Konsul məntəqələrinin təsis edilməsi
Dövlətlər arasında diplomatik münasibətlərin qurulması, əgər xüsusi olaraq bunun əksi müəyyən edilməyibsə, konsul münasibətləri qurulmasına razılığı nəzərdə tutur. Lakin diplomatik münasibətlərin qırılması konsul münasibətlərinin avtomatik qırılması demək deyildir.
Konsulluğun təşkil edilməsi üçün, konsul postunun yerləşmə yeri və statusu (yəni baş konsul, konsul, konsul müavini və ya fəxri konsul), eləcə də konsulluğun yurisdiksiya sahəsi haqqında informasiya istəyə biləcək qəbul edən ölkənin icazəsi tələb olunur. Bundan başqa, bu müddəalardakı istənilən sonrakı dəyişilmələrə, eləcə də konsulluq ərazisinin harasında olursa-olsun istənilən əlavə konsul xidmətləri təşkil olunmasına qəbul edən ölkənin icazəsi tələb edilir.
Konsul funksiyaları konsul münasibətləri haqqında Vyana konvensiyasında şərh edilmişdir:
a) qəbul edən ölkədə göndərən ölkənin, eləcə də həm ayrıca, həm də təşkilatlarda birləşən onun vətəndaşlarının beynəlxalq qanunlara uyğun şəkildə qorunması;
b) göndərən dövlətlə qəbul edən dövlət arasında ticarət, iqtisadi, mədəni və elmi əlaqələrin inkişafına, konvensiyanın müddəalarına uyğun olaraq onlar arasında dostluq əlaqələrinin istənilən başqa formasının saxlanmasına yardım edilməsi;
c) qəbul edən ölkənin ticarət, iqtisadi, mədəni və elmi həyatındakı inkişaf haqqında bütün qanuni üsullarla informasiyalar əldə edilməsi və ardınca bu informasiyaların göndərən ölkənin hökumətinə və əlaqədar şəxslərə göndərilməsi;
d) göndərən ölkənin vətəndaşlarına pasportların və yol sənədlərinin verilməsi, eləcə də göndərən ölkəyə səfər etmək istəyən şəxslərə vizaların yaxud müvafiq sənədlərin verilməsi;
e) göndərən ölkənin həm fərdi, həm də qruplar şəklində birləşmiş vətəndaşlarına kömək göstərilməsi;
f) notarius, mülki qeydçi qismində fəaliyyət, eləcə də müvafiq hallarda, qəbul edən ölkənin qanun və qaydalarının ziddinə olmaması şərti ilə, bəzi inzibati funksiyaların yerinə yetirilməsi;
g) qəbul edən ölkənin ərazisində ölüm baş verdikdə (mortis causa) göndərən ölkənin həm fərdi, həm də qruplar şəklində birləşmiş vətəndaşlarının maraqlarının qəbul edən ölkənin qanun və qaydalarına uyğun olaraq gözlənilməsi zəmanəti;
h) göndərən ölkənin həddi-buluğa çatmayan və digər iş bacarığı olmayan vətəndaşlarının, xüsusən də belə adamlara münasibətdə qəyyumluq yaxud hamilik tələb olunduqda, maraqlarının qəbul edən ölkənin qanun və qaydaları dairəsində qorunması;
i) göndərən ölkənin vətəndaşları hüquqi dəstəyin olmaması səbəbindən yaxud başqa səbəbdən öz hüquq və maraqlarının müdafiəsini vaxtında almaq iqtidarında olmadıqda, belə vətəndaşların tribunal yaxud qəbul edən ölkənin digər hökumət orqanları qarşısında qəbul edən ölkədə həyata keçirilən işlərdə və proseduralarda — qəbul edən ölkənin qanun və qətnamələrinə uyğun olaraq belə vətəndaşların hüquqlarının və maraqlarının qorunması üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədi ilə təqdim edilməsi yaxud müvafiq təqdimatın hazırlanması;
j) qüvvədə olan beynəlxalq müqavilələrə müvafiq olaraq, yaxud belə müqavilələr olmadıqda, qəbul edən ölkənin qanun və qaydaları ilə uzlaşan istənilən üsulla, məhkəməyə aid və məhkəmədən kənar sənədlərin, ittiham məktublarının yaxud şahidlik etmək üçün tapşırıqların göndərən ölkənin məhkəmə instansiyalarında çatdırılması;
k) göndərən ölkəyə məxsus gəmilərə, həmin dövlətdə qeyd olunmuş təyyarələrə münasibətdə, eləcə də onların ekipajlarına münasibətdə, göndərən ölkənin qanun və qaydalarında nəzərdə tutulan nəzarət və yoxlama hüququnun həyata keçirilməsi;
(1) k) bəndində göstərilən gəmilərə və təyyarələrə, eləcə də onların ekipajlarına qeyri-məhdud yardım edilməsi, gəmilərin hərəkətinə aidiyyəti olan bəyanatların qəbul edilməsi, gəmi sənədlərinin yoxlanılması və möhürlənməsi, yolda baş verən istənilən hadisələrin təhqiqatının aparılması, komandir (sahib), zabitlər (xidmətçilər) və dənizçilər arasında istənilən mübahisələrin, göndərən ölkənin qanun və qaydalarının imkan verdiyi dərəcədə həll edilməsi;
m) göndərən dövlət tərəfindən konsulluğa həvalə edilən və qəbul edən ölkənin qanun və qətnamələrinin qadağan etmədiyi yaxud qəbul edən dövlətin etiraz etmədiyi istənilən başqa funksiyaların icra edilməsi.
Bu funksiyalar bütün əlaqədar hökumətlərin razılığı ilə konsulluq xidmətçisi tərəfindən üçüncü tərəfin ölkənin marağı naminə də yerinə yetirilə bilər.
Qeyd etmək gərəkdir ki, halların mühüm əksəriyyətində fəaliyyət hüququ mütləq deyildir, o qəbul edən ölkənin qanunlarına tabe edilmişdir. Eləcə də, konsulun funksiyalarının əksəriyyətinin kvaziyuridik mahiyyətinə baxmayaraq, o, vəkili yaxud başqa mütəxəssisi əvəz edə bilməz.
Daha ətraflı müddəalar bir çox ikitərəfli konvensiyalara daxil edilmişdir, konsul funksiyalarının hərtərəfli sxemini Avropa Şurasında, konsul funksiyaları haqqında Avropa konvensiyasında tapmaq olar.
Əgər konsulluq xidmətçisinin hökuməti onun xidmət etdiyi ölkədə diplomatik nümayəndəliyə malik deyilsə, o, üçüncü ölkə vasitəsilə, qəbul edən dövlətin icazəsi ilə və öz konsul statuslarını işlətmədən, öz ölkəsini hökumətlərarası təşkilatlarda təmsil etmək də daxil olmaqla, bəzi diplomatik hərəkətləri yerinə yetirə bilər.
Konsulluq xidmətçiləri kimi təyin edilmiş şəxslər konsul funksiyalarının yerinə yetirilməsinə görə cavabdehdirlər. Onlar baş konsul, konsul yaxud konsul müavini statusuna malik ola bilərlər və iki kateqoriyaya bölünürlər:
a) ştatlı konsulluq xidmətçiləri — öz hökumətlərində tam xidmətdə olmaqla dövlət başçısı və xarici işlər naziri tərəfindən təyin edilirlər;
b) fəxri konsulluq xidmətçiləri — konsul funksiyalarının yerinə yetirilməsi adətən bu şəxslərin əsas məşğuliyyətinin bir hissəsini təşkil edir.
Ştatlı xidmətçilər qəbul edən dövlətin ərazisində şəxsi mənfəət götürmək üçün peşə yaxud ticarət fəaliyyəti ilə məşğul ola bilməzlər və hökmən göndərən ölkənin vətəndaşları olmalıdırlar; qəbul edən ölkənin vətəndaşı yalnız hökumətin razılığı ilə təyin edilə bilər ki, bu razılıq istənilən vaxt geri götürülə bilər. Fəxri konsulluq xidmətçisi, əksinə, çox vaxt qəbul edən ölkənin vətəndaşı olur.
Muzdlu konsulluq xidmətçiləri, konsulluq heyətinin üzvləri olmaqla, konsul funksiyalarının yerinə yetirilməsinə cavabdeh deyillər, onlar inzibati yaxud texniki işlərin yerinə yetirilməsi üçün işə götürülürlər.
Xidməti heyət üzvləri — bunlar sürücülər, süpürgəçilər, qulluqçular və s. qismində xidmətçilərdir. Bu kateqoriyaya daxil olan şəxslər adətən yerli sakinlərdir.
Bəzi dövlətlər tərəfindən konsulluq agentləri və prokonsullar təyin edilirlər, ancaq bu terminlərin standart izahları müəyyən edilməyib. Adətən onlar dərəcəsinə görə konsul müavini vəzifəsindən aşağı olan məhdud məsuliyyətli muzdlu konsul işçilərinə aid edilirlər, ancaq onların konkret statusları və funksiyaları müxtəlif ölkələrdə əhəmiyyətli dərəcədə fərqlənir.
Konsulluq başçısının təyinatı zamanı onu tam adının, konsul dərəcəsinin, konsulluğun yerləşmə yerinin və vəzifəsinin göstərildiyi yazılı vəkalətləndirmə sənədləri ilə təmin etmək hökumət üçün ənənəvi praktikadır. Bu sənəd (a Comission, patent) diplomatik kanallarla qəbul edən ölkənin hökumətinə göndərilir ki, həmin hökumət, etiraz etmirsə, bu təyinatı tanıyan cavab sənədi (an Exequatur, ekzevatura) dərc edir. Ekzevatura verilməkdən boyun qaçırıldığı az-az hallarda hökumət bunun izahını verməyə borclu deyil. Konsulluq heyəti xidmətçilərinə münasibətdə də oxşar prosedura tətbiq edilir; belə hallarda zəruri məlumatı bildirən xəbərdarlığın öz vaxtında çatdırılması yetərlidir, əgər o qəbul edilirsə, ekzevaturanın formal olaraq verilməsi vacib deyil.
Birləşmiş Krallıq konsul münasibətləri haqqında Vyana konvensiyasına riayət edir; orada 12(1) maddəsində deyilir: «Konsulluq başçısı qəbul edən tərəfdən ekzevatura adlanan, hansı formada olursa-olsun, icazənamə olduqda, öz funksiyaların yerinə yetirməyə buraxılır». Konsul funksiyaları yerinə yetirən bütün xidmətçilər, Protokol departamentinin adi məktubu ilə təsdiqlənirlər, dövlət başçısı tərəfindən ekzevatura isə yalnız konsulluq başçısına verilir.
Konsulluq başçısı öz postuna gəldikdə, müəyyən edilmiş protokola müvafiq olaraq, konsul korpusunun duayenini, yerli hökumət orqanlarını və digər konsulluqların başçılarını xəbərdar edir.
Konsulluq başçısı öz funksiyalarını yerinə yetirməyə buraxılan kimi, onun təyinatı üzrə rəsmi işlər sona çatdırılmadan belə, qəbul edən hökumət konsulluğun yerləşdiyi ərazidəki rəsmi hökumət orqanlarını xəbərdar edir və konsulluq başçısının öz funksiyalarını yerinə yetirməsi üçün bütün zəruri şəraiti təmin edir. Gömrük və mühacirət orqanları da, bütün zəruri tədbirlərin görülməsi üçün, konsulluq xidmətçisinin və onun ailə üzvlərinin gəlişi haqda məlumatlandırılırlar.
Konsulluq başçısı yerində olmadıqda (xəstəliyə görə yaxud vakansiya halında) onu müvəqqəti olaraq konsulluğun xidmətçisi olan diplomat yaxud, qəbul edən tərəf etiraz etmirsə, bir başqası əvəz edə bilər. İstənilən halda fəaliyyətdə olan konsulluq başçısının adı qəbul edən ölkənin hökumətinə qabaqcadan təqdim edilməlidir.
Konsulluq xidmətçisi istənilən vaxt və izahatsız non-qrat şəxs elan edilə bilər. Belə olan halda o öz hökuməti tərəfindən geri çağırılır; onun təyinatı haqqında bildiriş yaxud ekzevatura ləğv edilir və o indən belə konsulluq xidmətçisi hesab edilmir.
Konsul münasibətlərinin qırıldığı halda konsulluğun ərazisi və binası, mülkiyyəti və arxivləri qəbul edən dövlət tərəfindən müdafiəyə və mühafizəyə götürülməlidir; konsul işləri mülkiyyət və arxivlərlə birlikdə təyin edən ölkə tərəfindən qəbul edən ölkədə akkreditə edilmiş üçüncü ölkəyə etibar edilə bilər.
Konsul güzəştləri və immunitetlərinə münasibətdə vahid praktikanın həyata keçirilməsi üçün 1963-cü ildə konsul münasibətləri haqqında Vyana konvensiyası qəbul edilmişdir, ancaq geniş konsul ehtiyacları olan ölkələrin əksəriyyəti öz tələbatlarına uyğun olaraq ikitərəfli müqavilələr bağlamağa önəm verirlər; onlar adətən az məhdudiyyətlərlə imtiyazlar verirlər, ancaq immunitetlərə toxunmurlar. Bəzi ölkələr, məsələn Birləşmiş Krallıq, Vyana konvensiyasına, eləcə də əvvəlki və sonrakı ikitərəfli müqavilələrə əməl edirlər. Hansısa bir münaqişə baş verərsə, belə ölkələr imtiyazlara və immunitetlərə, qarşılıqlı olacağına əminliklə, daha alicənablıqla yanaşırlar. Bununla belə imtiyazlara münasibətdə standart praktikanın üstünlükləri göz önündədir. Aşağıdakı mətn Vyana konvensiyasının əsas müddəalarına əsaslanır.
Qəbul edən ölkə tərəfindən konsulluğa verilən güzəştlər konsul funksiyalarının effektiv həyata keçirilməsi üçün vacibdir: konsulluq tərəfindən tutulan və müstəsna olaraq konsul fəaliyyətinin yerinə yetirilməsi üçün (konsulluq ərazisində təxirəsalınmaz işlər tələb edən xüsusilə gözlənilməz, böhranlı hallar istisna olmaqla) istifadə edilən binalar və onlara bitişik ərazilər toxunulmazdır, bu toxunulmazlığı yalnız konsulluğun yaxud müvafiq ölkənin diplomatik missiya başçısının icazəsi ilə pozmaq olar; qəbul edən tərəf, zərurət olduqda, konsulluq üçün münasib binaların və ərazilərin (eləcə də heyət üçün mənzillərin) seçilməsinə yardım etməli, konsulluğun binalarının və ərazilərinin ziyanlara və təhqirlərə məruz qoyulmaqdan mühafizə edilməsi üçün bütün tədbirlərin görüləcəyinə zəmanət verməlidir; konsulluq arxivləri və xidməti korrespondensiya toxunulmazdır; konsulluq üzvləri bir yerdən başqa yerə getmə azadlığı hüququna (buraxılış məhdudlaşdırılan xüsusi rayonlar istisna olmaqla), poçt göndərmələri yolu ilə yaxud istənilən digər bəlli üsulla ünsiyyət toxunulmazlığı və azadlığı hüququna malikdirlər, ancaq simsiz rabitə vasitələri yalnız qəbul edən ölkənin razılığı ilə istifadə edilə bilər; bundan başqa, poçt göndərişlərinin içindəkilərin qanunla qadağan edilmiş şeylər olması ehtimalı üçün ciddi səbəblər olduqda, qəbul edən hökumət poçt göndərişlərinin yoxlanılması üçün icazə istəyə bilər (əgər göndərən dövlət poçt göndərişlərini yoxlamaya təqdim etməkdən imtina edirsə, onda o göndərənə qaytarılır); konsulluq başçısı konsulluq və iqamətgah binalarında milli bayrağı və milli gerbin təsvirini asmaq hüququna malikdir, eləcə də rəsmi səfər edərkən avtomobildə, gəmidə yaxud təyyarədə milli bayrağı asmaq hüququna malikdir.
Konsulluğun ərazisi və binası, konsulluq başçısının iqamətgahı da daxil olmaqla, vergilərdən azaddır (bu azadlıq belə ərazilərin satıcısına yaxud icarəyə verəninə şamil edilmir); eləcə də belə azadlıq konsulluğun qalan heyətinə şamil edilmir, konsulluq isə əlavə, məsələn, zibilin yığışdırılmasını kimi xidmətlərin haqlarının ödənilməsindən azad edilmir.
Bundan başqa, konsulluq əlavə göstərilən xidmətlərə (vizaların, sənədlərin verilməsi) görə ödənc ala bilər və o, bunlara münasibətdə qəbul edən ölkədəki bütün vergi və rüsumlardan azaddır.
Dustaqda saxlanan vətəndaşların yanına buraxılmaq hüququ Konsulluq xidmətçisi (öz ölkəsinin vətəndaşlarına görə cavabdehlik onun vəzifələrinə aiddir) baş çəkmək üçün maneəsiz olar belə vətəndaşların yanına buraxılmalıdır; öz növbəsində, belə vətəndaşlar öz konsulluqlarının xidmətçisi ilə azad görüş və ünsiyyət hüququna malikdirlər. Bundan başqa, əgər hökumət orqanları əcnəbi vətəndaşı saxlayırlarsa (həbs edirlərsə), onlar ona bildirməlidirlər ki, onun öz konsulluğunun xidmətçisi ilə görüşmək hüququ vardır və ona belə vətəndaşa baş çəkmək üçün, əgər sonuncu bunu arzu edirsə, tələb olunan bütün şərait yaradılmalıdır. Əgər konsulluq xidmətçisi, onun cavabdehliyi altında olan vətəndaşın həbs edildiyindən xəbər tutursa, onda o, əgər bunu vacib hesab edirsə və həmin vətəndaşın razılığı ilə belə vətəndaşın qanun qarşısında cavabdehliyi haqqında yubanmadan izahat almalıdır.
Ölüm, qəyyumluq yaxud himayəçilik, qəza və aviaqəza hallarında informasiya almaq hüququ
Müvafiq hökumət orqanları konsulluq xidmətçisini konsulluq dairəsində baş verən və həmin xidmətçinin cavabdeh olduğu vətəndaşa aidiyyəti olan istənilən hadisə, məsələn, ölüm haqqında, qəyyumluq yaxud himayəçilik verilməsi barəsində, onun ölkəsində qeydiyyatda olan gəmidə yaxud təyyarədə baş verən qəza yaxud bədbəxt hadisə haqqında təxirə salmadan xəbərdar etməlidirlər.
Hökumət orqanlarına müraciət hüququ
Konsulluq əməkdaşı öz xidməti vəzifələrini yerinə yetirmə zamanı konsulluğun yerləşdiyi rayondakı səlahiyyətli hökumət orqanlarına, müstəsna hallarda, əgər qaydalar və durum imkan verirsə, mərkəzi hökumət orqanlarına müraciət etmək hüququna malikdir.
Ümumi müddəalar
Konsul münasibətləri haqqında 1963-cü il Vyana konvensiyasına əsasən konsulluğun kadr xidmətçisinə verilən imtiyazlar, missiyanın diplomatik heyət üzvlərinin imtiyazlarına bənzərdir, hərçənd onun (konsulluq xidmətçisinin) hüquqi məsuliyyətdən immunitetinin və şəxsi toxunulmazlığının hədləri, xüsusi müqavilələrdə nəzərdə tutulanlar istisna olmaqla, elə də geniş deyildir. İmtiyazlar və immunitetlər xidmətçinin qəbul edən ölkəyə vəzifəni tutmaq üçün gəldiyi andan, əgər o artıq həmin ölkənin ərazisindədirsə, onun xidməti vəzifələrini yerinə yetirməyə başladığı andan etibarən qüvvəyə minir. İmtiyazların və immunitetlərin qüvvədən düşməsi onun ölkəni tərk etməsi ilə yaxud (əgər o dərhal çıxıb getmirsə) o öz vəzifəsini tərk etdikdən bir müddət sonra baş verir.
Şəxsi mühafizə
Qəbul edən ölkə konsulluq xidmətçisi ilə layiqincə hörmətlə davranmağa, eləcə də onun şəxsiyyətinə, azadlığına və ləyaqətinə edilə biləcək istənilən qəsdin qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görməyə borcludur.
Hüquqi məsuliyyətdən şəxsi toxunulmazlıq və immunitet
Konsulluğun ştatlı yaxud muzdlu xidmətçisi konsul fəaliyyətinin yerinə yetirilməsi prosesində edilən hərəkətlərə münasibətdə qəbul edən ölkənin hüquq (məhkəmə yaxud inzibati) məsuliyyətinə cəlb edilə bilməz. Ancaq onun immuniteti üçüncü tərəfə münasibətdə törədilən və ziyan yetirən mülki hərəkətlərə, avtomobilin, gəminin yaxud təyyarənin istifadəsi zəminində törədilən hadisənin nəticəsi kimi hərəkətlərə, yaxud əgər o, həmin an xidmət etdiyi dövlətin leqal yaxud nəzərdə tutulan agenti kimi hərəkət etmişsə, onun tərəfindən bağlanan hansısa müqavilənin nəticəsi kimi hərəkətlərə şamil edilmir. Onun hökuməti əgər lazım bilərsə, onun immunitetini ləğv edə bilər.
Əgər konsulluq xidmətçisinə qarşı cinayət işi qaldırılmışsa, o, mötəbər hökumət orqanları qarşısında dayanmalıdır; əgər o, səlahiyyətli məhkəmə orqanları tərəfindən müqəssir bilinərsə, azadlıqdan məhrum edilə bilər. O, ağır cinayətdə təqsirləndirildiyi halda (və yalnız bu halda), məhkəmənin qərarını gözləyənə qədər həbs edilə bilər. Belə vəziyyətdə təhqiqatın ona və onun tutduğu vəzifəyə layiqincə hörmətlə və minimal zaman sərfi ilə aparılacağı, eləcə də əgər ziyan böyük deyilsə, onun vəzifə borclarını yerinə yetirməsinə minimal müdaxilə ilə aparılacağı onun üçün təsəlli ola bilər. Konsulluq başçısı xidmətçinin vəziyyətinin ağırlığı haqqında xəbərdar edilməlidir; bu xidmətçinin elə özünün konsulluq başçısı olduğu halda, onun hökuməti təxirə salınmadan bu haqda diplomatik kanallarla məlumatlandırılmalıdır.
Konsulluq xidmətçiləri tərəfindən başlanılan məhkəmə təhqiqatları
Əgər konsulluq xidmətçisi məhkəmə təhqiqatının təşəbbüsçüsü olursa, onda o, əsas iddia ilə birbaşa əlaqəsi olan qarşılıqlı iddialara münasibətdə hüquqi məsuliyyətdən immunitetini itirir.
Şahid ifadələri vermək vəzifəsi
Heç bir konsulluq xidmətçisi xidməti işlər üzrə şahid ifadələri verməyə (əgər yalnız onun hökuməti onun immunitetinin təsirini dayandırmazsa) yaxud onların xidməti vəzifələrini yerinə yetirmələri işinə aidiyyəti olan xidməti korrespondensiyanı və ya sənədləri verməyə borclu deyil, eləcə də o öz ölkəsinin qanununa görə əsas şahid kimi ifadə verməyə borclu deyil. O, başqa işlərin baxılması zamanı məhkəmə və inzibati təhqiqatlarında şahid qismində iştirak etmək üçün dəvət edilə bilər (və adətən buna razılıq verir). Əgər konsulluq xidmətçisi (ancaq konsulluğun muzdlu işçisi və ya xidməti heyətin üzvü yox) bu xahişi yerinə yetirməkdən imtina edərsə, onda ona qarşı heç bir məcburi tədbirlər yaxud cəza tətbiq edilə bilməz.
Pasport, işə icazə verilmə və əcnəbi vətəndaşların qeydiyyatı
Konsulluğun kadr xidmətçiləri, muzdlu xidmətçilər (onların öz dövlətlərinin daimi xidmətçiləri olmaları və xidmət etdikləri dövlətin ərazisində gəlir gətirən heç bir fəaliyyətlə məşğul olmamaları şərti ilə) və onların onlarla birlikdə yaşayan ailə üzvləri pasport alınmasına, əcnəbi vətəndaş və əcnəbi xidmətçi kimi qeydiyyata düşməyə aid olan yerli qətnamələrin təsirindən azad edilirlər.
Sosial təminat
Konsulluğun kadr xidmətçiləri və digər işçiləri (muzdlu konsulluq işçiləri və xidməti heyət), onların onlarla yaşayan ailə üzvləri ilə birlikdə, onların xidməti fəaliyyətlərinə münasibətdə qəbul edən ölkədə fəaliyyətdə olan sosial təminat üzrə tələblərdən azad edilirlər. Bununla belə, əgər onlar istəsələr, onlara qəbul edən dövlətin sosial müdafiə proqramında iştirak etməyə izn verilə bilər, eləcə də, əgər onlar şəxsi qulluqda kimi isə saxlayırlarsa, onlar belə şəxslərin sosial təminatı üzrə bütün tələblərə əməl edilməsinə cavabdehdirlər.
Vergi verilməsi
Konsulluğun kadr, muzdlu xidmətçiləri və onların onlarla yaşayan ailə üzvləri, onların qəbul edən ölkə ərazisində gəlir götürmək məqsədi ilə şəxsi fəaliyyət göstərməmələri şərti ilə, aşağıdakı istisnalarla, bütün dövlət vergilərindən və yerli vergilərdən azaddırlar:
a) adətən malların və xidmətlərin dəyərinə daxil edilən dolayı vergilər;
b) qəbul edən dövlətin ərazisindəki xüsusi mülkiyyətə qoyulan vergi və rüsumlar (bu müddəa konsulluğun və konsulluq başçısı iqamətgahının binalarına və ərazilərinə aid deyil);
c) mirasa və qəbul edən ölkə tərəfindən alınan əmlakın keçidinə qoyulan vergi və rüsumlar (bu müddəa ölən şəxsin ölkədən göndərilən daşınan əmlakına aiddir);
d) qəbul edən ölkədə alınan şəxsi gəlirə (kapitaldan gələn gəlir də daxil olmaqla) qoyulan vergi və rüsumlar, eləcə də qəbul edən ölkədəki ticarət və maliyyə müəssisələrinin investisiyalarına qoyulan vergilər;
e) əlavə (kommunal və s.) xidmətlərə görə ödənişlər;
f) qeydiyyat, məhkəmə və protokol xərcləri ödənişləri, girov və gerb rüsumlarına qoyulan vergi (bu müddəa konsulluğun və konsulluq başçısı iqamətgahının ərazilərinə və binalarına münasibətdə tətbiq edilmir).
Xidməti heyətin üzvləri öz xidmətləri müqabilində aldıqları əmək haqlarından tutulan vergi və rüsumlardan azaddırlar.
Gömrük rüsumları və nəzarəti
Bütün gömrük rüsumlarından, vergilərindən və ödənişlərindən (saxlanma, daşınma və s. kimi xidmətlər istisna edilməklə) azad edilmə, məhdudiyyətsiz ixrac hüququ (qadağan edilmiş şeylərdən başqa) aşağıdakılara münasibətdə verilir:
a) konsulluğun xidməti istifadəsi üçün şeylər;
b) kadr xidmətçilərinin və onların (onlarla yaşayan) ailə üzvlərinin şəxsi istifadəsi üçün məntiqə uyğun miqdarda şeylər;
c) konsulluq işçilərinin və onların (onlarla yaşayan) ailə üzvlərinin şəxsi istifadəsi üçün, onların öz vəzifələrini yerinə yetirmələri üçün ilk gəlişləri zamanı gətirdikləri şeylər.
Üçüncü şəxs tərəfindən yetirilən zərərdən sığortalanma
Konsulluğun bütün üzvləri, istənilən nəqliyyatın, gəminin yaxud təyyarənin istifadəsi ilə əlaqədar üçüncü şəxs tərəfindən yetirilə biləcək zərərdən sığortalanmaya dair dövlət qanununa və yerli qanuna tabe olmalıdırlar.
Fəxri konsulluq xidmətçiləri və onların başçılıq etdiyi məntəqələr
Ştatlı xidmətçilərə verilən bəzi güzəştlər və immunitetlər (onların yalnız konsul fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilməsi şərti ilə) fəxri konsullara da verilir:
a) konsul vəzifələrinin yerinə yetirilməsi üçün bütün güzəştlər;
b) milli bayrağın və gerbin konsulluq ərazisində, konsul iqamətgahında və rəsmi səfərlər edərkən nəqliyyatda asılması hüququ;
c) konsulluq və mənzil üçün ərazilər və binalar əldə edilməsinə yardım edilməsi;
d) konsulluğun bütün üzvləri üçün yer dəyişdirmə azadlığı (buraxılış məhdudlaşdırılan xüsusi rayonlar istisna olmaqla);
e) ünsiyyət toxunulmazlığı və azadlığı (üçüncü ölkə vasitəsi ilə ünsiyyət hüququ da o cümlədən olmaqla), ancaq fəxri konsulların başçılıq etdiyi iki konsulluq arasında konsul poçtu mübadiləsinə, bəzi ölkələrdə yalnız iki müvafiq qəbul edən dövlətlərin razılığı ilə icazə verilir;
f) konsul ödənişlərinin və rüsumlarının alınması, onların qəbul edən ölkənin vergilərindən azad edilməsi hüququ;
g) konsulluğun qəbul edən ölkə tərəfindən zorla soxulmadan, ziyan vurulmasından, asayişin pozulmasından, ləyaqətin alçaldılmasından daha məhdud müdafiəsi;
h) sahibi yaxud icarədarı göndərən ölkə olan konsulluq daşınmaz əmlakına münasibətdə, kommunal xidmətlərə görə ödənişlərdən başqa, bütün vergi formalarından azad edilmə, ancaq əgər həmin daşınmaz əmlakı göndərən ölkəyə satan yaxud icarəyə verən şəxs qanun üzrə ödəniş etməyə borcludursa, onda bu azadlıq ona aid deyil;
i) konsulluq arxivlərinin və sənədlərinin, onların başqa kağızlardan və sənədlərdən, xüsusən də konsulluq başçısının və onunla işləyən istənilən başqa şəxsin şəxsi korrespondensiyasından, onların peşə fəaliyyətlərinə aid materiallardan, kitablardan, sənədlərdən ayrı saxlanması şərti ilə, istənilən vaxt və istənilən yerdə toxunulmazlığı;
j) göndərən ölkənin xahişi ilə konsulluq üçün və yalnız xidməti istifadə üçün göndərilən gerblərə, bayraqlara, möhür və ştamplara, kitablara, çap materiallarına, ofis mebellərinə, ofis avadanlıqlarına və bu kimi digər şeylərə qoyulan bütün gömrük rüsumlarından və digər rüsumlardan azad edilmə;
a) istintaq altında olan vətəndaşların yanına buraxılma hüququ;
b) ölüm, qəyyumluq yaxud hamilik zərurəti, qəza və hava hadisələri hallarında informasiyaya buraxılmaq hüququ;
c) qəbul edən ölkənin müvafiq hökumət orqanlarına buraxılmaq hüququ.
Fəxri konsulluq işçisi ştatlı konsulluq işçisinin öz funksiyalarını yerinə yetirməsi ilə bağlı güzəşt, imtiyaz və immunitetlərinin əhəmiyyətli hissəsindən istifadə edir, hərçənd, onun xidmətində olduğu hökumət (ştatlı xidmətçiyə münasibətdə olduğu kimi) istənilən güzəşt və immunitetlərdən imtina edə bilər və əgər məhkəmə təhqiqatının təşəbbüsçüsü odursa, onda o, əsas işlə birbaşa bağlantısı olan qarşılıqlı iddialara münasibətdə immuniteti itirir (aşağı bax).
Güzəştlər, imtiyazlar və immunitetlər xidmətçinin öz vəzifəsini tutmaq üçün qəbul edən ölkəyə gəldiyi andan, əgər o artıq ölkə ərazisindədirsə, öz funksiyalarını yerinə yetirməyə başladığı andan etibarən qüvvədə olmağa başlayır, başa çatması isə, o, qəbul edən ölkənin ərazisini tərk etdikdə yaxud (əgər o yubanmadan çıxıb getmirsə) sonrakı məntiqə uyğun zaman dövründən sonra baş verir.
Həmin güzəştlər, imtiyazlar və immunitetlər aşağıdakılardır:
a) Qəbul edən ölkə belə xidmətçinin həbs edildiyi, azadlıqdan məhrum edildiyi (dustaq edildiyi) yaxud məhkəmə ilə təqib edildiyi hallarda onun konsulunu yaxud diplomatik nümayəndəsini xəbərdar etməyə borcludur.
b) Nəqliyyat vasitəsinin, gəminin yaxud təyyarənin qəzaya uğraması üzündən yaxud müqavilənin şərtlərinin pozulması (bu müqavilənin yerinə yetirilməsi zamanı həmin xidmətçinin açıq-aydın və ya ehtimala görə fəxri konsul xidmətçisi qismində xidmət etdiyi dövlətin agenti kimi hərəkət etməməsi) nəticəsində üçüncü tərəfin iddia qaldırmasına səbəb olan mülki hərəkətlər istisna olmaqla, konsul fəaliyyətinin yerinə yetirilməsi prosesində edilən hərəkətlərə münasibətdə hüquqi məsuliyyət. Bu immunitet məhdud fəaliyyət müddətinə malikdir, yəni o, xidmətçinin öz vəzifələrini yerinə yetirməsini bitirməsi ilə öz qüvvəsini itirir.
c) Fəxri konsulluq xidmətçisi şahid ifadəsi vermək və konsul funksiyalarını yerinə yetirməklə bağlı işlər üzrə xidməti korrespondensiyanı yaxud sənədləri vermək vəzifəsindən azaddır, eləcə də xidmətçisi olduğu ölkənin qanununa münasibətdə əsas şahid qismində ifadə verməkdən imtina hüququna malikdir.
Aşağıdakı əlavə müddəalar da fəxri konsul xidmətçisinə tətbiq edilir
d) Əgər ona qarşı cinayət işi başlanmışsa, o mötəbər hökumət orqanları qarşısında durmalıdır. Bununla belə onunla onun vəzifəsinə tam layiq şəkildə davranılacaq, təhqiqat minimal zaman sərfi ilə aparılacaqdır, dustaq edildiyi zaman onun konsul funksiyalarını yerinə yetirmə imkanları, mümkün olduqca ən az məhdudlaşdırılacaqdır.
e) O, şəxsi mənfəət əldə etmək üçün heç bir başqa peşə yaxud ticarət fəaliyyətində iştirak etməmək şərti ilə, əcnəbi vətəndaşların və pasportların qeydiyyatına münasibətdə qəbul edən ölkənin bütün qaydalarından azad edilir.
f) O, xidmətçisi olduğu ölkə hökumətindən konsul funksiyalarını yerinə yetirdiyinə görə aldığı mükafat və əmək haqlarına qoyulan bütün vergi və rüsumlardan azad edilir.
g) O, bütün fərdi və ictimai mükəlləfiyyətlərdən, eləcə də xidmət etdiyi ölkədəki hərbi kontribusiyalardan azad edilir.
h) Onun qəbul edən ölkədən himayə almaq hüququ var və bu himayə onun rəsmi mövqeyinin müvafiq səviyyəsinin tələblərinə cavab verməlidir, öz növbəsində isə, o, qəbul edən ölkənin qanunlarına hörmətlə yanaşmalı və onun daxili işlərinə müdaxilə etməməlidir.
i) Əgər konsulluğa fəxri konsul başçılıq edirsə, fəxri konsulluq xidmətçisinə verilən imtiyaz və immunitetlər nə onun ailə üzvlərinə, nə də konsulluq işçisinin ailə üzvlərinə şamil edilmir.
Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı