Marketinq informasiyalarının yayılması vasitəsi kimi internet şəbəkəsinin inkişafı

Marketinq informasiyalarının yayılması vasitəsi kimi internet şəbəkəsinin inkişafı

Son on illiklərdə elektron biznesin inkişafı istisnasız olaraq iqtisadiyyatın bütün sektorlarına təsirsiz ötüşməmişdir. Onun təsiri hər yerdə hiss olunur: təhsil sferasından tutmuş sənaye sferasına və hökumətə kimi. Bununla belə, kompaniya və sahənin formalaşmasına (şəxsi varlanmadan danışmırıq!) təsir edən İnternet şəbəkəsi və onun potensialı ətrafında az səs-küy olmayıb. Fundamental və strateji təsir amillərini təhlil etməyə çalışaq.
Birincisi, İnternet şəbəkəsi ilə bağlı olan bəzi terminləri müəyyənləşdirmək lazımdır(Sheth et al., 2001):
  • İnternet (İnternet) informasiyanın sürətlə və ucuz mübadiləsini təmin edən ümumdünya kompüter şəbəkəsidir. İnternet öz başlanğıcını 1960-cı illərin sonları və 1970-ci illərin əvvəllərində ABŞ müdafiə sənayesinin informasiya mübadiləsi məqsədilə yaratdığı kompüter şəbəkəsindən götürür. İnternet 1985-ci ildə, milli elmi fondun (National Science Foundation) tədqiqatçılara rəqəm məlumatlarının mübadilə imkanı verdiyi altı superkompüter mərkəzinin sistemdə birləşdirməsindən sonra fəal surətdə inkişaf etməyə başladı. Şet və b.-ları (Sheth et al., 2001) qeyd edirlər ki, 1985-ci ildən başlamış İnternet şəbəkəsinə birləşdirilən kompüterlərin sayı hər il iki dəfə artır və proqnozlara görə gələcəkdədə də belə situasiya saxlanılacaq.
  • Ümumdünya hörümçək toru (World Wide Web, WWW) – bu İnternet şəbəkəsinin inkişafına şərait yaradan mühüm texnoloji nailiyyətdir. 1989-cu ildə İsveçrənin cenevrədəki universitetin tədqiqatçısı Tim Berners-Li fayl kitabxanasının (tekst, şəkil, səs, video) idarə edilməsi üzrə qaydalar yaratdı. Ümumdünya hörümçək toru adı (WWW, Web) istənilən fayldan şəbəkədəki digər çoxlu sayda fayla keçmək imkanının olmasından yarandı. Orijinal Web texnologiyası 1994-cü ildə, təsvirə baxmaq imkanlı proqram-brauzerlərin hazırlanmasından sonra əhəmiyyətli surətdə modernləşdirildi. O, faktiki olaraq informasiyanın ötürülməsinin supermagistralını yaratmaqla fərdi kompüterlərə problemsiz İnternet şəbəkəsində bir fayldan digərinə keçmək imkanı verdi(Sheth et al., 2001). Və bu yaxınlarda – 1990-cı illərin ortalarında internet şəbəkəsi və ümumdünya hörümçək toru biznesin həyata keçirilməsi üçün ciddi alətə çevrilməklə, kommersiya anlamında sürətlə inkişaf etməyə başladı.
  • Elektron biznes və ya elektron kommersiya İnternet şəbəkəsi və ya ümumdünya hörümçək torunun köməyilə həyata keçirilən biznesdir. Bura təchizat, emal etmə, bölüşdürmə, həmçinin marketinq kimi proseslər aiddir.
  • Elektron marketinq məhsulun İnternet şəbəkəsi əsasında həyata keçirilən bazara irəlilədilməsi və ya müştərilərlə münasibətlərin idarəedilməsi kimi marketinq fəaliyyət növlərinin adlandırılması üçün istifadə edilən termindir. Elektron marketinqi elektron biznesin sukomponenti hesab etmək olar.
  • Lokal korporativ şəbəkə (İntranet) – Yalnız təşkilat daxilindəki istifadəçilərin girişi olduğu informasiyaların mübadiləsinin avtomatlaşdırılmış sistemi. Kompaniya belə şəbəkədən əməkdaşlar arasında, xüsusən də onlar müxtəlif cağrafi rayonlarda fəaliyyət göstərəndə məlumatların daxili mübadiləsi üçün istifadə edir.
  • Ekstra şəbəkə və yaxud müxtəlif kompaniyaların korporativ şəbəkələrinin birləşdirilməsi (Extranet) – İntranet şəbəkəsinə analojidir, ancaq, girişlərin məhdudluğu ilə fərqlənir, ondan ya konkret layihə çərçivəsində, ya da daha geniş planda əməkdaşlıq edən təşkilatlar qrupu birgə istifadə edirlər. Məsələn, firmalar alış və sifariş qaydalarını sadələşdirmək və ya distribyutor şəbəkəsi vasitəsilə təchizatın fasiləsizliyini təmin etmək məqsədilə təchizat zəncirindəki partnyorlarla informasiya mübadiləsini təmin etmək üçün ekstra şəbəkələrdən getdikcə daha çox istifadə edirlər.
İnternet şəbəkəsinin kommersiya reallığına çevrildiyi andan keçən on il ərzində fenomenal inkişaf sürətinə malik olmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, indiyə qədər bu artım istehlakçı bazarındakı (müəssisə — istehlakçı münasibəti) deyil, əsas işgüzar (müəssisə-müəssisə) ticarətlə bağlı olmuşdur.
Məlumatlara görə Böyük Britaniyada İnternet şəbəkəsindən istifadə artımı televizor və radio da daxil olmaqla istənilən əvvəlki texnologiyaların inkişafından daha sürətlə gedir. Analoji artım sürəti digər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də müşahidə olunur, onların çoxunda əhalinin yarısından çoxu İnternetə girir, təxminən beşdə bir hissəsinin isə İnternet vaistəsilə alışlar həyata keçirmək təcrübəsi var. Şəkil 18.1-dəki diaqramda 2000-ci ildə ABŞ istehlakçılarının İnternet şəbəkəsindən istifadə üsulları əks olunmuşdur.
Elektron kommersiyanın inkişafının sürətlənməsinin bir neçə səbəbi var. Timmers (Timmers, 1999) aşağıdakıların sürətli artıma səbəb olduğunu güman edir: nisbətən aşağı xərclər və bu sahəyə daxil olmaq üçün maneələrin cüzi olması (real binalarda ənənəvi təşkilatlar yaratmaqdansa elektron biznes təşkil etmək daha ucuzdur); tezliklə mənfəət almaq imkanı (xüsusən də 1990-cı illərin sonlarında İnternet şəbəkəsində işləyən bir çox sahibkarlar kağız üzərində öz kompaniyalarının dəyərinin belə artımının, ən pis halda, onları tezliklə milyonerlərə çevirəcəklərini gözləyirdilər); həmçinin, məhsulun bazara çıxarılması vaxtının qısaldılması (əvvəlkinə nisbətən yeni məhsul və xidmətləri bazara daha tez çıxartmaq imkanı). Amma yenə də bəzi hallarda bu amillərin cazibədarlığı həddən artıq optimistik olur (Porter, 2001).
Bu qədər effektli artım templəri ilə yanaşı uğursuzluqlar da tez-tez baş verir. Bəzi uğursuzluqların səbəblərini başa düşmək üçün yeni texnologiyaların yayılması prosesinin hansı mərhələdə olduğunu müəyyənləşdirmək çox vacibdir.  Bu vəzifənin praktik həll üsulu ilk dəfə Rocers (Rogers, 1962) tərəfindən dörd onillik bundan əqdəm təklif edilmiş innovasiyanın yayılması modelidir.
Top