Nevrogen anoreksiya

Nevrogen anoreksiya

Nevrogen anoreksiya qida qəbulu pozuntusu olub, arıqlamaq üçün məqsədyönlü şəkildə bədən çəkisinin azalmasına doğru yönəldilmiş bir vəziyyətdir. Bu zaman bədən çəkisinin 15% və daha çox itirilməsi baş verir. Xüsusən, gənclik dövrlərində təsadüf olunur. Oğlanlara nisbətən qızlarda 15 – 20 dəfə çox rast gəlinir. Pozuntuya düçar olmuş şəxs az yeməklə daha incə bel və cəlbedici olmağa səy göstərir. Onlarda kökəlməyə və piylənməyə qarşı qəribə bir qorxu yaranır.

Ətrafdaki insanların inandırıcı dəlillərinə, günü – gündən arıqlamalarına baxmayaraq özlərini kök, yaraşıqsız hesab edirlər və aclıq pəhrizini heç bir vəchlə dayandırmaq istəmirlər. Belə şəxslər nəinki az yeyir, hətta arıqlamanı sürətləndirmək üçün əlavə üsullara əl atırlar. Məsələn: ağır fiziki hərəkətlərdən, qarın işlədici dərmanlardan və s. bu kimi köməkçi vasitələrdən istifadə edirlər.

Nevrogen anoreksiya 3 dövrü müəyyən edilir
Birinci stadiyada ( Dismorfomanik ) – pasiyent kiçik bir çəkidən təşvişə düşür, əhvalı pozulur, müxtəlif pəhrizlər axtararaq onlardan istifadə edir.



İkinci stadiya ( anoreksik ) – davamlı aclıq fonunda davam edir, normal çəkinin 20 – 30% –ə qədəri itirilə bilir. Bu hal pasienti sevindirir və daha artıq arıqlamaq, “gözəlləşmək” üçün fərəhləndirir. Bu stadiyada orqanizmdə artıq fizioloji proseslərin pozğunluğu yaranır. Dövr edən mayenin miqdarı azalır ki, bu da ürək qan–damar sistemində dəyişikliklərə səbəb olur, təziqin və nəbzin düşməsi baş verir. Bununla yanaşı, dərinin quruması, saçların tökülməsi və hormonal pozğunluqlar yaranır.

Üçüncü stadiyada (kaxektik) – daxili orqanlarda geriyə dönməz proseslər başlayır. Normal bədən çəkisinin 50% və daha çox itirilməsi orqanizmin maddələr mübadiləsini pozur. Bu etap geri dönməz olub, orqanizmi məhvə doğru aparır.

Dr. Almaz Əskərova
Top