Artıq tərləmənın səbəbləri

Artıq tərləmənın səbəbləri

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.

Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir. Ağır fiziki işlər zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyudulur.

İnsan emosional sarsılma, stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stresə qarşı olan təbii reaksiyasıdır.

Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir. Lakin bəzi hallarda tərləmə patoloji xarakter daşımağa başlayır. İnsan fikir verir ki, o, hətta soyuq havada və sakit vəziyyətdə olduqda çox güclü şəkildə tərləyir. Bu hal «hiperqidroz» (lat. «hiper» — artırılmış, «hidro» — su) adlandırılır.

Bu hal müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu səbəbdən əgər insan birdən-birə güclü və səbəbsiz tərləməyə başlayıbsa, buna diqqət yetirmək lazımdır.

Hiperhidroz bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:
— Pnevmoniya, müxtəlif infeksiyalar, revmatizm, xərçəng xəstəliyi zamanı xəstə havanın temperaturundan asılı olmayaraq çox güclü tərləyir. Ağ ciyər vərəmi zamanı xəstələr gecə saatlarında daha güclü tərləyirlər. Təbii ki, bu simptomla yanaşı insanda xəstəliyin digər simptomları da meydana çıxır.

— Qalxanvari vəzi orqanizmə lazım olandan artıq miqdarlarda hormonları ifraz etdikdə, insan orqanizmində gedən mübadilə prosesləri sürətlənir. Belə xəstələrin dərisi daim nəm və isti olur, nəbzi sürətlənir, saçlar nazilir, əllər əsir.

— Nevroz və digər sinir sistemi pozulmaları zamanı insanların əlləri və ayaqları daim nəm və soyuq olur.

— Qadınlarda hormonal fonunun geyri-sabit olması (məsələn, klimaks zamanı) güclü tərləmə tutmalarına səbəb olur — güclü tərləmə qəfildən başlayır və qadını bir neçə dəqiqə ərzində «tər basır».

— Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.

Lakin bəzən heç bir ciddi xəstəliyi olmayan insanlarda da hiperhidroz müşahidə olunur. Əksər hallarda belə insanlarda üz, qoltuğaltı nahiyələri, əllər və ayaqlar güclü tərləyir. Bu insanın sağlamlığına heç bir ciddi ziyan vurmasa da, psixoloji kompleksin yaranmasına səbəb olur, insanlarla ünsiyyətdə, işdə və ailədə problemlər yaradır. Tərləmədən qorxan insan daha güclü tərləməyə başlayır, utanır, paltarların seçimində əziyyət çəkir, insanlarla görüşməkdən çəkinir (əllərin daim nəm olduğuna görə) və s. Bir çox hallarda belə hiperhidoz sinir sistemi geyri-sabit olan insanlarda müşahidə olunur. Bu səbəbdən belə insanlar ilk növbədə nevropatoloqa müraciət etməlidir.

Müasir antipersperantlar və dezodorantlar güclü tərləmə ilə mübarizədə yaxşı kömək edir. Lakin bu vasitələr, təbii ki, əllər və üz üçün uyğun gəlmir. Bundan əlavə bu vasitələrdən süi-istifadə etmək olmaz. Bəzi elmi müşahidələr sübut edir ki, bu vasitələrin tərkibində olan alüminium böyrəklərə mənfi təsir edir, qadınlarda süd vəzi xəstəliklərinə təkan verə bilər, hətta onkoloji xəstəliklərinin riskini artırır və s.

Müasir tibb hiperhidrozla mübarizə üçün müxtəlif vasitələr təqdim edir — cərrahiyyə əməliyyatları, botoks preparatının inyeksiyaları. Bildiyimiz kimi, botoks preparatı qırışlarla mübarizə aparır. Lakin bu preparat həmçinin hiperhidrozun müalicəsində dünyada «qızıl standart» sayılır.
Top