Zinət əşyalarını xüsusi qutularda və ya hər birini ayrı bir yumşaq parçaya bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Qiymətli daşlar qızıl və platindən daha bərkdirlər, və zinət əşyaları bir yerdə saxlandıqda daşlar metalları cıza bilərlər.
Zinət əşyaları müntəzəm taxıldıqda onların 1 görünüşü korlana bilər. Onları çirkdən və zədələrdən qorumaq üçün hər bir ev işlərini görərkən və həmçinin kosmetik vasitələrdən (krem, losyon, ətir və s.) istifadə edərkən mütləq çıxartmaq lazımdır. Çünki möhkəm zərbə və ya kimyəvi vasitələr hətta ən möhkəm zinət daşlarını belə zədələyə bilər. Çalışın bahalı zinət əşyalarını ancaq xüsusi günlərdə taxasınız.
Adi günlərdə isə gümüş əşyaları və ya bijuteriya taxa bilərsiniz. Yeri gəlmişkən, onlar bəzən gözəllikdə bahalı zinət əşyalarından çox az fərqlənirlər.
Zinət əşyalarınızın öz gözəlliyi və parıltısı ilə sizi hər zaman sevindirməsini istəyirsinizsə, onlara düzgün qulluq edin.
Zinət əşyalarını daim təmizləmək lazımdır. Əgər qızıldan olan zinət əşyalarının rəngi tutqunlaşıbsa, parıltısını bərpa etmək üçün onları naşatır spirti qatılmış (1 stəkan suya 1/2 çay qaşığı naşatır spirti) sabunlu suda, sonra təmiz suda yuyun və yumşaq parça ilə yaxşı-yaxşı silin. Qızıl kulon, zəncir, sırğa, nişan üzüklərini təzələmək və parıltını qaytarmaq üçün onları şəkər tozu (1 çay qaşığı şəkər tozu + 1 stəkan su) qatılmış suda 2-3 saat saxlayın, sonra isə yumşaq parça ilə silin.
Qiymətli daşlarla olan zinət əşyalarını spirt ilə təmizləmirlər.
Ev şəraitində onları yumşaq diş şotkası ilə ilıq sabunlu suda təmizləmək kifayətdir. Bu üsulla tez-tez taxılan hər bir zinət əşyası 2-3 ayda bir dəfə təmizlənməlidir. Daha ciddi təmizləmə üçün zərgərlərə müraciət etmək lazımdır.
Yağı özünə çəkmək xüsusiyyətinə malik olan brillyant daşları çox tez çirklənirlər.
Zinət əşyaların sahibləri bəzən heç hiss etmirlər ki, qiymətli daş artıq parıldamır. Zinət daşları arasında ən «yumşaq» olan zümrüd daşları çox asan çatlayırlar. Ona görə onları ancaq əl ilə təmizləmək olar (heç bir xüsusi vasitələr istifadə olunmadan).
Mirvarilərə də xüsusi qulluq lazımdır.
Bu çox incə daşdır. Mirvariləri başqa zinət əşyalarından ayrı saxlamaq lazımdır. Digər zinət daşları toxunduqda mirvarilər cızıla və tutqunlaşa bilər. Mirvari taxılan sap tez çirklənir və onu hərdənbir dəyişdirmək məsləhət görülür. İstənilən kimyəvi maddələr – ətirlər, krem, məişət kimyəvi vəsitələri – mirvariləri korlaya bilər. Mirvariləri sabun və bir qədər duz qatılmış suda yumaq olar. Uzun müddət taxılmayan mirvarilər korlanır, rəngi tutqunlaşır. Bu daşların uzun müddət parlaq və gözəl qalmasını istəyirsinizsə onları tez-tez taxın.
Rəngi qaralmış gümüş sırğa, zəncir, üzük, qolbaqları ilıq sabunlu suda yuyub naşatır spirti əlavə olunmuş diş tozu və ya tabaşir ilə təmizləyirlər. Az çirklənmiş gümüş əşyaları ilıq sabunlu suda və ya soda qatılmış (1 xörək q. + 1/21 su) ilıq suda yuyub, sonra təmiz su ilə yaxalamaq kifayətdir
Qızıl suyuna salınmış əşyaları heç bir pasta vasitəsi ilə təmizləmək olmaz.