə, gəlirlərlə birlikdə vergi daxilolmaları da artır. Bu mexanizmin təsiri bir qədər məhduddur. Ona görə də onu gücləndirmək üçün gəlir vergisinə müvəqqəti əlavələr tətbiq oluna bilər.
Gəlir vergisinin ölçüsü əhalinin əmanət imkanlarına təsir göstərir, lakin pul yığımlarının istifadə olunma stimullarına toxunmur. Ona görə də istehsalatda kapital qoyuluşlarının tənzimlənməsi başqa vergi ilə – korporasiya gəlirlərinə qoyulan vergi ilə əlaqədardır. Bu vergi ümumi mədaxildən bütün istehsal xərclərinin, itkilərin, borc faizlərinin, müvəkkil xərclərinin, reklam xərclərinin, inzibati - idarəetmə xərclərinin və s. Çıxılmasından sonra şirkətin qalan təmiz gəlirindən tutulur. Hal - hazırda müxtəlif ölkələrdə korporasiya gəlirlərinə qoyulan vergi stavkaları 30%-dən 50%-ə qədər dəyişir. Bu verginin artırılması dövlət tərəfindən həyata keçirilir və bir qayda olaraq, investisiya bumu iqtisadiyyatın «qızmasına», ödəniş qabiliyyəti tələbinin istehsal gücündən ayrılmasına, ödəniş balansının kəsirinə, müəyyən sahə nisbətlərində pozulmalara təhlükə yaratdığı dövrlərdə özünü maliyyələşdirmə məqsədilə resursların məhdudlaşdırılma vasitəsi kimi tətbiq olunur. Korporasiya gəlirlərinə qoyulan vergilər bir sıra güzəştlərin olmasını nəzərə alır. Birləşmiş Ştatlarda 20 güzəşt mövcuddur. Fransada və AFR-də onların sayı uyğun olaraq 10 və 15-dir. Güzəştlərin əsas növü vergi ödənişinin vaxtının uzadılmasıdır. Bəzi ölkələrdə, məsələn, gəlir hissəsinin yeni investisiyalara, ehtiyat fonduna ayrılması üçün 3-5 il müddətində son hədd müəyyənləşdirilmişdir.
Nəzərdən keçirilən birbaşa vergilərlə yanaşı, inkişaf etmiş xarici ölkələrdə dolayı vergilər də aktiv şəkildə istifadə olunur. Daha məşhur vergilər sırasında dövriyyədən vergini, aksizi, gömrük rüsumlarını və başqalarını göstərə bilərik. Dövriyyədən vergi müxtəlif ölkələrdə qeyri-bərabər formalara malikdir. Belə ki, satış vergisi istehsalatın hər bir mərhələsində məhsulun ümumi məbləğindən dəfələrlə tutulur. Bu vergi 1950-ci illərdən başlayaraq Avropa ölkələrində geniş şəkildə tətbiq olunmuşdur. Müxtəlif mal qrupları üzrə vergi ölçüsü 2%-dən 6%-ə qədər təşkil edir. Uzun müddət Ingiltərədə mövcud olan alış vergisi şəxsi istehlak mallarının reallaşdırılmasının topdan mərhələsində bir dəfə tutulurdu. Isveçdə analoji vergini pərakəndə ticarət müəssisələri ödəyirdi. Dövriyyədən verginin ən geniş yayılmış forması əlavə dəyər vergisi oldu (ƏDV). Bu verginin hesablama bazası iqtisadi cəhətdən əmək haqqı ilə mənfəətdə təcəssüm olunmuş yeni yaradılan dəyərdir. Beləliklə, ticarət dövriyyəsinin ümumi məbləğindən maddi istehsal xərcləri çıxılır. Əlavə dəyərə olan vergi dərəcələri bir neçə sayda ola bilər. Böyük Britaniyada və AFR-də onların sayı iki, Fransada üç, Italiyada dörddür. Adətən, ərzağa, səhiyyə və digər sosial əhəmiyyətli mal və xidmətlərə tətbiq olunan aşağı dərəcələrdən (2 -10%), sənaye və digər mal və xidmətlərə qarşı əsas dərəcələrdən (12 -23%), dəbdəbə əşyalarına qarşı yüksək dərəcələrdən (25%-dən yuxarı) istifadə olunur. ƏDV-nin əsas vergi güzəşti reallaşdırılmış məhsul dövriyyəsinin vergidən azad minimumudur. Bundan başqa, ərzaq, qəzetlər, radioyayım, nəqliyyat, məktəb və poçt xidmətləri kimi mal və xidmətlər də vergidən azad ola bilir.
Aksiz – malın vahid növü üçün onun qiymətinə qoyulan vahid əlavəni ifadə edir. Üzərinə aksiz vergisi qoyulmuş obyekt rolunda, adətən, ən çoxişlənən mallar – duz, qənd, tütün, kibrit, şərab, benzin, oyun kartları və başqaları çıxış edir. Obyektlərin bu seçimi dövləti kiçik vergi faizində belə, əhəmiyyətli maliyyə daxilolmaları ilə təmin edir. Ona görə də aksizlər dövlət üçün əsasən fiskal funksiyanı yerinə yetirirlər. Lakin aksizlər yeyinti məhsullarının ayrı - ayrı növlərinə və digər məhsullara olan spesifik tələbatı məhdudlaşdıraraq başqa məqsədlərə də xidmət edə bilərlər. Çeşid etibarilə əhəmiyyətsiz dərəcədə fərqlənən malların (duz, qənd) aksiz dərəcələri vahid, müxtəlif əlamətlərə görə təsnifatlanan malların (şərablar –tündlüyünə görə) aksiz dərəcələri diferensiallaşmış, çeşidləri müxtəlif qiymət səviyyəsində olan bircins malların (tütün) aksiz dərəcəsi orta olur.
Gömrük rüsumları dövlət sərhədindən keçirilən mallardan onların qiymətinə qoyulan faiz əlavəsi şəklində tutulur. Gömrük rüsumları müxtəlif əlamətlərə görə təsnifatlana bilir:
Vergilərin sayı və onların ölçüləri ölkələrə görə fərqlənir. Bu fərqlilik onların ənənələri və iqtisadi inkişaf xüsusiyyətləri ilə şərtlənir. Vergi tənzimlənməsinin mexanizmi ümumi şəkildə Laffer əyrisi ilə təsvir olunur. A.Lafferin fikirlərinə görə, vergi dərəcələri gəlirin 30%-nə qədər artdığı halda vergi daxilolmaları artır. Vergi dərəcələri gəlirin 30%-dən çox olduğu halda büdcəyə gedən daxilolmaların artımı yavaşıyır, sonra isə kəskin şəkildə azalır.
Vergi tənzimlənməsi vergi nəzarəti anlayışı ilə sıx əlaqədardır. Öz növbəsində, vergi nəzarəti maliyyə nəzarətinin elementidir. Vergi və digər məcburi ödənişlərin hesablanması və büdcəyə, qeyri-büdcə fondlarına daxil edilməsi məsələsində vergi ödəyicisi ilə dövlət arasında yaranan maliyyə münasibətləri vergi nəzarətinin obyekti rolunda çıxış edir. Xarici ölkələrdə vergi nəzarəti maliyyə nazirliyi, xəzinədarlıq, daxili gəlirlər xidməti, icra hakimiyyətləri nəzdində uyğun komitələr kimi xüsusiləşmiş maliyyə müəssisələri tərəfindən həyata keçirilir.
Beləliklə, dövlətin vergi sistemi maliyyə –kredit sisteminin kompleks elementi olub, dövlətin iqtisadi inkişafından və onun quruluşundan asılıdır. Dövlətin maliyyə-kredit sistemi maliyyə və kredit sistemlərinin elementlər toplusundan ibarətdir və pul sisteminin bir hissəsini təşkil edir. Büdcə sistemi maliyyə sisteminin bir hissəsidirsə, vergi sistemi büdcə sisteminin bir hissəsidir. Bu münasibətlərdə valyuta sisteminin yerini də qeyd etmək lazımdır. Valyuta sistemini dünya təsərrüfat əlaqələrinin güclənən qloballaşma, inteqrasiya və beynəlmiləlləşmə proseslərində pul sisteminin xarici ifadəsi kimi nəzərdən keçirmək olar. Sistemlərin müxtəlif növlərinin qarşılıqlı əlaqəsi şəkil 1.4.-də göstərilmişdir.