Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra qatın.
Peçenyeləriniz bərkiməsin deyə, tənəkə qutuda (yüksəkkeyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun.
Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və sonra yuyun.
Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın.
Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın.
Makaronu qaynadarkən suyuna bir qaşıq maye yağ tökün ki, bir-birinə yapışmasın.
Çörəyin kiflənməməsi üçün çörək qutusuna bir qab duz qoyun.
Keks daha çox qabarsın deyə, tərkibinə bir qaşıq qaynar su əlavə edin.
Təzə çörəyi asan kəsmək üçün bıçağı bir qədər odda qızdırın.
Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.