«Maliyyə sistemi» anlayışı «maliyyə» anlayışının məntiqi davamıdır. Maliyyə təmiz gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə və dövlət funksiyalarının, genişləndirilmiş təkrar istehsalın yerinə yetirilməsi üçün istifadə olunan mərkəzləşdirilmiş və mərkəzdənqaçan fondların formalaşdırılması ilə bağlı pul münasibətlərini əks etdirir. Maliyyənin aşağıdakı əlamətləri var:
Bu əlamətlərin birləşməsi maliyyə obyektini ayırmağa imkan verir. Maliyyə kimi maliyyə obyekti də müasir elmdə özünün izahı ilə bağlı birmənalı olmayan yanaşmalara malikdir. Maliyyənin klassik anlamına görə, maliyyə obyekti istehsal münasibətləri sistemində yaranan əlavə məhsuldur. Bununla bərabər, milli gəlir mərkəzləşdirilmiş fondların yeganə formalaşdırılma mənbəyi deyil. Aydındır ki, müəssisənin gəliri yoxdursa, bu mənbənin nadir olması səbəbindən büdcə ayırmaları da həyata keçirilməyəcək. Lakin büdcə, birincisi, sırf mərkəzləşdirilmiş fond deyil, gəlir vasitəsilə formalaşmayan başqa fondlar da var. Ikincisi, büdcə yalnız gəlirdən ayrılan vergi daxilolmaları vasitəsilə formalaşmır. Inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə gəlirdən gələn daxilolmalar dövlət büdcəsində üstünlük təşkil etmirlər.
Maliyyənin mahiyyətini açan əsas funksiyaları onun bölüşdürücü və nəzarət funksiyalarıdır.
Bölüşdürücü funksiya maliyyənin mahiyyətindən doğur. Bu funksiya təmiz gəlirin hərəkətini şərtləndirən iqtisadi münasibətləri, həmçinin onun tərkib hissələrə və ümumi məhsulun elementlərinə olan təsirini əks etdirir. Ilkin və təkrar bölüşdürmələri fərqləndirirlər. Maliyyənin ilkin bölüşdürülməsi, bu iqtisadi kateqoriyanın tərifindən göründüyü kimi, genişlənmiş təkrar istehsalı ifadə edir. Təkrar bölüşdürmə büdcənin gəlir hissəsinə və digər mərkəzləşdirilmiş fondlara köçürmələr yolu ilə dövlət funksiyasının yerinə yetirilməsinə kömək edir. Bunu əyani olaraq şəkil 1.1-də müşahidə etmək olar.
Şəkil1.1.Maliyyənin bölüşdürücü xarakteri:
ÜIM –ümumi ictimai məhsul; S-istehsalın xərclənmiş vəsaitlərinin əvəzlənmə fondu; V- əmək haqqı fondu; M - əlavə məhsul (maliyyə obyekti); M(1)- əlavə məhsulun ilkin bölüşdürülməsi; M(2) -əlavə məhsulun təkrar bölüşdürülməsi.
Maliyyənin nəzarət funksiyası bölüşdürücü funksiyaya nəzərən ikinci tərtiblidir, çünki nəzarət funksiyası onun obyektini vasitəli şəkildə ifadə edir, ümumi ictimai məhsulun və təmiz gəlirin bölüşdürülməsinə nəzarətdə təzahür edir. Mikrosəviyyədə (müəssisələr) və makrosəviyyədə (dövlət) nəzarəti fərqləndirirlər.
Maliyyəni müxtəlif əlamətlərinə görə təsnifatlara bölürlər:
Subyektlərinə və onların məqsədlərinə görə:
Dövlətin bazar münasibətlərinə müdaxilə səviyyəsindən asılı olaraq və ölkədə bazar mexanizmlərinin inkişaf səviyyəsindən asılı olaraq, maliyyə münasibətlərində dövlət və ya şəxsi maliyyələr üstünlük təşkil edə bilər. Dövlət maliyyələri aşağıdakılara ayrılır:
Şəxsi maliyyəyə aşağıdakılar daxildir:
Bu təsnifat əlamətində dolayısı ilə maliyyə tipologiyasının digər prinsipləri nəzərdən keçirilir.
Müddətlərə və uyğun məqsədlərə görə:
Əməliyyatların həyata keçirilmə sferasına görə:
daxili maliyyə - maliyyə münasibətləri subyektlərinin rezidentliyilə məhdudlaşmışdır. Onlar həm də dövlət maliyyəsi kimi yox, dövlətin maliyyəsi kimi müəyyənləşdirilir;
xarici maliyyə - müxtəlif ölkələrin maliyyə münasibətləri subyektlərinin iştirakını nəzərdə tutur. Xarici iqtisadi fəaliyyətin maliyyəsi ayrı-ayrı ölkələrin və onların subyektlərinin xarici maliyyə əməliyyatlarında üstünlükləri və çatışmazlıqları nöqteyi-nəzərdən iştirakı ilə və bir qayda olaraq, həmin ölkənin ərazi sərhədləri çərçivəsində nəzərdən keçirilir. Beynəlxalq maliyyə münasibətləri müxtəlif ölkələrin və onların subyektlərinin beynəlxalq maliyyə bazarlarındakı maliyyə əməkdaşlığını nəzərdə tutur və öz maliyyə maraqlarını müdafiə edən müxtəlif ölkə qruplarının yaradılma imkanını nəzərdə tutur. Dünya maliyyəsi beynəlxalq maliyyə təşkilatlarında və koalisiyalarında müxtəlif ölkələrin iştirakı zamanı onların maliyyə cəhətdən qarşılıqlı təsir xüsusiyyətlərini – həm millidən üstün statusa (dünyəvi və ya regional), həm də tövsiyə statusuna malik olan xüsusiyyətləri meydana çıxarır.
Maliyyə münasibətləri dövlətin və müəssisələrin mərkəzləşdirilmiş və mərkəzdənqaçma pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olaraq yaranır. Maliyyə münasibətlərinin xüsusiləşmiş və qarşılıqlı əlaqəli sfera və hissələrinin toplusu maliyyə sistemini əmələ gətirir. Maliyyə münasibətlərinin iki sferasını ayırırlar: mərkəzləşdirilmiş və mərkəzdənqaçma maliyyələr.
Mərkəzləşdirilmiş maliyyəyə dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət sığortası, dövlət krediti aiddir.
Mərkəzdənqaçma maliyyə dedikdə, müxtəlif əlamətlərə görə təsnifatlana bilən müəssisə maliyyəsi nəzərdə tutulur. Məsələn, maddi istehsal müəssisələrinin maliyyəsi və qeyri-istehsal sferasının müəssisə və təşkilatlarının maliyyəsi və ya dövlət müəssisələrinin maliyyəsi və digər mülkiyyət formalı müəssisələrin maliyyəsi bu qəbildəndir.
Xarici ölkələrdə mərkəzləşdirilmiş və mərkəzdənqaçma maliyyə sferalarına daxil olan hissələrin yalnız bəzilərini ayırmaq qəbul olunmuşdur. Belə ki, xarici ölkələrin maliyyə sistemlərinə aşağıdakı elementlər daxildir:
Dövlət büdcəsi – milli gəlirin yenidən bölüşdürülməsinin əsas vasitəsidir. Ölkənin milli gəlirinin 40%-ə qədəri maliyyə sisteminin bu hissəsi vasitəsilə yenidən bölüşdürülür. Dövlət büdcəsində iri gəlirlər və siyasi, sosial-iqtisadi baxımdan daha vacib ümumdövlət xərcləri cəmləşdirilmişdir.
Dövlət büdcəsinin əsas gəlirləri vergilərdir, dövlət gəlirlərinin ümumi məbləğinin 70-90%-i onların payına düşür. Inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə dövlət büdcəsinə əsasən birbaşa vergilər daxil olur: fiziki şəxslərdən tutulan gəlir vergisi, korporasiyaların gəlirindən tutulan vergilər və başqaları. Istisna təşkil edən ölkə Fransadır. Fransada dövlət büdcəsi əsasən əlavə edilmiş dəyərdən tutulan gəlir hesabına doldurulur. Inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə dolayı vergilərdən dövlət büdcəsinin gəlir hissəsinin –ƏDV–nin, aksizlərin və gömrük rüsumunun formalaşdırılması üçün istifadə olunur. Zəif inkişaf edən ölkələrdə vergi sisteminin belə təşkilinə üstünlük verilməsi aydındır. Dolayı vergilər daxilolmaların stabil mənbəyidir. Məsələ ondadır ki, vergi intizamı olmadıqda onlardan yayınmaq imkanı yaranmır. Bundan başqa, əhalinin və müəssisələrin aşağı gəlirləri, o cümlədən onların azaldılması ilə bağlı müxtəlif alətlər inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə birbaşa vergiqoyma sistemini tətbiq etmək imkanı vermir. Bu, vergilərin tam daxil olmamasına, dövlət büdcəsinin gəlir hissəsinin azaldılmasına gətirib çıxarır.
Dövlət büdcəsinin xərc hissəsi hərbi məqsədlərlə bağlı maddələri, iqtisadiyyata müdaxilələri, dövlət aparatının saxlanmasını, büdcə sisteminin digər səviyyələrinin müdafiəsini, sosial xərcləri, inkişaf etməkdə olan ölkələrə maliyyə yardımlarını və kreditləri nəzərdə tutur.
Öz əhəmiyyəti baxımından ikinci maliyyə hissəsi yerli maliyyə sistemidir. Müasir şəraitdə istehsal qüvvələrinin inkişafının, elmi-texniki tərəqqinin, qloballaşdırma proseslərinin təsiri altında yerli hakimiyyət orqanlarının rolu və təsiri artır. Yerli maliyyə strukturu büdcə quruluşu ilə müəyyənləşir. O isə öz növbəsində, dövlət quruluşundan və dövlətin inzibati bölgüsündən asılı olur. Məsələn, ABŞ-da yerli maliyyələrə ştatların, qraflıqların, bələdiyyələrin büdcələri daxildirsə, AFR-də yerli maliyyələrə torpaq və icma büdcələri daxildir. Federativ dövlətlərdə yerli büdcələrin payına ümumdövlət maliyyə sisteminin bütün resurslarının 40%-dən 50%-ə qədəri düşürsə, unitar dövlətlərdə bu rəqəm təqribən 30%-dir.
Yerli büdcələrin gəlir hissəsinin əsas mənbəyi vergilərdir (əsasən əmlak vergisi). Bundan başqa yerli orqanların büdcələrinə ali büdcə tərəfindən və eyni səviyyəli büdcə tərəfindən istiqamətlənən maliyyə resursları da daxil olur. Yerli büdcələrin xərcləri, əsasən iqtisadi və sosial infrastrukturun inkişafına yönəlmişdir.
Xüsusi büdcədənkənar fondlar özünəməxsus maliyyə hissəsi əmələ gətirir. Belə fondlar müəyyən müstəqilliyə malik olur, dövlət büdcəsindən ayrı olur və bilavasitə mərkəzi hakimiyyət tərəfindən, ayrı-ayrı hallarda isə yerli hakimiyyət tərəfindən idarə olunur. Bunlara sosial sığorta fondu, pensiya fondu və digər məqsədli fondlar aiddir. Xarici ölkələrdə istifadə olunan xüsusi fondların ən parlaq nümunəsi sosial sığorta fondudur. Sosial sığorta fondları birbaşa vergiqoymanın spesifik formasını nəzərdə tutur. Sosial sığorta fondlarının formalaşdırılmasında muzdlu fəhlələr, qulluqçular, sahibkarlar və dövlət iştirak edir. Lakin dövlətin payı, bir qayda olaraq, nisbətən az olur. Sosial sığorta fondlarının vəsaitlərinin 20%-dən 40%-ə qədəri fəhlə və qulluqçuların əmək haqlarından tutulmalar hesabına yaradılır. Inkişaf etmiş ölkələrdə iri xüsusi fondların sayı 30 - 80 arasında dəyişir. Xüsusi fondlar özlərinin istifadə istiqamətlərinə görə aşağıdakı qruplara bölünürlər:
Xüsusi fondlar iki üsulla yaranır: xüsusi əhəmiyyət kəsb edən müəyyən xərclərin büdcədən ayrılması ilə və qanunverici orqanın xüsusi qərarı ilə.
Xarici ölkələrin maliyyə sistemlərində xüsusi fondlar mühüm yer tutur. Vəsaitlərin əsas hissəsi bu fondlarda mərkəzləşdirilir. Fransada xüsusi fondlar öz ölçülərinə görə dövlət büdcəsinə yaxınlaşır, Yaponiyada dövlət xərclərinin yarıdan çoxu xüsusi fondlardan maliyyələşir, Böyük Britaniyada isə bu rəqəm üçdə birdir. Xüsusi fondlar aşağıdakılar üçün nəzərdə tutulmuşdur:
Ilkin olaraq fondların vəzifəsi konkret tədbirlərin maliyyələşdirilməsi idi. Sonralar isə onlar maliyyə qeyri-stabilliyi dövründə hökumətlərin əl atdığı ehtiyat rolunu oynamağa başladılar, yəni maliyyə sisteminin dayanıqlığının və manevr etmə qabiliyyətinin artırılması üçün istifadə olunmağa başladılar. Dövlət büdcəsi ilə müqayisədə xüsusi fondlar daha az səviyyədə nəzarət olunur. Bu isə onların istifadəsini asanlaşdırır və hökumətlər tərəfindən onların artımına olan marağı yüksəldir.
Xüsusi fondların formalaşdırılma mənbələri əsasən onların reallaşdıracağı məsələlərin xarakteri və miqyası ilə müəyyənləşir. Bu və ya digər inkişaf mərhələsində ölkənin iqtisadi və maliyyə vəziyyəti də mənbələrin müxtəlifliyinə və ölçüsünə təsir göstərə bilir. Xüsusi fondların formalaşdırılma mənbələri daimi, müvəqqəti ola bilir, həmçinin ölkənin inzibati-ərazi vahidlərinə görə fərqlənə bilir.
Fond vəsaitlərinin əsas mənbələri qanunverici hakimiyyətin müəyyənləşdirdiyi xüsusi vergilər və rüsumlardır. Bir çox fondlar dövlət büdcələrinin və yerli büdcələrin vəsaitləri hesabına formalaşır. Bu vəsaitlər əvəzsiz yardımlar formasında və ya vergi daxilolmalarından tutulan məbləğlər formasında olur. Könüllü ödəmələr və borc vəsaitləri də xüsusi fondların gəlirlərini təşkil edə bilir.
Fond vəsaitlərinin xərclənmə istiqaməti onların təyinatından, iqtisadi cəhdlərindən və reallaşacaq proqramlardan asılıdır. Vəsaitlərin bir hissəsi təsisçi fəaliyyətinə istiqamətlənir, o cümlədən qiymətli kağızlara yatırılır. Xüsusi fondlar maliyyə bazarlarının investorları və iştirakçıları kimi çıxış edə bilər. Məsələ bundadır ki, birincisi, pul vəsaitlərinin istifadəsi bir çox hallarda onların əmələ gəlmə müddəti ilə üst - üstə düşmür, ikincisi, investisiyadan gələn gəlirlər fond xərclərinin maliyyələşdirilməsinin əlavə mənbələridir.
Dövlət müəssisələrinin maliyyəsi müstəqil bir hissə əmələ gətirir. Onun yaranması bir sıra Qərbi Avropa ölkələrinin (Böyük Britaniya, Fransa, AFR) iqtisadiyyatında dövlət sektorunun inkişafı ilə əlaqədardır. Bu inkişaf Ikinci Dünya müharibəsindən sonra daha geniş miqyas almışdır. Müasir şəraitdə sənaye cəhətdən inkişaf etmiş bir sıra xarici ölkələrin iqtisadiyyatında dövlət sektoru ümumi milli məhsulun təqribən dörddə bir hissəsini istehsal edir. Onun vəzifəsi öz spesifikası etibarilə aşağı rentabelliyə malik olan və sahibkarlar üçün əlverişli olmayan mühüm istehsal sahələrinin (dəmiryolu, hava nəqliyyatı, elektroenergetika, qaz, kömür sənayesi və başqaları) inkişafı və saxlanması yolu ilə şəxsi təsərrüfata yardım göstərməkdir. Ümumiyyətlə, belə nəticə çıxarmaq olar ki, dövlət müəssisələri əsasən iki sahədə mərkəzləşirlər. Bu, birinci növbədə, təkrar istehsal mexanizmi (yanacaq, energetika, qara metallurgiya, nəqliyyat, rabitə, su təchizatı və b.) üçün ümumi şərtlər yaradan əsas sahələrdir. Kifayət qədər gəlirli olmayan bu sahələrin texniki-iqtisadi səviyyəsi rəqabətədavamlılıq qabiliyyətinin aşağı olması ilə fərqlənir. Ikincisi, bunlar birdəfəlik iri kapital qoyuluşlarının olmasını tələb edən və ilk dövrlərdə qeyri-rentabelli və ya azrentabelli sahələrdir. Belə sahələrin mənimsənilməsi şəxsi kapital üçün əlverişli deyil.
Təkrar istehsal prosesində dövlətin aktiv fəaliyyəti (dövlət müəssisələrinin maliyyə sistemlərinin yaradılma formasında) iqtisadiyyatda sahə uyğunsuzluğunun hamarlaşdırılması ilə məhdudlaşmır. Dövlət yeni sahələri inkişaf etdirərək ictimai əmək bölgüsünün güclənməsinə kömək edir və «yeni» yerlərdə, yəni iqtisadi cəhətdən geri qalmış rayonlarda yeni müəssisələr yaradaraq (istənilən sahələrdə), onların təsərrüfatçılıq etibarilə mənimsənilməsinə və bütövlükdə istehsal qüvvələrinin rasional şəkildə yerləşdirilməsinə kömək göstərir. Hər iki halda dövlət müəssisələri sektoru milli daxili bazarın genişləndirilməsinə imkan yaradır və istehsalın ümumi miqyaslarının artırılması üçün əlavə stimul yaradır.
Öz mənsubiyyətinə baxmayaraq, dövlət müəssisələri onlara xas olan mülkiyyət formasında həmişə çıxış etmirlər. Məsələn, AFR və Italiyada dövlət sektoru səhmdar şirkətlər şəklində mövcud olur və bir çox hallarda onların fəaliyyətində şəxsi kapital da iştirak edir. Dövlət müəssisələrinin təşkilinin səhmdar forması parlament, hökumət və ictimaiyyət tərəfindən onların fəaliyyətinə olan nəzarəti çətinləşdirir, lakin şəxsi kapitalla birləşməni asanlaşdırmır və belə müəssisələrin yenidən özəlləşdirilməsinə imkan yaradır. Lakin müəssisələrin mülkiyyət formasının dəyişilmə imkanı mahiyyətcə təkrar istehsal prosesində dövlətin roluna təsir göstərmir. Məsələn, 1953-1967-ci illərdə Ingiltərənin poladtökmə sənayesində milliləşdirilmənin ləğvi zamanı bu məhsulların qiyməti hökumət tərəfindən tənzimlənir və yeni investisiyalarla bağlı mühüm qərarlar da hökumət tərəfindən qəbul olunurdu. Beləliklə, dövlət müəssisələri şəxsi sahibkarlıq maraqları ilə ümummilli iqtisadi problemlər arasındakı ziddiyyətləri həll etmək cəhdini təmsil edir. Bununla belə, dövlət müəssisələrinin maliyyəsi maliyyə sisteminin elə bir hissəsidir ki, dövlət onun vasitəsilə milli gəlirin ilkin bölüşdürülməsində iştirak edir və bu müəssisələrdə yaradılan gəlirin müəyyən hissəsini öz əllərində toplayır.
Dövlətin maliyyə sistemi büdcə sistemi ilə və vergi sistemilə sıx əlaqədardır. Maliyyə sisteminin faktiki olaraq ilk iki elementi - dövlət büdcəsi və yerli maliyyələrin hissəsi kimi yerli büdcələr dövlətin büdcə sistemini əmələ gətirir. Müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinə daxil olan vergi ödənişlərinin toplusu da öz növbəsində vergi sistemini təşkil edirlər.
Dövlətin büdcə sistemi bütün səviyyəli büdcələrin elə bir toplusudur ki, müəyyən iqtisadi münasibətlərə və hüquqi normalara əsaslanan bir sistemi nəzərdə tutur. Büdcə sisteminin təşkili və quruluş prinsipləri ölkənin büdcə quruluşunu təmsil edir. Büdcə quruluşu birbaşa dövlət quruluşundan asılıdır.
Vergi sistemi qanunvericiliklə müəyyənləşdirilmiş və ödəyicilər tərəfindən müəyyən ölçüdə və müəyyən vaxtda həyata keçirilən məcburi və əvəzsiz ödənişlərin yığılması ilə bağlı iqtisadi münasibətlər toplusunu təmsil edir.
Maliyyə-kredit sisteminin ikinci ayrılmaz tərkib hissəsi kredit sistemidir. Maliyyə sisteminin maliyyəyə olan münasibətindəki kimi, kredit sistemi də kredit anlayışını inkişaf etdirir və konkretləşdirir. Kredit - borc kapitalının ödənişlik, geri qaytarılma, müddətlilik, təminatlılıq, məqsədli xarakter və diferensiallaşmış yanaşma prinsipləri ilə verilməsi zamanı kreditorla borcalan arasında yaranan iqtisadi münasibətlər toplusunu nəzərdə tutur.
Geri qaytarılma prinsipi göstərir ki, borcalan aldığı məbləği geri qaytarmaq öhdəliyini öz üzərinə götürür və bu öhdəlik kredit müqaviləsində qeyd olunur. Bu prinsip birinci dərəcəli əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, əgər borcalan kredit müqaviləsində göstərilmiş məbləği qaytarmaqdan imtina edirsə, bu, kreditorun maliyyə dayanıqlığının pozulmasına və bütün kredit sisteminin dəyişilməsinə gətirib çıxara bilər.
Maliyyə sistemini yaradan iqtisadi münasibətlər toplusu şəkil 1.2.-də göstərilmişdir.