Burun boşluğunu iki hissəyə bölən, sümük və qığırdaqdan ibarət olan bir divarın sağa, yaxud sola, bəzi hallarda isə hər iki tərəfə əyilməsinə burun çəpərinin əyriliyi deyilir.
Səbəbləri
Burun çəpərinin əyriliyi, əsasən yıxılma, buruna, sifətə zərbə və yaxud da üz və kəllə skeletinin formalaşması zamanı onların bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.
Simptomları
Bu və ya digər səbəbdən burun çəpəri əyri olan şəxslərin ən birinci şikayəti burunun tutulmasından olur. Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər.
Diaqnostikası
Diaqnoz çox vaxt xəstənin şikayətlərinə və rinoskopiyaya (burunun daxili müayinəsi) əsasən qoyulur. Rentgenoqrafiya və kompyuter tomoqrafiya (KT) müayinələrinin də aparılması diaqnozu və əyriliyin xarakterini dəqiqləşdirmək və sənədləşdirmək üçün vacib sayılır. Əlavə olaraq, burunun hava keçiriciliyini yoxlamaq üçün rinomanometriya aparıla bilər.
Müalicəsi
Cüzi dərəcədə əyriliklər xəstəni narahat etmədiyi halda, xüsusi müalicə tələb olunmur. Ancaq sadalanan simptomlar və ağırlaşma riski ortaya çıxarsa cərrahi əməliyyat vacib sayılır. Bu əməliyyat əsasən içəridən aparılır və burada prinsip əyilmiş sümük və qığırdaq hissələri xaric etməkdən ibarətdir. Çıxarılan hissəciklər nisbətən əyridirsə, onları düzəldərək yerinə qaytarmaq olar. Həddindən çox əyilmiş sümüklər isə xaric olunur. Əməliyyat həm yerli, həm də ümumi anesteziya altında aparıla bilər. Əməliyyatdan sonra adətən tənəffüs bərpa olunur, ancaq burada vacib olan tənəffüsü çətinləşdirən yanaşı xəstəliklərin olub-olmaması və onların da vaxtında müalicəsinin aparılmasıdır.