Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Hemorroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.
Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.
Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir.
Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır.
Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi ilk hallarda insanların yol verdiyi ən böyük səhv, onların həkimə gec müraciət etməsidir. Bir çox insanlarda belə bir səhv fikir formalaşmışdır ki, babasil qorxulu xəstəlik deyil. Yuxarıda bu xəstəlik zamanı baş verə bilən fəsadların bir hissəsinin qeyd edilməsi yəqin ki, bu firkin səhv olduğunu zənn etməyə imkan verir. Bundan başqa, yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan (məsələn, düz bağırsaq xərçəngi) xəstəliklərin də əlaməti ola bilər.
Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.
Babasilin risk faktorları
- xəstəliyə irsi meylliliyin olması;
- bədən çəkisinin normadan artıq olması;
- uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;
- ağır əşyaların qaldırılması;
- xroniki qəbizlik;
- alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;
- tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;
- təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.
Qeyd etmək lazımdır ki, babasil xəstəliyinin profilaktikası, digər bağırsaq xəstəlikləri kimi, dişlər və mədə xəstəliklərinin profilaktikası olmadan aparıla bilməz.
Babasilin profilaktikası
— Bağırsaqların normal fəaliyyəti üçün daim fiziki gərginlik lazımdır (idmanla məşğul olmaq, uzun müddət ərzində açıq havada gəzmək);
— Əgər işiniz uzun müddət ərzində oturaq haldadırsa (sürücülər, ofis işçiləri və s.), gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır. Avtomobilin oturacağı və ya iş yerində oturduğunuz kreslo çox yumşaq olmamalı.
— Nəcis ifraz edilməsinə mütləq nəzarət edərək qəbizliyin olmasına yol verməyin. Babasilin inkişaf etməsinin və ya onun kəskinləşməsinin qarşısını almaq üçün tərkibində kifayət qədər sellüloz olan qidaların qəbul edilməsi kimi pəhriz rejiminə əməl etmək lazımdır. Bu, qəbizliyin aradan götürülməsinə, defekasiya aktının güc vermədən baş verməsinə səbəb olur. Meyvə və tərəvəzlər sellüloz ilə zəngin olur. Sellüloz buğda kəpəyində xeyli miqdarda olur ki, bunları da qidaya əlavə etmək olar.
Qəbizliyi olan insanlar üçün ən sadə bir üsulu qeyd etmək olar: 1 çay qaşığı buğda kəpəyinin üzərinə ¼ stəkan ilıq su əlavə edib 10-15 dəqiqə saxladıqdan sonra içmək lazımdır. İlk 2-3 gün ərzində buğda kəpəyindən 1-2 çay qaşığı istifadə etmək, nəticə alınmadığı halda isə gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən
5-6 çay qaşığına qədər artırmaq olar. Nəcis ifrazı normallaşdıqdan sonra gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən azaldaraq 1-2 çay qaşığına çatdırmaqla uzun müddət ərzində qəbul etmək tövsiyə olunur.
Mənbə: saglamolun.az