Dadlı şirniyyat bişirmək üçün məsləhətlər

Dadlı şirniyyat bişirmək üçün məsləhətlər

Mətbəxdə bacarıqlı olmaq üçün illərlə təcrübə qazanmaq lazımdır. Amma bəzi məsləhət və tövsiyələri bildikdən sonra hər bir qadın mətbəxdə xariqələr yarada bilər.  Məsələn, yaxşı qabarmış, ləziz, xoş ətirli keks bişirmək isə heç də çətin deyil! Sadəcə keks hazırlayarkən aşağıdakıları nəzərə almalısınız:

Keks hazırlayarkən istifadə edəcəyiniz vəsaitin otaq istiliyində olmasına diqqət yetirin.

Keks üçün əvvəl yumurtaları çırpıb, şəkəri əlavə edin və birlikdə yenidən çırpın. Daha sonra duru yağ, süd kimi maye vəsaitləri, ən son da unu əlavə edin.

 Reseptinizdə otaq istiliyində kərə yağı ya da marqarin istifadə edilirsə, əvvəl kərə yağı ya da marqarini şəkərlə çırpın. Sonra üzərinə yumurta və digər vəsaitləri əlavə edin.

Keks hazırlayarkən karbonat yerinə qabartma tozunu seçin.


Keksinizi mikserlə çırpacaqsınızsa qarışdırma əməliyyatına aşağı tempdə başlayıb daha sonra yüksək tempə davam edin. Tərkibə un əlavə etdikdən sonra isə mikserin aşağı dövrünü istifadə edin.

Keksinizə əlavə edəcəyiniz unda topalar qalmaması üçün ələyərək tərkibə qatın.

Qabartma tozunu da unla birlikdə ələsəniz tərkiblə bərabər olaraq dağılar və keksiniz daha yaxşı qabarar.

Keksinizə meyvə əlavə edəcəksinizsə, meyvə parçalarının dibə çökməsini önləmək üçün kəsdikdən sonra üzərlərinə un səpin.

Keks hazırlyarkən meyvə, fındıq, qoz kimi vəsaitlər istifadə edəcəksinizsə xəmirin 1/3-nü ayırın. Qalan xəmirə bu vəsaiti əlavə edib qarışdırın. Qəlibə əvvəl ayırdığınız sadə xəmiri, daha sonra vəsaitli olanı tökün. Bu şəkildə hazırladığınız vəsaitlərin dibə çökməsini önləmiş olarsınız.

Keksin qəlibdən asan çıxması üçün qəlibi əvvəl yağlayın, sonra unlayın və üzərinə xəmiri tökün. Qəlibə tökdüyünüz xəmiri gözlətmədən sobaya qoyun.

Keks bişirərkən sobanı əvvəldən istilədin. 180- 200 dərəcə, keks bişirmək üçün idealdır.

Bişmə əsnasında sobanın qapağını tez-tez açıb bağlamayın.

Bişib bişmədiyini anlamaq üçün keksin orta qisiminə bir diş çöpü ya da bıçaq batırın. Xəmir bulaşmadan təmiz olaraq çıxırsa keksiniz bişmişdir.

Keksi sobadan çıxardıqdan sonra qəlibin içində soyudun. Qəlibdən çıxarmaq üçün silkələyin, əgər bu şəkildə çıxmırsa bir bıçaqın ucunu qəlibin kənarlarına gəzdirərək qəlibdən ayırın.

Piroq hazırlayarkən isə aşağıdakı ipuclarına diqqət yetirməyiniz vacibdir:

Yumurtanı bir-bir ayrıca qaba sındırıb, təzəliyini yoxlayandan sonra xəmirə qatmaq məsləhətdir.

Yumurta ağını əvvəlcədən çalmaq məsləhət deyil.

Kərə yağını və marqarini işıq keçirməyən tünd qabda saxlamaq lazımdır ki, xarab olmasın.

Yağı tez çalmaq üçün onu xırda-xırda doğrayıb, emallı çuxura qoyun. Qabı isə qaynar suyun içərisində bir qədər – yağ yumşalana kimi saxlayın və soyuq yerə qoyub, çalın.

Qoz ləpəsini torta və piroqa qatmazdan əvvəl sobada bir qədər qovurun, onda qoz ətirli olur.

Sobada bişirilən xəmir məmulatının altı yanmasın deyə, forma qoyulan dəmir qənnadı vərəqinə bir qədər duz səpmək lazımdır.

Piroq uzun müddət təzə qalsın, qurumasın deyə, onu dəsmala büküb, gil qabda saxlamaq lazımdır.

Əgər piroq formadan çətin çıxırsa, formanın alt hissəsini bir neçə saniyə soyuq suda saxlayın.

Tort üçün istifadə olunan şirəni qırmızı rəngə boyamaq üçün çuğundur, sarı rəngə boyamaq üçün portağal şirəsindən istifadə etmək olar.

Tortun üstünə şirə çəkməzdən əvvəl bıçağı qaynayan suya salıb, sonra şirəni yaymaq lazımdır.

Top