Ev şəraitində süd vəzilərini müayinə etmək

Ev şəraitində süd vəzilərini müayinə etmək

Unutmayın, erkən aşkarlandıqda süd vəzi xərçənginin qarşısını almaq mümkündür! Ayda bir dəfə 10 dəqiqə vaxt ayıraraq süd vəzinizdə baş verən hər hansı dəyişikliyi vaxtında aşkarlaya bilərsiniz.

Hər bir xanım öz-özünə süd vəzilərini müayinə etməyi bilməli, hətta bunu adi bir iş halına salmalıdır. Əgər bilmirsə, öyrənməli və utanmamalıdır. Bu, vacib və mütləqdir. Süd vəzilərini ayda bir dəfə olmaqla, mütəmadi olaraq müayinə etmək lazımdır.

Şərti olaraq xanımları dörd qrupa bölək:
1. Menstruasiya dönəminə çatmayan xanımlar
2. Normal menstruasiya dönəmi olan xanımlar
3. Menstruasiya dönəmi qeyri-mütəmadi olanlar
4. Menstruasiya dönəmindən tamamilə kəsilmiş xanımlar.

1, 3 və 4-cü qrupdakı xanımlar müayinəni ayda bir dəfə eyni tarixdə olmaqla (məsələn, hər ayın 1-də) özləri etməlidir. 2-ci qrupdakı xanımlar isə müayinəni menstruasiya başlanan gündən həmin günü 0 qəbul edərək 7-10 gün sonra aparılmalıdı. İstifadə olunan alət sizin ÖZ ƏLLƏRİNİZDİR! Sağ (sol) əlin paralel və ya qismən paralel şəkildə orta üç barmağın və ya dörd barmağın (başbarmaq olmamaq şərtiylə) uc hissələriylə sol (sağ) süd vəzi və ətrafına basqı göstərməklə həyata keçirilir. Basqılar növbə ilə zəif,orta və güclü şəkildə bir-birini əvəz etməlidir.

Süd vəzilərinin müayinəsinin aparılma taktikası aşağıda qeyd etdiyim kimidir:
— Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsini asanlıqla tam şəkildə görə biləsiniz.
— Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə, daha sonra başınızın arxasına qoyun.
— Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol(sağ) əl ilə sağ(sol) süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, saat əqrəbi istiqamətində və ya yuxarıdan aşağıya, bayır tərəfdən iç tərəfə yuxarıda qeyd etdiyim kimi əlləyin. Bundan başqa, qoltuqaltı sahələri də əlləyin.
— Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın. Bu zaman ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkiminizə bu haqda bilgi verməlisiniz.
— Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.

Hansı dəyişikliklərə fikir verilməlidir?
• Ağrının olması;
• Heç bir ağrı olmasa da, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin hiss edilməsi ;
• Süd vəzi giləsindən və ya gilələrindən mayenin ifraz olunması;
• Süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər;
• Vəzi səthindəki dərinin və ya vəzi giləsinin içəriyə doğru dartılması;
• Vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması;
• Qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;
• Vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.

Müayinə zamanı hər hansı cüzi bir dəyişiklik hiss etdikdə zaman itirmədən seçdiyiniz və inandığınız həkimə müraciət edin.

Müəllif: həkim-onkoginekoloq Cəlil Bağırov
Top