Hər sahədə olduğu kimi, kiçik və orta biznes də günü-gündən inkişaf edir. Amma dayanıqlı biznes fəaliyyəti qurmaq o qədər də asan məsələ deyil. Çünki kifayət qədər rəqabətin və risklərin çox olduğu bir sahədən söhbət gedir. Bəlkə də məhz bu məqam biznesi daha maraqlı və rəngarəng edir. Təsadüfi deyil ki, çətinliklərə və risklərə baxmayaraq, öz biznesini qurmaq istəyənlərin sayı ildən ilə daha da artır.
Onlardan biri də həmsöhbətim Kənan Səlimovdur. Deyir ki, sıfırdan nəyəsə başlamaq həmişə çətin olur: «Mənim kimi, öz işini qurmaq istəyən yüzlərlə gənc var. Biznesə başlamağın ən çətin tərəfi maddi məsələlərlə bağlıdır. Adicə, istədiyin formada ofis tapmaq belə, bəzən çox ciddi məsələyə çevrilir. Plazalardakı ofislərin aylıq kirayə haqqı kifayət qədər yüksəkdir.