Zədələnmələr zamanı həkimə-qədərki ilk tibbi yardımın böyük əhəmiyyəti olduğunu artıq bilirsiniz. Bunun üçün ilan sancması, burxulma və çıxıqlar, sınıqlar, qanaxma, yanıqlar, ürəkgetmə, boğulma zamanı göstərilən ilkin tibbi yardım tədbirlərini yadınıza salın.
Bəs bu hadisələrin məsuliyyətsizlik nəticəsində yarandığını və yaxud təhlükəsizlik qaydalarını bilmədiyimizdən baş verdiyini bilirsinizmi? Heç özünüzə: «Belə etsəydim, bu baş verməzdi», — demisinizmi?
Dünyada, o cümlədən də ölkəmizdə zəhərli ilan sancmasından hər il çoxlu sayda insan ziyan çəkir. Havaların həddən artıq isti keçdiyi yay aylarında bu təhlükə daha da artır.
Süleyman Sani Axundovun əsəri əsasında çəkilmiş
«Qaraca qız» filmini yadınıza salın. Ağca xanım Qaraca qızı axtararkən çəpərin dibindəki zəhərli ilan atılıb onun ayağını sancır. Qaraca qız zəhəri sorub yerə tökməyə başlayır. Onun dodağında çatyeri olduğu üçün zəhər tüpürcəklə qanına keçir və onu xilas mümkün olmur.
İlan sancması zamanı hansı ilkin tibbi yardım tədbirlərinin görülməli olduğunu yadınıza salın. Bəs ilanlara haralarda təsadüf olunur? Onlarla rastlaşan zaman nə etmək lazımdır?
Əhali sürünən heyvanların, xüsusilə ilanların həyat tərzi, davranışı barədə məlumatsız olduğundan tez-tez onların hücumuna məruz qalır. Zəhərli ilan sancması hallarının 30 faizi ölümlə nəticələnir. Çünki ilan zəhərinin tərkibində sinir sisteminə təsir göstərib iflicə səbəb olan, qandakı qırmızı qan hüceyrələrini, qan damarının divarlarını parçalayaraq qansızmaya səbəb olan, qanın laxtalanma qabiliyyətini azaldan və ya artıran fermentlər vardır.
İlanlar, əsasən, ölçülərinə və növlərinə görə bir-birindən fərqlənir. Onlar uzunluğu 12 sm olan soxulcanabənzər kor ilanlardan, uzunluğu 12 m-ə, çəkisi 120 kq-a çatan nəhəng anakondalaradək çox müxtəlif olur.
İlanlar hücum etmir, yalnız bədənləri açılacaq qədər düşmənə tərəf tullanır və sancmağa çalışaraq özlərini müdafiə edir. Bu isə ilanı tutmaq, öldürmək istədikdə baş verir. Ona görə də ilanlara, xüsusilə də zəhərli ilanlara 1,5 m məsafədən artıq yaxınlaşmaq təhlükəlidir.
İlan olması ehtimal edilən ərazidə gəzərkən və ya işləyərkən ehtiyatlı, diqqətli olmaq lazımdır. Belə halda hər hansı bir əşya ilə və ya ayaqla yeri, daşı, kolluğu döyəcləmək, sonra sakitcə dayanıb diqqətlə qulaq asmaq lazımdır. Əgər ilan varsa, bu səsdən qorxub fısıldayaraq özünü büruzə verəcəkdir.
Bütün ilanlar zəhərli deyil. Bir çox zəhərsiz ilanlar da, məsələn, qızıl ilan, şahmar, təlxə, kələzlər düşmənlə rastlaşdıqda eynilə zəhərli ilanlar kimi davranır. Xalq arasında qızıl ilan kimi tanınan zəhərsiz sarıqarın təlxə özünü daha aqressiv aparır. Yaxınlaşdıqda adamın üstünə tullanmağa, hücum etməyə çalışır. Sancsa da, heç bir təhlükəsi olmur.
İlan sancması zamanı insana tibbi yardım tədbirləri ilk saniyələrdən göstərilməlidir. Hər şeydən əvvəl, ilanın zəhərli və ya zəhərsiz olduğunu müəyyən etmək lazımdır. Əgər zədələnən yerdə — ilanın dişi batan hissədə iki iri qırmızı nöqtə görünürsə, bu, zəhər dişlərinin yeridir və sancmış ilanın zəhərli olduğunu göstərir. Əgər 2 cərgə çoxsaylı kiçik qırmızı nöqtələr görünürsə, bu, xırda yem dişlərinin yeridir və deməli, zəhərsiz ilan sancmışdır.
ZƏHƏRLİ HÖRÜMÇƏKLƏR
Hörümçəklər içərisində zəhərli növlər çox azdır. Respublikamızda 2 zəhərli hörümçək növünə təsadüf edilir. Bunlar qaraqurd və tarantuldur. Qaraqurdun zəhəri heyvanlar və insanlar üçün qorxuludur. Bizim ölkədə isə yayılan növlərin zəhəri nisbətən zəifdir. Orta Asiyada yayılan hörümçək növlərinin zəhəri atı, inəyi, hətta dəvəni belə öldürə bilir. Hörümçəklərin sancması zamanı baş və əzələ ağrıları, ürəkbulanma və zəiflik, tənəffüsün çətinləşməsi, qızartı, şişkinlik, iltihab kimi əlamətlər müşahidə olunur.
Əqrəblər də insanlar üçün təhlükə törədə bilir. Onlar özünümüdafiə üçün olan zəhərli neştərlə insanı sancdıqda zəhər yaraya axır. Əqrəblər gündüzlər gizlənir, gecələr isə ov edir. Onlara daş altında, divar daşları arasında, torpaqda rast gəlinir. Respublikamızda 3 növ əqrəb yaşayır. Sarı və boz əqrəbin zəhəri zəif, qara əqrəbin zəhəri isə çox güclüdür və xüsusilə uşaqlar üçün təhlükəlidir. Onun dişlədiyi insan 10-15 gün çox ağır xəstə olur.
Özünü və ətrafdakı insanları təhlükədən qorumaq üçün xilasetmə və təhlükəsizlik qaydalarını bilmək lazımdır. Bunlar aşağıdakılardır:
- Təhlükəni öncədən görmək
- Təhlükədən qaçmaq
- Qəti və dəqiq hərəkət etmək
- Qorxmamaq, özünü itirməmək
- Təhlükədə olanlara köməyə çatmaq
- Yardım çağırmaq
- Sona qədər mübarizə aparmaq
Otlaq gənələri hörümçəkkimilər dəstəsinə aiddir. Onlar ensefalit xəstəliyinin keçiricisidir. Bu gənələr haqqında məlumat toplayın və onlardan qorunmaq yollarını müəyyən edin.
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova, Pərviz Ağalarov
Mənbə: Həyat Bilgisi — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik