Cəmiyyətimizdəki insanların bir çoxu marketinqi yanlış qavrayır. Marketinqi çox vaxt satış ilə qarışdırırlar. Onlar gördükləri işlərin marketinq və ya satış olduğunu aydınlaşdıra bilmirlər. Bu da nəticədə onların gördükləri işlərdə uğursuz olmaqlarına gətirib çıxarır. Hətta şirkətlər belə hesab edirlər ki, marketinq məhsulun satışının dəstəklənməsi üçün mövcuddur. Əslində isə hər şey əksinədir. Yəni, məhsul marketinqin dəstəklənməsi üçün mövcuddur. Bu iki termin bir-birindən çox fərqli anlayışlardır.
Demək olar ki, bir-birinə ziddir. Bunun əsas səbəblərindən biri odur ki, satış xidmət və ya məhsulun yaradıldıqdan sonra istehlakçıya təqdim olunma prosesidir. Marketinq isə xidmətin və ya məhsulun meydana çıxmazdan əvvəlki bütün proseslərini əhatə edir. Yəni qısaca olaraq deyə bilərik ki, məhsulun və ya xidmətin yaradılması, reklam edilməsi (tanıdılması), qiymətləndirilməsi, bazara çıxardılması, istehlakçıya təqdim olunması kimi proseslərin hamısı marketinqə aiddir. Bununla yanaşı həm də marketinq istehlakçının nəyə ehtiyacı olduğunu, nə istehsal etməyin lazım gəldiyini aydınlaşdırır.
Marketoloq və satıcının fərqi
Marketinq və satışın fərqlərini aydın şəkildə başa düşmək üçün marketoloq ilə satıcı arasındakı fərqi bilmək faydalıdır.
Marketoloq yaradılmış hər bir məhsul və ya xidmətin əldə edəcəyi mənfəətə diqqət yetirir. Satıcı isə mümkün qədər çox istehlakçıya çatmaqla müəyyən olunmuş gəliri əldə etməyi hədəfləyir.
Marketoloqun əsas məqsədi şirkətin mənfəətini gücləndirməkdir. Buna görə də marketoloq istehsal olunan məhsulun istehlakçıya təqdim olunduğu ana qədərki vaxtı analiz edir. Bunun nəticəsi əsasında isə bir sıra tədbirlər görməyə başlayır. Satıcının məqsədi isə məhsul və ya xidməti istehlakçıya təklif edərək onun ehtiyacını və tələbini qarşılayaraq, satışı uğurlu bir şəkildə həyata keçirmək və müəyyən olunmuş gəlirə nail olmaqdır.
Beləliklə buradan aydın olur ki, marketinq bir prosesdir, satış isə bu prosesin bir parçasıdır.
Mənbə: seven.services