Hər dəfə mətbəxə keçib yemək hazırlamaq, səliqə-sahman yaratmaq sizə çətin gəlməsin.
Çünki bu çətinliyi aradan qaldırmaq üçün sizə bəzi təkliflərimiz var: yemək hazırlamaq, yığıb-yığışdırmaq işini asanlaşdırmaq, daha doğrusu, əyləncəyə çevirmək öz əlinizdədir.
Bilirsiniz ki, mətbəx də ev kimi təmizliyinə daim diqqət edilməsi vacib olan məkanlardandır. Çünki ailə çox vaxt elə burada süfrə başına toplaşır. Buna görə də, əvvəlcə mətbəxi darısqallaşdıran lazımsız əşyalardan təmizliyin. Müxtəlif ölçülərdə rəflər hazırlayıb mətbəxin bir küncündə yerləşdirə və gündəlik istifadə etdiyiniz ərzaq məhsullarını bu rəflərdə saxlaya bilərsiniz.
Hətta lazım gəlsə, mətbəx şkaflarını tavana qədər də qaldırmaq olar. Şkafın ən üst rəfinə isə daha az istifadə etdiyiniz əşyaları qoya bilərsiniz. Beləlikə, həm yer qazanar, həm də şkafın üstünü “toz basmaqdan” qorumuş olarsınız.
Boş divarları isə açıq rəflərlə doldura bilərsiniz. Yaxşı olar ki, mikrodalğalı sobanı və bəzi mətbəx vasitələrini şkafın üst rəflərinə yerləşdirəsiniz.
Mətbəxi gözəl, səliqəli və təmiz saxlamaqla həm orada yemək hazırlamaqdan, həm də bir yerdə süfrə başına toplaşmaqdan zövq alacaqsınız.