Paltarları ləkələnməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamilə yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.
Üst paltara ləkə əksər hallarda yağ, xörək, konserv, qənd, şərab, meyvə və s. bu kimi yeməli şeylərdən düşür. Qab-qacaqdan diqqətli istifadəniz və yeməyi səliqə ilə yeməyiniz paltarınızı ləkələrdən qoruya bilər. Buna həm özünüz riayət edin, həm də bunu uşaqlarınıza öyrədin.
Paltara ləkə çox vaxt xörək bişirərkən düşür. Buna görə də iş görəndə mütləq önlük taxın. Əxlaq qaydalarına görə, qadın oturarkən paltarını və ya paltosunu qaldırmamalıdır, lakin oturduğu yerin təmiz olub-olmadığını diqqətlə yoxlamaqdan da çəkinməməlidir. Əgər siz geyiminizdə ləkə görsəniz, onu dərhal təmizləyin. Yeni düşmüş ləkəni ilıq su ilə tez təmizləmək mümkündür. Köhnə ləkədən isə güclü təsirə malik kimyəvi vasitələrlə qurtulmaq olar.
Ləkəni təmizləməzdən əvvəl onun nədən əmələ gəldiyini təyin etmək lazımdır. Əgər bu, sizə məlum deyilsə, onda əvvəlcə sabunlu ilıq sudan başlayın. Bir çox ləkələr təzə ikən su ilə təmizlənir. Əskini sabunlu ilıq suda isladıb ləkəli yeri onunla silin. Ləkəni əvvəl soyuq, sonra isə isti su ilə yumaq olar. Lakin yadda saxlamaq lazımdır ki, bəzi parçalarda sudan ləkə qalır. Ona görə də əvvəl suyun təsirini – parça rənglidirsə, onun rənginin çıxıb-çıxmamasını paltarın üstünə tikilmiş parça qırığında yoxlamaq olar.
Sonra parçanı qurudub ütüləyin. Əgər ləkə getməzsə, başqa vasitədən istifadə edin.
Ləkəni təmizləməzdən əvvəl paltarı çırpıb şotkalamaq lazımdır. Rəngli parçaya düşmüş hər cür ləkəni işləməzdən əvvəl istifadə edəcəyiniz ləkəçıxarıcı vasitəni həmin parçanın gözdən kənar bir yerində (tərs üzündə, tikişin yanında və s.) təcrübədən keçirin. Ləkəni aparmaq üçün məhlulda isladılmış ağ parça ilə onu silərkən ağ parçaya rəng çıxarsa, yaxud parçanın özündə solğun ləkə əmələ gələrsə, bu ləkəni təmizləmək üçün mütləq mütəxəssisə müraciət edin. Çünki siz bunu bacarmayacaqsınız.
Ləkəni təmizləyərkən parçanı zədələməmək üçün onu möhkəm sürtmək məsləhət görülmür. Ləkəni səliqə və ehtiyatla silmək lazımdır. Parçadan ləkəni təmizləyərkən astar tərəfdən parçanın altına bir neçə qat qatlanmış yumşaq təmiz parça və ya bir böyük topa pambıq qoymaq lazımdır. Taxta parçasını təmiz parça, pambıq və ya tənziflə sarıyıb ləkəli hissənin altına qoyaraq ləkəni təmizləmək daha münasibdir. Əgər ləkə quruyub bərkimişsə, onu şotkanın taxtası ilə döyüb yumşaltmaq və ya əldə sürtüb ovxalamaq olar.
Çox vaxt ləkəni aparmaq üçün onun üstünə təmizləyicini tökmək kifayət edir, o ləkəni rəngsizləşdirir və təmizləmək lazım gəlmir.
Lakin bəzi köhnə ləkələri aparanda onun ətrafında təmizləyici məhluldan yeni ləkə əmələ gəlir. Bunun üçün təmizlənən parçanın altına suyu yaxşı çəkən əski qoymaq lazımdır. Sonra tamponu məhlulda isladıb ləkəni silin. Tamponu dairəvi hərəkətlərlə qıraqlardan ortaya doğru aparmaq lazımdır. Axırda təmizlənən hissəni əski ilə qurudun.