Anoreksiya nevrosa – xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.
Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.
Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 – 1%-ndə görünür və xəstələrin 95 %-i 12-20 yaş arası qızlar olur.
Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan “Arıqsansa yaxşı görünürsən” fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb olub. Bundan başqa bəzi ailəiçi problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nevrosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:
— Bədən çəkisinin yaş normasından 15% və daha çox əskik olması
— Arıq olmasına baxmayaraq kökəlməkdən həddən ziyadə qorxması
— Özünü düzgün qiymətləndirməməsi
— Qadınlarda amenoreya (ən azı 3 ay müddətində menstruasiyanın olmaması)
— Kişilərdə libidonun zəifləməsi
Onu da qeyd edim ki, belə xəstələr mükəmməlliyi sevir və işlərində çox nailiyyətlər əldə edirlər.
Anoreksiya iki formada özünü büruzə verir:
— Birinci tipdə xəstələr yeməyin miqdarını azaldır və ya ondan imtina edir
— İkinci tipdə isə yeməyi çox sürətlə və çox miqdarda qəbul edir, sonra isə qusur.
Xəstəliyin gedişi üç mərhələyə ayrılır:
Disformanik mərhələdə xəstələr öz bədən çəkisi və xarici görünüşü ilə əlaqədar depressiyaya düşür. Arıqlamaq üçün ideal pəhriz axtarışında olur.
Anorektik mərhələyə keçid dayanıqlı aclıq nəticəsində baş verir. Xəstələrin bədən çəkisi 20-30 faiz azalır və bu onları çox xoşbəxt edir. Əslində isə dövr edən qanın miqdarı azalır, hipotoniya və bradikardiya yaranır, üşümə, tez-tez xəstələnmə, dərinin quruması və alopesiya (keçəlləşmə) əlamətləri meydana çıxır. Daha bir əlamət – qadınlarda menstrual dövrünün pozulması, kişilərdə isə spermatogenezin və cinsi fəaliyyətin zəifləməsidir. Endokrin sistemində getdikcə pozulmalar inkişaf edir, sümüklərdə osteoporoz inkişaf edir. Toxumaların sürətli parçalanması səbəbindən iştaha tamamən kəsilir.
Kaxektik mərhələ 1,5 – 2 ildən sonra inkişaf edir, daxili orqanlarda geriyə dönməyən distrofik dəyişikliklər baş verir. Bu mərhələdə bədən çəkisinin 50%-dən artığı itirilə bilir. Bu səbəbdən su-duz mübadiləsi pozulur, zülalsız ödemlər yaranır, orqanizmdə kaliumun miqdarı kəskin surətdə azalır, bu da ürək ritmində ağır pozulmalara səbəb olur. Kaxektik mərhələdə baş verən distrofik dəyişikliklər adətən geriyə dönmür və proses ölümlə nəticələnir.
Xəstələrin 30%-i sağalır, 30%-ndə yaxşılaşma, 30%-ndə xronikləşmə qeyd olunur. Təəssüf ki, 10% hallarda anoreksiya nevrogenosa ölümlə nəticələnir.
Xəstəliyin müalicəsi pozulmanın erkən mərhələsində başladıqda daha yaxşı nəticə əldə olunur. Müalicə əsasən psixoterapiyadan, alimentar reabilitasiyadan və müalicəvi qidalanmadan ibarətdir.
Müalicənin ilkin mərhələsində xəstə gündə 6-7 dəfə kiçik porsiyalarla yemək yeməlidir. Pəhrizdə yetərli miqdarda təzə meyvə, tərəvəz, meyvə quruları, göyərti, qoz, süd və qatıq, pendir, yumurta, balıq kimi ərzaqlar olmalıdır.
Əgər xəstə müalicə başlandıqdan bir ay sonra 2-3 kg və daha çox çəki artırıbsa, bu terapiyanın effektli olduğuna dəlalət edir.
saglamolun.az