9.2 Cari tələb əsasında proqnozlar

9.2 Cari tələb əsasında proqnozlar

Kompaniyalar tərəfindən məcmu bazar tələbini qiymətləndirmək üçün müxtəlif praktiki metodlar hazırlanmışdır (Barnett, 1988) və onlardan üçünü aşağıda veririk.

9.2.1 Bazar yığımı metodu
Bazar yığımı metodu hər bir bazarda bütün potensial alıcıları müəy­yənləşdirməyə və onların potensial alışlarının həcmini qiymət­ləndirməyə imkan verir.
Təsəvvür edək ki, Polygram kompaniyası yazılı kompakt-disklərin məc­mu satış həcmini qiymətləndirmək istəyir. Adətən məcmu bazar tələbi aşağıdakı kimi müəyyən edilir:
Q = n *q * p

Burada
Q = məcmu bazar tələbi;
n = bazardakı alıcıların sayı;
q = orta alıcının il ərzindəki alış miqdarı;
p = vahidinin orta qiyməti.

Əgər kompakt-disklərin ildə 10 mln. alıcısı varsa və hər bir orta alıcı orta qiyməti 15 funt sterlinqə bərabər altı kompakt disk alırsa, onda, kompakt diskə məcmu bazar tələbi 10 000 000 x 6 x £15,00 = 900 mln. funt sterlinq olacaq.
Bazar strukturu metoduna tələbin qiymətləndirilməsinin digər metodlarına aid olan problemlər xasdır: o gələcəyi deyil, indini qiy­mət­lən­dirməyə imkan verir. Bazarın gələcəkdə necə olacağını proq­nozlaşdırmaq üçün, proqnoz müəllifləri gələcəkdə alıcıların sayını, onların alışlarının miqdarını və qiymətlərini  müəyyən etməlidirlər. Belə tərtibatın öz üstünlükləri var. Ayrıca götürülmüş satış həcminə nisbətən qeyd olunmuş üç komponenti proqniozlaşdırmaq daha asandır. Misal üçün, mövcud demoqrafik situasiyadan çıxış edərək, asanlıqla, əhali yaşlandıqca tibbi xidmətlərə tələbin artacağını proqnozlaşdırmaq olar.

9.2.2 Zəncir əmsalları
Zəncir əmsalları metodu baza qiymətlərinin bir sıra təshih edici faiz göstəricilərinə vurulmasına əsaslanır. Misal üçün, Böyük Britaniyada hərbi mükəlləfiyyət yoxdur və buna görə də Britaniya ordusu hər il 20 000 nəfər yeni əsgər toplamalıdır. Burada problem yaranır, çünki, ordu artıq kifayət qədər komplektləşdirilmişdir, əhali arasında isə 16-19 yaşlar ara­sın­dakı gənclərin sayı azalır. Marketinq məsələsi mövcud plan gös­təricisinin bazar potensialına müqayisədə ağlabatan olub-olmamasından ibarətdir. Ordu bazar potensialını aşağıda təsvir edilmiş metoddan istifadə edərək qiymətləndirir:

Həmin yaş qrupunda kişilərin ümumi sayı

1 200 000

Hərbi xidmətə yararlı şəxslərin faizi (fiziki, ruhi və ya əqli normallar)

50%

Hərbi xidmətə yararlı şəxslərdən hərbi xidmət keçməyə potensial maraqlı olanlar

5%

Hərbi xidmətə yararlı və maraqlı olanlardan hərbi xidmət keçmək üçün Britaniya ordusunu məqbul hesab edən şəxslərin faizi

60%

Belə zəncir qiymətləri 1 200 000 x  0,5 x  0,05 x 0,6 = 18 000-ə bərabər, yəni lazım olandan az çağırışçılara malik bazar potensialını göstərir. Bu rəqəmin yeni əsgərlərin plan göstəricisindən az olduğuna görə, Britaniya ordusunun marketinqə daha çox diqqət yetirməsi lazımdır. Cavab kimi aparılan motivləşdirilmiş tədqiqatın nəticələri göstərdi ki, hərbi xidmətin məqsədli qrupun həyatda çatmaq istədiklərini verə biləcəyinə bax­ma­yaraq, mövcud reklamlar onlar üçün cəlbedici deyil. Buna görə də yeni kampaniya hərbi xidmətin cəlbediciliyini ön plana çəkməyə istiqamətləndi.

9.2.3 Bazar göstəriciləri indeksi metodu
Bazar göstəricilərinin indeksi metodu istehlak malları bazarının potensialını qiymətləndirməyə imkan verir. Kişi köynəkləri istehsalçısı öz məhsulunun Şotlandiyada potensial satış həcmi göstəricilərini qiy­mət­ləndirmək istəyir. Mövcud məlumatlara görə ölkə üzrə köynəklərin satı­şının potensial həcmi ilə 400 mln. funt sterlinq təşkil edir. Kompaniyanın bütün ölkə miqyasında cari satış həcmi ilə 4 800 000 funt sterlinqə, yəni, bazarın məcmu potensialının təxminən 1,2 faizinə bərbərdir. Şotlandiyada satış həcmi 1 200 000 funt sterlinqdir. Kompaniya, onun şotlandiya bazarındakı payının bütün ölkə bazarındakı payı ilə müqayisədə çox və ya az olduğunu bilmək istərdi. Bunun üçün ilk növbədə Şotlandiyanın bazar potensialını hesablamaq lazımdır.
Üsullardan biri region üzrə əhalinin sayını adambaşına düşən gəlirə və  köynəyin alınması üçün xərclənən orta gəlir payına vurul­ma­sıdır. Sonra alınmış hasili bütövlükdə ölkə üçün uyğun göstərici ilə müqayisə etmək lazımdır. Bu hesablama metoduna əməl edərək istehsalçı müəyyənləşdirdi ki, Böyük Britaniyada kişi köynəyinə məcmu potensial tələbin 8 faizi Şotlandiyanın payına düşür. Ölkə üzrə məcmu potensial ilə 400 mln. funt sterlinqə bərabər olduğuna görə, Şotlandiyanın məcmu potensialı 0,08 x £400 mln. = 32 mln. funt sterlinqə bərabərdir. Uyğun olaraq da, kompaniyanın Şotlandiyadakı 1 200 000 funt sterlinqə bərabər satışının həcmindən çıxış edərək müəyyənləşirmək olar ki, onun həmin region üzrə bazar potensialındakı payı £1 200 000 / £32 mln. = 3,75 faizə bərabərdir. Bu göstəricini ümumdövlət bazarındakı 1,2 faizə bərabər olan payı ilə müqayisə edərək kompaniya bu nəticəyə gəldi ki, onun kommersiya məhsuldarlığı Şotlandiyada Birləşmiş Krallığın digər region­larına nisbətən daha yaxşıdır.

Top