Pul sistemi - ölkədə pul dövriyyəsinin tarixən təşəkkül tapmış və qanunvericiliklə təsbit olunmuş quruluşudur. Pul sisteminin əsas elementi pul kimi iqtisadi kateqoriyadır. Pullar xüsusi növ mal olub, bir sıra funksiyaları yerinə yetirən ümumi bir ekvivalentdir:
Pulların bir neçə növü var. Natural pullar- mal dövriyyəsinin ilkin inkişaf dövründə istifadə olunan ümumi ekvivalentlərdir (balıqqulağılar, xəzlər, qiymətli metallar). Natural pulların təkamülü bir neçə mərhələdən keçmişdir. Ədədlə sayılan pulların bəsit formaları nə bölünmə qabiliyyətinə, nə də bircinsliyə malik idi. Dəyərin hesablanması kobud şəkildə, bölünməz və keyfiyyətcə qeyri-identik olan vahidlərdə – pul rolunu oynayan malın dənə hesabı ilə aparılırdı. Ədədi pullardan metal pullara keçid ictimai əmək bölgüsünün daha yüksək mərhələsində – sənətkarlığın əkinçilikdən ayrıldığı, mal istehsalının və müntəzəm mal mübadiləsinin təşəkkül tapdığı zaman həyata keçdi. Pulların sikkə forması ictimai əmək bölgüsünün daha yuxarı səviyyəsində geniş yayılmışdır. Bu dövrdə mübadilənin, yəni bazar münasibətlərinin inkişafı nəticəsində ticarətdə vasitəçilər sinfi – tacirlər sinfi yaranmışdır. Daha sonra həqiqi pullar – nominal dəyərləri onların tərkibindəki metalın dəyərinə əsasən uyğun olan tamqiymətli pullar meydana gəldi. Pərakəndə dövriyyədə xidmət göstərmək məqsədilə tam dəyərə malik olmayan xırda sikkələr də (billon) kəsilirdi. Bu pulların nominal dəyəri onların tərkibindəki metalın dəyərini və pulun kəsilməsi ilə bağlı xərcləri üstələyirdi.
Kağız pullar və kredit pullar simvolik pullardan hesab olunur. Kağız pullar dövlət hakimiyyətinin qüvvəsinə əsaslanaraq, dövriyyədə qızılı və gümüşü əvəz edir və ilkin olaraq nominal üzrə nəcib metallara mübadilə oluna bilirdi. Kağız pullar – üzərinə məcburi kurs qoyulan, adətən metala mübadilə olunmayan və dövlət tərəfindən öz xərclərinin ödənilməsi üçün buraxılan pul nişanlarıdır (dəyərin nominal işarəsi). Tarixən onlar qızıl və gümüş nişanları kimi meydana gəlmişdir. Kredit pulları kredit münasibətlərinin inkişafı nəticəsində yaranır, həm uyğun şəkildə rəsmiləşdirilmiş kağızlar şəklində (banknot, çek, veksel), həm də hesablardakı qeydlər şəklində də təzahür edir. Sözün dar mənasında kağız pullardan fərqli olaraq (xəzinə bileti), kredit pulları yarandığı andan təkcə qızıl nişanı kimi yox, kredit nişanı kimi də çıxış edir. Beləliklə, kredit pulları borc kapitalının kreditorlarla borcalanlar arasındakı hərəkətini əks etdirir və özünün mövcudluq formalarını əldə edir.
Pul vahidi kimi pulların növləri də, emissiya sistemi və kredit aparatı ilə yanaşı pul sisteminin elementləridir. Pul sistemi – bütün malların qiymətlərinin ölçülməsinə və ifadə olunmasına xidmət edən və qanunverici şəkildə müəyyənləşdirilmiş pul nişanıdır. Emissiya sistemi ölkənin qanunu ilə müəyyənləşdirilmiş emissiya və pul dövriyyəsi qaydasıdır. Xarici ölkələrdə banknotların buraxılması Mərkəzi bank tərəfindən həyata keçirilirsə, xəzinə biletlərinin və sikkələrin buraxılması xəzinələr tərəfindən və dövlətdə müəyyənləşdirilmiş emissiya hüququna uyğun olaraq həyata keçirilir. Kredit aparatı və ya kredit sistemi də pul sisteminin hissələrinə aid edilə bilər, çünki onun fəaliyyəti pul dövriyyəsinə təsir edir və tənzimlənməni tələb edir. Belə ki, ABŞ-da Federal ehtiyat sistemi 1975-ci ildən başlayaraq pul kütləsinin gələn il üçün planlaşdırılan inkişaf templəri barədə konqres qarşısında hesabat verməlidir. Xarici ölkələrin müasir nəzəriyyə və təcrübəsində pul sisteminin bir sıra təşkilat prinsiplərindən istifadə olunur:
Pul sisteminin təşkilat prinsiplərinin sayı ölkə inkişafının xüsusiyyətləri ilə müəyyənləşir.
Pul sisteminin əsasında pul dövriyyəsi yerləşir. Pul dövriyyəsi mal və xidmətlərin dövriyyəsinə, kapitalın hərəkətinə xidmət edən pulların nağd və qeyri - nağd formada kəsilməz hərəkətini nəzərdə tutur. Pul dövriyyəsi iki sferaya ayrılır: nağd və qeyri-nağd. Nağd dövriyyə banknotlarla, banknot biletləri ilə, xəzinə biletləri ilə və ya xırdalanmış metal pullarla təmsil olunan nağd pulların hərəkətini nəzərdə tutur. Qeyri-nağd dövriyyə - nağd pulların iştirakı olmadan dəyərin hərəkətini göstərir və pul vəsaitlərinin kredit müəssisələrinin hesablarına köçürülməsi vasitəsilə, həmçinin qarşılıqlı tələblər hesabına həyata keçirilir.
Pulların növlərindən asılı olaraq, pul sistemləri metal dövriyyə sistemlərinə və kağız-kredit dövriyyə sistemlərinə bölünürlər.
Metal dövriyyə sisteminə bimetallizm və monometallizm aiddir.
Bimetallizmdə ümumi ekvivalent rolunu, qanunvericiliyə uyğun olaraq, adətən iki metal – qızıl və gümüş oynayır. Qalan qiymətlər isə iki ölçü ilə müəyyənləşir. Qızıl və gümüş pullar sərbəst şəkildə 1:15 nisbətində və ya 1:16 nisbətində mübadilə edilirdi. Bimetallizm XIV –XVII əsrlərdə mövcud olmuş, Qərbi Avropanın bəzi ölkələrində isə XIX əsrdə də qorunub saxlanmışdır.
Monometallizm elə bir pul sistemidir ki, bu zaman bir pul metalı qanuni şəkildə ümumi ekvivalent rolunu oynayır və pul dövriyyəsinin əsası olur. Bu və ya digər qiymətli metalın əldə edilmə imkanlarından asılı olaraq, bəzi ölkələrdə gümüş monometallizmi, digər ölkələrdə isə qızıl monometallizmi mövcud idi. Qızıl monometallizmi və ya qızıl standart daha geniş yayılmışdır. 31,1 qramlıq troya unsiyası bu və ya digər pulun və ya külçənin tərkibində olan qızılın çəki ölçüsü qismində çıxış edirdi. Troya unsiyasından indiyə qədər qızılın qiymətinin müəyyənləşdirilməsi üçün istifadə olunur. Qızıl standartı üç formada mövcud olmuşdur: qızıl pul, qızıl külçə və qızıl deviz.
Qızıl pul standartında qızıl pullar və tərkiblərində qızıl olan müxtəlif növ pul nişanları dövriyyədə olur. Xarici ölkə valyutalarının qızıl tərkibinə uyğun olaraq, onların paritetləri müəyənləşdirilirdi. Valyutalar sərbəst şəkildə qızıl pullara konversiya olunurdu.
Qızıl külçə standartında pul nişanları qızıl pullara yox, çəkisi 125 kq-a qədər olan külçə qızılına, həm də müəyyən məhdudiyyətlərlə mübadilə olunurdu. Qızıl külsə standartı iqtisadiyyatın qismən stabilləşməsinin müharibələrarası dövründə tətbiq olunmuşdur (1924 -1928).
Qızıl deviz standartında milli valyutalar digər valyutalara, o cümlədən qızıl külçə standartlı ölkə valytalarına mübadilə olunurdu. Bu standartda dünyanın 30 ölkəsində pul sisteminin fəaliyyət əsasını qızıl və devizlər təşkil edirdi.
1929 -1933 –cü illərdə baş vermiş dünya maliyyə böhranından sonra qızıl standartını kağız-kredit dövriyyə sistemi əvəz etd. Kağız-kredit pullar birinci növbədə xərclərə qənaət etmək imkanı verir. Məsələ bundadır ki, kağız pulları çap etmək qiymətli metalları çıxarmaqdan daha ucuz başa gəlir. Kredit pullar isə kağız pullara qənaət etmək imkanı verir. Qızıl faktiki olaraq dövriyyədən sıxışdırılıb çıxarılmışdır. Yeni sistemin əsasını kağız və kredit pullar təşkil etdi.
Müasir mərəhələdə pul sistemi prinsipial şəkildə yeni keyfiyyətə malik olur. Beynəlxalq bazarlarda dövriyyəyə keçiddə pul vahidi pul sisteminin əsas elementi kimi valyuta statusuna sahib olur. Bu isə valyuta sistemi haqqında pul sisteminin davamı kimi danışmaq imkanı verir.