Taxta örtüklü döşəmələrin mühafizəsi üçün bir neçə faydalı məsləhət:
Döşəmələrdə hündürdaban ayaqqabıda gəzməyin;
Giriş qapısının yanında, həm xaricdən, həm daxildən balaca xalçalar qoyun ki, ayaqqabı ilə gətirilən çirk az olsun;
Mebelin altına keçədən ara qatları qoyun;
Ultrabənövşəyi şüalar hər növ taxta döşəmələrin rəng çalarını dəyişir.
Günəş şüalarının döşəmənin ayrı-ayrı hissələrinə təsirini azaltmaq üçün vaxtaşırı xalçaların yerlərini dəyişmək olar. Hazırkı halda pəncərə pərdələri və jalüzlər də kömək edə bilər;
Döşəmələri təmiz saxlayın
Mebelin və ağır şeylərin yerini ehtiyatla dəyişdirin. Onları çevrilmiş xalçanın xırda bir hissəsində tərpətmək məsləhətdir;
Döşəmənin təmizlənməsi üçün vasitəni heç bir vəchlə, bilavasitə döşə-mənin üstünə yox, parçaya tökmək lazımdır.
Boyaq çəkilmiş döşəməni hər gün nəm əsgi ilə silmək olar. Vaxtaşırı suya müasir kimyəvi məhlullardan birini əlavə etmək (miqdarı qablaşmanın üstündə qeyd olunur) olar. Əgər sizdə kimyəvi vasitələrə qarşı allergiya varsa, onda çirklənmiş döşəməni naşatır spirti qatılmış su (1 vedrə suya 2 xörək qaşığı naşatır spirti) ilə yuyun. İndi mağazalarda boyaq çəkilmiş döşəmələrə qulluq etmək üçün müasir vasitələr satılır və onlar yaxşı effekt verir.
Taxta döşəmədən yağlı ləkəni aparmaq üçün benzinlə yumaq, sonra üstünə çoxlu miqdarda nişasta səpmək, bir neçə qat su çəkən kağız ilə örtmək və çox isti olmayan ütü ilə ütüləmək lazımdır. Eləcə də sirkə və gildən (ağ, boz) sıyıq hazırlamaq, gecə onu ləkəyə çəkib səhərəcən saxlamaq, səhər isə sıyığı su ilə yumaq lazımdır. Belə döşəmədən yağ, həmçinin mürəkkəb ləkələrini aparmaq üçün, parçadan ləkəni aparmaq üçün istifadə etdiyi-miz vasitələrdən yararlanmaq olar.
Parket
Parket döşəmələr xüsusi qulluq tələb edir. Yuyulmuş və yaxşı qurumuş parketə xüsusi məhlullar sürtmək və parıldayana kimi silmək lazımdır. Lak çəkilməmiş parketi tez-tez yu-maq olmaz, çürüyə bilər. Çox çirklənmiş laklanmamış parket döşəməni əvvəl nəm, sonra quru əsgi ilə silib, sonra mastika ilə parıldadırlar.
Parketin həm yuyulmasını, həm də sürtərək parıltılı hala salınmasını ağacın qatlarının istiqamətilə edirlər. Sürtüb parıldatmaq üçün hazır mastikadan və ya başqa müasir vasitələrdən istifadə edirlər. Onu quru döşəməyə nazik qatla əsgi və ya şotka ilə çəkirlər, mastika quruyandan sonra döşəməni döşəməsilən şotka ilə, sonra isə mahud parçası, yaxud fetrlə sürtürlər.
Döşəməyə ayda bir dəfədən çox mastika çəkmək olmaz.
Parketdən ləkələri boyanmamış döşəmələrdə olduğu kimi aparırlar – təzə yağ ləkəsini sumbata kağızı ilə sürtməklə aparmaq olar, köhnəni isə skipidarla sürtürlər və əgər ləkə qalarsa, onun üstünə talk səpirlər, üstünə suçəkən kağız qoyurlar və çox da isti olmayan ütü ilə ütüləyirlər. Bəzən bu əməliyyatı təkrarlamaq lazım olur.
Parket döşəmədən yağlı ləkəni həmçinin yuyucu tozun ilıq su ilə qarışığından olan sıyıqla da aparırlar. Sıyığı ləkəyə sürtürlər və gecə səhərəcən saxlayırlar, səhər ilıq su ilə yuyurlar.
Təzə ayaqqabı izlərini və onların qoyduğu zolaqları benzinlə təmizləmək olar.
Lak çəkilmiş parket döşəməni lazım gəldikdə yaxşı sıxılmış nəm parça ilə yumaq tövsiyə edilir.
Linoleum
Linoleum döşəmələri ilıq su ilə yuyurlar. Çox çirklənmiş linoleum döşəmələri yuyanda suya bir qədər yuyucu tozlardan birini (ən yaxşısı isə yumşaq sabun) əlavə etmək olar. Bunu tez-tez etmək olmaz – linoleum korlanar.
Linoleum isti su «xoşlamır», onun üzərində çatlar əmələ gələ bilər. Linoleumu da parket kimi, mastika ilə sürtmək olar. Linoleum qurumasın və üstündə çatlar əmələ gəlməsin deyə 2-3 ayda bir dəfə ona linoleum üçün nəzərdə tutulmuş müasir vasitələrdən birini və ya əlif yağı çəkir, sonra quru parça ilə parıldayana kimi silirlər.
Laminat döşəmələrə qulluq
Laminat döşəmələrə, adətən, çox az qulluq tələb olunur.
Əgər otağınızda havanın temperaturu 20-24°C, nisbi rütubəti 30% olacaqsa, onda döşəmələriniz həmişə sizi sevindirəcək.
Laminatdan olan döşəmələrinizi süpürgə, tozsoran və ya tozu yığan parça ilə təmizləyin. Əgər döşəmələr çox çirklidirsə, çirki nəm parça ilə təmizləmək lazımdır. Suya bir qədər yuyucu toz və ya laminat döşəmələr üçün nəzərdə tutulmuş başqa bir vasitə əlavə etmək olar. Döşəməni təmizləmək üçün heç vaxt axar sudan və ya uzun xovlu nəm şotkadan istifadə etməyin.
Çətin gedən ləkələri (boya, kley, yağ və s.) laminat döşəmələrin təmizlən-məsi üçün nəzərdə tutulmuş məişət vasitəsinin köməyilə apara bilərsiniz. Laminat döşəmələrinə heç bir xüsusi qulluq, emal tələb olunmur.
Lütfən, laminat döşəmələrə qulluq edəndə, döşəməni sürtmək üçün mumdan, pardaxlama vasitələrdən, yaxud döşəməyə qulluq etmək üçün başqa bu kimi vasitələrdən istifadə etməyin, çünki onlar laminat döşəmələri üçün yararlı deyil. Giriş qapısının yanında ayaqları silmək üçün balaca xalça qoymaq lazımdır ki, laminat döşəmələr tez çirklənməsin.