Bölüşməyi bacarmalıyıq

Bölüşməyi bacarmalıyıq

4-6 yaş arasındakı uşaqlarda "mənlik" (eqoizm) duyğusu ön plana çıxır. Onlar hər şeyə " mənim " deyirlər, öz oyuncaqlarına kiminsə əl vurmasına isə əsla razı olmurlar. Öz əşyalarını kiminləsə bölüşmək də istəməzlər. Bu yaş həddi onlara səxavətli olmağı öyrətməyin tam zamanıdır. Eqoizmin onların içində tam yerləşməməsi üçün gecikmədən bu istiqamətdə iş aparmalıyıq. Bunun üçün onun dostları ilə tez-tez görüşməsini təmin etməliyik. Əgər qardaş və ya bacı varsa, onlardan da istifadə etmək mümkündür. Onun üçün aldığınız yeməkdən bacı-qardaşına da pay ayırmasına təşviq edin. Hər səxavətli davranışını alqışlamalı, lazım gəlsə, başqalarının yanında onu tərifləməliyik. uşaqlar üçün oyuncaqBölüşməyi öyrəndikcə onda sevgi, qardaşlıq, yardımlaşma kimi duyğular inkişaf edəcək və zaman keçdikcə bu hisslər onda daimi yer tutacaq. Bunun üçün məktəb çağları ən əlverişli vaxtdır. Çünki məktəbdə onun çoxlu dostu olur. Arabir ona iki hədiyyə alın və: " Övladım, bunlardan birini sənin üçün aldım, digərini isə istədiyin bir dostuna hədiyyə et ",- söyləyin. Sonra isə bu hədiyyəni verib-vermədiyini yoxlayın. Əgər veribsə, keçirdiyi hissləri, təəssüratlarını onunla bölüşün. Bu hisslərin əsl insana, dosta yaraşan hisslər olduğunu ona başa salın

Vermək, verə bilmək çox ülvi və uca duyğudur. Biz övladlarımıza bəslədiyimiz hədsiz sevgiyə görə bəzən onların xətalarını görməməzliyə vururuq. Hətta övladımızın xəsisliyini " Mənim övladım malının qiymətini bilir " kimi izah edirik. Malın qiymətini bilmək ayrıdır, xəsislik ayrı. Ona görə də bir valideyn kimi diqqətli olmalıyıq, " O hələ uşaqdır, böyüyəndə düzələcək " deyib hər şeyi zamanın öhdəsinə atmamalıyıq. Çalışmalıyıq ki, övladlarımız karandaşlarını göz bəbəyi kimi qorusun, dəftərinin vərəqlərini cırıb atmasın, qələmi və ya pozanı itdikdə onları axtarıb tapsın, amma yeri gələndə onları başqalarına da hədiyyə edə bilsin, dostlarının da onun əşyalarından istifadə etməsinə icazə versin.

Ətrafımıza diqqətlə baxaq. " Qonşum ac ikən mənim gözümə yuxu girməz " deyənlərin sayı çox olsaydı, bu qədər kasıb, dilənçi olardımı? Mərhəmət etmək, halına acımaq, yıxılana əl tutmaq, bir dilim çörəyi yarı bölməyi bacarmaq kimi ülvi duyğular sadəcə Hacı Zeynalabdin Tağıyev kimi insanların xatirələri yad edilərkən xatırlanmamalıdır. Belə insanların davamçısı olmaq üçün əvvəlcə özümüzü, sonra övladlarımızı tərbiyə etməliyik. Bəlkə də indi içinizdə: " Bu millətin qurtarıcısı mənəm? Dünyanı mənim övladımmı xilas edəcək?" -deyirsiniz. O zaman kasıb-kusubu bir kənara qoyaq. Qoca ata-anasını kimsəsizlər evinə qoyanlara münasibətiniz necədir? Hər halda bir valideyn kimi qocalığınızın oralarda keçməsini istəməzsiniz.

Unutmayın ki, bunun kökündə uşağın yanlış tərbiyəsi dayanır. Uşağınıza onun üçün aldığınız şokoladı dostları ilə bölüşməyi öyrətməsəniz, kiçik qəlblərində xəsislik cücərməyə başlayır. Hətta iş o həddə çatır ki, övlad böyüyüb ailə sahibi olduqda qoca ata-anasının yediklərini süfrəsinə əlavə yük kimi qəbul edir, qazancını valideynlərinə çox görür.

Övladının rahat həyat yaşamasını hər bir valideyn istəyir. Bu səbəbdən övladlarımız üçün var-dövlət toplayırıq, ev tikirik, pul yığırıq. Yeganə məqsədimiz onların problemli həyat yaşamamalarıdır. Əslində bütün bu cəhdlər əbəsdir. Çünki ruzini verən Allahdır. Övladlarımızın maddi rahatlığını düşündüyümüz qədər mənəvi inkişafına da əhəmiyyət verək. Onların ülvi hisslərinin formalaşması üçün kiçik məsrəflərdən qorxmayaq. Siz bir insan yetişdirdiyinizi unutmayın. O yaxşı bir insan olsa, səxavətli olsa, həm mənəvi olaraq rahat olacaq, həm də hər yaxşılığı artıqlaması ilə geri qaytaran Allahın yardımına layiq olacaq. Ona görə də övladlarımıza səxavətli olmağı öyrətmək çox önəmlidir.


Cənnətin qapısını həm də səxavətlilik açar...
Top