Hazırda dünyanı öz cənginə alan, milli iqtisadiyyatları çökdürən, bizneslərə ciddi ziyan vuran və ən əsası əhalinin həyat tərzini dəyişən bir virusla yaşamaqdayıq. Hələ müəyyən araşdırmalara görə bu virus uzun müddət bizimlə yaşayacaqdır. Koronavirusa oxşar pandemiyalar dünyada dəfələrlə baş vermişdir. Təbii ki, virus özü ilə ciddi böhran gətirdi və hələ böhranın uzun müddət əks effektini görəcəyik.
Bugün dövlətlər, bizneslər, insanlar tamamilə yeni oyun qaydaları ilə davam etməyə necə deyərlər məcburdurlar. Çünki hələ virusun vaksini tapılmayıb və vaksini tapılsa belə virusun müxtəlif mutasiyalara məruz qaldığı üçün necə effektiv olacağı sual altındadır.
Deməli biz bu virusla yaşamağa, oyun qaydaları ilə oynamağa məcburuq. Yəni, dövr heç də əvvəlki kimi olmayacaqdır. Əvvəlki kimi yüzlərlə insanın bir yerə toplaşması, əvvəlki kimi istehlak, biznesin dövriyyələri yaxın zamanda pandemiyadan əvvəlki vəziyyətdə olmayacaqdır. Böhran özü özlüyündə çətinliklər gətirsə belə özü ilə çox yaxşı fürsətlər gətirməkdədir. Əsas məsələ məhz o trendlərə ayaq uydurub fürsətləri görməkdir. Pandemiyadan sonrakı həyatımız isə özü özlüyündə tamamilə fərqli olacaqdır. Qeyd edim ki, bu şəxsi mülahizələrimdir. Təbii ki, bunlar olmaya və ya tamamilə başqa cür ola bilər.
Pandemiyadan sonrakı həyatımızı ümumilikdə 3 mərhələyə bölmək daha düzgün olar:
1) Virusu qəbul etməmək, insanların hələ də şübhə ilə yanaşması mərhələsi – Bu mərhələni obrazlı desək hazırda yaşamaqdayıq. İnsanların bir çoxu (hətta bu tendensiya xarici ölkələrdədə var) virusa inanmır. İnsanlar əvvəlki vaxtları üçün darıxır, bizneslər əvvəlki dövriyyələrinin yaxın vaxtda qayıdacağına ümid edir, dövlət isə müəyyən xərcləmələr edərək yaxın vaxtda iqtisadiyyatın yenidən bərpasına ümid edir. Bu mərhələdə müəyyən dərəcədə yeni trendlərlə tanış olduğumuz, onları həyatımıza aldığımız mərhələdir. Bu mərhələdə qazanan şəxslər yeni trendləri görüb ayaqlaşanlar və işin nə qədər ciddi olduğunu dərk edən şəxslərdir.
2) Virusun insanların bütün həyat tərzini dəyişdirdiyi mərhələ- Bu mərhələdə insanların mütləq əksəriyyəti artıq virusun özü ilə gətirdiyi yeni trendlərlə ayaqlaşmaq məcburiyyətində qaldığı mərhələdir. Bu mərhələdə artıq dövlətlər, bizneslər və əhali yeni trendləri tətbiq etmədən fəaliyyət göstərməyin mümkünsüzlüyünü dərk edir. Bu mərhələni yaşayarkən artıq insanlar yeni-yeni fəaliyyət növlərinin yarandığını, hər şeyin əvvəlki kimi olmadığını görəcəkdir. Kafe, restoranlarda sosial məsafə saxlanılacaq, böyük həcmdə insanların toplaşması qadağan ediləcək, bərbərlərdə, gözəllik salonlarında sosial məsafələrin qorunmasının vacibliyini dərk edəcəkdir. İnsanlar yeni həyat tərzi ilə yaşayacaqdır. Bu dövrdə artıq bizneslər güclənməyə doğru gedəcək və vaxtında düzgün addım atmış sahibkarlar post-pandemiya mərhələsinə uğurla keçəcəkdir.
3) Bu mərhələdə isə artıq insanların mütləq əksəriyyəti virusa yoluxacaq və virusa qarşı immunitetləri yaranacaqdır. İmmun sistemi çox zəif olanlar (əsasən yaşlılar) bu virusdan vəfat edəcəkdir. Pandemiya sözü tarixə keçəcəkdir. Lakin pandemiyanın qazandırdığı vərdişlər hələ uzun müddət insanlarda qalacaqdır.
Hələ görünən odur ki, bizlər virusun müxtəlif fəsadlarını görəcəyik. Hamınızın sağlam qalmağı diləyi ilə!
Mənbə: İlkin Mirzəzadə, blogger