Kərim xan Zənd haqqında fransız tarixçisi Pikalt iki cildlik «İran inqilabları haqqında» fundamental əsərində geniş məlumat verir. O, eyni zamanda Nadir şahın qətlindən sonra İranda hakimiyyət uğrunda gedən qırğınlardan, alçaq zorakılıq və zülmlərdən geniş bəhs edir.
Səfəvi xanədanının bütün tərəfdarları II Təhmasibqulunun qohumu Əliqulu xanı şah seçdilər. O da taxt-tacı qəbul edib özünə «Adil» ləqəbini götürdü. Bu üzdəniraq Adil şah neyləsə yaxşıdır? Həmlə ilə Kəlat qələsini alıb Təhmasibqulunun iki böyük oğlunu qətlə yetirdi, qalanlarını da qolu zəncirli hüzuruna gətirtdi. Sonra isə keçmiş şahın oğlanlarının arvadlarının qarınlarındakı uşaqların da məhv edilməsi əmrini verdi ki, gələcəkdə onun heç bir rəqibi qalmasın. Bununla kifayətlənməyib qalan oğlanları da zəhərləyib öldürtdürdü.
Təhmasibin yalnız 14-15 yaşlı nəvəsi Şahrux Mirzə öldürülmədi. Məşhəddə hərəmxanada əsir saxlandı. Sonralar hakimiyyət uğrunda mübarizə daha da şiddətləndi. Taxt-taca yeni-yeni namizədlər meydana çıxdı. Nəticədə Adil şah da bu mübarizədə məğlub olub gözləri kor edildi.
Səfəvilərin yeganə yadigarı olan şahzadə Şahrux Mirzə böyüyüb qoşun topladı, rəqiblərinə qalib gəlib 1749-cu ildə Məşhəddə taxta çıxdı. Elə bu zaman Zənd adlı kürd nəsillərindən biri gücləndi. Onların başçısı Kərim xan Adil şahın başçılığı ilə İsfahanı işğal edən əfqanları İrandan qovub Qacarlardan olan Məhəmməd Həsən xanla bərabər taxt-tacın əsas iddiaçılarından biri oldu. Bu iki iddiaçının mübarizəsində Kərim xan Zənd güclü çıxdı. Lakin Məhəmməd Həsən xanın altı oğlu qalırdı ki, onlardan biri də Ağa Məhəmməd idi. O, yeniyetmə ikən atasına xəyanət etdiyinə görə axtalanmışdı və bu axtalanmış insan İran tarixində ən cəsur və mərd hökmdarlardan biri oldu. Kərim xan Zənd Təbrizi alıb Fətəli xan Qacarı özünə tabe etdirdi. Lakin xəyanətlərlə dolu İran elə qaynayırdı ki, bir xarici diplomatın yazdığı kimi «harada başdır, harada quyruqdur bilmək olmurdu». Xorasan Nadir şahın qohumu, II Təhmasibin nəvəsi Şahruxun əlində idi. Luristan və Xuzistan isə Kərim xan Zəndin düşməni Zəkəriyyə xana itaət edirdi. Ədalət naminə demək lazımdır ki, Kərim xan Zənd ölkəni mərhəmət və ədalətlə idarə etmək, vergiləri azaltmaq niyyətiylə ixtiyarında olan vilayətlərdə həyat səviyyəsini qaldırmaq istəyirdi. Məlumdur ki, sonrakı onilliklərin qırğın və talanlarından xilas olmaq üçün yüz minlərlə iranlı qaçıb qonşu ölkələrdə məskən salmışdı. Kərim xan isə onları vətənlərinə qayıtmağa sövq edirdi. Sonra isə paytaxtı İsfahandan Şiraza köçürtdü, şəhəri xəndək və hasarlarla əhatəyə aldırdı. O, özünü Səfəvi xanədanından salamat qalmış İsmayılın tərbiyəçisi və vəkili elan etdi.
1755-ci ildə o, türklərlə Bəsrə üstündə müharibəyə başladı. Müharibə uzandı və şərab içməyə aludə olan Kərim xan 1779-cu ildə martın 13-də vəfat etdi.
Hakimiyyət uğrunda mübarizə yenidən qızışdı. Zəndin qardaşı Sadıq xan kürd Əlimurad xanla hakimiyyət uğrunda mübarizə apararkən Məhəmməd Həsən xan Qacarın oğlu, iki qardaşıyla Şirazda Kərim xanın yanında girov saxlanılan Ağa Məhəmməd Qacar meydana çıxdı. O, fürsətdən istifadə edərək əsirlikdən qaçdı və vətəni Azərbaycana — Rəştə gəldi. Burada hamı onu gözləyirdi. Dörd qardaşını qoşunlarına sərkərdə təyin edib Əlimurad xana qarşı çıxdı. Qacarın 30 min, Əlimuradın isə 60 min ordusu var idi. Tehran yaxınlığında ordular toqquşdu və Əlimurad xan məğlub oldu. Bundan ruhlanan Qacar Mazandaranda və Gilanda güclü ordu toplayıb yürüşə çıxdı və xarici diplomatların yazdığı kimi «qabağına çıxanları bir-bir darmadağın etdi». Nəhayət, 1785-ci il mayın 2-də İsfahana daxil oldu. Lakin ayrı-ayrı fars əyalətlərində qiyamlar davam edirdi. Bunlardan biri də Lütfəli xanın başçılığı ilə Şirazda başlanmışdı. Zənd tayfalarından olan Lütfəli xan Ağa Məhəmmədlə mübarizədə duruş gətirə bilmədi. Ağa Məhəmməd Şirazı alıb oranı qardaşı Mustafa Qulu xana tapşırdı. Lakin Kirmanda məskunlaşmış Lütfəli xan hələ də mübarizəni davam etdirirdi. Ağa Məhəmməd şəhəri mühasirəyə aldı və çox keçmədən zəndlərin son istinadgahı da alındı. Ağa Məhəmməd cəza kimi şəhəri qoşunlarının ixtiyarına verdi və Kirman üç gün ərzində qarət olundu. Beləliklə, 1795-ci ildə 20 illik anarxiyadan sonra İranda vahid üsul-idarə — şahlıq bərpa olundu.
Ağa Məhəmməd Qacar İranın yeni xanədanının banisi oldu. Və kiçik şəhər olan Tehranı özünə paytaxt seçdi. Sonra isə o, Nadir şah imperiyasını bərpa etmək qərarına gəldi. Birinci növbədə Gürcüstandan başlamaq lazım idi. Çünki orada rusların gözü vardı. Nadir şahın vaxtında ruslar Qafqaz tərəfə baxmağa belə cəsarət etmirdilər. Nadir şahdan sonra ruslar Dərbəndə, Bakıya, Tiflisə dalbadal hərbi hissə və diviziyalar göndərməyə başladılar.
1795-ci ilin aprelində Qacar kiçik bir ordu ilə yürüş edib bir həmləyə Tiflisi aldı. Rus general-mayoru Savelyev işə qarışmağa cürət etməyib uzaqdan tamaşa etdi. Bundan sonra Ağa Məhəmməd Qacar sürətlə Xorasana gəlib Nadir şahın və Səfəvilərin xəzinəsini ələ keçirtdi. Bu zaman ona xəbər çatdı ki, ruslar təzədən Tiflisə daxil olublar. Qacar qəzəblənib onları birdəfəlik qovmaq üçün yenidən bu uzaq yürüşə çıxdı. Zubovun başçılığı altında olan düşmən polklarını əzib onları Dərbəndə qədər qaçmağa məcbur etdi. Bu sanki görünməmiş bir təntənə idi. Güclü hərbi texnikası, hərbi bazaları, saysız-hesabsız sursat və orduları olan nəhayətsiz bir imperiya uzun müharibələrdən təzəcə çıxan, hərbi-texniki cəhətdən geridə qalan İran qoşunlarına məğlub olmuşdu. Fransız tarixçisi Pikalt yazırdı: «Lakin əvəzində rusların bəxt ulduzu onlar üçün vuruşurdu. Birdən onların düşməni dayandı və mübarizə meydanından çəkildi. Elə həlledici və gözlənilməz bir hadisə baş verdi ki, bütün müvəffəqiyyətli kompaniyaya son qoyuldu».
Bəli, 1797-ci ildə beyinsiz yaxın xidmətçiləri namərdcəsinə iki xəncər zərbəsiylə bizi rus fəlakətindən xilas edən bir insanın ürəyini susdurdular. Sonralar bu faciəni qətli qəhrəmanlıq kimi tərənnüm edənlər də tapıldı.
Bəli, biz beləyik və Ağa Məhəmməd şah Qacarın ömrü də belə başa çatdı. Cəmi 16 il sonra Azərbaycan iki yerə parçalandı və onun şimal hissəsi rus işğalçılarının tapdağı altına keçdi.
Müəllif:
Əlisa Nicat
Mənbə: «Dünya sərkərdələri» kitabı