Ev şəraitində meyvələrin qurudulması

Ev şəraitində meyvələrin qurudulması

Yəqin ki, siz də quru meyvələri sevirsiniz və onları marketlərdən alırsınız. Əslində marketlərdın alınan quru meyvələr sağlamlıq üçün bir o qədər də, faydalı deyil. Biz də sizin üçün meyvələri ev şəraitində qurutmağın üsulunu təqdim edirik.

Meyvələri harda qurutmaq lazımdır?
Meyvə qurutmaq üçün xüsusi sobalar olur, amma evdəki adi sobadan da istifadə etmək mümkündür. Sobanın istiliyi 60 dərəcəni ötməli deyil. Sobada meyvələr bu dərəcədə 5-7 saat qurudulur. Ya da istəsəniz nənələrimizin ənənəvi üsulundan istifadə edə bilərsiniz: meyvələri günəş altında qurutmaq olar, amma bu zaman çox vaxtınız gedəcək.

Meyvələri qurutmaq üçün necə hazırlamalısınız?
Birinci meyvələri yaxşı yuyub, qurutmaq, qabıqlarını soymaq və nazik formada doğramaq lazımdır.
Bir neçə sirr:
1. Alma dilimləri qaralmasın deyə, onları 4 dəqiqə duzlu suda saxlamaq lazımdır. Alma dilimlərinizə xüsusi dad və qoxu qatmaq istəsəniz onları bal ya da ki, darçınla quruda bilərsiniz.
2. Bananı qurutmaq istəsəniz üzərində tünd ləkələri olmayandan seçin. Banan dilimlərinə şəkər pudrası çəkin və çəngəl vasitəsilə bir neçə yerdən deşin.
3. Çiyələk və kivi özləri dadlı və tez quruyan olduğundan heç bir əlavəyə ehtiyacları yoxdur.
4. Meyvələri öz mövsümündə qurutmaq ən yaxşı üsuldur. Çünki bu zaman meyvələr daha dadlı, sulu olur.



Meyvə qurularını necə saxlamaq olar?
Meyvə qurularını plastik qablarda və paketlərdə saxlamaq olmaz. Onları şüşə bankada, qutuda ya da ki, kağıza bükülü halda saxlamaq məsləhətlidir.
Top