Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi

Bütün ölkələrdə hökumət üzvləri arasında başqa ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərə görə cavabdehlik daşıyan bir şəxs var. Onun şəxsi cavabdehliyinin dərəcəsi, eləcə onun titulu kimi, dövlətdən asılıdır: xarici işlər naziri, dövlət katibi (ABŞ-da), əcnəbi işlər və Birlik işləri üzrə dövlət katibi (Böyük Britaniyada) və s. Nazirin vəzifə borclarına öz dövlətinin xarici siyasətinin aparılması və onun beynəlxalq münasibətlərini idarə etmək aiddir. O öz funksiyalarını öz nazirliyinin daimi heyətinin və xaricdəki missiya başçılarının köməyi ilə, eləcə də onun ölkəsində akkreditə olunmuş əcnəbi missiya başçıları vasitəsi ilə həyata keçirir.
Nazirliyin tərkibi əhəmiyyətli dərəcədə dövlətdən asılıdır, ancaq nazirliyin yerinə yetirdiyi əsas funksiyalar onun tərkibinə aşağıdakıları daxil olmalı olduğunu nəzərdə tutur:
Siyasi şöbə - adətən regional bölmələrə malik olur, məsələn: Latın Amerikası, Avstraliya.
Birləşmiş Millətlər Təşkilatı şöbəsi - fəaliyyətinə direktivlərin və məlumatların hazırlanması daxildir.
Başqa beynəlxalq və regional təşkilatlar şöbəsi - funksiyalarına qeyri-texniki məlumatların koordinasiyası və hazırlanması daxildir.
Müqavilə şöbəsi - hüquq şöbəsi ilə sıx bağlantıda çalışır.
Hüquq şöbəsi - iri dövlətlərin nazirliklərində müstəqil şöbə; o adətən bütün beynəlxalq sənədlərlə və bütün beynəlxalq hüquq məsələləri ilə məşğul olur. Böyük olmayan dövlətlər peşəkar yaxud natamam məşğulluqlu akademik müşavirlər təyin edə ya da ümumi Ədliyyə Nazirliyindən məsləhətlər ala bilərlər. Hüquq şöbəsi həm daxili, həm də xarici fəaliyyət məsələləri üzrə konsultasiyalar verə bilər. Bəzi dövlətlərdə beynəlxalq hüquq Şöbəsi Hüquq şöbəsindən asılı olmayan struktur kimi mövcuddur. Sonuncu hüquqi dəstəklə, sərhəd problemləri, vətəndaş qanunvericiliyi, xaricdə əmlak və s. məsələlərlə məşğul olur.
Protokol şöbəsi - əcnəbi missiyaların başçıları ilə imtiyazlar, immunitet və rəsmiyyət məsələləri, eləcə də konfransların təşkili, görüşə gələnlərin qəbulu və s. üzrə bütün şəxsi münasibətlərə görə cavabdehdir.
Ticarət və iqtisadi münasibətlər şöbəsi
Mədəni münasibətlər şöbəsi
Tərksilah məsələləri üzrə şöbə
Mətbuat, KİV və informasiya
Elm şöbəsi
Kadrlar şöbəsi
Təminat şöbəsi
Konsul münasibətləri şöbəsi
Administrasiya, kommunikasiya və təhlükəsizlik
Arxivlər və kitabxana

Əgər dövlət milli əhəmiyyətli problemlərin geniş spektri üzrə sıx beynəlxalq münasibətlər saxlasaydı, onun xarici işlər nazirliyi həddən artıq yüklənmiş olardı və bütün zəruri danışıqları bilavasitə nəzarət altında saxlamağa çalışaraq texniki cəhətdən səthi işləyərdi. Qərbi Avropa ölkələri arasında münasibətlər əks vəziyyət nümunəsidir ki, burada müdafiə, ictimai rifah, səhiyyə, iqtisadi münasibətlər və digərləri ümumi maraq kəsb eləyir və bu sahələrdə fəaliyyətin daimi müzakirəsi ənənəvi xarici işlər Nazirliyi kanalları vasitəsilə olduğundan daha çox, şöbələrin mütəxəssisləri arasında aparılır. Xarici işlər Nazirliyi çox hallarda bilavasitə məsuliyyəti başqa departamentlərə verə bilər, ancaq buna baxmayaraq o əsas idarəni özündə saxlayır və təməl informasiyaya, siyasi tövsiyələrə, şəxsi münasibətlərə, planlaşdırmaya və uçota görə həmişə məsuliyyət daşımalıdır.
Onun, əgər o hesab etsə ki, müəyyən bir şöbənin hansısa müəyyən bir maraq arxasınca gedərək ümumi milli maraqları gözdən qaçırmaq qorxusu vardır, həmişə müdaxilə etmək və tədbir görmək yaxud, hər halda, tövsiyələr vermək haqqı olmalıdır.

Xarici işlər Nazirliyi

Öz missiyaları ilə münasibətlər

Missiya başçısının ilkin vəzifəsi öz nazirinin təlimatına əməl etmək və tələb olunan informasiyanın cavabını bildirməkdir. Lakin ondan, onun rəyincə, dövlətin qəbul etməli olduğu istiqamət təklifi ilə, eləcə də, buna sorğu olub-olmamasından asılı olmayaraq, onun şəxsən mühüm hesab etdiyi informasiyaların təqdim olunmasında şəxsi təşəbbüslər göstərməsi tövsiyə olunur. Nazirlik və missiya başçıları arasında münasibətlər, əhəmiyyətli dərəcədə qarşılıqlı razılaşmalar üzərində qurulub və siyasətin formalaşdırılmasında nazirliyin və ya missiyaların üstünlük dərəcəsi dövlətdən asılı olaraq qərarlaşır və millətin tələblərinə və imkanlarına cavab verir. Müasir texnologiya nazirliyə və missiyaya, beləliklə siyasətin işlənib hazırlanmasında onların səylərini birləşdirərək, demək olar fasiləsiz təmas saxlamağa yardım edir.
Əgər siyasi qərarlar başlıca olaraq nazirlik tərəfindən qəbul olunursa və missiyaların vəzifəsi əsasən onların həyata keçirilməsidirsə, heyətin sayca (və çox vaxt - qabiliyyətcə) üstünlüyü yəqin ki, həmişə nazirlikdə olacaq, xaricdə xidmət üçün isə yalnız məhdud saylı əməkdaşlar saxlanacaq. Əgər siyasətin formalaşdırılması prosesinə missiya başçılarının konsultasiyaları güclü təsir edərsə, onda gərəkdir ki, nazirliyin heyəti nisbətən kiçik olsun, xarici mövqeləri isə - yaxşı möhkəmləndirilsin. Heyətin bölüşdürülməsi siyasəti həmçinin diplomatların öz dövlətində xidmət müddəti ilə müqayisədə xaricdə xidmət müddətini müəyyən edir və bunda təkcə fərqli dövlətlərdəki müxtəlif quruluşlar arasında deyil, eləcə də vəzifəli şəxs tipləri arasında gözə çarpan fərq mövcuddur: məsələn, səfirlik katibliyi üçün ölkədə qalmanın standart müddəti üç ya dörd il olduğu halda, ticarət məsələləri üzrə attaşenin yaxud yerli səviyyədə geniş təmaslar saxlaması çox mühüm olan press-attaşenin ölkədə qalma müddəti beş il yaxud daha artıq olarsa, o daha artıq fayda verə bilər.

Diplomatın vəzifədə uzun müddətə qalmasının xeyrinə olan arqumentlər aşağıdakılardır:
a) onun (yaxud, əlbəttə, onun və ailəsinin) öz işinə gerçəkdən fikrini toplaya bilməsindən öncə, özünün məişətini qaydaya salması üçün vaxt gərəkdir;
b) onun xidmət etdiyi ölkəni - onun dilini, tarixini, siyasətini, və milli xüsusiyyətlərini öyrənmək və başa düşmək üçün lazımı imkanı olar;
c) onun şəxsi təmaslar və dost münasibətləri düzəltmək üçün vaxtı olar;
d) dövlət yol və nəqliyyat xərclərinə qənaət etmiş olar.
Diplomatın xaricdə uzun zaman qalmasının əsas çatışmazlığı o ola bilər ki, o yaşadığı və işlədiyi dövlətin problemlərinə emosionallıqla cəlb olunar, qərəzsiz və real fəaliyyət göstərmək və öz dövlətini konsultasiya etmək iqtidarında olmaz. O eləcə də öz doğma ölkəsi ilə emosional bağlantıları itirməyə və onun həyatında baş verən hadisələrdən uzaqlaşmağa meylli olar.
Kadrlar şöbəsinin başçısına ən vacib funksiyalardan biri verilmişdir - nazirlikdə kimin, hara və hansı müddətə göndərilməsini müəyyən etmək kimi. Diplomat xaricdə müxtəlif postlarda cürbəcür tipli təzyiqlərə məruz qalır, bəziləri vəziyyətin öhdəsindən gəlməkdə başqalarından daha bacarıqlı olur, buna görə vacibdir ki, post onun fərdi bacarıqlara uyğun olsun.

Əcnəbi missiyalarla münasibətlər

Xarici işlər nazirliyi (yaxud onun ekvivalenti) - başqa bir dövlətin, onun diplomatik nümayəndəsinin, yaxud beynəlxalq təşkilatın hökumətə bütün məlumat təqdim etmələrini həyata keçirmək üçün bir kanal deməkdir. Əgər sorğu bütövlükdə texniki yaxud hərəkətsiz səciyyə daşıyırsa, nazirlik müvafiq texniki şöbəni əlaqədar missiya yaxud təşkilatla sonrakı yazışmalar aparılması üçün vəkil edə bilər, lakin ilkin müraciət və bütün mühüm məsələlər ənənəvi olaraq nazirliyə ünvanlanır.
Təcrübədə Birləşmiş Millətlər Təşkilatının və regional iqtisadi və siyasi təşkilatların yaranması anından beynəlxalq əməkdaşlığın miqyasının və dərəcəsinin sürətlə genişlənməsi ilə eyni zamanda hökumət orqanları tərəfindən onların fəaliyyət sferası daxilində olan beynəlxalq danışıqlara görə XİN-lə müqayisədə daha böyük cavabdehliyi qəbul etmək tendensiyası yaranmışdır.
Xarici işlər naziri xidməti vəzifələrini qəbul edərkən, o, yazılı şəkildə bu haqda bütün əcnəbi dövlətlərin diplomatik nümayəndələrini məlumatlandırır və sonradan onların hər birinin gəlişini yaxud (böyük dövlətlərdə) onların hər biri ilə görüşə biləcəyi qəbul təşkil edir. Nazir öz vəzifəsini tərk edərkən, o həmçinin onları müvafiq şəkildə məlumatlandırır və onlara öz davamçısının adını bildirir. Bundan başqa, nazir belə dəyişikliklər haqqında öz dövlətinin xaricdəki nümayəndələrini xəbərdar edir.
Diplomatik missiyanın başçısı (əgər o işlər vəkili en titre deyilsə) bir dövlət başçısının başqa dövlət başçısı qarşısında nümayəndəsi olur və hərçənd onun üçün dövlət başçısına, yaxud bir çox ölkələrdə - hökumət başçısına çıxış hüququ tələb etmək həmişə məqsədəuyğun deyil, o, adətlərə və nəzakət qaydalarına uyğun olaraq, iki dövlət arasında xüsusi əhəmiyyətli məsələləri müzakirə etmək məqsədi ilə istənilən vaxt xarici işlər nazirinə müraciət etmək hüququna malikdir. Amma cari məsələlər, bir qayda olaraq, missiya başçısı yaxud missiyanın diplomatik heyətinin üzvü və xarici işlər Nazirliyindəki müvafiq vəzifəli şəxs arasında həll olunur.
Xarici işlər naziri başqa hökumətə məlumat göndərmək istəyini bəyan etdikdə, onun iki mümkün təmas vasitəsi vardır: öz dövlətinin müvafiq əcnəbi dövlətdəki diplomatik nümayəndəsi vasitəsi ilə yaxud həmin dövlətinin nazirin öz hökumətindəki nümayəndəsi vasitəsilə. (Bir halda ki, istənilən hökumət - dövlət başçısının alətidir, missiya başçısını haqlı olaraq bir hökumətin başqa bir hökumətdə nümayəndəsi adlandırmaq olar.) Əksər hallarda hökumət rəsmi müraciəti özünün xaricdəki nümayəndəsi vasitəsilə edir, ancaq rəsmi protestlər çox vaxt daha tez bağlantı qurmağın mümkün olduğu əcnəbi nümayəndəyə elan olunur ki, bu da, görünür, daha effektlidir. Bəzən hər iki üsul eyni zamanda istifadə olunur. Xarici işlər naziri missiya başçısını çağıraraq və onunla üz-üzə söhbət edə-edə izahat tələb etdikdə, öz narazılığının dərəcəsini birmənalı olaraq qeyd edir, xüsusən də, görüş üçün seçilmiş vaxtın diplomatın səhər yeməyi yaxud qolf oyunu vaxtı ilə üst-üstə düşdüyü bəlli olarsa.

Diplomatik korpusla münasibətlər

Bütövlükdə diplomatik korpusa və onun üzvlərinin maraqları təmsil etməyə vəkil edildiyi yaxud vəzifəyə təyin edildiyi ölkənin hökumətinə aid olan məsələlərlə, böyük missiya başçısı (duayen kimi tanınır) və müvafiq nazir yaxud protokol şöbəsinin rəisi məşğul olur. Diplomatik korpusun "duayeni" termini "diplomatik heyətin ştarşınası" termini ilə düz gəlir; ingiliscə danışılan mühitdə adətən "diplomatik heyətin ştarşınası" terminindən istifadə olunur.
Starşinanın yaxud duayenin təyin olunması zamanı missiya başçılarının üstünlüyü bu vəzifədə fasiləsiz xidmət dövrünün sürəkliliyinə əsaslanır. Bəzi ölkələrdə (xüsusən Latın Amerikasında) apostol nuntsisi həmişə duayen olur. Praktikada çox vaxt, eləcə də xüsusilə Latın Amerikasında, ordu xidmətçiləri üçün xüsusi əsasnamə yaradılıb: attaşe müdafiə Nazirliyi protokol şöbəsinin xidmətçilərindən təyin olunur.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

Top