6.6.1 Strateji marketinq imkanları
Marketinq imkanlarını strateji səviyyədə aşağıdakı qaydada qiymətləndirmək olar:
- Marketinq həssaslığı: xarici mühitdə tələb, müştərilər, rəqiblərlə əlaqədar və makromühitdə ümumi dəyişikliklərlə bağlı nələrin baş verdiyini anlamaq qabiliyyəti. Spesifik imkanlara marketinq tədqiqatı aparmaq və rəqiblərin təhlili və qərarların qəbulu üçün əldə edilmiş informasiyanı təşkilatda səmərəli yaymaq qabiliyyəti daxildir.
Şəkil 6.6 Əsas marketinq imkanları
- Məqsədli bazarı seçmək qabiliyyəti və mövqeləşdirmək bacarığı: alternativ variantları tapmaq qabiliyyəti və sonra ən yüksək nəticələri əldə etmək üçün firmanın resurslarının və imkanlarının istiqamətləndirilə biləcəyi uyğun məqsəd bazarının seçilməsi. O ki qaldı dəyişən bazara firmaların mövcud imkanlarının və resurslarının uyğunluğu məsələsinə, məqsədli bazarın seçilməsi üçün yüksək rəhbərliyin və bir neçə digər funksional vahidlərin (misal üçün, istismar, maliyyə bölməsi, tədqiqat və işləmə bölməsi), həmçinin, marketinqin səriştəli olması vacibdir.
6.6.2 Funksional marketinq imkanları
Marketinq proseslərinin idarəedilməsi səviyyəsində imkanlar aşağıdakı qaydada qiymətləndirilir:
- Müştərilərlə münasibətlərin idarəeilməsi: müştəriləri cəlb etmək, saxlamaq, inkişaf etdirmək və (lazım gələrsə) onlardan imtina etmək bacarığıdır. Əsas müştəriləri idarəetmə vərdişləri daha çox əhəmiyyətə malikdir. Bundan əlavə bir çox bazarlarda əlaqələrə daha çox müştərilərə xidmət sistemi əsasında diqqət verilir. Birbaşa marketinqin də burada mühüm rolu var.
- Müştərilərə çıxış imkanları: müştərilərə xidmət məqsədilə mövcud kanallardan istifadə və/və ya yeni bölüşdürmə metodlarının inkişaf etdirilməsi qabiliyyəti. “Müştərilərə çıxış” anlayışı özünə ənənəvi bölüşdürmə kanallarının səmərəli idarəedilməsi üçün səriştəliliyi, həmçinin, yeni elektron kanallar və françayz şəbəkələrinin inkişafı və idarəedilməsini daxil edir. Bu, bir neçə təşkilati və fərdi səriştəlilik növlərinə əsaslanmış geniş imkanlardır.
- Məhsullar üzrə idarəetmə imkanı: digər təşkilat üzvlərinin fəaliyyəti müştərilərin razılığına təsir göstərdiyi təqdirdə, onlara təsir göstərmək imkanı da daxil olmaqla mövcud məhsulların idarəedilməsi bacarığı. Bura həm də müştərilər üçün dəyərlilik təqdim etmək məqsədilə bütün resursların bölüşdürülməsi də daxildir (hansı ki, təşkilatın ənənəvi sərhədlərindən kənara çıxa bilər).
- İnnovasiya imkanları: yenilikçilik və yeni nəsil məhsul və xidmət hazırlamaq qabiliyyəti. Yeni məhsulların səmərəli işlənməsi həm “xaricdən-daxilə” imkan tipinin mövcudluğunu (müştəriyə həssaslığı), həm də, tədqiqat və işləmə sferasında ciddi vərdişlərin olmasını tələb edir. İnnovasiya imkanları müxtəlif bölmələr tərəfindən çoxtərəfli köməyə əsaslanır: marketinq, tədqiqat və istehsal, maliyyə, istismar və s.
6.6.3 Əməliyyat və ya praktiki marketinq imkanları
Bazarda fəaliyyət səviyyəsində imkanlar aşağıdakı qaydada qiymətləndirilir:
- Reallaşdırma imkanları: malların bazara irəlilədilməsi, fərdi satışlar, ictimaiyyətlə əlaqə, stimullaşdırıcı sövdələşmələr, müştərilərə xüsusi təkliflər, qablaşdırılmanın dizaynının dəyişdirilməsi və s. kimi marketinq fəaliyyət növlərini həyata keçirmə bacarığı. İndi kompaniyalar, daha tez-tez, bu fəaliyyət növlərinin əksəriyyətini həyata keçirmək üçün xarici mənbələrə müraciət edirlər və bu da onlara öz pulları vasitəsilə daha yaxşı praktiki təcrübədən və həmin sferada müstəqil mütəxəssislərin bilikləridən istifadə etməyə imkan verir (15-ci fəsilə bax). Dizayn üzrə məsləhət agentlikləri, ictimaiyyətlə əlaqələr, qablaşdırma üzrə mütəxəssislər və digərləri məhsullarını bazarda satan kompaniyaların təchizatçılarına çevrilir və onlara marketinq fəaliyyətinin reallaşdırılmasının spesifik sahələrində kömək edirlər. Buna baxmayaraq, ixtisaslaşmış xarici təchizatçıların seçilməsi, onların idarə edilməsi və fəaliyyətlərinin koordinasiyası zamanı yerli firmaların daxilində əsas səriştəlilik növlərinin olması getdikcə daha vacib məsələyə çevrilir.